1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Özümü rənglərsiz təsəvvür edə bilmirəm”
02.06.2017 / No20

 
 

 

 


Mələk Şəfiyeva: “Uşaqlar və müharibə” rəsmim Heydər Əliyev Fondunun təsis etdiyi kataloqa salındı”

Sifai SƏFƏROVA

Tarixdə müharibələr çox olub və bütün müharibələr həmişə hədsiz insan itkiləri ilə nəticələnib. Azərbaycan xalqının qoşulduğu müharibələr də bizim nəslin qan yaddaşında silinməz izlər salıb. Alman faşizmi ilə düz beş il davam edən Böyük Vətən müharibəsində itkin düşən doğmalarını axtaranlar hələ də tam ümidsizləşməyiblər. Bu, şübhəsiz, bizdən yaşlı nəsillərin yaşadıqları müharibə dəhşətləridir. Və biz bu dəhşətləri qəzetlərdən oxumaqla, televiziya ekranlarından görməklə, radio dalğalarından eşitməklə, bir də o odun-alovun içindən yarımcan qayıdan, qollarından, ayaqlarından məhrum olan veteranlarımızın dilindən eşitməklə yaşamışıq.
Çox təəssüflər olsun ki, 70 ildən sonra tarix yenidən təkrarlandı, Azərbaycan yeni müharibəyə cəlb olundu, yenə qan töküldü, Şəhidlər Xiyabanı yarandı. Bu müharibə doğma torpaqlarımızın bütövlüyü uğrunda bugünkü nəslin müharibəsidir. Onun acı dadını hələ müharibə fəlsəfəsinin mahiyyətini dərindən dərk etməyən, ancaq ürəyində hədsiz vətən sevgisi olan 6-cı sinif şagirdi Mələk Şəfiyevanın fırçaların qara dili ilə, qələmə aldığı rəsm əsərlərində təsvir etdiyi döyüş səhnələrində də açıq-aydın görmək olur. Sanki mənimlə həmsöhbət olan bu rəsmlərdə meşələrdə, dağlarda donan uşaqların harayını eşidirdi qulaqlarım. Bu əsərlər şəhid övladlarımızın donan yaralarının sızıltıları ilə dolu idi. Xocalı fəryadı ağ vərəqlərin üstündə bir yeniyetmə müəllifin kövrək, həssas qəlbinin sızıltılarının ifadəsinə çevrilmişdi. Bu rəsm əsərlərinin heç birinə həyəcansız baxmaq mümkün deyildi. Ürəyimi kövrəldən bu rəsmləri nəzərdən keçirərkən tanınmış yazıçı Aqil Abbasın ssenari müəllifi olduğu “Dolu” əsərindəki gərginlik yaradan anlar, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin gülləbaran altında lentə aldığı dəhşətli süjetlər məni özümdən alıb döyüş səhnələrinin iştirakçısına çevirirdi. Mələk Şəfiyevanın qələmə aldığı bu rəsmlər ən yüksək alqışa layiq olduğuna görə beynəlxalq miqyaslı müsabiqələrdə dəyərli münsiflər tərəfindən elə ən yüksək qiymətini alıb.

“Mənim rəngli dünyam” adlı ilk sərgim keçirildi”

2005-ci ildə Bakı şəhərində anadan olmuşam, - deyə 13 yaşlı Mələk söhbətə başladı. Paytaxtdakı 249 nömrəli tam orta məktəbin VI sinfində oxuyuram. Dərs əlaçısıyam. Məktəbin ictimai işlərində fəal iştirak edirəm. Uşaqlıqdan rəsm həvəskarı olmuşam. Anam həmişə deyir ki, evimizdə gəlincik əvəzinə çoxlu rəngli karandaşlarım olub. Plastilindən fiqurlar düzəldirdim. Rəsmə olan marağımı görən anam məni Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinə, rəsm dərnəyinə gətirib. Dərnəkdə bu sənətin sirlərini rəsm müəllimim Nərminə Abdullayevadan öyrənmişəm. Özümü rənglərsiz təsəvvür edə bilmirəm, 2011- ci ildə Çexiyada keçirilən “Liditse” rəsm sərgisində 66 ölkədən 25460 rəsm əsəri nümayiş olunmuşdu. Mənim rəsmlərim həmin sərgidə I yerə layiq görüldü. İngiltərə, Rusiya, Almaniya, Polşa, Misir, Belarus, Moldova, Ukrayna və sair ölkələrdə keçirilən beynəlxalq rəsm müsabiqələrində ölkəmizi həmişə layiqincə təmsil etmişəm. 15 dekabr 2011-ci ildə isə “Abşeron” rəsm qalereyasında Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dəstəyi ilə “Mənim rəngli dünyam” adlı ilk fərdi sərgim keçirilib. Sərgidə 60-a yaxın əl işim nümayiş olunub. Heyvanlar aləmindən bəhs edən “Nağıl motivi”, “Vəhşi pişik”, “Məstan pişik, balaca pişik”, “Tovuz quşu”, “Pəhləvan ayı”, “Dovşan balaları”, “Əlvan balıqlar” və təbiət mövzusuna həsr olunan “Yay gəldi”, “Gecə mənzərəsi”, “Meyvələrlə”, “Qız və çiçək”, “Bacılar”, “Şən yolka”, “Payız”, “Günəşli hava”, “Səhra gəmisi” və sair sulu boya ilə çəkdiyim rəsmlər iştirakçıların çox xoşuna gəldi. Bütün dostlarım həmin sərgidə iştirak edirdilər. Hamı məni təbrik edib alqışlayırdı. Həmin gün mərkəzin “Azəri inciləri”nin vokal qrupu, “Çiçəyim uşaq teatr studiyası”nın üzvləri, “Dənizçilər” kolleksiyası, “Bal rəqsləri”, “Milli rəqs” qrupunun üzvləri bu əlamətdar gün münasibətilə öz rəngarəng proqramları ilə məni təbrik etdilər. Nəticədə Təhsil Nazirliyinin diplomu və mərkəzin fəxri fərmanı ilə təltif olundum. Sevincimin hədd-hüdudu yox idi.

“Uşaqlar və müharibə mövzusu mənim ən yaralı yerimdir”

Mən Xocalı faciəsini rəsmlərimdə canlandırarkən özüm də dəfələrlə ağlamışam. Uşaqlar və müharibə mövzusu mənim ən yaralı yerimdir.
2012-ci ilin fevralında “Gülüstan” sarayında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Uşaqlar və müharibə” mövzusunda keçirilən respublika rəsm sərgisində mənim rəsmlərim də var idi. Moskva şəhərində sərgilənmış, seçilmişlərin arasında “Uşaqlar və müharibə” rəsmim Heydər Əliyev Fondunun təsis etdiyi kataloqa salındı. Həmin ildə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə İctimai Televiziya kanalında təşkil olunan “Müstəqil Azərbaycan uşaqların gözü ilə” respublika rəsm müsabiqəsinə də qatıldım və diplom qazandım.

“Məni səhnəyə dəvət etdilər”

Mərkəzin Heydər Əliyev Sarayında təşkil etdiyi “Bizim uşaq dünyamız” adlı tədbirdə isə mərkəzin ən kiçik üzvü kimi məni səhnəyə dəvət etdilər və foto- slaydım nümayiş olundu. Sonra isə bu sahədə qazandığım nailiyyətlərdən söz açdılar, beynəlxalq müsabiqələr qalibi olduğumu bir daha diqqətə çatdırdılar. 2013-cü ildə “Abşeron” rəsm qalereyasında Xocalı soyqırımının 21- ci ildönümünə həsr olunmuş Bakı şəhər orta ümumtəhsil məktəbləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən rəsm sərgisində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin fərqlənmə diplomu ilə təltif olundum. Rəssamlar İttifaqında “Rəssam günü” münasibətilə keçirilən tədbirdə də eyni uğura imza atdım.

“Gözəl yay” fərdi sərgim keçirilərkən çox həyəcanlı idim”

2013-cü ilin iyulunda “Abşeron” rəsm qalereyasında sayca ikinci olan “Gözəl yay” fərdi sərgim keçirildi. Çox həyəcanlı idim. Anamın əlindən bərk-bərk tutmuşdum. Atam isə başımı sığallayıb, -nə oldu sənə qızım, - deyirdi. Atamın xoş sözlərindən sonra elə bil həyəcanım keçdi.
9 noyabr 2013-cü ildə Dövlət Bayraq meydanında “Bayrağımız qürur mənbəyimizdir!” adlı rəsm müsabiqəsində iştirak edərək müsabiqənin sertifikatına layiq görüldüm.
Qeyd edim ki, 2014-cü ilin mayında Norveçin Oslo şəhərində keçirilmiş “Mən və atam” rəsm müsabiqəsində diplomla mükafatlandırılmışam. Həmin ildən “Da ART” Uşaq yaradıcılıq studiyasının Dilarə Atakişiyevanın rəhbərlik etdiyi rəsm studiyasının üzvüyəm. 2015- ci ildə “İslam Dünyası uşaqların gözü ilə” rəsm müsabiqəsində uğur qazanmışam. Qeyd edim ki, digər peşələrdən fərqli olaraq rəssamlıq dərya kimidir, dərinliklərə baş vurduqca axtardığın inciləri tapırsan...
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Təhsil Nazirliyi və UNESCO- nun iştirakı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş uşaq və gənclər arasında keçirilmiş I respublika rəsm müsabiqəsində sertifikata sahib oldum. Təhsil Nazirliyinin və Xətai Mərkəzi Kitabxanasının rəsm müsabiqəsinin fəal iştirakçısı kimi 2016-cı ildə AzTV kanalının “Səhər” verilişinə dəvət aldım.

“Onun böyük rəssam olacağına böyük ümid bəsləyirik”

Yeniyetmə rəssamın təhsil aldığı Bakı şəhəri 249 nömrəli tam orta məktəbin direktoru Nizami Bayramovun öz yetirməsi haqqında söylədiyi xoş sözləri xatırlatmaq da yerinə düşərdi:
- Mələk dərs əlaçısıdır. Nizam-intizama əməl edən şagirddir. Müəllimlərin hamısı onu öz övladları kimi sevir. Məktəbdə keçirilən əlamətdar günlərdə onun rəsmləri nümayiş olunur. İstedadlı şagirdlərimiz çoxdur, ancaq bütün müsbət keyfiyyətləri ilə o, başqa şagird yoldaşlarından seçilir. Mələk məktəbimizin fəxri, təhsilimizin uğurlu bir nümunəsidir. Gələcəkdə isə hamımız onun böyük rəssam olacağına böyük ümid bəsləyirik.
Yeniyetmə rəssam ilə söhbət qurtaran deyildi. O, hələ uğurlarımın çoxu barədə danışmıram,- söylədi. Amma söylənilənlər mənim üçün artıq kifayət edirdi. Çünki Mələyin əsl istedad sahibi olduğuna artıq əmin olmuşdum.
 

yuxarı ⤴