1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Müəllim, diaqnozunuz var?!..
02.06.2017 / No20

 
 

 

 


Jalə MÜTƏLLİMOVA

Bütün yaxşı sistemləri ona görə qururlar ki, insanlar yaxşı yaşasın. Dövlət daha yaxşı inkişaf eləsin. Cəmiyyətin, insanların özgüvəni formalaşsın. Cahillərin sayı azalsın. İnsanlar hər şeyə sivil yolla nail ola bilmək inkanı əldə etsin. O yerlərdə ki, sistemlər işləmir, deməli, insan problemi var. Üstəlik, kadr çatışmazlığı mövcuddur. Yəni, qısacası, islahat məqamıdır.
Bir məsələ də var. İstənilən islahat üçün yaxşı sistemin qurulması ilə məsələ bitmiş sayılmaz. Çünki həmin sistemin davamlılığı birmənalı güclü kadr heyətinə bağlıdır. O heyət yoxdursa, ən ideal sistem belə məhvə məhkumdur. Çox acı həqiqətdir, amma həqiqətdir.
Bu gün ölkənin təhsil sistemində çox ciddi islahatlara start verilib. Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsi həmin islahatın başlanğıcıdır. Artıq bu başlanğıcın nəticələri ortada iki tərəf formalaşdırıb. İslahata tərəfdar olan və islahat nəticəsində yerini itirmək təhlükəsi ilə üz-üzə qalan tərəf.
Birinci tərəf haqlıdır, həm də ehtiyatlıdır. Çünki islahatlarında hara qədər gedə biləcəklərindən əmin deyillər. Daha doğrusu, ictimai rəyin onlara nə qədər və necə dəstək olacağını hələlik proqnozlaşdıra bilmirlər. Bu həm də o deməkdir ki, onları ictimai rəyə təqdim edəcək tərəfin mübahisəli məqamda harada olacağı, kimin yanında durub, nə deyəcəyi də bəlli deyil.
Qarşı tərəf, yəni islahata məruz qalanlar isə illərdir sistemdə oturmuş, köklü və mübarizə üçün çoxlu sayda neqativ arqumentlər tapmaq bacarığı, üstəlik, əlaqələri olan təhlükəli təcrübəlilərdir.
Diaqnostik qiymətləndirmə bir məqamı da üzə çıxarıb. Ötən il müəllimlərin işə qəbulu imtahanının nəticəsində yüksək bal toplayan 10 mindən çox gənc və savadlı kadrın yalnız 2500-ə qədərini yerləşdirmək mümkün olub. Kənarda qalan minlərlə gənc kadr haqlı olaraq düşünür ki, bu gün diaqnostik qiymətləndirmədən “2” qiymət alsa da, sistemdə oturub, dərs deyən, işləyən, maaş alan adam məhz onun yerini tutandır. Onu mövqeyinə, hətta aqressiyasına görə qınamaq olmaz. Çünki adam haqlıdır. Özünü aldanmış və haqqına girilmiş bilir. Üstəgəl, probleminin müsbət həll ediləcəyinə ümidi yoxdur. İndi məlum diaqnostik qiymətləndirmə həm də bu narazı və haqlı gənclər üçün də qaranlıqda görünən işıq ucudur.
Qaldı “2” alan “müəllimlərə”, onlar hər yerdədirlər. Mənim, sizin, bizim qohumlarımız, dostlarımız arasında. O üzdən kimliyindən asılı olmayaraq ailəmizdə, evimizdə, ölkəmizdə savadsız uşaqlar görmək istəmiriksə, onlara “yetər!” deməyi bacarmalıyıq. Onlar anlamalıdırlar ki, 0-10 arası, özü də öz fənnindən, bal toplayan adamı sistemdə, müəllim adı altında saxlamaq olmaz. Bu işdə nəinki mənim əmim oğlu, heç kimin əmisi oğlu, hətta öz oğlu olması belə keçərli deyil. Biz bu mesajı verib də cəmiyyət, ictimai rəy, vətəndaş olaraq arxasında dayanmasaq, gələcəkdə qarşımızda bisavadlar ordusunu yetişdirən çox böyük qüvvə görəcəyik. Həmçinin onların on minlərlə yetişdirməsi, öz övladlarımızla üz-üzə duracağıq. Bu “döyüşdən” sistem yox, onlar qalib çıxacaq, çox olduqları üçün.
Qaldı “diaqnostikamız bizə nə deyir?” sualına.
Diaqnostikamız bizə deyir ki, ölkəmizdə xeyli müəllim öz ixtisasından “2” qiymət alıb. Bu o deməkdir ki, əslində, sizlərdən hansınızınsa uşağının gündəliyində o “müəllim”lərin yazdığı iki heç iki də deyil. Eləcə heç nədir.
Diaqnostikamız deyir ki, Azərbaycanda yaxın günlərdə etiraz bildirən “müəllimlər”ə rast gəlsəniz, əvvəlcə onlardan “müəllim, diaqnozun qoyulubmu?” sualına cavab almaq lazımdır. Yarızarafat, yarıciddi, yenə də insanlıq naminə xətirlərinə dəyməmək şərti ilə yəni.
Diaqnostikamızdan ən xoş cavab bir də bu ki, ixtisası müəllim olub müəllimlərin işə qəbulu imtahanlarından müsbət nəticə ilə çıxan minlərlə insanın iş yeri qazanmaq şansı olacaq. Bu həm də o deməkdir ki, bizim uşaqlara növbəti ildən etibarən məktəblərdə daha gənc, daha istedadlı, daha müasir baxışlı, dünyagörüşlü gənc kadrlar, müəllimlər dərs deyəcək. Daha işıqlı pedaqoji simalar görə biləcəyik yəni.
Diaqnostik qiymətləndirmə həm də bir mesajdır. Bu gün islahatını apara bilməsək, nəticəsini gələcəkdə faciə kimi görəcəyimiz mesaj. Biz vətəndaş, cəmiyyət, KİV olaraq susub, məsələyə fərdi baxış bucağımızdan yanaşsaq, yalançı humanizm göstərsək, təhsilimiz, yəni strateji maraq dairəsində olan bir sistem təhlükə altına düşəcək.
Müəllimlərin diaqnostikası bir də onu deyir ki, ölkənin gələcəyini təmin etmək üçün qurmaq istədiyimiz təhsil sistemini dəstəkləməyin bircə yolu var, bütün çeşid şantajlara baxmayaraq, öz ixtisasından iki alan “müəllimlərə” mütləq “yox” deməyi bacarmalıyıq, vəssalam!

yuxarı ⤴