1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Əgər müəllim öz peşəsini sevirsə, deməli o, xoşbəxtdir”
02.06.2017 / No20

 
 

 

 


Günay Məmiyeva: “Müəllim həm də yaxşı idarəetmə bacarıqlarına yiyələnməlidir”

Növbəti müsahibimiz İmişli rayonunun Xoşçobanlı kənd tam orta məktəbinin coğrafiya müəllimi Günay Məmiyevadır. O,1994-cü ildə İmişli şəhərində anadan olub. Orta təhsilini İmişli şəhər 5 nömrəli tam orta məktəbdə alıb. 2015-ci ildə Bakı Dövlət Universitetini bitirib. Elə həmin il müəllimlərin işə qəbulu müsabiqəsində uğurla iştirak edərək 52 bal toplayıb və Xoşçobanlı kənd tam orta məktəbinə müəllim təyin olunub.

- Günay xanım, niyə müəllimlik peşəsini seçdiniz?
- Mən uşaq yaşlarından müəllimlik peşəsinə bağlanmışam. Müəllimlərimdə gördüyüm keyfiyyətlər mənə bu peşəni sevdirib. Onları tez-tez məhəbbətlə xatırlayıram. Müəllimlikdən geri dönəcəyimi də düşünmürəm.
- Bildiyimizə görə, universitetdə oxuduğunuz illərdə sizin bəzi uğurlarınız olub. Bu barədə nə deyərdiniz?
- Universitetdə təhsil aldığım illərdə “Böyük Qafqazın şimal-şərq yamacının turizm potensialı, təbiət və tarixi abidələrin yerləşdiyi ərazinin geoinformasiya xəritəsi”ni hazırlamışdım. Həmin işim sertifikata layiq görüldü. Bu mövzuda məqaləm Avropa Birliyinin təhsil saytlarından biri olan gisap.eu saytında dərc olundu. “Universitetdaxili 50+50 qrant layihəsi”nin mükafatçısı oldum. Universitetin rektoru Abel Məhərrəmovun imzası ilə “Valideynə təşəkkür fəxri fərmanı”nı aldım.
- Şagirdlərdə coğrafiya elminə necə maraq yaradırsınız?
- XXI əsr informasiya əsridir. Şagirdlərin dünyagörüşünün artması üçün indi böyük imkanlar var. İKT avadanlıqlarının köməyi ilə şagirdləri daha yaxşı öyrətməyə çalışıram. Aydındır ki, şagirdlərdə elmə marağın yaranmasında müəllimin rolu böyükdür. Bu maraq şagirddə yaranıbsa, əmin olun ki, o, hər cəhətdən fənni anlayacaq və ən əsası daha dərindən öyrənməyə çalışacaq.
- Fikrinizcə, bu peşənin sahibi hansısa keyfiyyətlərə malik olmalıdır?
- Müəllim məsuliyyətli olmaqla yanaşı, daima elmi axtarışda olmalı, elmi-pedaqoji səviyyəsini artırmalı, davranışı, nizam-intizamı ilə seçilməlidir. Müəllim eyni zamanda səbrli olmalı, həm də yaxşı idarəetmə bacarıqlarına yiyələnməlidir. Yalnız bu halda müəllim işlədiyi kollektivdə, cəmiyyətdə daha nüfuzlu ola bilər.
- Gələcək üçün nə planlarınız var?
- İkinci ildir müəllim işləyirəm. Fəaliyyətimdə bir istəyim var. Bu da özümün dizayn edə biləcəyim müasir tələblərə cavab verən coğrafiya kabinetinin olmasıdır. Bu fənnə aid materiallar toplayıram. Növbəti tədris ilində reallaşacağına əminəm.
- Müəllim olmağın xoşbəxtliyini nədə görürsünüz?
- Əgər müəllim öz peşəsini sevirsə, deməli o, xoşbəxtdir. Çünki yüzlərlə şagirdi öyrədiriksə, sabaha hazırlayırıqsa, bunun özü elə xoşbəxtlikdir. Mən bu hissi hər gün yaşayıram. Bir də mənə öz sabahı və gələcəyi üçün ümid dolu gözlərlə baxan şagirdlərim bu peşədə qazandığım əvəzsiz xoşbəxtliyimdir.
Peşəsindən məmnun olmayan müəllimin xoşbəxtliyinə inanmıram.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴