1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Birincilərin birincisi”
02.06.2017 / No20

 
 
 

 

 


Azərbaycanın gənc istedadlarını tanıyaq

Oruc MUSTAFAYEV

Məlumdur ki, istedadlı uşaqların aşkara çıxarılması, elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində fənn olimpiadalarının müstəsna rolu vardır. Ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Builki Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın şagird iştirak edib. Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Mayın 25-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub. Fənn olimpiadalarının nəticələrinə əsasən, olimpiadanın qızıl medalına layiq görülmüş 8 məktəbli həm də “Birincilərin birincisi” adını qazanıb. Onlarla yaxından tanış olaq.


“Birincilərin birincisi” mənim üçün böyük qürurdur”



Humay Kərimova,
BDU nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi

1999-cu il noyabrın 4-də Bakıda anadan olub. İlk ibtidai təhsilini 32 nömrəli tam orta məktəbdə alıb. İlk addımlarında, uğurlarında ibtidai sinif müəllimi Sədaqət Qurbanovanın böyük rolu olub. 2010-cu ildə imtahan verərək BDU nəzdində “Gənc istedadlar” liseyinə qəbul olunub. V sinifdən təhsilini burada davam etdirir.
- V sinifdən XI sinfə qədər qazandığım bütün uğurlarda liseyin direktoru Qasım Hüseynovun, sinif rəhbərim Yaqut Hüseynovanın, bütün müəllim heyətinin böyük əməyi olub. “Birincilərin birincisi” adına layiq görülməyimdə mənə coğrafiya fənnini sevdirmiş Nəriman müəllimin böyük zəhmətini qeyd etməliyəm. Uğurlarımda əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm.
Fənn olimpiadalarına qatılmağımda və uğurlu iştirakımda kollektivin dəstəyini qeyd etmək istəyirəm. Builki fənn olimpiadasında bütün mərhələləri yüksək nəticələrlə keçdim. Və respublika turuna qatılmaq imkanı qazandım. Respublika turunda gözlədiyim nəticəni əldə etdim. I yerdən əlavə, coğrafiya fənni üzrə “Birincilərin birincisi” adına layiq görüldüm. Bu ada layiq görülməyim mənim üçün, həm də liseyimiz üçün böyük qürurdur. Bu medal sayəsində uğurumda dəstəyi olan valideynlərim, məktəbin pedaqoji kollektivi üçün böyük uğurlu addım atmışdım.
Mükafatlandırma mərasimində iştirak etməyim, o səhnəyə, kürsüyə çıxmağım isə başqa qürur idi. Yəni, səhnəyə çıxarkən hiss etdiklərim, ailəmin, xüsusən anamın, müəllimlərimin əməyi bir anlıq gözlərim önündən keçdi. Və mən hiss etdim ki, bunu mən etməliydim və çox şükürlər olsun ki, buna nail oldum. Mən bir qalib olaraq istedadlı uşaqların aşkara çıxarılması, onlara göstərdiyi dəstəyə görə Təhsil Nazirliyi rəhbərliyinə, şəxsən nazirimiz Mikayıl Cabbarova öz təşəkkürlərimi çatdırmaq istəyirəm. Fənn olimpiadaları istedadlı uşaqların kəşf olunması, onların inkişafının stimullaşdırılması baxımından gözəl bir tədbir idi. Və mən də bu tədbirə qatılmaqla böyük uğur əldə etdim.



“Hədəfim fənn olimpiadasında qızıl medal almaq idi”



Anar Rzayev,
“İstək” Beynəlxalq Məktəbinin IX sinif şagirdi

2001-ci ildə Bakı şəhərində anadan olub. I-VI sinifləri 132-134 nömrəli təhsil kompleksində oxuyub. VIII sinifdə riyaziyyat fənni üzrə “İstək” Olimpiada Mərkəzinə qəbul olunub. Hazırda təhsilini “İstək” Beynəlxalq Məktəbində davam etdirir.
- Respublika fənn olimpiadası kimi yüksək səviyyədə təşkil olunan bir olimpiadada iştirak etməkdən çox məmnunam. Olimpiada çox maraqlı və həyəcanlı keçsə də, ən çox gözlədiyim və həyəcanlandığım məqam olimpiadanın bağlanış və mükafatlandırma mərasimi oldu. Builki mükafatlandırma mərasimi mənim üçün çox yaddaqalan bir gün oldu. Mənim VIII sinifdən ilkin hədəfim respublika fənn olimpiadasında qızıl medal almaq idi. Bu iki il ərzində çalışdığım zəhmət, nəhayət, öz bəhrəsini verdi. 2017-ci ildə respublika fənn olimpiadasının riyaziyyat fənni üzrə “Birincilərin birincisi” adına layiq görüldüm. Bu olimpiadanın gedişi mənim üçün çox çətin bir yol idi, lakin mən bunun öhdəsindən gələ bildim və qızıl medala layiq görüldüm. Qızıl medalı aldıqda öz hədəfimə çata bildiyimə görə çox sevinmişdim. Bu medalı almaqda isə mənə dəstək olan valideynlərimə və lisey müəllimlərimə öz minnətdarlığımı bildirmək istəyirəm.



“Bu, mənim üçün böyük sürpriz oldu”



Səbuhi Mikayılov,
Quba “İstək” liseyinin XI sinif şagirdi

1999-cu il oktyabrın 25-də Kürdəmir rayonu Şiximli kəndində anadan olub. 2006-cı ildə Bakı şəhərindəki 37 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2012-ci ildən təhsilini Quba “İstək” liseyində davam etdirir. Orta məktəbdə fizika və riyaziyyata daha çox maraq göstərib. VII sinfin 2-ci yarısından fizika olimpiadasına hazırlaşmağa başlayıb. IX sinifdə Jautıkov olimpiada seçimlərinə qatılaraq Azərbaycan komandasına üzv olub. Artıq Qazaxıstanda keçirilən ilk bilik yarışında III yeri qazanaraq bürünc medala layiq görülüb. 2015-ci ildə Qazaxıstanda keçirilən XI Beynəlxalq Jautıkov olimpiadasında bürünc, 2016-cı ildə XII Beynəlxaq Jautıkov olimpiadasında gümüş medal qazanıb.
- Ölkəmizdə bu il keçirilən fənn olimpiadaları əvvəlki illərdəkindən fərqli oldu. Sualların daha rahat olmasına baxmayaraq rəqiblərimiz daha çox idi. Bu isə şagirdlər arasında mübarizəni daha da gücləndirirdi. Fənn olimpiadasında qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşdum. Lakin daha yüksək nəticə topladım. Bundan əvvəlki Respublika fənn olimpiadalarında 2 dəfə 2-ci yerə layiq görülmüşdüm. Builki hədəfim isə qızıl medal idi. Ancaq mən fizika fənni üzrə “Birincilərin birincisi” oldum. Bu, mənim üçün böyük sürpriz oldu. Qaliblərin mükafatlandırılma mərasimi çox yaxşı təşkil olunmuşdu.


“Yüksək ada daha çox çalışdığıma görə layiq görüldüm”



Rüstəm Ağayev,
Xalqlar Dostluğu “İstək” liseyinin XI sinif şagirdi

2000-ci il martın 31-də Ukraynanın Luqansk şəhərində anadan olub. Hazırda Xalqlar Dostluğu “İstək” liseyinin XI sinfində oxuyur. 2014-cü ildə Respublika fənn olimpiadalarında bürünc medal qazanıb. 2015-ci ildə XI Beynəlxalq Jautıkov və Dünya İnformatika olimpiadalarında iştirak edib. 2015-ci ildə Respublika fənn olimpiadalarında qızıl medal alıb. 2016-cı il XII Beynəlxalq Jautıkov olimpiadasında isə bürünc medala layiq görülüb.
- Builki Respublika fənn olimpiadaları çox normal keçdi. Mən informatika fənni üzrə fənn olimpiadasında iştirak etdim. Olimpiadanın nəticələri mənim üçün uğurlu oldu. İnformatika fənni üzrə olimpiadanın qızıl medalı ilə yanaşı, “Birincilərin birincisi” adına layiq görüldüm. Bu yüksək ada fənn olimpiadasında daha çox çalışdığıma görə layiq görüldüyümü deyə bilərəm. Orta məktəbi bitirdikdən sonra ali təhsilimi xaricdə proqram təminatçısı ixtisası üzrə almaq istəyirəm.


“Fənn olimpiadasında qalib gəlməyi arzu edirdim”


Fəxrəndə Mirzəyeva,
Bakıdakı 274 nömrəli tam orta məktəbin IX sinif şagirdi

2001-ci il avqustun 26-da Qobustan rayonunda anadan olub. 2008-ci ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsi E.Şirəliyev adına 274 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub. Hazırda həmin məktəbin IX sinfində oxuyur.
- Məktəblilər arasında keçirilən Respublika fənn olimpiadaları istedadlı şagirdlərin üzə çıxması, formalaşmasında çox böyük əhəmiyyətə malikdir. Fənn olimpiadalarının keçirilməsi ölkəmizdə savadlı gənclərin yetişməsində xüsusi önəm daşıyır. Hər il minlərlə gənc fənn olimpiadalarında iştirak edir və qalib gəlmək uğrunda mübarizə aparır. Əvvəlki illərin olimpiada qaliblərini gördükdə onlara qarşı xüsusu rəğbət və qibtə hissinə qapılırdım. Bir gün mən də fənn olimpiadasında iştirak etməyi və qalib gəlməyi arzu edirdim. İlk dəfə qatıldığım fənn olimpiadası və qazandığım nailiyyət qarşıma daha böyük hədəflər qoymağıma səbəb oldu, eyni zamanda üzərimə böyük məsuliyyət qoydu. Bundan sonrakı 2 il ərzində də olimpiadada iştirak edib bu uğurun təsadüfi olmadığını göstərmək və ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanmaq əsas məqsədimdir. Tarix fənni üzrə “Birincilərin birincisi” adına layiq görülməyimdə, bu uğurun qazanılmasında məktəbdə yaradılan tədris mühiti, şagirdlərə göstərilən qayğı və fənn müəllimimin böyük rolu vardır.


“Çalışacağam ki, Azərbaycanın adını daim yüksəklərə qaldırım”


Ramil Babazadə,
“İstək” liseyinin X sinif şagirdi

2001-ci il mayın 6-da Şəki şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 74 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub, VI sinifdə imtahan verərək “İstək” liseyində oxumaq şansı qazanıb. IX sinifdə oxuyarkən 50-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirakçı diplomu, Respublika fənn olimpiadalarında gümüş medal, Gürcüstanda keçirilən 68 ölkədən 300-ə yaxın sagirdin iştirak etdiyi 48-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb. X sinifdə İndoneziyanın Denpasar şəhərində keçirilən və 48 ölkənin iştirak etdiyi Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasında bürünc, 2017-ci ilin mart ayında keçirilən 51-ci Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medala sahib olub.
- Respublika fənn olimpiadaları həmişə olduğu kimi, bu il də obyektiv keçdi. Mən olimpiadada kimya fənni üzrə istirak edirdim. 3 mərhələdən ibarət olan olimpiadanın tapşırıqları kifayət qədər çətin idi. III mərhələ isə əvvəlki mərhələdən fərqlənirdi. Burada tapşırıqlar açıq tipli idi.
Mən kimya fənni üzrə olimpiadanın ən yüksək nominasiyası olan “Birincilərin birincisi” seçildim və qızıl medalla təltif olundum. Bu, mənim olimpiada tarixçəmin ən yüksək nailiyyəti oldu və məni daha da həvəsləndirdi.
Mayın 25-də olimpiada qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbirdə təhsil naziri, millət vəkilləri, tanınmış ziyalılar və b. istirak edirdilər. Qaliblərə diplom və müxtəlif qiymətli hədiyyələr təqdim olundu.
Mən də, öz növbəmdə, çalışacağam ki, Azərbaycanın adını daim yüksəklərə qaldırım.


“Nobel mükafatçısının qiyməti bizdə əlavə stimul yaratdı”


Nuray Allahverdiyeva,
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi

1999-cu il noyabrın 20-də Bakıda anadan olub. 2006-cı ildə E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin I, 2010-cu ildə isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin V sinfinə qəbul olunub. Hazırda həmin məktəbin XI sinfində təhsil alır.
- Respublika fənn olimpiadaları son illərdə çox şəffaf keçirilir. Olimpiadaların Azərbaycanın bütün rayon və kəndlərini əhatə etməsi, regionlardan olan şagirdlərin də medallara layiq görülməsi ucqar kəndlərdə oxuyan şagirdlərin təhsilə marağını artırır, onlarda həvəs oyadır. Münsiflər heyətinin yazı işlərini yoxlayarkən göstərdiyi obyektivlik, şagirdlərə fərd kimi yanaşmaları, öz yazılarımızla tanış olmaq imkanının yaradılması fənn olimpiadalarının təqdirəlayiq xüsusiyyətlərindəndir. Son 3 il ərzində oxuduğum lisey fənn olimpiadalarında fəallıq göstərmiş, yüksək yerlər qazanmışdır. Təhsil Nazirliyinə bizə bu imkanı yaratdığı üçün minnətdarlığımı bildirmək istəyirəm.
Keçən illərdə olduğu kimi, bu il də respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi çox yüksək səviyyədə təşkil olunmuşdu. Ötən illərin fənn olimpiadalarının qaliblərinin bizə xaricdən təbrik mesajı göndərmələri, Nobel mükafatı laureatı Əziz Səncərin olimpiadaya verdiyi yüksək qiymət bizdə əlavə stimul yaratdı. Bir sıra yüksək vəzifəli dövlət rəsmilərinin, millət vəkillərinin, ali məktəb rektorlarının, yazıçıların mərasimdə iştirakı bu tədbirə göstərilən yüksək diqqətin bariz nümunəsidir. Sonda təhsil naziri Mikayıl Cabbarov “Birincilərin birincisi” nominasiyası üzrə qalibləri mükafatlandırdı. Mən Azərbaycan dili üzrə “Birincilərin birincisi” oldum. Fənn olimpiadaları ölkəmiz üçün gələcəkdə faydalı olacaq istedadlı şagirdlərin üzə çıxarılmasında önəmli rol oynayır.


“Fənn olimpiadalarında obyektivliyin şahidi oldum”


Alper Qurbanov,
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi

2000-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olunub. 2008-ci ildə Bakıdakı 100 nömrəli tam orta məktəbin III, 2015-ci ildə isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə daxil olub. Hazırda həmin məktəbin XI sinfində oxuyur. 2016-cı ildə “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsində “Demokratiyanın yayılması” mövzusu üzrə I, həmin il keçirilən Respublika fənn olimpiadalarında biologiya fənnindən III yerə layiq görülüb. 2017-ci il dekabr ayında keçirilən SAT imtahanından 1330 bal, həmin ildə keçirilən Uludağ Universiteti YÖS imtahanından 100 baldan 97,5 bal toplayıb. 2017-ci ildə keçirilən Respublika fənn olimpiadalarında biologiya fənnindən ən yüksək nəticə göstərərək “Birincilərin birincisi” nominasiyasını qazanıb.
- Son illərdə fənn olimpiadalarının keçirilməsində yeni dəyişikliklər edildi. Bunun sayəsində olimpiada nəticələrinin qiymətləndirilməsi şəffaf şəkildə həyata keçirilir və getdikcə olimpiadaya qatılanların sayı artır. Olimpiada işləri kodlaşdırılır və keçirildiyi gün nəticələr elan olunur. Artıq iki ildir ki, fənn olimpiadalarına qatılıram və bu il də bu obyektivliyin şahidi oldum.
Fənn olimpiadaları məktəb dövrünün əsas elementlərindəndir və şagirdlərin ən önəmli nailiyyət meyarlarından biridir. Buna görə də fənn olimpiadalarına qatılmaq hər bir şagird üçün mühüm bir məsələdir. Mən də 2016-cı ildə ilk dəfə fənn olimpiadalarının iştirakçısı oldum və biologiya fənni üzrə 3-cü yerə layiq görüldüm. Bu il isə ən yüksək nəticə göstərərək biologiya fənni üzrə “Birincilərin birincisi “ nominasiyasını qazandım. Fənn olimpiadalarında şagirdlərlə bərabər müəllimlərin və məktəb rəhbərliyinin rolu böyükdür. Bizim məktəbdə də olimpiadalara ciddi yanaşılır və olimpiada qrupları təşkil olunur. Olimpiada hazırlığının təşkilinə görə məktəb rəhbərliyinə, xüsusilə məktəbin direktoru, professor Nasim Abışova və olimpiadada əldə etdiyim nailiyyətə görə biologiya müəllimim, biologiya üzrə fəlsəfə doktoru Fuad Ağayevə təşəkkürümü bildirirəm.

yuxarı ⤴