1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Xaricdə təhsil
“Eyndhoven Texniki Universitetində dərslər videoçəkiliş ilə arxivlənir”
04.06.2016/№21

 


Niderlandda təhsil alan azərbancanlı tələbə Səkinə Əsədova ilə söhbət

Səkinə Eldar qızı Əsədova 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki “İstedad liseyi”ndə başa vurub. 2010 - 2015-ci illərdə Şimali Kiprdə yerləşən Yaxın Şərq Universitetində kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Niderlandın Eyndhoven Texniki Universitetində kompüter elmləri və mühəndisliyi fakültəsində informasiya təhlükəsizliyi texnologiyaları ixtisası üzrə təhsil alır.

Magistr təhsilimi Avropada almaq çoxdankı planım idi

- Orta məktəb illərində bütün fənlərə eyni dərəcədə önəm versəm də, marağım daha çox riyaziyyat, fizika və dil biliyinə idi. Bundan əlavə, dəfələrlə kimya və Azərbaycan dili fənləri üzrə keçirilən şəhərlərarası olimpiadalarda iştirak etmişəm. Ali məktəb illərində isə yüksək nəticələrimə görə bir sıra tərifnamələrlə təltif olunmuş və son olaraq, bakalavr təhsilimi mühəndislik fakültəsi birincisi olaraq başa vurmuşam. Bakalavr təhsilimi ölkə xaricində aldığımdan, seçdiyim ixtisas üzrə biliyimi mükəmməlləşdirmək üçün magistr təhsilimi də Avropada almaq çoxdankı planım idi. Ailəm, əsasən də atam hər zaman təhsil mövzusunda mənə dayaq olmuşdur.

“Dövlət Proqramının təhsilimizdə əhəmiyyəti böyükdür”

Xaricdə magistr təhsili almaq üçün Dövlət Proqramına müraciət etdim. Proqrama qəbul olunmaq mənim üçün çox önəmli idi və təbii olaraq proqrama qəbul olumağım xəbərini böyük sevinclə qarşıladım. Proqramın təhsilimizdə əhəmiyyəti böyükdür. Fikrimcə, Azərbaycan gənclərinin heç bir maddi çətinliklə üzləşmədən dünyanın ən nüfuzlu tədris ocaqlarında təhsil ala bilməsi əvəzsiz fürsətdir. Özüm də daxil olmaqla, bu yolla təhsil alan gənclərimizin gələcək nəslin və elmin inkişafında müsbət rol oynayacağından çox ümidliyəm. Xaricdə təhsil alan bir tələbə kimi ölkəmizin təhsil sistemində gedən islahatları yüksək qiymətləndirirəm. Avropanın təhsil sistemi ilə tanış olduqca bir faktı müşahidə edirəm ki, Azərbaycandakı orta məktəb təhsilinin səviyyəsi dünyanın qabaqcıl ölkələrindən heç də geri qalmır. Bizim məktəblərdə hətta fizika və riyaziyyat sahəsində verilən biliklərin zənginliyini də xüsusi qeyd etməliyəm.

“Bədii kitablar oxumağa da vaxt tapıram”

İstər yaşadığım Eyndhoven şəhərində, istərsə də başqa yerlərdə ixtisasım və bütövlükdə kompüter elmi və mühəndisliyi sahəsində keçirilən seminarlarda, müxtəlif nüfuzlu pedaqoqların və şirkət əməkdaşlarının mühazirələrində iştirak etməyə çalışıram. Asudə vaxtım nadir hallarda olur. Bu vaxtı həddindən artıq zehni yorğunluqdan uzaq durmaq üçün üzgüçülük, eləcə də ailəm və dostlarımla əlaqə yaratmaqla dəyərləndirirəm. Kitabları çox sevirəm. Kitablar bəzən yaşadığımız şəhəri, bəzən heç görmədiyimiz yerləri, insanları, çox zaman da özümüzü kəşf etməkdə böyük rol oynayır. Həyatımız gündən-günə nə qədər texnologiya - elektron kitablar ilə zənginləşsə də, ixtisasımla bağlı elmi kitablarla yanaşı, düşündürücü bədii kitablar oxumağa da vaxt tapıram.

“İnformasiya təhlükəsizliyinin pozulması ciddi problemlər yaradır”

Hazırda Eyndhoven Texniki Universitetində informasiya təhlükəsizliyi texnologiyaları ixtisası üzrə təhsil alıram. Bu magistratura proqramı kompüter elmi və mühəndisliyi magistr dərəcəsinin xüsusi qolu olub, Niderland-Nijmegen şəhərində yerləşən Radboud Universiteti ilə əməkdaşlıq nəticəsində strukturlaşdırılıb. Belə ki, proqram üçün vacib sayılan kursların yarısı hər həftənin bir günü digər universitetdə tədris olunur. İnformasiya texnologiyalarının həyatımızın hər bir addımında öz yerini alması onun təhlükəsizliyi prosesini də yaxın və uzaq gələcək üçün aktual edir. İnformasiya mənbələrinin məhvi, onlardan istifadənin mümkünsüzlüyü və ya informasiya təhlükəsizliyinin pozulması, onlardan icazəsiz istifadə nəinki sadə vətəndaşlar, eləcə də şirkət və dövlətlər üçün ciddi problemlər yaradır. Bu problemin həlli isə informasiya təhlükəsizliyinin standartlaşdırılması - informasiyanın maksimum müdafiəsini təşkil edə bilən mütəxəssislər yetişdirməkdir. Seçdiyim ixtisas Azərbaycanda sadəcə kompüter elmi perspektivində vacib rol oynamaqla məhdudlaşmır, eyni zamanda daha mühüm əhəmiyyət kəsb edir.

“Dərslər aktiv sual-cavab prinsipi əsasında təşkil olunur”

Universitetdə müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət və səmimiyyət əsasında qurulub. Professorlar əsasən çox məşğul olsalar da, tələbələr üçün ayrılmış müvafiq vaxtlarda və mühazirələrin sonunda suallar üçün vaxt ayırırlar. Dərslər materialın tədrisi ilə yanaşı, aktiv sual-cavab prinsipi - tələbələrin təklif etdiyi yeni ideyaların müzakirəsi əsasında təşkil olunur. Mühazirələrdə iştirak məcburi olmasa da tələbələr dərslərdən və məqamında professorlara sual vermək imkanından maksimum yararlanmağa çalışırlar. Dərslərin çoxu videoçəkiliş ilə arxivlənir və bunun sayəsində tələbə daha sonra mühazirəni izləyərək materialdan yararlana bilir. Xüsusilə də təhsil aldığım proqram üçün tətbiq olunan birləşmiş mühazirələr sayəsində, hər iki universitetin tələbələri səyahət etmək məcburiyyətində qalmadan bəzi dərsləri canlı olaraq izləyir və aktiv iştirak edə bilirlər.
Xaricdə təhsilin mənə verdiyi dividendlərə gəlincə qeyd etməliyəm ki, Niderlandda təhsilin əsas üstünlükləri tələbəyə hörmət və bərabərlik prinsipinə əsaslanması, universitetlərin şirkətlərlə olan sıx əlaqəsidir. Xaricdə təhsil ilk növbədə mənə keyfiyyətli akademik və praktiki biliklər verir. Bundan əlavə, şəxsiyyət olaraq müxtəlif mədəni mühitlərə adaptasiya olunmaq, yaranan çətinliklərin öhdəsindən təkbaşına gəlmək bacarığı təkmilləşir. Hazırda təhsil aldığım universitet ixtisasım üzrə Niderland və ümumilikdə Avropanın ən yaxşı universitetlərindən biri olduğu üçün təhsilimin sonunda xaricdə təhsilə dair ümidlərimin tam doğrulacağı düşüncəsindəyəm. Buna görə də gənclərimizin xaricdə təhsil almaq səylərini tam dəstəkləyirəm. Təhsildə uğur qazanmaq üçün mənim hər zaman izlədiyim yol, ilk növbədə sevdiyim və yararlı olduğumu hiss etdiyim sahəyə yönəlmək, özünə inanmaq və hər kiçik problemdə ruhdan düşməməkdir. Təhsil aldığımız müddətdə maraqlı olduğumuz peşə sahəsində maksimum biliyə yiyələnmək, ixtisas üzrə mümkün qədər çox iş təcrubəsi əldə etmək və ən önəmlisi, bilmədiyimizi sual verməkdən çəkinməmək lazımdır. Hər şey kiçik addımlarla başlayır və əziyyət bahasına mümkün olur.
Təhsilimlə yanaşı, ölkəmizin Niderlanddakı Azərbaycan diasporası ilə əlaqələrim yüksək səviyyədədir. Ölkəmiz haqqında daha ətraflı məlumat almaq istəyən professor və tələbələri, özümlə gətirdiyim - ölkəmizin mədəni irsini, eləcə də zəngin mətbəxini əks etdirən kitablar və materiallar vasitəsilə Azərbaycanla daha yaxından tanış edirəm.
Sonda gələcək planlarımla bağlı demək istəyirəm ki, təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə Niderlanddakı nüfuzlu şirkətlərin iş prinsipi ilə yaxından tanış olmağı fikirləşirəm. Bu yolla, bir mütəxəssis olaraq, ixtisas biliklərimi daha səmərəli şəkildə Azərbaycanda tətbiq edə biləcəyimə inanıram.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴