1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Metodika
Tariximizi dərindən öyrətməyə çalışıram
04.06.2016/№21

 


Sevil NAĞIYEVA,
Bakı şəhər 153 nömrəli tam orta məktəbin tarix müəllimi

İnsanı bir çox sahələrdə fəaliyyətə sövq edən daxili bir qüvvə var ki, psixoloqlar ona maraq deyirlər. Təlimdə də maraq mühüm sövqedici amil kimi çıxış edir. Təsadüfi deyil ki, müasir dərsin, fəal təlimin əsas mərhələlərindən biri də şagirdlərdə dərsə, mövzuya maraq yaratmalı olan motivasiyadır. Müasir təlim şagirdlərdə dərsə, öyrənməyə maraq yaradan kifayət qədər iş formalarına, metod və üsullara malikdir. Müəllim bu forma və üsullardan istifadə edərək şagirdlərdə dərsə, eləcə də təlimə maraq yarada bilər. Mən öz fəaliyyətimdə məhz bu amilə xüsusi fikir verir və tarixin tədrisini müasir tələblərə uyğun aparmağa çalışıram. Yeni təlim üsullarından istifadə etməyim şagirdlərin Azərbaycan tarixi fənninə olan marağını artırır.
Ulu öndər Heydər Əliyev öz nitqlərində Azərbaycanın dövlət müstəqilliyinin, dövlət rəmzlərinin mahiyyətinin şagirdlərə aşılanmasını, gənclərimizin öz irsimizi, tarixi köklərimizi, keçmişimizi yaxşı bilmələrini, Azərbaycan tarixinin Vətən tarixi olduğunu vurğulayaraq hər kəsin onu öyrənməsinin vacibliyini nəzərə çatdırırdı. Sözsüz, müstəqil dövlətimizin vətəndaşları olan şagirdlərimizin tariximizi dərindən öyrənməsi vacib və zəruridir.
Tədris zamanı, birinci növbədə Azərbaycan tarixinin əsas məqamlarının şagirdlər tərəfindən öyrənilməsinə nail olmağa çalışıram. Müstəqil Azərbaycan dövlətinin, eləcə də ölkəmizin ərazisində mövcud olan dövlətlərin yaranmasında və inkişafında böyük rol oynamış dövlət başçılarının, hökmdarların, sərkərdələrin, elm və mədəniyyət xadimlərinin, dövlət atributlarının hər bir sinifdə, hər bir dərsdə şagirdlərə tanıdılmasına xüsusi diqqət yetirirəm.
Məsələn, VII sinifdə “Babəkin başçılığı altında Azərbaycanda azadlıq hərəkatı” mövzusunu keçərkən şagirdlərlə mövzu ətrafında sual-cavab aparıram.
1. Əsl qəhrəmanlar kimdir?
2. Hansı qəhrəmanları tanıyırsınız?
3. Babək niyə xalqın məhəbbətini qazanmışdı?
Azərbaycan tarixinin tədrisi zamanı cütlərlə iş formasına üstünlük verirəm. Hər cütə mövzu üzrə suallar verirəm. X sinifdə 1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınlar mövzusundan sorğunu bu cür təşkil edirəm:
1. Ermənilər Azərbaycanın hansı bölgələrində qırğınlar etmişlər?
2. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən böyük soyqırımı haqqında nə deyə bilərsiniz?
VII sinifdə “Marağa, Urmiya, Təbriz və Ərdəbil şəhərləri” mövzusunun tədrisi zamanı güclü və orta səviyyəli şagirdlərin hər birinə üzərində hər hansı bir Azərbaycan şəhərinin adı yazılmış iş vərəqi verirəm. Məsələn, “Ərdəbil” yazılmış iş vərəqi hansı şagirdə verilsə o, Ərdəbil şəhəri haqqında qısa, dolğun məlumat yazaraq öz işini təqdim edir. Digər şagirdlər də onlara düşən şəhər haqqında bu cür məlumatlar yazıb hazırlayırlar. Burada şəhərin paytaxt olub-olmaması, yerləşdiyi ərazi, iqlimi, iqtisadiyyatı əsas götürülür.
Azərbaycan tarixinin tədrisində test üsulundan da geniş istifadə edirəm. Testləri yeni mövzu, bölmələr üzrə və ümumi formada tərtib edirəm. Şagirdlər test üsulu ilə keçilən dərsləri daha həvəslə öyrənirlər.
Dərslərlə yanaşı, dərsdənkənar və məktəbdənxaric tədbirlərin keçirilməsi də Azərbaycan tarixinin tədrisinə, fənnin sevilməsinə kömək edir. Bu məqsədlə şagirdlərin Heydər Əliyev muzeyinə, qəhrəmanların ev muzeylərinə, Şəhidlər xiyabanına və digər tarixi yerlərə ekskursiyalarının rolu böyükdür.
Azərbaycan tarixinə ayrılmış əlavə saatlarda “Qanlı Yanvar”, “Xocalı soyqırımı”, “Qəhrəman oğullarımız” və başqa mövzularda diskussiyalar təşkil edirəm. Bu müzakirələrdə şagirdlər tarixi hadisələrə münasibətini bildirir, bir-birləri ilə polemika aparırlar. Bu, onların dünyagörüşlərini genişləndirir, vətənimizə məhəbbət və sevgilərini artırır.

yuxarı ⤴