1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Metodika
Riyaziyyatın tədris üsullarının modernləşdirilməsi
04.06.2016/№21


Günay HÜSEYNZADƏ,
Bakı şəhər 6 nömrəli məktəb-lisey və 193 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi, AMEA İdarəetmə Sistemləri İnstitutunun doktorantı

XX əsrin sonu XXI əsrin əvvəlləri təhsilin bütün sahələrində olduğu kimi riyaziyyatın tədrisində də dəyişikliyin zəruri olduğunu göstərdi. Ötən əsrdə şagirdlər 1-ci sinifdə yazmağı, oxumağı öyrənir, sadə hesablama bacarıqlarını formalaşdırırdılarsa, bu gün artıq bu bacarıqlar şagirdə məktəbəqədər təhsil pilləsində mənimsədilir və məktəbdə şagirdlər daha praktik biliklər əldə edirlər. Bu gün şagird internetə daxil olub istənilən mövzu üzrə axtarış aparmaq, yeni biliklər toplamaq bacarığına sahibdir, ona görə də belə şagirdləri təəccübləndirmək, tədrisə cəlb etmək, dərs prosesində fəallığını təmin etmək ötən əsrlə müqayisədə fərqli və çətindir.
Bu vəziyyətdə müəllimin bu gün şagirdə lazımi riyazi biliyi vermə bacarıqları formalaşdırılmalıdır. Dünya təcrübəsi nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verir, bu isə praktik bacarıqların aşılanmasının daha vacib olduğunu göstərir.
Beynəlxalq Riyaziyyat Müəllimləri İttifaqı XX əsrin sonlarında yeni model təklif etmişdir. Bu modelə əsasən şagirddə aşağıdakı bacarıqlar formalaşdırılmalıdır:
1. Riyazi problemin həlledici qüvvəsi olmaq;
2. Bilikləri sistemləşdirmək;
3. Riyazi problemin səbəblərini araşdırmaq;
4. Riyazi hesablamaların tətbiq sahəsini müəyyənləşdirmək;
5. Riyazi problemi həll etmə bacarıqlarını kəşf etmək və özünəgüvən yaratmaq
Bu modelə uyğun ola bilən müəllim ilk öncə “özünüqiymətləndirmə” sorğusundan keçməlidir.
Müəllimin özünü qiymətləndirməsi.
* Mən bir müəllim kimi XXI əsrdə nəyə nail olmağa ümid edə bilərəm?
* Mən hər kəsə hər şey öyrətməyə pedaqoji cəhətdən nə dərəcədə hazıram?
* Mən riyaziyyat müəllimi kimi şagirdlərin kamilliyə can atması üçün nə etməliyəm?
* Mən riyaziyyatın tədrisində yetirmələrimə böyük üstünlüyü arzulamaq bacarığını aşılaya bilərəm?
* Mən riyazi bacarıqları tədrisdən kənara çıxara və riyaziyyatın sevinc və gözəlliyini şagirdlərə necə nümayiş etdirə bilərəm?
* Mən özüm riyaziyyatı nə dərəcədə yüksək qiymətləndirirəm?
* Riyazi biliklərin mənimsədilməsi üçün hansı yeni üsullardan və texnologiyalardan istifadə edirəm?
* Bizi əhatə edən aləmin riyaziyyatla olan birbaşa təmasını şagirdlərə hansı əyani vasitələr və üsullarla aşılasam daha müsbət nəticə əldə edə bilərəm?
* Texnologiyalardan istifadə etməsəm, müasir riyazi biliyə malik şagirdi formalaşdırmaq asan olarmı?
* Bir riyaziyyat müəllimi olaraq ən son hansı yeni innovativ metodları öyrənmişəm?
Riyaziyyat müəlliminin özünü bu cür qiymətləndirməsi yeni əsrin riyazi inkişafının təməlini möhkəmləndirməyə kömək edir.
İngilis yazıçısı David Dryu yazırdı: Bizim müəllim kimi 2 seçimimiz var. Bir müəlllimin düşüncə və seçimləri onun sinifdə davranışı və tədris üsulları ilə yanaşı, həm də şagirdlərin riyazi bacarıq və potensialını üzə çıxarmağına təsir edəcək. Təlim prosesində hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq təlimin vacib amillərindən biridir. Təlim prosesi şagirdin təfəkkürünün, yaddaşının xüsusiyyətlərini, nitqini, görmə qabiliyyətini, iradəsini və s. nəzərə almaqla təşkil olunmalıdır. Eyni sinfin iki müxtəlif şagirdində göstərilən xüsusiyyətlər çox müxtəlifdir. Bu da təlimdə fərdi yanaşmanı zəruri edir. Elm və texnikanın sürətlə inkişaf etdiyi dövrdə hər bir müəllim yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməlidir. Müasir şəraitdə informasiya texnologiyasından səmərəli istifadə etməklə şagirdin fərdi öyrədilməsinə, praktik biliklər əldə etməsinə nail olmaq olar. Məsələn, təlimdə mükəmməl öyrədici proqram sistemlərindən, web texnologiyalardan, onlayn resurslardan, elektron lövhələrdən istifadə olunması buna imkan verir. Təlimdə fərdi yanaşma prinsipini təmin etmək müəllimdən yüksək peşəkarlıq tələb edir.
Bir müəllim kimi işlədiyim illər ərzində ənənəvi dərs ilə fəal təlimə əsaslanan, innovativ texnologiyaların tətbiqi ilə qurulmuş dərs arasında fərqin böyük olduğunun dəfələrlə şahidi olmuşam.
Təhsil Nazirliyi tədris sistemində qabaqcıl müəllimlərin dərslərini videoçəkiliş edərək interaktiv texnologiyaları tətbiq etməklə şagirdlər üçün maraqlı videodərslər yaratmışdır. Əgər şagird dərs zamanı hər hansı mövzunu yaxşı dinləyə bilməyibsə, başa düşməyibsə və ya müəyyən səbəblərdən dərsdə iştirak etməyib və bununla da keçirilən mövzu ilə bağlı heç bir anlayışı yoxdursa, bu zaman o, internet vasitəsilə videoportala, yəni, video.edu.az saytına daxil olub müvafiq fənni seçməklə həmin mövzunu tapıb izləyir. Videodərslərin adi dərsdən əsas üstünlüyü odur ki, şagird bu dərsləri bir neçə dəfə təkrar izləmək imkanına malikdir. Bununla da şagird dərsi tam mənimsəyənə qədər təkrar izləyə bilər. Bu da şagirdin dərsi anlama keyfiyyətini artırır. Elə videodərslər vardır ki, şagird dərsi dinlədikdə ona bir neçə test təklif olunur, bu testləri cavablandırmaqla sonda topladığı bala əsasən dərsi nə dərəcədə mənimsədiyini anlaya bilər. Videodərsləri məktəbdə tədris prosesində də istifadə etmək olar. Bu artıq müəllimin yaradıcı yanaşmasından asılıdır. Dərslərimdə videodərslərlə yanaşı təhsil portalının digər sahələrindən də geniş istifadə edirəm, belə ki, şagirdlər e-test.edu.az saytına daxil olaraq elektron testlər həll etməklə reytinq cədvəlində önə keçməyə çalışırlar. Bu da nəticədə biliklərin həm mənimsənilməsinə, həm də möhkəmlənməsinə gətirib çıxarır.
İnnovativ texnologiyalara daha bir nümunə Promethean elektron lövhələridir. Bu lövhələr bu gün müəllimin əvəzolunmaz köməkçisidir. Promethean interaktiv lövhələrindən istifadə edərkən təlim prosesində əlavə vasitələrə çox az müraciət edirəm. Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə əyanilik üçün şagirdlərə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar təqdim edirəm. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır.
Bu, bir riyaziyyat müəllimi olaraq ən çox sevdiyim funksiyalardan biridir. Ehtiyac olduğu anda riyazi alətlər - transportir, pərgar, xətkeş asanlıqla lövhəyə gətirilir və dərs prosesində istifadə edilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin edirəm. Elektron lövhələrin üstün cəhətlərindən biri də şagirdin tədqiqatçı olmasına şərait yaratmağın mümkünlüyüdür. Məsələn, sehrli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.
XXI əsrin riyazi inkişafının təmini üçün müəllim yenilikçi olmalı, daim təkmilləşməli, şagirddə özünəgüvən bacarıqlarını formalaşdırmalıdır. Gələcəyin savadlı, cəmiyyət üçün yararlı şəxsiyyətlərini yetişdirmək müəllimin əlindədir, bunun üçün bu gün müəllim daim yeniliklərdən bəhrələnməlidir.
 

yuxarı ⤴