1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Dərs nümunəsi
Tarix fənnindən dərs nümunəsi
04.06.2016/№21

Foto1
 
Foto2


İlqar ABDULLAYEV,
Bakı şəhər Məktəb-lisey kompleksinin tarix müəllimi

VIII sinif
Mövzu: Quba xanlığı - Şimal-Şərqi Azərbaycan dövləti.
Standart:
3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
4.1.1.Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, şah I Təhmasib, şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi) fəaliyyətini dəyərləndirir.
Məqsəd:
1. Quba xanlığının xarici siyasətini Azərbaycanın mövqeyindən dəyərləndirir.
2. Qubalı Fətəli xanın Azərbaycan dövlətçiliyində oynadığı rolu və fəaliyyətini dəyərləndirir
İş forması: Kollektiv və qruplarla iş.
İş üsulu: Beyin həmləsi, müzakirə, mühazirə.
Resurslar: Dərslik, iş vərəqləri, marker, İKT vasitələri, xəritə, göstərici.
İnteqrasiya:
Ümumi tarix, standart 1.1.3;
Coğrafiya, standart 3.2.1.
Dərsin gedişi:
Salamlaşmadan sonra şagirdlərdə fəallaşma və araşdırılacaq problemə maraq yaratmaq üçün motivasiya qurulur.
Motivasiya:
Motivasiya zamanı şagirdlərə Quba ilə bağlı slayd vasitəsi ilə müxtəlif şəkillər təqdim edilir. Öncə xanlığın yerləşdiyi yerə aid suallar verilərək coğrafiya fənninə inteqrasiya olunur. Sonra isə şagirdlərə ümumiyyətlə Quba xanlığının yaranma tarixi haqqında suallarla müraciət edilir. Motivasiya şagirdlərlə dialoq şəraitində və slaydların nümayişi ilə keçir.
Bu zaman Qubanın və Fətəli xanın şəkilləri göstərilir və sinfə sualla müraciət edilir:
– Bura haradır? (Foto1)
Şagird - 1: - Qax
Şagird - 2: - Zaqatala
Şagird - 3 - Quba
Müəllim: - Bəli, düzdür. Bura Qubadır.
Müəllim - Bəs bu şəkildə gördüyünüz kimdir?
Şagird - 1: - Bu şəkil Pənahəli xanındır.
Şagird - 2: - Bu şəkil Hüseynəli xanındır.(Foto2)
Şagird - 3: - Bu şəkil Fətəli xnındır.
Müəllim - Bəli, bu şəkil Fətəli xanındır.
Sonra şagirdlərə bildirilir ki, əslində Azərbaycanın şimal-şərqində, strateji cəhətdən çox əlverişli şəraitdə yerləşən Quba xanlığı Rusiya tərəfindən 1724-cü ildə İstanbul müqaviləsinə əsasən Türkiyənin himayəsi ilə yaradılmış Şirvan xanlığına cavab olaraq yaradılıb.
Şagirdlərdən Quba xanlığının bilavasitə Rusiyanın himayəsi ilə xeyli dərəcədə gücləndiyini və digər xanlıqları tədricən özünə tabe etmək iddiasına düşdüyünü bildirən cavablar alınır.
Bu zaman şagirdlərə məlumat verilərək xanlığın əsasını qoymuş Hüseynəli xanın, eləcə də onun oğlu Fətəli xanın Quba xanlığının güclənməsi və özünə nisbətən zəif xanlıqları tutmaq işində oynadıqları rol bildirilir və onların fərdi keyfiyyətləri qabardılır.
Həmçinin düşmən hücumları və feodal müharibələrindən zərər çəkmiş qonşu ərazilərin əhalisinin Quba xanlığında məskunlaşmaları, bunun da xanlığın iqtisadi və hərbi gücünün artmasına səbəb olması qeyd edilir.
Sonra tədqiqat sualı qoyulur.
Tədqiqat sualı: Quba xanlığının Azərbaycan tarixində nə kimi rol və əhəmiyyəti olmuşdur?
Tədqiqatın aparılması:
Tədqiqatı aparmaq üçün şagirdlər qruplara ayrılır. Hər bir qrup mövzuya uyğun özünə ad seçir. Qruplara iş vərəqləri verilir. İş vərəqlərində tapşırıqlar göstərilir. Tapşırığın yerinə yetirilməsi üçün vaxt ayrılır.
İş vərəqi № 1
Xanlığın yaranması
1.Quba xanlığının yaranması haqqlnda məlumat verin.
2.Quba xanlığının əlverişli coğrafi və strateji mövqeyini təsvir edin.
3.Hərbu gücün və iqtisadi inkişafın fəal xarici siyasətin yeridilməsinə səbəb olmasının nəticələrini şərh edin.
İş vərəqi № 2
Fətəli xanın hakimiyyətə gəlməsi
1.Hüseynəli xandan sonra Fətəli xanın hakimiyyətə gəlməsi Quba xanlığında hansı dəyişikliklərə səbəb oldu? İzah edin.
2.Fətəli xanın xarakterik xüsusiyyətlərini açıqlayın.
3.Fətəli xanın birləşdirmə siyasətinə başlamasının nə ilə nəticələndiyini təhlil edin.
İş vərəqi №3
Fətəli xanın birləşdirmə siyasəti
1.Fətəli xanın Bakıdan sonra özünə birləşdirdiyi ərazilərin Quba üçün əhəmiyyəti nə idi? Şərh edin.
2.Fətəli xanın Bakını birləşdirməsini siyasi cəhətdən təhlil edin.
3.Bakının Quba xanlığına birləşdirilməsinin əhəmiyyətini müasir dövrlə əlaqələndirin.
Məlumatın mübadiləsi və müzakirəsi:
Bu mərhələdə hər bir qrup öz işini təqdim edir. Qruplar bir-birinin işi ilə tanış olur. Qrupların işi müzakirə olunur. Müəllim və digər qrup üzvləri suallar verir və əlavələr edirlər.
Nəticə və ümumiləşdirmə:
Dərsin bu mərhələsində şagirdlərin diqqəti tədqiqat sualına yönəldilir və slaydlarla mövzu ümumiləşdirilir.
Quba xanlığı necə yarandı?
Quba xanlığı hansı ölkənin himayəsi ilə yaranmışdı və bu himayə Azərbaycan üçün necə nəticələndi?
Quba xanlığının əlverişli coğrafi və strateji mövqeyə malik olması özünü nədə göstərirdi?
Quba xanlığının iqtisadi inkişafına müsbət təsir göstərən amil hansı idi?
Qubalı Fətəli xanın yeritdiyi xarici siyasətin nəticəsi nə oldu?
Qubalı Fətəli xan hakimiyyətə gələndən sonra ilk əvvəl hansı xanlığı özünə tabe etdi?
Salyan nə vaxt birləşdirilmişdi və bu birləşmənin Quba üçün nəticəsi nə oldu?
Bakı xanlığı nə vaxt və necə Quba xanlığına birləşdirildi?
Quba xanlığının birləşdirmə siyasətinin əhəmiyyəti nədir?
Qubanın birləşdirmə siyasətinə mane olan amilləri nə ilə əlaqələndirirsiniz?

Ümumi nəticəyə gəlmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırladığı elektron dərs vəsaitində mövzuya aid hissələr nümayiş etdirilir və şagirdlərin gəldiyi nəticələr ümumiləşdirilir.
Araşdırılan mövzunu möhkəmləndirmək məqsədi ilə test və iş dəftərindən istifadə edilir.
Yaradıcı tətbiqetmə və ev tapşırığı:
Şagirdlərə internetdən Quba xanlığı, onun yaranması, inkişafı, tərəqqisi və böyüməsi haqqında əlavə material toplama tapşırılır.
Qiymətləndirmə meyarı: dəyərləndirmə
Şagirdlərin dərsdə iştirakı və göstərdikləri fəallıq aşağıdakı cədvələ uyğun olaraq qiymətləndirilir.
 

yuxarı ⤴