1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Mən SABAHam
09.06.2017 / No21

 
 
 
 

 

 


İlk məzunlardan gözləntilər böyükdür

Ruhiyyə DAŞSALAHLI

“SABAH mənə bacarıqlarımı inkişaf etdirmək, daha savadlı olmaq imkanı verdi. Ən əsası, mənə mühit verdi. Artıq SABAHın ruhunu hiss edirəm”. Fəxrlə “Mən SABAHam” deyən 722 məzundan biri, Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Nüşabə Mahmudzadə bu fikirdədir. O, Günay İmanzadə (BDU), Şahin Xəlilov (Azərbaycan Texniki Universiteti), Çiçək Salamova (Azərbaycan Dillər Universiteti), Gülnar Atakişiyeva (BDU), Sadiq Əsgərov (Azərbaycan Dövlət İqtisad Universiteti), Ceyhun Bayramov (Azərbaycan Texniki Universiteti), Sevinc Şeydayeva (BDU), Yeganə İbadlı (BDU), Nərmin Ələkbərli (BDU) və 2016-2017-ci tədris ili üzrə SABAH qruplarından məzun olan yüzlərlə gənc bu fikirdədir ki, xaricdə təhsil alanların hər birinin etdiyini SABAH qruplarının üzvü olaraq onlar da gerçəkləşdirə bilib.
Onlar üçün SABAH qrupunda yaradılan təhsil şəraiti Amerika, Avropa təhsil sistemində mövcud olan təhsil şəraitindən geri qalmayıb. Odur ki, tələbələrin hər biri SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsil, SABAHın yaratdığı imkanlar, qazandıqları bilik və təcrübənin gələcək karyeralarında müstəsna rol oynayacağından əmindir. Axı, onlar ali təhsil müəssisələrinin seçilmiş müəllimlərindən, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan dərs alıblar.
Söhbət Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri sayılan SABAH layihəsindən gedir. Əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olan SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.
SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində SABAHın Könüllüsü layihəsi həyata keçirilib.

Onların sevincini bölüşənlər

Budur, 3 tədris ilidir ki, davam edən bu layihənin artıq ilk məzunları əmək bazarına daxil olmağa hazırdır. İyunun 4-də Heydər Əliyev Mərkəzində onlar üçün böyük bir mərasim - məzun günü düzənləndi. “SABAHın məzunu” adlanan həmin mərasimdə kimlər yoxdu ki... Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllimlər və bir də, təbii ki, tələbələr.

Mən SABAHam

Məzunlar tədbiri öz qonaqları üçün maraqlı və rəngarəng etmək məqsədilə kiçik fürsətlər də yaratmışdılar. Məsələn, məzun günündə qonaqlara onların beyninin məhsulu ilə tanış olmaq imkanı verdilər. Beləliklə, qonaqların həm vaxtı maraqlı keçəcək, həm də gənc beyinlərin məhsulu ilə tanış olacaqdılar.
Planları baş tutdu. Təşkil etdikləri “Mən SABAHAM” adlı sərgi tədbir iştirakçılarında böyük maraq oyandırdı. Gənclərin öz innovativ ideyalarını sərgilədiyi bu bölmə Azərbaycanın gələcəyinə böyük ümidlər yaratdı. Çünki sərgi güclü fikir, maraqlı ideya, hətta geniş fantaziyaya malik gənclərin onu reallaşdırmaq üçün ağıl, qabiliyyət və bacarıq sahibi olduğunu bir daha təsdiq etdi. Demək, ölkənin gələcəyini təslim edəcəyimiz nəslə etibar etmək olar.

Birinci vitse-prezident SABAHın məzunu barədə:

Elə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu fikirdədir. O, “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciətdə sürətlə qloballaşan dünyaya inteqrasiya prosesində təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü xüsusi qeyd edib.

...öz karyerasında ilklər sırasında olacaq şəxslər...

O, Azərbaycanın bir müstəqil dövlət kimi imza atdığı ilkləri sadalayaraq SABAH-ın ilk məzunlarının üzərinə böyük məsuliyyət də qoyub: “SABAH-ın birinci məzunlarısınız. Əminəm ki, bu nailiyyət sizin gələcək uğurlarınızın yalnız zəminini təşkil edir. İlk olmaq hər zaman çətin və şərəflidir. Və bilirəm ki, bugünkü məzunlar arasında öz sahəsində, öz karyerasında ilklər sırasında olacaq şəxslər əyləşir”.

Gənclərimizdən gözləyirik...

Azərbaycan təhsilinin məqsədinin rəqabətədavamlı kadrlar yetişdirmək olduğunu vurğulayan Birinci vitse-prezident bu məsələdə SABAH qruplarının yetirmələrinə böyük ümidlər bəslədiyini vurğulayıb: “Gənclərimizdən xarici dil bilikləri, rəqəmsal bacarıqları, liderlik qabiliyyəti, start-up və sahibkarlıq fəaliyyətində bir-biri ilə deyil, xarici ölkələrin gəncləri ilə rəqabətə dözümlü olmalarını gözləyirik”.
Təhsil prosesində əldə etdikləri peşəkar hazırlığın və xarici dilləri dərindən bilməyin gənclərə gələcək elmi fəaliyyətdə də əlverişli başlanğıc imkanları yaradacağına əmin olduğunu deyən Mehriban xanım onlara xitabən: “Elmi tədqiqatlarınız yalnız sizin həyatınıza yeniliklər və inkişaf gətirməyəcək, həmçinin milyonlarla insanın taleyinə təsir edəcək. Elm bu gün heç vaxt olmadığı qədər beynəlxalq xarakter daşıyır. Çoxşaxəli tədqiqatlar sahəsində elmi araşdırmaların sayı artmaqdadır. Bu da öz növbəsində müxtəlif sahələrin mütəxəssislərindən ibarət və ümumi hədəf üçün birləşmiş heyətlərə üstünlük yaradır”.

İşəgötürənlərin nəzərinə

Mehriban xanım “Bilik iqtisadiyyatı”nda insan kapitalının dəyərinin maliyyə kapitalından az olmadığını xatırladaraq işəgötürənlərə belə bir tövsiyə də verib: “Kadr planlaşdırması prosesində SABAH məzunlarının potensialından səmərəli şəkildə istifadə olunması işəgötürənlər və sahibkarlar üçün faydalı ola bilər”.

SABAHın könüllüləri könüllülük dəyərlərini inkişaf etdirir

Müraciətində SABAH könüllülərinin ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb: “SABAH layihəsinin gətirdiyi yeniliklər sırasında SABAH könüllülərini də qeyd etmək lazımdır. Könüllülük hərəkatı bizim üçün nisbətən yenidir və onun yaranması ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərlə bağlıdır. Lakin bu hərəkatın kütləviliyi və uğurları təsadüfi deyil. Xalqımız əsrlərdir ki, qonaqpərvərliyi, yardımsevərliyi, ehtiyacı olanlara əlini uzatmağa hazır olması ilə tanınır. Əsrlər boyu öz doğma torpaqlarında sığınacaq tapa bilməyən insanlar Azərbaycana üz tutublar. Bu xüsusiyyətlər əsrlərin sınağından keçib. Bugün mən həmin xüsusiyyətləri bizim gənclərimizdə və tələbələrimizdə görməkdən çox şadam”.
SABAH qruplarında təhsil alan tələbələrin son 3 il ərzində ölkəmizdə keçirilmiş beynəlxalq miqyaslı tədbirlərdə könüllülük fəaliyyətini təhsil naziri Mikayıl Cabbarov da yüksək qiymətləndirib. Onun fikrincə, Azərbaycan gəncliyi qlobal könüllülük hərəkatında fəal şəkildə iştirak edir və könüllülük düşüncəsini, dəyərlərini ölkəmizdə inkişaf etdirir: “Əminəm ki, bu dəyərlərin cəmiyyətimizdə müsbət qarşılanması və böyük dəstək qazanmasında düzgün təhsilin verilməsinin rolu danılmazdır. Çox təqdirəlayiqdir ki, akademik həyatda uğurlu tələbələr könüllülük fəaliyyəti üçün istəklidir və buna imkan tapa bilirlər. Bu bir daha göstərir ki, tərbiyə və təhsil prosesləri bir-birindən ayrılmazdır. Göstərir ki, uğurlu, bilikli gənc insan öz vətəninin məsuliyyətli vətəndaşı olacaq. Ümumi məqsəd ətrafında birləşmək üçün vaxt, imkan və istək tapacaq”.

“Məhz sizlər üçün...”

SABAHın məzununa böyük ümidləri olduğunu təhsil naziri Mikayıl Cabbarov da xüsusi vurğulayıb. O, SABAH layihəsinin, SABAH məzunlarının Azərbaycan təhsilində, elmindəki roluna diqqət çəkərək qeyd edib ki, ölkəmizin gələcəyini savadlı, bacarıqlı və hazırlıqlı gənclər təmsil edir. Abbreviaturasında məhz bunu ifadə edən SABAH qruplarında yüksək şərait yaradılıb, təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub: “Bu gələcəyi təmsil etmək üçün məhz sizlər seçilmisiniz. Məhz sizlərə ən yaxşı və öz işinə sadiq müəllimlər seçilmişdir. Məhz sizlər üçün xarici dillərin dərindən öyrənilməsini ehtiva edən daha zəngin və tələbkar akademik proqram tətbiq olunmuşdur. Məhz aranızdan ehtiyacı olanlar üçün təhsil müddətində Bakıda rahat yataqxanada yaşayış imkanları təmin olunmuşdur”.

“Hər hansı başqa ölkədən götürülmüş bir təşəbbüs deyil...”

SABAH layihəsi barədə danışarkən nazir qeyd edib ki, bu, hər hansı başqa ölkədən götürülmüş bir təşəbbüs deyil, Azərbaycanın formalaşdırdığı bir təhsil modelidir: “Təbii ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müsbət xarici təcrübəni öyrənməliyik. Lakin Azərbaycan hər zaman ən yaxşı təcrübələri öyrənməklə onların bizim kontekstdə, bizim dəyərlərimiz və tələblərimizlə uyğunluğu çərçivəsində tətbiqinə üstünlük verib. Burada əsas məqsəd yeni təşəbbüslərin səmərəliliyi, effektivliyi və Azərbaycan xalqı üçün faydalılığı olmalıdır”.
Nazir ölkə tarixində - istər Cümhuriyyət, istərsə də ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə gənclərin təhsil almaq üçün xaricə göndərilməsi faktlarını xatırladaraq SABAHın timsalında təhsil sahəsində baş verən dəyişikliklərə nəzər salıb: “Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində 100 azərbaycanlı gənci müxtəlif xarici ölkələrdə təhsil almaq üçün göndərmişdir. Daha sonra 1960-70-ci illərdə ulu öndər tərəfindən minlərlə gəncin Sovet İttifaqının aparıcı ali təhsil ocaqlarında təhsil alması təmin olunmuşdur. Cənab Prezidentin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox təhsil təqaüdü ayrılmışdır. Sevindirici haldır ki, öncəki illərdə yüksək səviyyəli təhsil almaq üçün xarici ölkələrə üz tutan gənclərimizin çoxu artıq Azərbaycanın universitetlərinə üstünlük verirlər. Bütün bu təşəbbüslərin məqsədi ölkəmiz üçün tələb olunan mütəxəssislərin xarici universitetlərdə yetişdirilməsi olub. Əlbəttə, həmin şəxslərin ölkəmizin inkişafında rolu danılmazdır. Lakin çox sevinirəm ki, bu gün Azərbaycanımız artıq özünün güclü ali təhsil sisteminə malikdir. SABAH layihəsi də bunun göstəricilərindən biridir... SABAH kimi layihələr nəticələrimizin artırılması məqsədilə birgə işin vacibliyini nümayiş etdirir”.

Yetişən nəsil öz məsuliyyətini hiss edir

Öz çıxışında bir qrup SABAH tələbəsinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsini xatırladan nazirin sözlərinə görə, Ağdamın işğaldan azad olunmasından sonra hərtərəfli yenidənqurma planını əks etdirən həmin layihə onun göstəricisidir ki, yeni yetişən nəsil öz dövlətinin ərazi bütövlüyünün bərpa olunması barədə ciddi şəkildə düşünür və bu prosesdə öz məsuliyyətini hiss edir.

İslahatlar davam etməlidir

Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə aparılmış təhsil islahatları gənclərimizin keyfiyyətli təhsil alması üçün əlverişli şərait yaradıb. Əksər universitetlərdə xarici dillərdə təhsil imkanları mövcuddur. Dünyanın aparıcı ali təhsil müəssisələri Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir. Ötən il Fransanın dünya səviyyəli Strasburq Universiteti ilə birlikdə Fransa-Azərbaycan Universitetinin təsis edilməsini məhz bu marağın bir nümunəsi sayan nazir qətiyyətlə bildirib: “Ancaq təhsil islahatları bundan sonra da intensiv şəkildə davam etməlidir”.
Nazirin fikrincə, ali təhsil müəssisəsinin uğurlu məzunu yalnız prestijli iş yeri tapmaq barədə deyil, həmçinin öz işini qurmaq barədə düşünməlidir. Müasir, sürətlə dəyişən dünyada uğura gedən yol peşəkar biliklər, səriştə, bacarıq və innovasiyalara açıq olmaq qabiliyyətindən keçir: “Təsadüfi deyil ki, əsaslı şəkildə həyatımıza daxil olmuş uğurlu start-up layihələrinin böyük bir hissəsini məhz gənclər yaradıb. Çünki məhz gənclik yeniliklərə, innovasiyalara daha açıqdır. Çalışmalıyıq ki, universitetlərimiz yalnız təhsil və elmi biliklər mərkəzinə deyil, həmçinin iqtisadi inkişaf mərkəzinə çevrilsinlər”.
Ancaq onu da unutmaq olmaz ki, bir təhsil müəssisəsi sadəcə kadr yetişdirmir, həm də şəxsiyyət, vətəndaş formalaşdırır: “Təhsilin rolu gənclərə bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır. Onun əsas hədəflərindən biri öz millətinə xidmət edəcək vətəndaşların hazırlanması olmalıdır”.
M.Cabbarov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin nəinki savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Odur ki, gənclər, o cümlədən: “Həyatda uğur qazanmış insanlar unutmamalıdırlar ki, onların uğurunda ətrafındakı insanların da rolu, zəhməti olmuşdur. Məhz bu səbəbdən cəmiyyətimizin inkişafına öz töhfəmizi vermək, ətrafımızdakılara dəstək olmaq hər birimizin borcudur. Özümüz və ailəmiz üçün arzu etdiyimiz mühiti yalnız bütöv cəmiyyət olaraq qura bilərik. Unutmayın ki, sizin keyfiyyətli təhsil almağınızda öz vaxtını və enerjisini sizlərə həsr etmiş müəllimlərinizin müstəsna rolu olmuşdur. Bilirəm ki, hər birinizin arzusu var. Bu çox gözəldir. Bilməlisiniz ki, onu gerçəkləşdirmək sizin əlinizdədir. Hər bir məqsəd əlçatandır. Və uğur məbədinə aparan yollar da müxtəlifdir. Həyatınızın müxtəlif dövrlərində çətin qərarlar verməyinizi, kompromisə getməyi tələb edən anlar olacaq. Bu kimi anlarda qərarın nə olacağından asılı olmayaraq, insan öz şəxsiyyətini qorumağı unutmamalıdır”.

SABAHın məzunu ümid verdi

Beləliklə, ilk məzunlarının unutmayacağı mərasim SABAH qruplarının himninin səsləndirilməsi ilə başa çatıb. Gördüklərimiz, eşitdiklərimiz SABAHın məzununun əmək bazarında arzuolunan kadr olacağına əminlik yaratdı.
Məzunların, hətta bütün iştirakçıların yaddaşında maraqlı məqamları ilə qalacaq tədbirin təəssüratları isə hələ uzun müddət danışılacaq.

yuxarı ⤴