1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Şəffaf, obyektiv və vaxt itkisinə yol vermədən
09.06.2017 / No21

 
 
 

 

 


Müəllimlər yerdəyişmənin tam elektronlaşdırılmasını mühüm dəyişiklik kimi dəyərləndirirlər

Yusif ƏLİYEV

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb. Mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib.
Dəyərləndirmə zamanı müəllimlərin sosial statusu əsas götürülüb. Eyni zamanda onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınır. Əgər yerdəyişmə ailə vəziyyəti və yaxud səhhətlə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilib. Yerdəyişmə zamanı bir neçə müəllim eyni vakant yeri göstərdikdə isə bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb.
Müəllimlərin yerdəyişməsi davam edir. Belə ki, 8-12 iyun tarixlərində bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişmə baş tutacaq. Bu proses də müsabiqəsiz, müəllimlərin sosial statusu əsas götürülməklə həyata keçiriləcək.
Yerdəyişmədə iştirak etmiş müəllimlərin bir neçəsinin bu proses haqqında təəssüratını təqdim edirik.



Aysel Alıcanova, Bakı şəhəri, 95 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Mən 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai sinif müəllimliyi” ixtisasını fəxri fərmanla bitirmiş və həmin il Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək Yasamal rayonu 38 nömrəli məktəbə müddətsiz müqavilə əsasında əmək fəaliyyətinə başlamışam.
2015-ci ilin dekabr ayında respublikamızda ilk dəfə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 58 bal toplamışam. Lakin 2 il işlədiyim təhsil müəssisəsinin yaşayış yerimdən çox uzaq olması və bundan yaranan çətinliklər məni iş yerimi dəyişdirmək üçün təşəbbüs göstərməyə vadar etdi. 2017-ci ildə respublikamızda yeni qurulan sistem üzrə Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi eyni rayon daxilində müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində iştirak etdim. Sevinirəm ki, arzuladığım məktəbə düşmüşəm. Növbəti tədris ilindən Xətai rayonunda yerləşən 95 nömrəli tam orta məktəbdə işləyəcəyəm. Təhsil Nazirliyi bizim kimi cavan kadrlara çox qayğı göstərir‚, müəllimlərin bilik və bacarıqlarını yüksək qiymətləndirir. İştirak etdiyim müsabiqələr üzrə bu nəticəni əldə etmişəm. Təhsil Nazirliyi öz işini tam şəffaflıq və obyektiv olaraq həyata keçirir. Hər bir müəllimin iş yerinin dəyişdirmə səbəbini,‚ biliyini‚, bacarığını‚, nailiyyətlərini araşdırır və daha sonra yerdəyişməni həyata keçirir. Bütün bunlara görə bu prosesdə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm.




Gülər Hüseynova, Bakı şəhəri, 72 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Mən Bakının Sabunçu rayonundakı İ.Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində çalışıram. 2015-ci ilin dekabrında Bakıda keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək 53 bal toplamışam. Ötən ay Təhsil Nazirliyinin təşkil etdiyi eyni rayon daxilində müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə elektron ərizə verdim.
Yerdəyişmədə diaqnostik qiymətləndirmə balı ilə yanaşı, müəllimin yerdəyişməsini zəruri edən səbəblər də rol oynayırdı. İş yerimi dəyişmək səbəbim hazırda işlədiyim məktəbin yaşayış yerimdən uzaq olması idi. Mən bir müəllim olaraq Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Müəllimlərin iş yerinin dəyişdirilməsi və ya işə qəbulu prosesinin müəllimin bilik və bacarığına əsasən aparılması, yerdəyişmə zamanı müəllimin topladığı yüksək balın əsas götürülməsi çox sevindirici bir haldır.




Azad Həsənov, Goranboy rayonu, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbin tarix müəllimi:
- 2016-2017-ci tədris ilində Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində 58 bal toplayaraq Goranboy rayonu, Todan kənd tam orta məktəbinə tarix müəllimi təyin olunmuşam. Bu il aprel ayının 27-də Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 58 bal topladım. Bu bala uyğun olaraq, 26-30 may tarixlərində keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak etdim.Yerimi dəyişməyimə əsas səbəb səhhətimdəki problemlərdir. Neçə illərdir revmatizmdən əziyyət çəkirəm. Ailə problemi ilə bağlı məsələləri də səbəb kimi gətirdim. Şəffaf və obyektiv keçirilən yerdəyişmə müsabiqəsindən uğurla keçdim və Goranboy rayonu, Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbinə təyin olundum.
Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatları, tətbiq olunan yenilikləri bir gənc müəllim kimi mən də dəstəkləyirəm. Bundan sonra da təhsildə irəliləyişlər, şübhəsiz ki, olacaq. Mən gənc müəllim kimi buna əminəm. Çünki təhsilimiz qərəzsiz, vicdanlı, işgüzar insanların əlindədir. Yerdəyişmə edib uğur qazananları öz adımdan təbrik edirəm.




Vüqar Hüseynov, Quba rayonu, Püstəqasım kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi:
- Quba rayonunun Təngəaltı kəndində Azərbaycan dili-ədəbiyyat müəllimi işləyirdim. Bu məktəbə 5 il bundan qabaq Təhsil Nazirliyinin təşkil etdiyi mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olmuşam. 2016-cı ilin dekabr ayında Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək 56 bal topladım. Bu ay həmin balla yerdəyişmə etmək qərarına gəldim. Yerdəyişmədə DQ balı ilə yanaşı, sosial faktorlar da rol oynayırdı.
Yerdəyişmə səbəbim hazırda işlədiyim məktəbin yaşayış yerimdən çox uzaqda yerləşməsi idi. Şəffaflıqla həyata keçirilən müsabiqədə istəyim nəzərə alındı və Quba rayonunun Püstəqasım kəndinə keçidim təsdiqləndi. Bizə yaradılan şəraitə görə Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm.




Şəlalə Əliyeva, Şəmkir rayonu, Çinarlı 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:
- Şəmkir rayonu, Yeniabad kənd tam orta məktəbində işləyirdim. Özüm Seyfəli kəndində yaşayıram. 2 körpə övladım olduğuna görə məktəbə gedib-gəlməkdə çətinlik çəkirdim. Yollarda vaxt itkisi ilə üzləşirdim. Bu səbəbdən Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı müsabiqəyə sənədlərimi təqdim etdim. Şükürlər olsun ki, nazirlik məsələni tam obyektiv araşdırdı və mənim iş yerimi yaşadığım ünvana - N.Süleymanov adına Çinarlı 1 nömrəli tam orta məktəbə dəyişdi.
Nəzərə çatdırım ki, diaqnostik qiymətləndirmədə də kifayət qədər yüksək - 51 bal toplamışam. Bu, müsabiqədə xüsusilə nəzərə alınırdı. Mən Prezidentimiz İlham Əliyev cənablarına minnətdaram. Çox sağ olsunlar ki, biz müəllimlərə, gənclərə belə şərait yaradırlar. Mən də söz verirəm ki, dövlətimizin mənə göstərdiyi etimadı doğruldacağam.




Anar Azəri, Quba rayonu, Xınalıq kənd məktəbinin müəllimi:
- Mən 2015-ci ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bal toplayaraq Quba rayonu, Qəcər-Zeyid kənd tam orta məktəbində informatika müəllimi kimi çalışmağa başlamışam. Bu il ailə həyatı qurmağımla bağlı olaraq iş yerimi dəyişmək zərurəti yarandı. Mən və Qubanın başqa kəndində riyaziyyat fənnini tədris edən həyat yoldaşım Sevinc Zakirzadə ilə birlikdə Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada apardığı müəllimlərin yerdəyişməsi müsabiqəsinin ilk mərhələsində iştirak edərək, Qubanın Xınalıq kəndində yerləşən məktəbdə fəaliyyətimizi davam etdirmək üçün elektron ərizə yazdıq. Bizim sənədlərimiz araşdırılıb və buna razılıq verilib.
Təhsil Nazirliyinin bu müsabiqəni proqram təminatı tətbiq etməklə keçirməsi nəticəsində biz evdən çıxmadan, heç bir idarəyə müraciət etmədən, vaxt itkisinə yol vermədən arzu etdiyimiz yerə yerdəyişmə edə bildik. Yerdəyişmənin bu üsulla keçirilməsinin ən böyük üstünlüyü isə şəxsi maraqlar olmadan, tam şəffaf və obyektiv olmasıdır. İstər müəllimlərin işə qəbulu, istərsə də yerdəyişməsinin müasir informasiya texnologiyaları və metodları tətbiq edilməklə keçirilməsi nəticəsində minlərlə müəllim heç bir ödəniş etmədən istəyinə uyğun yer seçərək işə qəbul olub və ya arzu etdiyi yerə yerdəyişmə edib. Bu, nazirliyin müəllimə verdiyi diqqətin bariz nümunəsidir.

yuxarı ⤴