1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UFAZ-da əcnəbi vətəndaşlar da oxuya biləcək
09.06.2017 / No21

 
 

 

 


Fransa-Azərbaycan Universitetinə qəbul qaydaları açıqlanıb

Yusif ƏLİYEV

Fransa-Azərbaycan Universitetinin növbəti tədris ili üçün qəbul planı 160 yer müəyyənləşdirilib. Onlardan 120 yer dövlət sifarişli, 40-ı isə ödənişli yerlərdir. Bu barədə iyunun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən və bu ali məktəbin nəzdindəki Fransa-Azərbaycan Universitetinin birillik fəaliyyəti, eləcə də UFAZ-a 2017-2018-ci tədris ili üçün tələbə qəbuluna həsr olunmuş mətbuat konfransında açıqlama verilib. Konfransda habelə UFAZ-ın 1 illik fəaliyyəti, burada reallaşdırılan və yaxın perspektivdə tətbiq olunması nəzərdə tutulan yeniliklər barədə də geniş danışılıb.

İki ölkənin 3 universitetinin birgə layihəsi

Ölkəmiz üçün çox vacib layihə olan Fransa-Azərbaycan Universitetinin yaranması və başa çatmaqda olan tədris ili ərzində burada görülmüş işlər haqqında məlumat verən ADNSU-nun rektoru, professor Mustafa Babanlı yeni layihənin Fransa və Azərbaycan respublikaları Prezidentlərinin təşəbbüsü və səyi nəticəsində reallaşdığını bildirib. Layihədə məqsəd Fransa ilə Azərbaycan arasında elm, təhsil və innovasiyalar sahəsində əlaqələri yaxşılaşdırmaq, Azərbaycan vətəndaşlarına ölkənin sərhədlərini tərk etmədən Avropa və dünya keyfiyyətli təhsil almaq imkanı yaratmaqdır. Layihəyə Fransa tərəfindən məşhur Strasburq Universiteti, Renn-1 Universiteti, Azərbaycan tərəfindən isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti cəlb olunublar. Ötən ilin sentyabrında ADNSU-nun nəzdində fəaliyyətə başlamış UFAZ-da 4 ixtisas - kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qaz mühəndisliyi ixtisasları üzrə bakalavrlar hazırlanır. Birinci üç ixtisasda tədris Strasburq Universitetinin, neft və qaz mühəndisliyi ixtisası üzrə isə Renn-1 Universitetinin proqramı əsasında həyata keçirilir. Professor Mustafa Babanlının sözlərinə görə, UFAZ-da tədris aparılan bütün ixtisaslar Azərbaycan üçün çox lazımlı, brend ixtisaslardır.

Hazırda UFAZ-da 141 tələbə təhsil alır

Ötən il keçirilən qəbul imtahanları nəticəsində 141 gənc UFAZ-ın tələbəsi adını qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi üzrə, 20 nəfəri isə ödənişli əsaslarla təhsil alır.
Qəbul qaydalarına əsasən, Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 500 və daha yüksək bal toplayan abituriyentlər UFAZ-ı seçə bilərlər. Lakin bu seçimi edənlər Strasburq Universiteti tərəfindən təşkil olunan imtahanda da iştirak etməlidirlər.
Növbəti tədris ili üçün universitetə qeydiyyat UFAZ-da yaradılan komissiya tərəfindən aparılacaq. “Onlayn qeydiyyat iyunun 12-dən başlayıb iyulun 17-dək davam edəcək. İkinci imtahanda iştirak edənlər isə 24-25 iyul tarixlərində qeydiyyata alınacaqlar. Fransa tərəfinin təşkil etdiyi qəbul imtahanı iyulun 27-də keçiriləcək”, - deyə M.Babanlı bildirib.

Universitetə əcnəbi tələbələrin qəbulu nəzərdə tutulur

Bu il UFAZ-a hər ixtisas üzrə 40, bütövlükdə 160 tələbənin qəbulu nəzərdə tutulub. “Əgər boş yer qalarsa bu universitetə maraq göstərən əcnəbi tələbələrin ödənişli əsaslarla yerləşdirilməsi haqqında düşünə bilərik. Bununla bağlı Strasburq Universiteti ilə danışıqlar aparılır. Xarici vətəndaşların imtahanlarının təşkili və gələcəkdə onlar üçün yerin ayrılması məsələsi gündəmdədir”.
Yeri gəlmişkən qeyd edək ki, martın 9-da keçirilən UFAZ-ın ilk idarəçilik iclasında da bu məsələ müzakirə edilib və universitetə yerli gənclərlə yanaşı, xarici vətəndaşların da qəbul olunması məqsədəuyğun sayılıb. Daha bir yenilik isə ADNSU-nun tələbələri ilə bağlıdır. Belə ki, universitetin digər fakültələrində təhsil alan ən yaxşı göstəricilərə malik tələbələr də artıq ikinci ildən UFAZ-a qəbul ola biləcəklər.
M.Babanlı başa çatmaqda olan tədris ilinin UFAZ üzrə akademik nəticələrinə də toxunub. Onun bildirdiyinə görə, hələ birinci ilin yekun imtahanlarının nəticələri bəlli olmadığından 141 tələbədən neçəsinin II kursa keçəcəyi haqqında dəqiq məlumat vermək mümkün deyil. “İyul ayının 10-dək ilin yekunları ilə bağlı nəticələrimiz olacaq. Bunun nəticəsində neçə nəfərin ikinci kursa keçəcəyi bilinəcək”.
İmtahanda fransız tərəfinin qoyduğu limiti keçə bilməyənlərin ADNSU-nun müvafiq fakültələrində ingilisdilli ixtisaslarda yerləşdirilməsi nəzərdə tutulur. Belə tələbələr ADNSU-da təhsillərini ödənişli əsaslarla davam etdirəcəklər.

İngilis dilində təhsil və ikili diplom

UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Lakin gələcəkdə Azərbaycan dilində təhsilin verilməsi də nəzərdə tutulur.
Tədris fransız proqramları əsasında aparıldığından UFAZ-ın məzunları iki diplom alacaqlar - Strasburq Universiteti və ADNSU-nun diplomlarını.

Yay məktəblərində iştirak imkanı

UFAZ-da təhsilin bir özəlliyi də burada tədrisin hər ilində seçilən tələbələrin Fransa universitetləri tərəfindən təklif olunan proqram üzrə təmənnasız olaraq yay məktəblərində iştirak edə bilməsdir. Tələbələr yay məktəbində təcrübə, xüsusən də dil təcrübəsi keçəcəklər. Bu il iyulun 2-16-da UFAZ-ın 40 tələbəsi Strasburq Universitetinə göndəriləcək. Tələbələr Strasburq Universitetinin şəhərciyində yerləşdiriləcəklər və burada olduqları müddətdə fransız dili, Fransa mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Fransanın müxtəlif şəhərlərində, müxtəlif universitetlərində olmaq, təcrübəyə qatılmaq şəraiti bundan sonra da mütəmadi yaradılacaq.

UFAZ-a maraq böyükdür

“UFAZ-ın digər bir özəlliyi isə ondan ibarətdir ki, bura çoxlu sayda şirkətlər - həm Fransa, həm də Azərbaycan şirkətləri maraq göstərir”, - deyən rektor Mustafa Babanlı bunu indiki dövrdə çox yaxşı hal sayır. Onun qənaətinə görə, məhz bu maraq və dəstək sayəsində UFAZ-ın gələcək məzunları özlərinə layiqli iş yerləri tapa biləcəklər. Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də bu fikirdədir ki, ötən tədris ili ərzində UFAZ Fransa dövlət qurumlarının, şirkətlərinin diqqətini özünə cəlb edə bilib. Bunu tədris ili müddətində universitetə olan səfərlər, xüsusən də 2017-ci ilin yanvar, fevral, aprel aylarında Fransa Respublikasının bəzi nazirlərinin, yüksək səviyyəli nümayəndə heyətlərinin universitetə olan səfərləri sübut edir. Həmin səfərlər zamanı dövlət rəsmiləri ilə tələbələr arasında görüşlər keçirilib, fikir mübadiləsi aparılıb, mətbuat konfransları təşkil olunub. Tələbələr bu tədbirlər zamanı istədikləri sualları sərbəst şəkildə gələn nümayəndə heyətinin diqqətinə çatdırıblar və bütün bunlar fransız dilində olub. Səfirə görə, fransız dilində olan sualların sayının tədbirdən-tədbirə artması tələbələrin fransız dilini mənimsədiyini əks etdirir. Ümumiyyətlə isə layihənin qurulmasında və həyata keçirilməsində Fransanın Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirliklərinin böyük rolu olub.

Tələbələr Bakı Fransız liseyində praktik dərslər keçiblər

UFAZ-ın tələbələri ADNSU-nun, Fransa səfirliyinin keçirdiyi bir çox tədbirdə fəal iştirak edirlər. Onların keçirdiyi Frankofoniya həftəsini isə səfir xüsusilə təqdir edir. UFAZ-ın Bakı Fransız liseyi ilə əlaqələri də diqqətəlayiqdir. Universitetlə lisey arasında bağlanmış elmi əməkdaşlıq sazişinə uyğun olaraq UFAZ-ın kimya bölməsinin tələbələri ilk dəfə olaraq kimya üzrə praktik dərslərini liseyin laboratoriyalarında keçiblər. “Mən ümid edirəm və belə hesab edirəm ki, Bakı Fransız liseyində oxuyan şagirdlər UFAZ-ın gələcək tələbələri ola bilərlər”, - deyir səfir.

Sentyabrda UFAZ-ın yeni binası istifadəyə veriləcək

Fəaliyyət göstərdiyi bir il ərzində ADNSU-nun binasında yerləşən UFAZ sentyabrdan yeni binaya köçəcək. Bu ADNSU-nun III tədris korpusunun binasıdır. Hazırda xüsusi olaraq UFAZ üçün nəzərdə tutulmuş binada təmir işləri aparılır. Səfir Orelia Buşezin dediyinə görə, sentyabrın 15-də binanın rəsmi açılışı olacaq.
UFAZ-la bağlı konfransda səfir tərəfindən daha bir maraqlı fakt da səsləndirilib. Qeyd olunub ki, universitetdə təhsil alan tələbələrin 46-sı qız, 95-i isə oğlandır. Bu baxımdan Fransada mühəndislik üzrə fəaliyyət göstərən universitetlərlə müqayisədə UFAZ-da qızların sayı daha çoxdur. Səfir Orelia Buşez bunu ölkəmizdə olan multikulturalizmin nəticəsi kimi dəyərləndirib.

UFAZ Fondu yaradılacaq

Ötən tədris ili müddətində universitetin daxili təşkilatçılığı, idarəetmə ilə bağlı ilk addımlar atılıb. Martın 9-da ADNSU-da UFAZ-ın idarəetmə komitəsinin ilk iclası keçirilib. İclasda bir sıra vacib qərarlar qəbul olunub. Müzakirə olunan məsələlərdən biri də universitetlərlə şirkətlər arasında münasibətlər olub.
Bu münasibətləri daha da sıxlaşdırmaq məqsədilə aprel ayının 15-də UFAZ-da ilk dəfə I İş və Karyera sərgisi təşkil olunub. Sərgidə Azərbaycan və Fransa şirkətləru, UFAZ-ın tələbələri, Fransada təhsil almış azərbaycanlılar iştirak ediblər. İlk idarəçilik iclasında habelə şirkətlərlə universitetlər arasında əlaqələrin qurulmasında yardımçı ola biləcək UFAZ Fondunun yaradılması da müzakirə olunub. Xanım Orelia Buşezin sözlərinə görə, bu fond Fransanın məşhur Strasburq Universitetinin kimya fənni üzrə Tədqiqat Fondunun nəzdində yaradılacaq və bir sıra şirkətlərin cəlb olunması, UFAZ-la əlaqələrin qurulmasına xidmət edəcək. Fonda Fransa və Azərbaycan şirkətləri ilə yanaşı beynəlxalq şirkətlər də cəlb olunacaq. Fondun əsas məqsədi kimya sahəsində aparılan tədqiqatlara öz töhfəsini vermək olacaqdır ki, bu da gələcəkdə bir sıra nailiyyətlərin əldə olunmasına xidmət edəcək.

Təhsil Nazirliyi və Fransa səfirliyi UFAZ-a dəstək göstərir

Rektor Mustafa Babanlının sözlərinə görə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi UFAZ-ın bütün işlərinə yüksək səviyyədə dəstək göstərir. Təhsil naziri Mikayıl Cabbarov hər zaman UFAZ-da gedən proseslərlə maraqlanır.
“Fransa tərəfinin öz üzərinə düşən bütün öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməsini xüsusi vurğulamaq istəyirəm” - deyən M.Babanlı universitetə Fransa tərəfindən dəstəyin göstərilməsində bu ölkənin Azərbaycandakı səfiri xanım Orelia Buşezin rolunu xüsusi qeyd edir, səfirin universitetin ən kiçik problemləri ilə belə birbaşa maraqlandığını söyləyir.

Müəllimlərin 50 faizi Strasburq Universitetinin əməkdaşları olacaq

Ötən dərs ilində hazırlıq ili çərçivəsində UFAZ-a Fransa tərəfindən 4 əcnəbi müəllim cəlb olunub. Eyni zamanda Azərbaycandan fransız mütəxəssisləri tərəfindən seçilmiş və xüsusi imtahandan keçmiş 7 gənc və təcrübəli müəllim burada tədris aparıb. Növbəti il üçün də seçimlə bağlı indidən işlər aparılır. Bu məsələdə Strasburq Universiteti UFAZ-a yaxından kömək göstərir. Həmin universitetlə əldə olunmuş razılığa əsasən isə II kursdan başlayaraq müəllimlərin 50 faizi Strasburq Universitetinin ştatlı müəllimləri olacaq.
Layihə çərçivəsində Fransanın Strasburq və Renn-1 universitetlərinin nümayəndələri, demək olar ki, ayda bir dəfə UFAZ-da olur, müəyyən görüşlər keçirirlər. Bütün yoxlamalar Fransa tərəfindən tam nəzarətdə saxlanılır. İstənilən yoxlamalar, hətta semestr boyu olan yoxlamaların da bir nüsxəsi Fransa tərəfinə göndərilir və onlar tərəfindən təsdiqini tapdıqdan sonra geri qaytarılır. İnteraktiv fikir mübadilələri aparılır. Bunlardan başqa ayda bir dəfə bura mütəxəssis ezam olunaraq tədris prosesinin təhlili aparılır.

yuxarı ⤴