1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Daha aktiv əmək bazarı siyasətinə ehtiyac var”
09.06.2017 / No21

 
 

 

 


“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatı olub

Niyazi RƏHİMOV

“Avropa İttifaqı ilə əməkdaşlıq peşə təhsili sahəsinin inkişafına təkan verəcək”.
Bu sözləri təhsil naziri Mikayıl Cabbarov iyunun 7-də “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin təqdimatında səsləndirib. Təhsil naziri layihənin reallaşdırılmasının peşə təhsili sahəsinin inkişafına xüsusi töhfə verəcəyini deyib. Onun sözlərinə görə, layihənin həyata keçirilməsi nəticəsində peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstək göstəriləcək, normativ-hüquqi baza təkmilləşdiriləcək.
Peşə təhsili sahəsində qarşıya qoyulan vəzifələrdən danışan M.Cabbarov rəhbərlik etdiyi qurumun bu istiqamətdə əsas hədəflərini də açıqlayıb: “Qabaqcıl beynəlxalq təcrübədən faydalanmaqla davamlı iqtisadi inkişafı təmin etmək üçün yeni texnologiyalar, müasir idarəetmə üsulları və elmi nailiyyətlərdən istifadə olduqca əhəmiyyətlidir. Tədrisin məzmunu və praktiki təlimin yeni iqtisadiyyat strukturuna və tələblərinə uyğun müasirləşdirilməsi əsas hədəflərimizdən biridir. Odur ki, peşə məktəblərinin maddi-texniki bazası gücləndirilir, eyni zamanda, iqtisadi subyektlərlə əməkdaşlıqlar, təlim prosesinin istehsal və xidmət sahələrinə keçirilməsi istiqamətində işlər görülür. Bu sahədə fəaliyyət göstərən müəllim və təlimçilərin peşəkar səviyyəsinin təkmilləşdirilməsi də vacib hədəflərimizdəndir”.
Nazir qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib. Belə ki, Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 Dövlət Peşə Təhsili mərkəzlərində birləşdirilib. Qəbələ şəhərində fəaliyyət göstərən 2 peşə təhsili müəssisəsinin bazasında turizm və kənd təsərrüfatı profilləri üzrə ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.
Şəffaflığın təmin edilməsi məqsədilə “ASAN Xidmət” mərkəzləri ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığına toxunan nazir bu istiqamətdə fəaliyyətin genişləndiriləcəyini vurğulayıb: “Ötən tədris ilindən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN Xidmət” mərkəzləri tərəfindən aparılıb. 2017-2018-ci tədris ilindən başlayaraq bu prosesin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulub”.
Tədbirdə çıxış edən Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Regionu məsələləri üzrə direktoru Laurens Meredit Avropa İttifaqının Təhsil Nazirliyi ilə tərəfdaşlığından danışıb: “Bilirəm ki, Tvininq layihəsinin aktiv istifadəçisiniz. Bu, Azərbaycan və Avropa İttifaqı əməkdaşlığının nə dərəcədə vacib olduğunun göstəricisidir. Biz üzv dövlətlərin təcrübəsini Azərbaycanla bölüşməyə hazırıq”.
Laurens Meredit Azərbaycanın “Şərq tərəfdaşlığı” ölkələri ilə ortaq problemlərinə də toxunub: “Son 2 ildə təkcə Azərbaycan, Avropa İttifaqı deyil, bütün dünya çox böyük iqtisadi və maliyyə böhranları ilə üzləşib. Hər yerdə işsizlik səviyyəsi artıb. Böhranın əsas ağırlığı da bugünkü gənclərin üzərinə düşür. Belə ki, Avropa İttifaqı ötən illərdə işsizlik səviyyəsinin xüsusilə gənclər arasında 2-3 dəfə artdığının şahidi olub. Təhlillər göstərir ki, üzləşdiyimiz çətinliklər məhz bacarıqların uyğunsuzluğundan irəli gəlir. Ona görə də gənclərdə sahibkarlıq ruhu və bacarıqlarını gücləndirmək lazımdır. Daha aktiv əmək bazarı siyasətinə ehtiyac var. Sabahın çətinlikləri ilə üzləşmək istəmiriksə, məhz bu gün gənclərə, o cümlədən zəif təbəqələrə təhsilə çıxış, burada qalmaq imkanları yaratmalıyıq. Onları daha aktiv şəkildə qərarvermə prosesinə cəlb etməliyik. Bunlar Azərbaycanın deyil, bütövlükdə Avropanın üzləşdiyi problemdir”.
Herman Sonneveld rəhbəri olduğu layihənin məqsədi və planlaşdırma barədə danışıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 

yuxarı ⤴