1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinə maneə yaradan səbəblər
09.06.2017 / No21

 

 

 


Anar XƏLƏFOV,
Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi təhsil şöbəsinin müdiri

Azərbaycan Respublikası hər bir əlilliyi olan şəxsin digər vətəndaşlar kimi icbari təhsil almaq hüququnu tanıyır. Əlilliyi olan şəxslərin təhsilinin keyfiyyətinin yüksəldilməsi və müyəssər olması ölkənin təhsil sisteminin üzərinə düşən öhdəliklərdən biridir.
Əlilliyi olan şəxslərin təhsilinin təşkilinə dair islahatların aparılması üçün ilk növbədə mövcud vəziyyətin araşdırılması və təhlil edilməsi zərurəti yaranıb. Ölkədə xüsusi təhsilin mövcud vəziyyəti və apardığımız tədqiqatın nəticəsində aşkar olunmuş bu sahədə islahatlara dair ehtiyacların xülasəsini təqdim edirik.
Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə 67081 uşaq sağlamlıq imkanları məhdud olması səbəbindən dövlətdən müavinət alıb. Bu rəqəm ölkə üzrə uşaqların 2.3% - dir. Belə ki, Azərbaycanda 2016-cı ildə uşaqların (0-18 yaş) ümumi sayı 2879900 təşkil edib. Uşaqların ümumi sayı ilə müqayisədə xüsusi təhsilə ehtiyacı olan uşaqların sayı çox da nəzərəçarpan olmasa belə, onların sosial inteqrasiyası və təhsili ilə bağlı bir sıra çətinliklər mövcuddur.
Araşdırmalarımız nəticəsində müəyyən olunub ki, 2016-cı ildə qeydiyyata alınmış 67081 xüsusi təhsilə ehtiyacı olan uşaqlardan yalnız 12469 nəfər (18 %) formal təhsilə cəlb edilib. Təhsil alma formaları üzrə diaqramdan göründüyü kimi, 12469 nəfər formal təhsilə cəlb olunmuş əlilliyi olan uşaqdan 8807 nəfər (71%) evdə təhsildən yararlanıb. Evdə təhsilə cəlb olunmuş uşaq cəmiyyətdən və həmyaşıdlarından təcrid olunmuş şəraitdə təhsil alır. 2820 nəfər (23%) əlilliyi olan uşaq xüsusi təhsil internat-məktəblərində cəmiyyətdən və ailələrindən təcrid olunmuş şəraitdə, 818 nəfər (10%) isə günərzi məktəblərdə (hansı ki, böyük şəhərlərdə yerləşir) təhsil alır. Yalnız 24 nəfər sağlamlıq imkanları məhdud olan şəxs 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tətbiqinə başladığı “İbtidai təhsil səviyyəndə İnklüziv Təhsilin tətbiqi” layihəsi çərçivəsində pilot məktəblərinə cəlb olunub.
Nəticə etibarı ilə 54612 nəfər (82%) xüsusi təhsilə ehtiyacı olan uşaq təhsilə cəlb olunmayıb. Araşdırma zamanı aşkar olunub ki, məhdudiyyətlərin olmasına baxmayaraq, uşaqlardan bir hissəsi ümumtəhsil məktəbində təhsil alır. Statistikaya daxil edilmiş, lakin xüsusi təhsildən kənarda qalan qruplara həmçinin məktəbəqədər yaşlı olan və ağır, yaxud mürəkkəb məhdudiyyət olduğundan formal təhsilə cəlb olunması mümkün olmayan 18 yaşına çatmamış şəxslər də daxildir. Bu qrupa aid şəxslərin məktəbəqədər xüsusi təhsilə və reabilitasiyaya cəlb olunması onların cəmiyyətə uyğunlaşmaları və inteqrasiya olmaları üçün həyati vacib xidmətlərdir.
Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsildən kənar qalmasının səbəblərinin araşdırılması üçün apardığımız tədqiqatda dövlət qurumlarının nümayəndələri, məktəblərin pedaqoji heyəti, fərqli təhsil formalarında təhsil alan xüsusi təhsilə ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak edib. Tədqiqatda fokus qrup, müşahidə, fərdi müsahibə və anket sorğusundan istifadə olunub. Tədqiqat Bakı şəhəri və bölgələri əhatə edib. Tədqiqat nəticəsində xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsildən kənarda qalmasının aşağıdakı səbəbləri aşkar olunub.

Cəmiyyətdə əlilliyə münasibətdən yaranan maneələr

Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasında ən böyük maneələrdən biri əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyin olmasıdır. Azərbaycan mədəniyyətinə əlilliyi olan şəxslərə ayrı-seçkiliyin nümayiş etdirilməsi xas deyil, lakin cəmiyyətimiz onları mərhəmət hədəfi hesab edir. Dəyərlərimizə əsasən əlilliyi olan insana mənəvi dəstəklə yanaşı, maddi dəstəyin verilməsi müsbət əməl kimi qəbul olunur, nəticə etibarı ilə cəmiyyət üzvləri əlilliyi olan insanları başqalarına “möhtac” və başqalarından “fərqli” olduqlarını qəbul edir, cəmiyyətin tam dəyərli üzvü hesab etmirlər.
Bu cür münasibət cəmiyyətin müxtəlif kateqoriya və səviyyələrində özünü büruzə verir. Belə ki, valideynlər, müəllimlər, məktəb rəhbərləri, dövlət məmurları və həmçinin əlilliyi olan insanların özləri başqalarının yardımına möhtac və qüsurlu olduqlarını qəbul edirlər. Nəticədə əlilliyi olan şəxsdə cəmiyyətə və müstəqil həyata qoşulmaqda qorxu hissi, utanc, lazımi biliklərin olmamasına səbəb olur, cəmiyyətdə isə başqaları tərəfindən əlilliklə bağlı stereotiplərin formalaşmasına gətirib çıxarır.
Cəmiyyətin əlilliyi olan uşaqlara qüsurlu və başqalarının yardımına möhtac insan kimi baxdığından onların bir çox halda özünü qiymətləndirməsi aşağı olur. Bu da öz növbəsində, onları cəmiyyətdən gizlənməyə, ünsiyyətdən qaçmağa sövq edir. Nəticədə xüsusi təhsilə ehtiyacı olan uşaqlar təhsildən yayınmağa maraq göstərir.
Hər bir cəmiyyətdə xüsusi təhsilə ehtiyacı olan uşaqların digər uşaqlarla eyni hüquqlara malik olması faktının dərk edilməsində problemlər mövcuddur. Xüsusi təhsilə ehtiyacı olan uşaqların başqaları ilə bərabər qəbul edilməsi mürəkkəb və vaxt tələb edən bir məsələdir.
Onlar təhsilə cəlb olunmadığı halda sanki cəmiyyətdə yaşayan gözəgörünməzlər kimidirlər. Bu halda onlar valideynləri tərəfindən ya həddindən çox qayğı ilə əhatə olunur və ya etinasızlığa məruz qalırlar. Öz təhlükəsizlikləri, ailələrinin şərəfi barədə düşünərək bəzi hallarda xüsusi təhsilə ehtiyacı olan uşaqları ailələri gizlədirlər ki, heç qonşular belə bu ailədə məhdudiyyəti olan uşağın mövcud olduğunu bilmir. Əhalinin siyahıya alınması prosesində sorğu aparan şəxs kifayət qədər açıqlanması tələb olunan suallar vermədikdə valideynlər xüsusi təhsilə ehtiyacı olan uşağın siyahıya alınmasının vacibliyini unudurlar.

Qanunvericilikdə maneələr

Azərbaycan Respublikasında xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsili Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (Xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Xüsusi təhsil haqqında Qanun konseptual olaraq əlilliyi tibbi modeldən qəbul edir. Bu, Xüsusi təhsil haqqında Qanunda istifadə edilən terminologiyada və adından da bəlli olur ki, “Sağlamlıq imkanları məhdud şəxslər” digər formada xəstə şəxs fikri ilə eyni məna verir. Müasir insan hüquqları aspektindən əlilliyə baxışa əsasən əlillik xəstəlik kimi yox, fərqlilik, yaxud fərdi xüsusiyyət kimi qəbul edilir.
Xüsusi təhsil haqqında Qanun əlilliyi olan insanları iki qrupa bölür: 1-ci qrup xüsusi təhsilə cəlb olunanlar - yüngül məhdudiyyətli şəxslər və 2-ci qrup mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri. Bununla da Xüsusi təhsil haqqında Qanun reabilitasiya xidmətinin təhsil müəssisəsindən və pedaqoji sahədən çıxararaq kənarda təşkil olunmasına imkan verib. Beləliklə, xüsusi təhsil müəssisələrində ağır, yaxud mürəkkəb məhdudiyyətləri olan uşaqlar təhsilə cəlb oluna bilmir, reabilitasiya işi isə pedaqoji sahədən çıxarılaraq sosial xarakter daşıyır. Halbuki xüsusi təhsilə ehtiyacı olan uşaqların əksəriyyəti reabilitasiya xidmətlərinə ehtiyacları var, hansının ki, xüsusi təhsil məktəblərində təşkil olunmasına Qanun yol vermir. Amma ağır və mürəkkəb məhdudiyyəti olan uşaqların reabilitasiyasının pedaqoji heyət tərəfindən təhsil müəssisəsində kompleks şəkildə daha effektiv təşkil edilməsi mümkün olardı.
Xüsusi təhsil haqqında Qanun xüsusi təhsilin metodoloji konsepsiyasına dair heç bir istiqamət vermir. Bu istiqamətdə hər hansı bir standartların hazırlanmasına dair tələb qoyulmur. Həmçinin tibbi baxımdan hər hansı bir patologiyası olmayan disleksiya, dizqrafiya kimi öyrənmə çətinlikləri olan uşaqların təhsilinə dəstək üçün xüsusi təhsilin tətbiq olunması nəzərdə tutulmayıb. Bu cur məhdudiyyəti olan uşaqlara xüsusi şərait yaradılmadan (infrastruktur və tədris proqramının müyəssərliyi) təhsilə cəlb olunur və nəticədə təhsil prosesində üzləşdikləri uğursuzluq təcrübəsi onların təhsildən yayınmalarına və delinkvent davranışının formalaşmasına gətirib çıxarır.
Azərbaycan Respublikasının Qanunvericiliyi məhdudiyyəti olan uşağın ümumtəhsil müəssisələrinə qəbul olunmalarına qadağa qoymasa belə, onların bu cür təhsil müəssisələrində təhsilinin təşkilini təşviq etmir. Ümumtəhsil müəssisəsində isə xüsusi təhsilə ehtiyacı olan uşaq qəbul olunduqda ona xüsusi şərait (infrastruktur və tədris proqramının müyəssərliyi) yaradılmır, pedaqoji heyətə əlavə ödəniş olunmur, ümumtəhsil müəssisələrində xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinin təşkil olunması üçün maddi-texniki və mütəxəssis bazasının yaradılmasına şərait yaratmır.

İqtisadi baxımdan təhsildən mənfəətin olmaması

Təhsil xüsusi təhsilə ehtiyacı olan uşaqların inkişafına, sosiallaşmasına xidmət etməsinə baxmayaraq, bir çox ölkədə olduğu kimi, bizim ölkədə də bu, uşaqların peşə bacarıqlarına yiyələnməsinə, bu istiqamətdə təhsil almasına və gələcəkdə iş yerləri ilə təmin olunmasına kifayət qədər köməklik etmir.
Beynəlxalq təcrübə göstərir ki, xüsusi təhsilə ehtiyacı olan uşaqlar digər uşaqlara nisbətdə daha çox əmək istismarına məruz qalırlar. Buna səbəb kimi xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsildən məşğulluq baxımından heç bir mənfəətin olmaması valideynlər tərəfindən qeyd edilir.
Təhsil xüsusi təhsilə ehtiyacı olan uşaqların gələcəkdə işləməsinə, iqtisadi baxımından müstəqilliyinə xidmət etmədiyindən valideynlər uşaqların məktəbə aparıb gətirilməsi, geyim və təhsil xərclərini qarşılamaq istəmir, təhsildən yayındıraraq ev işlərində, təsərrüfatda məşğulluğunu məqbul hesab edir və nəticə etibarı ilə gələcəkdə xüsusi təhsilə ehtiyacı olan uşaqların zorakılığa, etinasızlığa, istismara məruz qalmasına zəmin yaratmış olur, həmçinin iqtisadi, sosial və psixoloji baxımdan asılı vəziyyətdə qalırlar.

Qeyri-müyəssər xidmətlər

Fiziki məhdudiyyəti olan uşağın ümumtəhsil müəssisəsinə cəlb olunması intellektual, sensor, yaxud psixi inkişaf məhdudiyyəti olan uşaqlardan fərqlənir. Bir çox məhdudiyyət pedaqoji prosesin uşağın məhdudiyyətinə uyğunlaşmasını tələb edirsə, fiziki məhdudiyyəti olan uşağın məktəbdə təhsilə cəlb olunması bir çox halda yalnız infrastrukturun müyəssər olmasını tələb edir. Buna baxmayaraq, yaşayış binaları, küçələr, ictimai nəqliyyat, keçidlər fiziki məhdudiyyəti olan insanlara müyəssər olmadığından onlar evdə təhsilə cəlb olunur, bununla da cəmiyyətdən təcrid olunmuş şəkildə təhsil alırlar. Tədqiqatlar göstərir ki, uşaqların tədrisə marağı onların öz həmyaşıdları ilə birgə olmasından çox asılıdır. Təhsildə nailiyyət qazanmaqla onlar öz həmyaşıdları arasında özlərini təsdiq etməyə çalışırlar. Bu səbəbdən evdə fərdi təhsil alan uşaqlarda öyrənməyə marağın zəif olması adi haldır.
Fiziki məhdudiyyəti olan uşaq məktəbə gəldikdə müyəssərlik baxımından digər problemlər də üzə çıxır. Fiziki məhdudiyyəti olan uşaq bir çox halda məktəbin binasına girişdə, sinif otaqları arasında hərəkətdə, oyun meydançasında müyəssərlik baxımından məhdudiyyətlərlə üzləşir.

Tədris prosesinin təşkili ilə bağlı maneələr

Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinin təşkil olunması təhsil müəssisəsi və ələlxüsus da müəllimlərin qarşısında bir sıra tələblər qoyur. Sinifdə xüsusi təhsilə ehtiyacı olan uşaqların müxtəlifliyinin, onların təhsil ehtiyaclarının aşkar olunması və qarşılanması müəllimlərdən pedaqogikada yüksək peşəkarlıq, psixoloji hazırlıq və bir sıra şəxsi keyfiyyətlər tələb edir. Xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinin təşkili üçün müəllim şagirdin inkişaf səviyyəsini və fərdi xüsusiyyətlərini qiymətləndirməyi bacarmalı, şagirdin xüsusi təhsilə ehtiyacının olduğu aşkar olundusa, təhsil proqramını sadələşdirərək, yaxud uyğunlaşdıraraq onun inkişafına dəstəyin göstərilməsinə qadir olmalıdır. Həmçinin müəllimin didaktik materialları hazırlamaq və istifadə etmək, uşaqların təliminə və inkişafına xidmət edən yardımçı texnologiyalar və vəsaitlər istifadə etməsi üçün bilik və bacarıqları olması vacibdir. Bununla yanaşı, xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsil müəssisələrinə cəlb olunması onların xüsusi təhsil ehtiyaclarının qarşılanması üçün təhsil müəssisələrində xüsusi təhsil mütəxəssislərinin (surdopedaqoq, tiflo pedaqoq, loqoped və sairə) fəaliyyət göstərməsi zərurətini yaradır. Xüsusi təhsil sahəsində müəllim hazırlığının, təhsil müəssisələrinin pedaqoji heyətinin peşəkarlığının aşağı səviyyədə olması səbəbindən xüsusi təhsilə ehtiyacı olan uşaqlar məktəbə gəlsə belə, təhsildən faydalana bilmirlər, onların valideynləri təhsilin keyfiyyətindən razı qalmırlar. Nəticə etibarı ilə xüsusi təhsilə ehtiyacı olan uşaqlar təhsildən yayınır, yaxud təhsil prosesində iştirak etməsinə baxmayaraq, öz potensialını reallaşdıra bilmirlər.
Ölkəmizdə xüsusi təhsil sahəsində müəllim hazırlığının aşağı səviyyədə olmasının əsaslı səbəbləri var. Azərbaycanda uzun illər xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsili Sovet İttifaqından varis qalan defektologiya sahəsinin hədəf qrupu idi. Beynəlxalq ictimaiyyət tərəfindən əlilliyi olan insanların hüquqlarının tanınması onların ləyaqətini alçaldan və sosial damğalanması ilə nəticələnən terminlərdən imtina edilməsi postsovet məkanında da öz əksini tapdı və ilkin olaraq Rusiya, sonra da digər ölkələr defektologiya adlanan pedaqoji sahəni korreksion pedaqogika kimi adlandırdı. Pedaqoji sahənin adının dəyişməsinə baxmayaraq, yanaşma yenə də köhnəlmiş əlilliyə tibbi yanaşmanı özündə ehtiva edir. Öz-özlüyündə korreksion pedaqogika çatışmazlıqlara istiqamətləndiyindən bir çox halda effektivliyi sual altında olan yanaşmalar təqdim edir, müasir yardımçı vəsaitlərin və texnologiyaların tədris prosesində tətbiqini özündə əks etdirmir, xüsusi təhsilə ehtiyacların qarşılanmasına birtərəfli baxılır: əlilliyi olan şəxsi cəmiyyətə uyğunlaşdırmağa xidmət edir, təhsil sisteminin, müəllimin, sinif otağının, təhsil proqramının, münasibətlərin uşağın xüsusi təhsilə ehtiyaclarına uyğunlaşdırılmasını nəzərdə tutmur. Təlim prosesinin fərdiləşməsi konseptual olaraq qəbul olunmasına baxmayaraq, korreksion pedaqogika təlim prosesini fərdiləşdirmir və heterogen qrupda təlimi ümumiləşdirilmiş xüsusi proqram əsasında keçirilir. Beləliklə, xüsusi təhsilə ehtiyacı olan uşaqların keyfiyyətli təhsilinin təşkili korreksion pedaqogika vasitəsi reallaşdırılması mümkün deyil.
Müasir xüsusi təhsilin öz hədəf qrupuna dair fəaliyyəti müasir hüquq əsaslı yanaşma əsasında qurulub və ilkin olaraq diqqətin şəxsin güclü cəhətlərinə istiqamətlənməsidir. Xüsusi təhsilə ehtiyacı olan uşaqların güclü cəhətlərini müəyyənləşdirərək, bu imkanlardan yararlanaraq onların təlimi və inkişafı dəstəklənir.
Ölkəmizdə xüsusi təhsil sahəsində aparılan islahatların da əlilliyi olan şəxslərin müvəffəqiyyətlə cəmiyyətimizə inteqrasiya olunmalarına xidmət edəcəyinə ümid edirik. Nəticə etibarı ilə hər bir əlilliyi olan uşağın yaşayış yerinə yaxın məktəblərdə digər uşaqlarla birgə öz potensialını reallaşdırmasına dəstək olan inklüziv təhsil alma imkanı olacaq.

yuxarı ⤴