1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Universitet təhsilinə start necə başlayır?
09.06.2017 / No21


Cəsarət VALEHOV

Bu gün sürətlə dəyişən dünyanı forma və məzmun baxımdan yeni nəsil universitetlər yaradır. Buna əsas dəyər olaraq üstünlük verən ölkələr gələcək şokunu daha rahat qarşılayır və milli özünütəsdiq immuniteti qazanırlar.
Bəzən abituriyentlər universitetə qəbul olmağı insan həyatının əsas nailiyyəti kimi qəbul edir, nəinki öyrənməyi. Ancaq universiteti qazanmaq hələ yolun başlanğıcı, mükəmməl universitet təhsili isə hədəfə çatmanın əsas şərtlərindəndir. Universitet -inkişaf lokomotivinə qoşula bilən, sintez və analiz yolu ilə ideyalarını ifadə edə bilən insanları yetişdirən qurumdur. Universitet fəlsəfəsinə bir tərəfdən bütünləşdirici, digər tərəfdən fərqli və yenilikçi, qeyri-standart yanaşmaların məcmusu kimi baxsaq, bir qurum kimi sosiuma xidmət etmək və cəmiyyətin viziyonunu müəyyənləşdirən missiyaya sahibdir.
Son illərdə ölkəmizdə universitet təhsilinə maraq keyfiyyət baxımından artıb. Bunu son 5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbə qəbulu planı və qəbul imtahanında iştirak edənlərin nisbi payında əks olunan artım dinamikasında görmək olar.
Son 5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun kəmiyyət göstəricilərinə nəzər salsaq görərik ki, ümumi ərizələrin sayındakı azalmaya rəğmən qəbul olunanların nisbi payı artmışdır. Eyni zamanda tələbə qəbulu planı ötən 5 ildə ilboyu hər il artmışdır (Slayd 1).
Eləcə də 2014/2015-2015/2016-2015/2016-2017/2018-ci tədris illərində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasını əks etdirən rəqəmlərə baxsaq, burada illər üzrə hər bir ixtisas qrupunun artan ballarının, deməli keyfiyyət göstəricilərinin dinamikasının şahidi olarıq.
Qeyd: Keyfiyyət göstəricisi DİM tərəfindən keçirilən imtahanlarda 200 baldan artıq toplayan abituriyentlərin nəticələrinə görə təsnif olunur.
Əgər 2014/2015-ci tədris ili üzrə qəbul imtahanlarında bütün qruplar üzrə iştirak edən 92643 abituriyentin keyfiyyət göstəricisi 34,7%, 2015/2016-cı tədris ili üzrə 82925 abituriyentin bu nəticəsi 40% olmuşdusa, 2016/2017-cı tədrsi ili üzrə 78545 abituriyentin analoji göstəricisi 43,9% və nəhayət 2017/2018-ci tədris ili üzrə (1 mərhələ) 64220 abituriyentin keyfiyyət göstəricisi 48,9 faiz olmuşdur. Başqa sözlə, son 4 ildə bu göstərici 14,2% artmışdır (Slayd 2).
Slayd 3-dən göründüyü kimi, son 4 tədris ili ərzində ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə tələbə qəbulunun keyfiyyət göstəriciləri yaxşılaşmışdır. Belə ki, keyfiyyət göstəricisi I ixtisas qrupunda 12,8%, II ixtisas qrupunda 10,6%, III ixtisas qrupunda 11,5%, IV ixtisas qrupunda isə 38,4 % artmışdır (Slayd 3).
Bildiyimiz kimi, bütün dünyada elmi ədəbiyyatın ən böyük data məlumatları ingilis dilindədir. Təhsilin ən böyük qloballaşma alətlərindən biri olan tədrisdə çoxdilli mühitin yaradılması ali təhsilin inkişafı üçün vacib həlqədir. Bu baxımdan tədrisdə ingilis dilinin rolu getdikcə artır. Yaxşı xəbər ondan ibarətdir ki, Azərbaycanın ali təhsil müəssisələrinə son iki il ərzində ingilis dilində tədris olunan ixtisaslara tələbə qəbulu artıb. Bunu aşağıdakı slayddan da görmək olar (Slayd 4).
Buradan da göründüyü kimi, ingilis dilində tədris olunan ixtisasların sayı, proqnoz yerləri, həmçinin qəbul olunma faizi də xeyli yüksəlmişdir.
Digər müsbət bir tendensiya 2016 və 2017-ci illərdə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturasına keçirilən qəbul imtahanının I mərhələsi üzrə nəticələrinin müqayisəli təhlilində izləməyə imkan verir. Aşağıda təqdim olunan slayddan da göründüyü kimi, imtahanın nəticələrinə görə 51 və daha yüksək nəticə göstərənlər ötən ilə nisbətdə 2 dəfədən artıq (müvafiq olaraq 2016-cı ildə 25,77 % - 2017-ci ildə bu göstərici 57,99 faiz ) olmuşdur. Və əksinə, 40 bal və daha az toplayanların faiz nisbətində kəskin azalma (müvafiq olaraq 2016-cı ildə 49,56% idisə, 2017-ci ildə bu rəqəm 18,36 %) müşahidə olunur (Slayd 5).
Buradan göründüyü kimi, magistratura səviyyəsi üzrə imtahanlarda iştirak edən bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən cari tədris ilində daha yüksək olub. Ötən illə müqayisədə imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Cədvəldən bir daha aydın olur ki, bu il imtahanlarda daha hazırlıqlı bakalavrlar iştirak edir və onların ümumi nəticələri daha yüksəkdir. Başqa sözlə, cari ildə magistraturaya yalnız həqiqətən gələcəkdə magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər sənəd verib.
Qəbul nə qədər önəmli olsa da, məqsəd keyfiyyətli təhsil almaq niyyəti olmalıdır. Hazırda yeni universitetlə birgə, yeni elm obrazı təşəkkül tapır. Bununla, “savadlılıq” ideyasına yanaşmalar da dəyişir. Ənənəvi təsəvvürlərlə yanaşı, pedaqogikanın antropoloji əsaslarının əvəzlənməsi də baş verir. Təhsilli insan bu gün “bilikli fərddən”, hətta dünyagörüşü formalaşmış şəxsdən daha çox, həyata hazır olan, müasir dövrün mürəkkəb problemlərindən baş açan, həyatda öz yerini başa düşməyə qabil olan insandır. Nəzərə alsaq ki, dünyanın hər an dəyişən inkişaf sürəti həm də universitetlərdən qaynaqlanır. Universiteti qazanan tələbələri təbrik edirik!

yuxarı ⤴