1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“İtalyan dizaynerlərdən dərs almaq baxışımı dəyişdirdi”
09.06.2017 / No21

 
 

 

 


Lalə Quluzadə: “Gələcəkdə peşəkar kimi yetişmək əsas hədəfimdir”

Oruc MUSTAFAYEV

Qloballaşma dövrü özünün bir sıra innovasiyaları ilə müşayiət olunur. İntellektual layihələrin cəmiyyətdə geniş tətbiq imkanı qazanması elm və təhsilin müasir tələblərə uyğunlaşdırılmasının ən optimal yolu olduğunu bir daha ortaya qoyur. Yeni biliklərin, səriştələrin innovativ yükünün startaplarla təqdimatı gənclərin bütün potensialını nümayiş etdirməsinə şərait yaradır. Tələbələrimizin startap hərəkatına öz töhfələrini verməsi isə diqqətəlayiq hadisədir. Belə tələbələrdən biri də Lalə Quluzadədir. Onun Türkiyədə böyük maraqla qarşılanmış “Smart Safety Ring” layihəsinə töhfəsi dizayn ixtisasından qaynaqlanır. Müsahibimizlə söhbətimizə orta təhsil illərindən başladıq.
Lalə Quluzadə 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbin I sinfini Bakıdakı 30 nömrəli tam orta məktəbdə oxuyub. Atasının İstanbul Texnik Universitetinə dəvət olunaraq ailəsinin Türkiyəyə köçməsi ilə əlaqədar təhsilini qardaş ölkədə davam etdirib. O, ibtidai və orta təhsilini İstanbulda, lisey və universitet təhsilini isə Ankarada alıb. 2009-cu ildə Türkiyənin Qazi Universitetinin memarlıq və mühəndislik fakültəsinin sənaye məhsulları bölməsinə daxil olub. 2014-cü ildə adıçəkilən universiteti bakalavr diplomu ilə bitirib. Elə həmin ildən magistr təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü olaraq İtaliyanın “Scuola Politecnicadi Design” Universitetində davam etdirir.

“Hər yeni etdiyim dizaynda yeni bilgilər öyrənirəm”

Ankarada Dikmən Anadolu Liseyində texniki fənlər bölümündə oxudum. Texniki fənlər istiqamətində təhsilimi davam etdirsəm də VI sinifdən sənətə, rəsmə olduqca böyük həvəsim vardı. Buna görə də bakalavr təhsilimi tamamladıqdan sonra “dizayn məhsulu” ixtisası üzrə magistratura təhsilimi davam etdirmək üçün İtaliyanın Milan şəhərindəki “Scuola Politecnicadi Design” Universitetini seçdim. İtaliya sənət və dizayn üzrə çox inkişaf etmiş bir ölkə olduğu üçün magistratura təhsilimi orada almağa öncədən qərar vermişdim. Xaricdə təhsil həyatımda çox böyük müsbət dəyişikliklərin yaranmasına səbəb oldu. İxtisasımla bağlı olaraq bir sənaye məhsulunun dizayn edilməsinin arxasındaki “niyə, necə” suallarının cavablarını öyrəndim. Dizayn məhsulu dedikdə, sənaye məhsullarının dizaynı, yəni mebel, bəyaz əşya, maşın, elektronik əşya, oyuncaq, qablaşdırma və s. gözümüz qarşısında canlanır. Əslində bu sahələrin hər biri mənim üçün çox maraqlıdır, çünki hər yeni etdiyim dizaynda fərqli sahədə yeni bilgilər öyrənirəm.

Dizayn daim yenilik və innovasiyalarla dolu bir sahədir

İtaliyada təhsil almaq mənim həyatımda bir dönüş nöqtəsi oldu. Dünyanın müxtəlif ölkələrindən, fərqli millətlərdən olan tələbələrlə birlikdə təhsil almaq və qrup layihələri üzərində birgə işləmək, bir kollektiv kimi çalışmaq, fərqli düşünmək, işin təqdim edilməsi, dizaynla bağlı materialların önəmli olması, çox məşhur italyan dizaynerlərdən dərs almaq bu ixtisasa olan baxışımı dəyişdirdi. Universitetdə müəllim - tələbə münasibəti olduqca səmimi olduğu üçün onlardan hər hansı bir şeyi soruşmaqdan çəkinmirik. Müəllimlərimiz layihələrimizin uğurla sonuclanması üçün daim bizi motivasiya edir və doğru yol göstərirlər.
Dizayn ixtisası əslində hər zaman həyatımızda olub, lakin son illərdə daha geniş vüsət almaqdadır. Kompüter texnologiyalarının sürətli inkişafı və 3D proqramlarının yaranmasıyla əlaqədar dizayn sənayenin fərqli sahələrinə nüfuz etməyə başladı. Hər hansı bir sənaye məhsulu istehsaldan öncə bir dizayn mərhələsindən keçir, 3D modelləmə və təqdimat, daha sonra 3D printerlərdə və ya fərqli texnologiyalarla nümunələr hazırlanır. Daha sonra isə məhsulun kütləvi istehsalına başlanılır.
Dizayn daim yenilik və innovasiyalarla dolu bir sahədir. Çərçivədən kənara çıxaraq dünyada dizaynla bağlı gerçəkləşən yenilikləri özəlliklə xarici saytlardan axtarmaq, yeni istiqamətləri (trendləri) izləmək və bu yeniliklərin tətbiqinə çalışmaq lazımdır.

Ağıllı Təhlükəsizlik Üzüyü

Türkiyədə böyük uğur qazanmış Smart Safety Ring (Ağıllı Güvenlik Üzüyü) layihəmiz üzərində 3 nəfərlik qrupla 7 aya yaxın müddət ərzində çalışdıq. Bildiyiniz kimi, bir çox ölkələrdə qadınlar, təəssüflər ki, hər gün təzyiqlərlə üzləşir. Biz də bu toplumsal problemin çözüm olaraq qadınların özlərini güvən içində hiss etmədikləri, izlənildiklərini düşündüklərində üzərindəki gizli düyməyə basaraq yardım istəyə biləcəkləri bir üzük hazırladıq. Layihənin dizayn hissəsi mənə, mühəndislik bölümü isə Bilkənt Universitetinin kompüter mühəndisliyi fakültəsinin məzunları olan Doğukan Şengül və Burcu Coşkuna aiddir. “Smart Safety Ring” üzərindəki düyməyə 3 saniyə basıldıqda telefondakı tətbiqlərdən (application) seçmiş olduğunuz 5 şəxsə olduğunuz yer barədə məlumat göndərilir. Bu qurğu yaşlı insanlara və uşaqlara da özlərini daha təhlükəsiz şəraitdə olmalarına imkan yaradır.
Layihəmiz böyük maraqla qarşılandı və hazırda “Arıkovan”da (startap layihələrini dəstəkləyən portal) geniş təqdim olunmaqdadır. Layihəmiz barədə Türkiyə qəzetlərində və televiziya kanallarında xəbərlər yayıldı. Paul Austerin “xəyallarının ardınca qaç, bir gün mütləq yorulacaqlar” ifadəsi ən sevdiyim motivasiya ifadəsidir. İtaliyada oxumaq mənim ən böyük istəklərimdən biri idi və bu istəyimdən bir an belə yan keçmədim. Ailəm hər zaman xəyallarımı gerçəkləşdirməkdə maddi və mənəvi olaraq məni dəstəklədi. İşimdə özümü daha da inkişaf etdirməklə gələcəkdə peşəkar kimi yetişmək əsas hədəfimdir.

yuxarı ⤴