1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Xarici mətbuatdan
09.06.2017 / No21

 
 
 

 

 


Riyaziyyatı səhərlər öyrənmək daha yaxşıdır



Yeni tədqiqatın nəticələri açıqlanıb

Təhsil sahəsində ixtisaslaşmış mütəxəssislər hesab edirlər ki, məktəblərdə uşaqlar riyaziyyatı günün birinci yarısında öyrənməlidirlər. Səhər saatlarında beyin riyazi məlumatları daha yaxşı mənimsəyir. “ToDay News Ufa” elmi jurnalının yazdığına görə, alimlər bir sıra ümumi təhsil müəssisələrində məktəb proqramlarının məhsuldarlığının öyrənilməsindən sonra belə bir nəticəyə gəliblər. Məlum olub ki, səhərlər bu fənni öyrənən şagirdlər onu daha yaxşı mənimsəmə nümayiş etdiriblər. Günün sonrakı və gec saatlarında isə uşaqlar zəifləyir, riyazi düstur və məsələləri pis mənimsəyirlər, buna görə də son saatlara humanitar fənləri, məsələn, tarixi və ya xarici dili salmaq daha yaxşıdır.
Mütəxəssislər izah edirlər ki, tədris prosesində dərketmə, mənimsəmə, materialın anlaşılması müxtəlif proseslərdir və hər bir şagird üçün günün müəyyən vaxtı uyğundur.


Şagirdlər arasında köklük artır

Dünya Səhiyyə Təşkilatı narahatdır

Dünya Səhiyyə Təşkilatı məktəbyaşlı uşaqlar və yeniyetmələr arasında köklük hallarının artmasından narahatlığını bildirib. Portuqaliyada keçirilən Avropa konqresində təşkilatın yeni hesabatı yayılıb. Hesabatda region ölkələrində yeniyetmələr arasında köklük hallarının sürətlə artması qeyd olunur. “Uşaq köklüyü problemi ilə mübarizə səylərinə baxmayaraq Avropada hər üç uşaqdan biri artıq çəkiyə malikdir və köklükdən əziyyət çəkir. Ən yüksək göstəricilər Cənubi Avropa və Aralıq dənizi ölkələrində müşahidə olunur”,- deyə təşkilatın Avropa bürosunun direktoru Jujanna Yakab bildirib. O, region ölkələrini bu təhlükəli tendensiyanın qarşısını almaq üçün qətiyyətli addımlar atmağa səsləyib. Uşaq piylənməsi XXI əsrdə ictimai səhiyyə sahəsində ən ciddi problemlərdən biri hesab edilir. Piylənmədən əziyyət çəkən uşaqlarda ikinci tip diabet, astma, yuxunun pozulması, dayaq-hərəkətedici aparatda problemlərin və gələcəkdə ürək-damar xəstəliklərinin yaranması riski çox yüksəkdir. Onlarda həmçinin psixoloji problemlər üzə çıxa bilər, bu cür uşaqlar çox vaxt sosial təcrid mühitinə düşürlər. Bəzi valideynlər bu problemə böyük əhəmiyyət vermir, güman edirlər ki, “uşaqlar böyüyəcək və arıqlayacaqlar”. Məruzədə bildirilir ki, piylənməyə erkən yeniyetmə yaşlı uşaqlar, xüsusilə oğlanlar, həmçinin kasıb ailələrdən olan uşaqlar daha çox meyillidir. Ekspertlər uşaqlara sağlam qidalanma rasionunu həvəsləndirməyi, həmçinin fiziki fəallığın uşağın gündəlik həyatının ayrılmaz hissəsi olmasına nail olmağı tövsiyə edirlər.


Təki kitablar oxunsun...



Harvard Universiteti cəriməni ləğv edib

Tələbələrin heç də hamısı tədris ili ərzində ali məktəbin kitabxanasından götürdükləri kitabları vaxtında qaytarmırlar. Harvard Universiteti artıq başağrısına çevrilmiş bu problemin həllinə qərar verib. Bundan sonra hər bir kitaba görə nəzərdə tutulan 50 sentlik cərimə ləğv olunub.
Məlumdur ki, kitabxana cərimələri böyük ölçülərə çata bilər. Harvard Universitetinin tələbələrini daha bu qorxu gözləmir. Ali məktəbin administrasiyasında qeyd ediblər ki, “kitabxana cərimələri tələbələrdə böyük stress doğura bilər”. Lakin hələ ki anlaşılmaz olan budur: Harvardda öz uşaqlarının təhsilinə ildə 70 mindən çox dollar xərcləyən valideynlər bu yumşalmanı öz durumlarında hiss edəcəklərmi?


Ali təhsilin yoxdursa...

Amerikalılara görə pis yaşayacaqsan

Amerika Federal Ehtiyatlar Sisteminin apardığı sorğuya görə, ali təhsilin yoxdursa, pis yaşamalı olacaqsan. Sorğunun nəticələrinə əsasən, ölkədə əhalinin maliyyə imkanlarında artım qeydə alınsa da, 2013-cü ildən sonra ilk dəfə ali təhsili olmayan vətəndaşların maliyyə vəziyyəti pisləşib. 2016-cı ilin oktyabrında sorğuda iştirak edənlərin təxminən 70 faizi “rahat” və ya “normal” yaşadığını bildirib. 2015-ci ildə analoji göstərici 69, 2013-cü ildə isə 62 faiz təşkil edib. Ancaq orta təhsil səviyyəsindən yuxarı təhsil almayan respondentlər arasında öz maliyyə durumunu “rahat” və ya “normal” qiymətləndirmiş insanların sayı 1 faiz azalaraq 60%-ə düşüb. Ən azı bakalavr dərəcəsinə malik şəxslərin maliyyə imkanları 80%-dən 82%-ə qədər yüksəlib. Yalnız orta təhsil almış və ölkənin etnik qruplarından olan insanların maliyyə vəziyyəti də il ərzində pisləşib. Tədqiqat aşkar edib ki, respondentlərin 44%-i 400 dollar həcmində olan planlaşdırılmamış xərcləri (məsələn, maşın təmiri və ya tibbi xidmət haqqı) ödəyə bilməyəcək, buna görə də ya borc almalı, ya da əmlakından nəyisə satmağa məcbur olacaq. Ali təhsilli şəxslərin 79 faizi 400 dollar həcmində borclarını ödəmək iqtidarındadır, orta təhsillilər arasında onların sayı cəmi 52% təşkil edir.


Çexiya tələbə vizasının alınmasını sadələşdirir

Layihə ali məktəblər arasında rəqabəti gücləndirəcək

Çexiyanın Təhsil Nazirliyi ölkənin Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində üçüncü ölkələrdən olan şəxslər üçün tələbə vizasının alınması prosedurunun sadələşdirilməsinə hazırlaşır. Sadələşdirmənin mahiyyəti ondadır ki, 11 ölkədən olan tələbələr “Visapoint” sistemində qeydiyyatdan keçməyəcəklər. Bu sistem qeydiyyatın çətinlikləri və korrupsiya hallarına görə çoxsaylı iradlara yol açıb. Artıq tələbələr birbaşa sənədlərini konsulluğa verə və bütün şərtlərə riayət etməklə 60 gündən sonra viza ala biləcəklər. Qeyd etmək lazımdır ki, ölkələrin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilir və dəyişə bilər. Bundan başqa, Daxili İşlər Nazirliyi sənədlərin verilməsi kvotalarını nizamlayır. Proqramda heç olmasa bir xarici dildə tədris proqramına malik akkreditə olunmuş ali məktəblər iştirak edə bilərlər. Həmçinin ali məktəb əmin olmalıdır ki, namizəd xarici dili lazımi səviyyədə bilir. Sonra ali məktəb namizədi layihəyə daxil etməyi xahiş edir və konsulluq tərəfindən o, sənədlərini verməyə dəvət olunur. Layihə may-avqust aylarında qüvvədə olacaq.
Bütövlükdə, sadələşdirilmiş prosedurdan Çexiyada oxumağı arzu edən təxminən 340 əcnəbi istifadə edə bilər. Qeyd olunur ki, layihə ali məktəblər arasında rəqabəti gücləndirəcək, sənədlərin verilməsi vaxtı korrupsiyanı aradan qaldıracaq, tələbə vizalarından Çexiyada iş yeri əldə etmək məqsədilə sui-istifadə hallarını azaldacaq.

xarici mətbuat materialları əsasında
Oruc MUSTAFAYEV

yuxarı ⤴