1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Valideynlərə izah etməyə çalışırıq ki, icbari təhsil 9 illikdir”
09.06.2017 / No21

 
 

 

 


Polis bölməsi və təhsil ocaqlarının birgə əməkdaşlığı nəticəsində təhsildən yayınan 69 şagird məktəbə cəlb edilib

Niyazi RƏHİMOV

Məlumdur ki, respublikamızın bəzi ərazilərində hələ də yetkinlik yaşına çatmayan uşaqların təhsildən yayınma hallarına rast gəlinir. Belə ərazilərdən biri də Bakıətrafı kəndlərdir. Lakin buna baxmayaraq istər təhsil işçiləri, istərsə də hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində bu kimi halların qarşısının alınmasına, nəticələrin müsbətə doğru dinamika ilə inkişafına da nail olunub. Sabunçu Rayonu Polis İdarəsinin 42-ci polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis mayoru Yasəmən Fətəliyeva da son dövrlər mövcud problemlə bağlı aparılan məqsədyönlü işlərdən danışıb. O, bizimlə söhbətində bildirib ki, 42-ci polis bölməsi 2015-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Bölmənin ərazisi Nardaran kəndini və Bilgəh qəsəbəsinin kiçik bir hissəsini əhatə edir. Ərazidə 130, 295 nömrəli tam orta məktəblər və 11 nömrəli inteqrasiya təlimli internat məktəbi yerləşir. Polis mayoru bildirib ki, bölmə fəaliyyətə başlayarkən ilk olaraq əməkdaşlar məktəblərdə olub və məktəb rəhbərləri ilə birgə təhsildən yayınanların siyahısını tərtib ediblər. Sonra təhsildən yayınan uşaqların ailələri ilə profilaktik işlər aparılıb. Y.Fətəliyeva bölmənin əməkdaşları və təhsil işçilərinin birgə səyi nəticəsində artıq adıçəkilən məktəblərdə təhsildən yayınanların sayının xeyli azaldığını deyib: “Diqqətə çatdırım ki, əvvəllər bu ərazidə yerləşən məktəblərdə təhsildən yayınan uşaqlara çox rast gəlinirdi. Lakin ərazidə yeni polis bölməsi yarandıqdan sonra məktəb rəhbərləri və pedaqoji heyətlə apardığımız maarifləndirmə işlərinin nəticəsində 69 şagirdi təhsilə cəlb edə bildik. Biz valideynlərə izah etməyə çalışırıq ki, ölkəmizdə icbari təhsil 9 illikdir. Valideynlərə övladlarını nə olursa-olsun təhsildən ayırmamağa çağırır, təhsilin nə qədər əhəmiyyət kəsb etdiyini, xüsusi önəm daşıdığını da aşılayırıq”. Polis mayoru onu da qeyd etdi ki, təhsildən yayınan uşaqlar fərdi-profilaktik iş açmaqla qeydiyyata alınır. Y.Fətəliyeva təhsildən yayınma hallarının bir çox səbəbdən irəli gəldiyini bildirir: “Elə ailələr var ki, övladlarını maddi imkansızlıq baxımından məktəbə göndərə bilmədiklərini deyirlər. Bundan başqa, bəzi valideynlər qız uşaqlarının V-VI siniflərdən sonra məktəbə getməyini, oğlanlarla birgə bir sinifdə oturmalarını istəmirlər. Uşaqlar məktəbə gəlməyə, təhsil almağa can atsalar da, əfsuslar olsun ki, bəzi valideynlər buna qarşı çıxır, kənddə böyük qız uşaqlarının məktəbə getməsinə pis baxıldığını, ictimai qınağa rast gəldiklərini bildirirdilər. Biz müəllimlərlə birgə həmin ailələrdə mütəmadi olaraq söhbətlər aparır, bu düşüncələrin absurd olduğunu onlara başa salırıq. Şükürlər olsun, valideynlərlə apardığımız maarifləndirici söhbətlər artıq öz bəhrəsini verməkdədir”. Polis mayoru məktəblərlə birgə vaxtaşırı müxtəlif tədbirlərin də keçirildiyini deyir. Tədbirlərin keçirilməsində əsas məqsədin şagirdləri pis vərdişlərdən, radikal dini qruplaşmalardan, potensial cinayətlərdən uzaq olmağa səsləmək, onlarda cəmiyyət üçün faydalı bir vətəndaş olmağı aşılamaqdır.
 

yuxarı ⤴