1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Harmonik inkişaf etmiş insanlar cəmiyyətin ən dəyərli sərvətidir
09.06.2017 / No21

 
 

 

 


Təhsil İnstitutunun əməkdaşları Qazaxıstanda olub

Elxan BƏYLƏROV,
Təhsil İnstitutunun, Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Bu baxımdan, təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

İnsan ən dəyərli resursdur

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da aztəminatlı, çoxuşaqlı ailələrin övladlarının cəmiyyətin malik olduğu imkanlardan tam şəkildə faydalanaraq potensiallarına uyğun inkişaf etməsinə, formalaşmasına zərurət vardır. Bu, ciddi ictimai-sosial səciyyəli problemlərdən biridir. Bəzən bu ailələrdə maddi imkansızlıq səbəbindən uşaqlar təhsilini yarımçıq qoyaraq müxtəlif işlərlə məşğul olurlar. Qayğıya ehtiyacı olan uşaqlar əksər vaxt sağlamlıqlarında problem yaransa belə, maddi sıxıntılara görə ailələrinin diqqətindən kənarda qalırlar. Bunun nəticəsində cəmiyyətdə həm fiziki, həm də mənəvi cəhətdən tam sağlam olmayan, yəni, harmonik inkişafdan kənarda qalan insanlar toplusu yaranır. Ümumbəşəri dəyərlər baxımından “İnsan dünyadakı ən üstün varlıqdır”, maddi dəyərlər baxımından isə “İnsan ən dəyərli resursdur”. Hər iki yanaşmaya əsasən deyə bilərik ki, harmonik inkişaf etmiş insanlar cəmiyyətin ən dəyərli sərvətidir. İnsanların harmonik inkişafı ilə bağlı dünyada bir çox mütərəqqi təcrübələr mövcuddur. Hər bir cəmiyyətin sosial-mənəvi, iqtisadi-siyasi və texnoloji inkişafı malik olduğu intellektual və yaradıcı potensiala sahib insan resursları ilə bağlı olduğundan problem strateji səciyyə kəsb edir. Belə ki, bir çox ölkələrdə hərtərəfli inkişaf etmiş insanların yetişdirilməsi üçün xüsusi təhsil müəssisələri yaradılmışdır. Belə təhsil müəssisələrinin təcrübələrini öyrənməyə, onları yerli şəraitə uyğunlaşdıraraq istifadə etməyə böyük ehtiyac vardır.
Bu məsələyə dövlət səviyyəsində sistemli şəkildə və yaradıcılıqla yanaşan ölkələrdən biri də Qazaxıstan Respublikasıdır. Qazaxıstanın birinci xanımı Sara Alpıs qızı Nazarbayevanın Almatı şəhərində təsis etdiyi və himayəsində saxladığı Milli elmi-praktik təhsil və sağlamlıq mərkəzi olan “Bobek” bu qəbildən olan təhsil müəssisələrindəndir.

“Bobek - özünüdərkə gedən yol

Azərbaycan Respublikası Təhsil İnstitutu ilə “Bobek” müəssisəsi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində institutun əməkdaşları Elxan Bəylərov, Raziyə Quliyeva və Riza Xəlilov sözügedən mərkəzə səfər edib. Səfərin məqsədi “Bobek” mərkəzinin strukturu, fəaliyyəti, bu mərkəzdə tətbiq edilən “Özünüdərk” proqramı ilə tanış olmaq və “Təhsildə ümumbəşəri dəyərlər zəminində mədəni-mənəvi tərbiyə” mövzusunda keçirilən beynəlxalq konfrans-seminarda iştirak etmək idi. Məlumat üçün bildirək ki, “Bobek” mərkəzinin tərkibində “Özünüdərk” uşaq bağçası, rəsədxana, “Özünüdərk” gimnaziyası, “Özünüdərk” humanitar kolleci, “Özünüdərk” təhsil-sağlamlıq kompleksi, İnsanın Harmonik İnkişafı İnstitutu fəaliyyət göstərir. Səfər zamanı “Özünüdərk” uşaq bağçasının rəhbəri və pedaqoji kollektivinin iştirakı ilə görüş keçirilib. Bağçanın tərbiyəçisi Lizat Tulenginovanın apardığı “açıq dərs”də və bu dərsin təhlilində institutun əməkdaşları iştirak edib və müşahidə etdikləri məşğələyə münasibət bildiriblər.
Qeyd etmək lazımdır ki, dərs prosesində uşaqlara ümumbəşəri dəyərlərlə bağlı maraqlı suallar verilirdi. Uşaqlar, yaşlarının az olmasına baxmayaraq, suallara çox yaradıcı cavablar verir, dərsdə sərbəst və fəal iştirak edirdilər. Məşğələnin yekununda iştirakçıların mədəni-mənəvi dəyərlərə aid xorla oxuduqları mahnı hamıda xoş və yüksək əhvali-ruhiyyə formalaşdırdı.
Əməkdaşlarımız “Bobek” mərkəzində uşaqlar üçün fəaliyyət göstərən “Planitari”də olub, 30 dəqiqəlik seansda göy qübbəsini müşahidə edərək ulduzlar, bürclər haqqında müasir məlumatları və qədim mifləri dinləyiblər. Həmin gün Mərkəzdə yerləşən Rəsədxana ilə tanış olub, orada keçirilən astronomiya dərsini də müşahidə ediblər. E.Bəylərov dərsdə görkəmli astronom N.Tusi və onun yaradıcılığı haqqında məlumat verib, bu elmin inkişafında onun yaradıcılığının əhəmiyyətini qeyd edib. Maraqlı cəhət o idi ki, astronomiya dərsində şagirdlərə riyaziyyat, fizika, astronomiya elmlərinə dair bilik, bacarıq və vərdişlərlə yanaşı fəlsəfi, ekoloji, mənəvi və estetik dəyərlər də aşılanırdı. Səfər ərzində əməkdaşlarımız Mərkəzin İnsanın Harmonik İnkişafı İnstitutunun rəhbəri İrina Kolaçovanın müşayiəti ilə institut, onun işçi heyəti və fəaliyyəti ilə tanış olublar. İnstitutda məktəb üçün dərslikləri hazırlayan pedaqoji heyətin fəaliyyəti və hazırlanmış bəzi dərs vəsaitləri nəzərdən keçirilibdir. İnstitut eyni zamanda bağçalar, məktəblər, kolleclər, ali məktəblər üçün metodiki vəsaitlər hazırlayır. Burada pedaqoji kadrların yeni formasiyada yetişdirilməsi və mədəni-mənəvi təhsilin “Özünüdərk” fənni üzrə kompleks monitorinqi də həyata keçirilir. “Özünüdərk” gimnaziyasının rəhbəri Elena Loseva, ingilis dili müəllimləri Şamşiya Kurpebayeva və İrina Qornikovskaya əməkdaşlarımızı gimnaziya və orada fəaliyyət göstərən muzeylə tanış edib, eksponatlar haqqında məlumat veriblər. Muzeydə Azərbaycana aid güşə, gimnaziyadakı sinif otaqları, laboratoriyalar, kitabxana və s. ilə də tanışlıq olub.

“Özünüdərk” təhsil-sağlamlıq kompleksi

“Özünüdərk” təhsil-sağlamlıq kompleksinin rəhbəri Maxbal Həmid qızı ilə görüşdə əməkdaşlarımız kompleksin fəaliyyətinə dair hərtərəfli, geniş və maraqlı informasiya əldə ediblər. Qeyd edək ki, Sağlamlıq Kompleksinin fəaliyyət sxemi, bu fəaliyyətin prinsipləri və məzmunu olduqca diqqətəlayiqdir. Kompleksdə müayinə, müalicə, təlim və inkişaf məqsədi ilə hər 22 günlük dövr üçün Qazaxıstanın mərkəzi şəhərləri istisna olmaqla, bütün vilayətlərindən aztəminatlı və çoxuşaqlı ailələrdən 100 uşaq seçilir. Onlar burada 22 gün müddətində dərslərinə davam etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş xüsusi kabinet, laboratoriyalarda müayinə və müalicələr alırlar. Uşaqlar 5 günlük adaptasiya müddətində, 3 gün karantində olmaqla, sağlamlıq diaqnostikası prosedurlarına cəlb edilirlər. Həmçinin, uşaqlar eyni sinifdən seçildikləri üçün Mərkəzdə 22 gün ərzində onların əsas fənlər üzrə təlimləri də təşkil edilir. İlk mərhələdə aparılan diaqnostik prosedurların nəticələri əsasında uşaqlar müvafiq sağlamlaşdırıcı və profilaktik prosedurlara cəlb olunurlar. Uşaqların kompleksdə olduqları ilk və son gün ərzində boyları, çəkiləri və s. göstəricilərinin qeydiyyatı aparılır, bu məlumatlar əsasında müqayisəli təhlil hesabatları hazırlanır. Mərkəz bir çox göstəricilər baxımından bölgələr üzrə statistika apararaq nəticələri emal edir. Kompleksdə uşaqlara qəbul otağı, fizioterapiya kabineti, sensor otağı, fitobar, sağlamlaşdırıcı bədən tərbiyəsi zalı, alfakapsula, şarko duşu, su terapiyası, duz otağı, hovuz və s. müalicəvi kabinetlər yüksək səviyyədə xidmət göstərir.

Qazaxıstanın birinci xanımı ilə görüş

İnsanın Harmonik İnkişafı İnstitutunda Qazaxıstanın birinci xanımı Sara Nazarbayeva ilə “Bobek” mərkəzinin heyəti və xarici qonaqların iştirakı ilə görüş keçirildi. Görüşdə “Özünüdərk” və “Məhəbbət” mövzusunda müzakirələr aparıldı. Beynəlxalq forum və onun iştirakçıları mədəni-mənəvi təhsil mahiyyətli “Özünüdərk” proqramının müəllifi, Qazaxıstanın birinci xanımı Sara Nazarbayeva tərəfindən dəstəklənirdi. Sara xanım tədbir iştirakçılarını pozitiv əhvali-ruhiyyəyə köklənməyə çağıraraq, bunun təlim-tərbiyə prosesindəki əhəmiyyətini vurğuladı. Təbəssümün insanı müalicə etməsinə diqqət yönəldərək, təbəssümün, sevincin, xeyirxah işlərin ruhun qidası olduğunu qeyd etdi, şəxsiyyətin formalaşdırılmasında və təlim prosesində onların mühüm əhəmiyyəti olduğunu vurğuladı.

“Özünüdərk” konsepsiyası respublika seminarı

Qeyd edək ki, əməkdaşlarımız ümumbəşəri dəyərlər əsasında “Özünüdərk” konsepsiyası adlı Respublika seminarının I və II modulunda da fəal iştirak ediblər. Bu seminarları ESSE İnstitutunun direktoru Marianne Meyer, direktor müavini Petra von Kalinovski və katibi Anita Friedrix aparırdı. Seminarın I modulunda “İnteqrativ təhsil kimi-ümumbəşəri dəyərlər əsasında təhsil”, “Müəllim bir nümunə modeli kimi”, “Ümumbəşəri dəyərlər əsasında təhsilin fəlsəfəsi”, “Ümumbəşəri dəyər - Sevgi”, “Ümumbəşəri dəyər - Həqiqət”, “Ümumbəşəri dəyərlər üzrə yaradıcı praktik məşğələ”, “Təhsil layihələri”, “Ümumbəşəri dəyər - Düzgün davranış”, “Ümumbəşəri dəyər - Sülh”, “Ümumbəşəri dəyər - Qeyri-zorakılıq”, “Təlim metodlarına ümumi bir nəzər”, “Mən kiməm? İnsanın şəxsiyyəti”, “Uşaqlar üçün layihə. Mən kiməm?”, “Sevgi mühiti və mədəniyyəti” başlıqlı mövzular dinlənildi.
Seminarın II modulunda “Qrup fəaliyyəti metodu daxil olmaqla, ümumbəşəri dəyərlər əsasında təlim metodları”, “Tarixi nəql etmə metodu”, “Sual vermə sənəti”, “Pozitiv əhvala köklənmənin metodu”, “Xorla oxumaq metodu”, “Xorla oxumanın yaradıcı praktik məşğələsi”, “Pozitiv dəyərləndirmə özünüdərkin üsulu kimi”, “Rollu oyunlar. Yaradıcı praktik məşğələ”, “Sitat və yaxşı fikirlər metodu”, “Praktik məşğələ: təhsil sahəsində əsas olan dinlər, yerli mədəniyyət, həmçinin milli prioritetlər və siyasət zəminində beş ümumbəşəri dəyər”, “Arzular zirvəsi”, “Mədəniyyətlərin ümumi və birləşdirici aspektləri”, “Əl, ürək və başın vəhdəti” başlıqlı mövzular üzrə müzakirələr aparıldı.

“Xəbər” telekanalına müsahibə

Səfər zamanı E.Bəylərov Qazaxıstanın aparıcı telekanallarından olan “Xəbər” kanalına səfərin məqsədi, keçirilən tədbirlər və s. barədə müsahibə verib. Müsahibədə insanın yalnız özünü dərk etdikdən sonra ətraf mühiti, bütün dünyanı və onun fəlsəfi mahiyyətini dərk etməsinin mümkünlüyü vurğulanıb, buna istinadən Qazaxıstanda tətbiq edilən “Özünüdərk” proqramının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, təhsil sistemində müasir şəxsiyyətin düzgün formalaşdırılmasında “Özünüdərk” proqramının tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, müsahibədə Sara xanımın “Həyat etikası”adlı kitabının Azərbaycan dilinə tərcümə edilməsini və yetərincə marağa səbəb olmasını qeyd edib. Bu kitab dilinin sadəliyi, məzmununun dərinliyi ilə də diqqəti cəlb edir. Kitabda təhsilin əsas məcrasının hansı istiqamətə yönəldilməli olduğu da tutarlı dəlillərlə əsaslandırılıb. Sonda “Özünüdərk” proqramının qazaxıstanlı həmkarlarımızla sıx əməkdaşlıq çərçivəsində Azərbaycanda da tətbiq olunacağına ümid bəsləndiyi vurğulanıb.
Fikrimizcə, iki təhsil müəssisəsi arasında bərqərar olmuş əməkdaşlıq münasibətləri qardaş Qazaxıstan və Azərbaycan respublikaları arasında ən yüksək səviyyədə mövcud olan səmimi münasibətlərə, hərtərəfli, qarşılıqlı faydaya əsaslanan çoxsahəli əməkdaşlıq ənənələrinə öz töhfəsini verəcəkdir.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), ADPU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda keçirilən II beynəlxalq konfrans-seminarda “Bobek” mərkəzinin nümayəndə heyəti də iştirak edib və Sara Nazarbayevanın humanist pedaqogika oxularının iştirakçılarına olan müraciəti səsləndirilib. Bu müraciətdə iştirakçılara uğurlar diləməklə yanaşı, müasir təhsilin aktual məsələlərinə də diqqət verilib.

yuxarı ⤴