1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Elm xəbərləri
09.06.2017 / No21

 
 
 

 

 


Kainatın yeni kompüter modelləri təqdim olunub




Böyük Britaniyanım Darem Universitetindən olan alim-kosmoloqlar bir neçə ən mürəkkəb riyazi modelin hesablamalarını aparıblar. Nəticədə sirli qaranlıq materiyanın mövcudluğu faktını sübut ediblər.
www.dailytechinfo.org  saytının məlumatına görə, bu riyazi modellər kainatın formalaşması və inkişafı proseslərini təsvir edir. Modellər göstərdi ki, kainatların hərəkət sürəti və ölçüləri onların parlaqlığıyla bağlıdır. Bu qarşılıqlı əlaqələr demək olar ki, alim-astronomlar tərəfindən aparılmış təcrübi müşahidələrin nəticələri ilə tamamilə uyğun gəlir.
Modellərdən birinin hesablama nəticələrini əks etdirən şəkildə kainatın əsas komponentləri göy rənglə verilib. Yeni ulduzları əmələ gətirən ulduzlar və qazlar qırmızı, kainatı əhatə edən qaranlıq materiyanın parıltısı isə açıq-boz rənglə göstərilib.
Qaranlıq materiyanın təbiəti haqqında olan nəzəriyyələrə əsasən, kainatların ölçüsü, kütləsi və parlaqlığı arasında kifayət qədər mürəkkəb riyazi ifadələrlə müəyyən edilən əlaqələr mövcuddur. Riyazi modellərin hesablamaları üçün bir neçə həftə ərzində kainatların formalaşması və inkişafının milyardlarla yaşını “sıxmağa” imkan verən güclü superkompüterlərdən istifadə olunub.
“Bizim hesablamalar uzun illərdir alimləri narahat edən problemlərdən birinin həllinə yönəlib. Qaranlıq materiyanı aşkar etmək hələ ki, mümkün olmasa da, ümid edirik ki, fiziklər ən yaxın gələcəkdə bunun öhdəsindən gələcəklər”, - deyə tədqiqatçılar bildiriblər.


Çin bütün dünyanı İnternetlə təmin etməyi planlaşdırır



Çinin Kosmik Elm və Sənaye Assosiasiyası planetin bütün əhalisini genişzolaqlı İnternetə çıxışla təmin etməyi planlaşdırır. Bunun üçün Yer kürəsinin orbitinə buraxılacaq 156 kiçikölçülü peyk planeti şəbəkə ilə əhatə edəcək.
www.hi-news.ru saytının məlumatına görə, bu layihənin universal peyk platformasının köməyi ilə reallaşdırılması nəzərdə tutulur.
“Universal peyk platformasını avtomobilin mühərrik hissəsi ilə müqayisə etmək olar. Bu kimi mühərrik hissəsinə malik olmaqla həm hərbi maşın, həm sərnişin avtomobili və ya taksi düzəltmək mümkündür”, - deyə Çinin Kosmik Elm və Sənaye Assosiasiyasının məsul nümayəndəsi Bey Çao bildirib.
Plan üç mərhələdə reallaşdırılacaq: birinci mərhələ 2018-ci ildə yerinə yetiriləcək. İlk olaraq bir sınaq peykinin orbitə buraxılması nəzərdə tutulub. İkinci mərhələdə eyni anda buraxılacaq dörd peyk kiçik şəbəkə şəklində birləşdiriləcək və bundan sonra onların birgə işi sınaqdan keçiriləcək. 156 peykin isə 2020-ci ilədək orbitə buraxılması planlaşdırılır.


“PowerPoint” təqdimatları real vaxt rejimində tərcümə edəcək



“Microsoft” şirkəti 10-12 may tarixlərində ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən “Microsoft Build 2017” konfransının açılışında “PowerPoint” proqramı üçün təqdimatların real vaxt rejimində tərcüməsi funksiyasını nümayiş etdirib.
www.ferra.ru  saytının məlumatına görə, “PowerPoint Translator”un köməyilə təqdimatlar bir dildən digərinə və əksinə avtomatik tərcümə olunacaq. Auditoriya təqdimatı “Microsoft Translator” mobil proqramı vasitəsilə izləyə biləcək. Həmçinin müxtəlif suallar vermək olar ki, onlar da real vaxt rejimində tərcümə olunacaq.
Hazırda şifahi nitq üçün 9, yazılı nitq üçün isə 60-dan çox dil dəstəklənir. Şirkət yeni proqramı ilkin baxış üçün “Garage” adlı eksperimental bölməsinin veb-saytında yerləşdirəcək.


Məlumatlar işığın köməyi ilə emal ediləcək



Bütün dünyada alimlər və böyük korporasiyalar daha güclü, sürətli və enerjiyə qənaətli kompüterlərin istehsalı üzərində fəal çalışırlar. Kanadanın Viktoriya Universitetindən olan kimyaçı alim Natiya Frank isə bu istiqamətdə olduqca perspektivli texnologiya təklif edib.
O, məlumatların elektrikin deyil, işığın köməyi ilə saxlanılması və emalı üçün nəzərdə tutulmuş LI-RAM (işıq yaddaşı) adlı yeni materialı patentləşdirib. Həmin materialdan istehsal edilmiş kompüter və ya mobil prosessorlar minimal enerji sərf edə və daha az istilik ayıraraq uzun müddət işləyə bilərlər.
www.4pda.ru  saytının məlumatına əsasən, hazırda informasiyanın emalı texnologiyalarına dünya enerji resurslarının təxminən 10%-i sərf olunur. LI-RAM isə məlumatların daha sürətli ötürülməsini təmin edərək bütün müasir standartlarla müqayisədə enerji istehlakını 10% azaltmağa imkan verəcək.
Natiya Frank qeyd edib ki, qurğu yaşıl işıq altında sürətlə dəyişən maqnit xüsusiyyətlərinin qeyri-adi keyfiyyətinə malikdir: informasiya emal edilə və bir molekulyar səviyyədə saxlanıla bilər. Bu da indiyə kimi hipotetik texnologiya hesab edilən universal yaddaşı inkişaf etdirməyə imkan verəcək. Yeni material mobil qurğular, kompüterlər və digər uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş elektron qurğularda məlumatların saxlanılmasında istifadə olunmaqla yanaşı, tibbi sfera, günəş elementləri və bir sıra nanotexnologiyalarda da tətbiqini tapa bilər.
LI-RAM-ın 10 ildən sonra kommersiya qurğularında istifadə olunacağı ehtimal olunur.

İKT.az saytının materialları əsasında
Yusif ƏLİYEV

yuxarı ⤴