1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Çalışıram ki, rəqsin fəlsəfəsini mənimsədim”
09.06.2017 / No21

 

 

 


Samirə Musaim: “Hər bir tamaşaçının zövqünü oxşamaq rəqqasın borcudur”

Sifai SƏFƏROVA

Onunla iş otağında görüşdük. Çox yorğun görünürdü. “Son günlər lap gərgin çalışırıq. Hesabat konsertinə hazırlaşırıq. Rəngarəng proqramlar hazırlayırıq ki, tamaşaçıların rəğbətini qazana bilək”, - deyə Samirə Musaim söhbətə başladı. Ona özü haqqında bir az da ətraflı danışmağı xahiş etdim.
- 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Paytaxtdakı 25 nömrəli tam orta məktəbi bitirmişəm. Nümunəvi şagird olmaqla bərabər, məktəbin ictimai işlərində həmişə fəal iştirak etmişəm. 7 il fortepiano təhsili almışam. Hələ uşaqlıq illərindən rəqsə böyük həvəsim olub. 8 yaşında olarkən bunu nəzərə alan anam məni o vaxt Pionerlər Evinə aparıb. Yəni, indiki Usaq -Gənclər Yaradıcılıq Mərkəzinə. Həmin mərkəzdə mənə peşəkar müəllimlər dərs deyib. Ustadlarım Əminə Dilbazi, Roza Cəlilova, Tamilla Eldarova, Təranə Muradova, Cəmilə Bayramova rəqsin sirlərini mənə həvəslə öyrədiblər və nəticədə getdikcə rəqsə marağım daha da artıb. Onlar peşəkar olmaqla yanaşı, həm də incəsənətin bir növü olan rəqs sənətinin incəliklərini də mənimsətməyə çalışırdılar. Sonra anladım ki, milli rəqslərimiz necə də gözəllik, incəliklərlə dolu olan bir sənət nümunəsi imiş. Həmin gündən qarşıma məqsəd qoydum ki, mən bu sənətin sirlərinə dərindən yiyələnməliyəm. Bunun üçün çox, lap çox çalışmaq vacib idi. Rəqslə məşğul olduğum müddətdə dövlət tədbirlərində də çıxış edirdim. Ən yaddaqalan tədbirlərimizdən biri ümummilli lider Heydər Əliyevin qarşısında çıxış etmək idi. Həmin gün çox həyəcanlı anlar yaşadıq, amma bir tərəfdən də qürur hissi keçirirdim ki, ölkə rəhbərinin qarşısında çıxış edirik. Gərgin zəhmət hesabına günü-gündən inkişaf edirdim. Uğurlarım hamıdan çox müəllimlərimi hədsiz sevindirirdi, çünki üzərimdə sərf etdikləri zəhmət hədər getmirdi. Beynəlxalq müsabiqə və festivallara qatıldım. 1995-ci ildə ilk dəfə olaraq Türkiyədə “23 Nisan” Beynəlxalq Uşaq Festivalında iştirak etdim. Həmin gün böyük həyəcan və sevincli anlar yaşadıq. Bu günə kimi həmin sevinci unuda bilmirəm. Hər il biz mütəmadi olaraq bu festivala qatılırıq. Sevinirəm ki, bir vaxtlar özüm istirak etdiyim festivallara bu gün yetirmələrimi hazırlayıram. Bu mənim üçün qürurverici haldır. İngiltərədə, Hollandiyada, Ukraynada, Gürcüstanda, Bolqarıstanda keçirilən beynəlxalq festivallara qatılaraq ölkəmizi layiqincə təmsil etmişik. Yeri gəlmişkən qeyd edim ki, hər rəqs nömrəsini hazırlayarkən yüz ölçüb, bir biçirəm. Rəqsi məşq edərkən tamaşaçı zövqü ilə ona qiymət verirəm. Bəzən bəyənməyib yeniləri ilə də əvəz edirəm.

“Bu mənim ən yüksək mükafatım idi”

Heç vaxt olmayıb ki, vətənimizə əliboş qayıdaq. Maraqlı və yaddaqalan səfərlərimiz çox olub. Gürcüstanda keçirilən Vonderland beynəlxalq konsert festivalında “Azəri inciləri” mahnı və rəqs qrupunun tərkibində Azərbaycanı biz təmsil edirdik. Uşaqlarımız məharətlə çıxış etdilər və Qran-pri mükafatı qazandıq. Yetirmələrimin professionallığı münsiflər heyətini məni də öz sıralarına dəvət etməyə məcbur etdi. Bu mənim ən yüksək mükafatım idi. Onlarla bir sırada olduğumdan məmnunluq hissi duyurdum. Həm də sevinirdik ki, ilk dəfə olaraq mərkəzə Qran-pri mükafatını gətirdik. Bu ilin iyun ayında da İtaliyada keçiriləcək mahnı festivalında biz də iştirak edəcəyik. Bu festivalda da uğur qazanacağımıza əminəm.

“İlk dəfə işə gələrkən qrupumda uşaq yox idi”

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, vaxtı ilə çox peşəkar rəqqasələrimizlə bir səhnədə oynamışam. Zabitlər evində hərbi ansamblın üzvü olmuşam və zaman keçdikcə oradan uzaqlaşmağı qərarlaşdırdım, rəqslə bağlı arzularımı öz yetirmələrimlə yaşadım. Artıq 20 ilə yaxındır ki, Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dərnək rəhbəri vəzifəsində çalışıram. İlk dəfə işə gələrkən qrupumda uşaq yox idi. Necə deyərlər, sınaq dövrü keçirirdim. İlk qrupum Usaq Evinin körpələri oldu. Çox böyük həvəslə onlara rəqsin incəliklərini öyrətdim. Uşaqların gözlərindən parlayan sevinc hisslərini gördükdə daha da ruhlanırdım. Az müddətdən sonra qrupuma uşaq axını artdı. Hər gün uşaqların sayında artım hiss edirdim. Ümumiyyətlə, mən öz yetirmələrimi çox sevirəm. Çalışıram ki, onlara rəqsin fəlsəfəsini mənimsədim, başa düşsünlər ki, əl-qol açıb o başa-bu başa süzmək deyil rəqs. Təbii ki, uşaqların hamısı gələcəyin rəqqası, yaxud rəqqasəsi ola bilməz, onların da öz arzuları, öz seçimləri var. Keçmiş məzunlarımın əksəriyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Onlar heç vaxt məni unutmurlar. Həmişə əlaqə saxlayır və bilmədiklərini öyrənməyə çalışırlar.

“Uşaqları düzgün seçmək lazımdır”

2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olundum. Tələbəlik illərində əməkdar artist Tamilla Eldarova, Nazim Abdullayev, Fərhad Vəliyev kimi peşəkar rəqqaslardan dərs aldım. Gözəl rəqs qurmaq üçün ilk novbədə istedad , güclü fantaziya və ən əsası, zəngin daxili aləmin olmalıdır. Musiqi duyumu, musiqi seçimi, rəngarəng, zövqlü kostyumlar təkrarlanmamaq üçün olduqca vacibdir.
Hər bir tamaşaçının zövqünü oxşamaq rəqqasın borcudur. Əlbəttə bu, elə də asan iş deyil, çünki uşaqlarla işləmək özü bir məsuliyyətdir. Uşaqları ilk növbədə düzgün seçmək lazımdır. Məşq zamanı, daha dəqiq desək, rəqs qurulma prosesində həddindən artıq tələbkaram. Ancaq uşaqlar bunu çox normal qarşılayır və onların sevgi ilə məşğələlərə qatılması məni hədsiz sevindirir. Mən bu çiçək balalarla işləməkdən xüsusi zövq alıram və heç vaxt da yorulmuram.
Artıq bir neçə ildir ki, “Azəri inciləri” rəqs ansamblı Heydər Əliyev Fondunun dəstəyi ilə Buta sarayında uşaqlar üçün təşkil olunan Yeni il şənliklərində rəngarəng proqramlarla çıxış edir. Hər ilin sonu “Bizim rəqs dünyamız” adlı hesabat konsertimiz olur. Proqramımıza milli, müasir, dünya xalqlarının rəqslərini daxil edir və hamısını da yüksək səviyyədə hazırlayırıq. Uzun müddət səmərəli fəaliyyətim dövründə böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsinə töhfə vermək üçün səylə çalışıram.
Onların asudə vaxtlarının faydalı təşkilində əldə etdiyim uğurlar rayon, şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə qazandığım nailiyyətlərə, çoxlu sayda diplom və fəxri fərmanlara açar oldu. Dəfələrlə “İlin ən yaxşı dərnək rəhbəri” adına layiq görülmüşəm. 2016-cı ildə isə Heydər Əliyev adına Sarayda “Nağıl qəhrəmanlarının səyahəti” adlı Yeni il şənliyində fəal iştirakıma görə təşəkkürnamə ilə təltif olunmuşam.
***
...Samirə Musaim danışdıqca sanki bir mərkəzin dərnək rəhbəri ilə deyil, təlim-tərbiyə kimi mühüm bir sahənin fədaisi olan biri ilə həmsöhbət olduğumu qərarlaşırdım. Onun gərgin əməyi sayəsində qazandığı nailiyyətlər yetişməkdə olan yeniyertmə və gənc nəslin parlaq gələcəyinə işıq salmaqla qürurvericidir. Bu, eyni zamanda, təhsil sisteminin təlim-tərbiyə işi ilə məşğul olan kollektivlərin qarşısında qoyduğu mühüm vəzifənin layiqincə yerinə yetirilməsidir.

yuxarı ⤴