1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Bir şair ömrünü yaşatmaq üçün”
09.06.2017 / No21

 
 

 

 


Rəşad ZİYADOV

İyunun 2-də Bakıdakı 13 nömrəli tam orta məktəbdə xalq şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadə ilə görüş keçirilib. Məktəbin kiçik akademiyasının “Mütaliə sevərlər” kafedrasının təşkilatçılığı ilə baş tutan “Bir şair ömrünü yaşatmaq üçün” adlı tədbiri giriş sözü ilə direktor Yaqut Sadıqova açaraq xalq şairi Nəriman Həsənzadə ilə bu görüşü yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanın xalq şairi, dramaturq Nəriman Həsənzadənin insanlara bahar ovqatı gətirən şeirləri saysız-hesabsız olduğu qədər, xalqın ona olan sevgisi də hesaba gəlməzdi.
Tədbirin aparıcıları şairin keçdiyi ömür yolundan danışıblar. Qeyd olunub ki, Nəriman Həsənzadənin xarakterindəki səmimilik, təbiilik, dilinin şirinliyi əsərlərində də aydın hiss olunur. Onun yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Bəlkə elə ona görə o, bu qədər sevilir.
Yüksək istedadını əməyi və zəhməti hesabına ortaya qoymağa nail olan, geniş təfəkkürlü, zəngin dünyagörüşlü pedaqoq, xalq şairi, əməkdar incəsənət xadimi, görkəmli alim Nəriman Həsənzadə yaradıcılığının bütün dövrlərində zamanın nəbzini tutmağı bacarıb. O, “Nəriman”, “Kimin sualı var”, “Zümrüd quşu”, “Poylu - beşiyim mənim”, “Vətənsiz”, “Şahid ol, günəş”, “Nuru Paşa” və s. poemaları, yüzlərlə dərin məzmunlu şeirləri, “Pompeyin Qafqaza yürüşü”, “Atabəylər” kimi əsərləri ilə Azərbaycan ədəbi irsini zənginləşdirib.
Sonra Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə iştirak edən 182 və 217 nömrəli tam orta məktəblərin direktorları Zinyət Tağıyeva, Bənövşə Cəfərova şairin həyat və yaradıcılığından söz açıblar.
Məktəbin şagirdləri şairin şeirlərini söyləyib, onun sözlərinə bəstələnmiş “Fikir eləmə”, “Çağır məni”, “Sən bağışladın” mahnılarını səsləndiriblər. Onlar şairin yazdığı “Vətən”, “Ayrılıq” və “Ana” şeirləri mövzusunda apardıqları tədqiqat işlərini nümayiş etdiriblər.
Sonda xalq şairi Nəriman Həsənzadə çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib və tədbir iştirakçılarına yazdığı yeni şeirlərindən söyləyib.

yuxarı ⤴