1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Futzal üzrə Respublika birinciliyi başa çatdı
11.06.2016/№22


İyunun 6-da Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin final mərhələsi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Futzal Futbol Federasiyasının nümayəndələri və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Yarışın final oyunu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda ADBTİA 9:2 hesabı ilə yarışın qalibi olub. İkinci yeri Bakı Dövlət Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutub.
Komandaların mükafatlandırılma mərasimində çıxış edən təhsil nazirinin müavini F.Qurbanov bildirib ki, ilk dəfə təşkil edilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatların təşkil olunduğunu söyləyib. Birinci Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycanda idman sahəsində böyük uğurlar qazanıldığını deyən nazir müavini bir neçə gündən sonra "Formula-1” Avropa Qran-Prisi ilə yenidən dünyanın diqqətinin ölkəmizə yönələcəyini bildirib.
Daha sonra komandalar mükafatlandırılıb. Birinci yerin sahibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin sahibi isə 1500 manat dəyərində pul mükafatı, kubok və medallarla təltif olunublar. Həmçinin, əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 7 nominasiya üzrə qiymətləndirilib.
Respublika birinciliyində 40-a yaxın komanda, 800 tələbə iştirak edib.
Yarışlar AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilib.

www.edu.gov.az


 

 

yuxarı ⤴