1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Ruhdan düşməyin, gələcəkdə mütləq nəticəsini görəcəksiniz”
14.06.2017 / No22

 

 

 


Aziz Sancar Nobel mükafatı, elm və gənclər haqda

Oruc MUSTAFAYEV

İyunun 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancarla görüş və alimin elm yolundan bəhs edən “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçirilib. Konfransda görkəmli alimin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Qonaqları salamlayan UNEC-in rektoru, professor Ədalət Muradov Aziz Sancarın Azərbaycana kimyaçı kimi yox, bir türk, bir alim kimi gəldiyini vurğulayıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tarixində ən əlamətdar hadisələrdən birinin, bəlkə də birincisinin baş verdiyini qeyd edib: “Bu vaxta qədər bir çox Nobel mükafatı laureatları UNEC-in qonağı olub. Ancaq bugünkü qonağın yeri tamamilə yenidir, doğmadır və əzizdir”.

Türk dünyası Aziz Sancarın adını ehtiramla çəkir

İlk növbədə qeyd olunmalıdır ki, ilk türk alimi kimi Nobel mükafatına layiq görülən Aziz Sancar Azərbaycan da daxil olmaqla bütün türk dünyasının elmin zirvəsində təmsil olunmasını təmin edib. Aziz Sancar Nobel mükafatı almaqla sübut edib ki, türk dünyasının içindən də bu yüksək elm adına layiq görülən alimlər çıxa bilər. Və bu, heç kimdə şübhə doğurmamalıdır. Buna görə də bütün türk dünyası Aziz Sancarın adını hörmət və ehtiramla çəkir və müxtəlif formalarda əbədiləşdirir.
Bu gün Azərbaycanda elm və təhsil sahəsində çox böyük irəliləyişlər baş verir, islahatlar həyata keçirilir. Bu islahatların qarşısında duran əsas vəzifələrdən biri də dünyanın müxtəlif ölkələrində çalışan, Azərbaycanın inkişafında marağı olan qiymətli alim və mütəxəssislərlə əlaqələr qurmaq, onların zəngin təcrübəsindən yararlanmaqdır. Aziz Sancar belə alimlərdən biridir. Məhz bütün bunlara görə Təhsil Nazirliyinin rəhbərliyi, şəxsən nazir Mikayıl Cabbarov məşhur alimi ölkəmizə dəvət edib. Onun ilk türk alimi olaraq Nobel mükafatı alması nə qədər qürurludursa, həyatı və fəaliyyəti hər birimiz üçün ibrətamiz və faydalı mesajlarla zəngindir.
Nobel zirvəsinə yüksələn alimlərin elm yolu, həyatları və eləcə də şəxsiyyətləri hər zaman diqqətçəkən məqamları ilə zəngindir. Elə Aziz Sancar işığına yığışanlar da məşhur alimin fikirlərini böyük səbirsizliklə gözləyirdilər.
Görkəmli alim onu elmin ən ali mükafatına aparan kəşflərindən danışıb. Nobel mükafatına layiq görüldüyü DHA-nın kəşfi və bu sahədə apardığı digər tədqiqatlarına toxunub. Alim Nobel mükafatına layiq görülməsi barədə ilk xəbəri necə alması, Stokholmda təltifolunmadan əvvəl keçirilən ənənəvi Nobel dərslərindən, İsveçdə möhtəşəm qəbul zamanı keçirdiyi hisslərdən bəhs edib.


“Mütləq Nobel mükafatı alacağımı düşünmürdüm”

Tanıdığım adamlar hər görüşdükdə məndən “Aziz Sancar, Nobeli nə vaxt alırsan?” deyirdilər. Bir jurnalist həmişə mənə sual verirdi ki, “nə vaxt Nobel alacaqsan?”. Nobel almamışdan bir həftə öncə həmin şəxsi yenə gördüm və mənə eyni sualı verdi. Ona dedim ki, sən bu sualı mənə bir daha ünvanlasan, səninlə danışmayacağam. Çünki Nobel alsam, bunu hər kəs biləcək.
DNA-nın bərpa mexanizmi üzərində üç alim olaraq çalışırdıq. Çalışdığımız mövzular fərqli olduğu üçün bir-birimizlə rəqabət aparmırdıq. Üçümüz də kimya üzrə Nobel mükafatına layiq görüldük. “Mən mütləq şəkildə Nobel mükafatı alacağam”,- deyə düşünmürdüm. Nobeli almaq bir qədər subyektivdir. Nobel mükafatı ala bilməyən görkəmli alimlər də bəşəriyyətə bir sıra töhfələr verib. Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi dünyada məşhur olan Lütfi Zadəni nümunə göstərə bilərəm. Lütfi Zadənin Nobel mükafatına layiq görülməməsi bir alim kimi onun dəyərini azaltmır. Dünyada elə alimlər var ki, insanlığa böyük töhfələri var. Ancaq Nobel almayıblar. Buna görə də Nobel heç də bir göstərici deyil.

“Aziz Sancar yatır, siznən danışmaz”

Məşhur alim Nobel mükafatına layiq görülməsi xəbərini ilk dəfə necə almasının təfərrüatlarını bölüşüb.
Səhər saat 5-də zəng edib mükafata layiq görüldüyümü xəbər vermişdilər. Əvvəlcə telefondakı səxs Aziz Sancarla danışmaq istədiyini bildirdi. Lakin xanımım zəng edənə “Aziz Sancar yatır, o sizinlə danışa bilməz, nə deyəcəksən mənə deyin” dedi. O isə söyləyə bilmərəm deyib. Onlar bir qədər dava ediblər.
Nəhayət, telefondakı şəxs Stokholmdan zəng etdiyini bildirəndə xanımı məsələnin nə yerdə olduğunu anlayıb. “Mənə telefonda yuxulu-yuxulu Nobelə layiq görüldüyümü, ancaq bu barədə heç kimə xəbər verməməyi xahiş etdilər. Rəsmi məlumat yalnız 30 dəqiqədən sonra olacaq dedilər. Mən laboratoriyama getdim və Nobel komitəsinə ilk müsahibə verdim. Çox həyəcanlı idim. Artıq şüurum yerinə gəlmişdi. Ancaq evdə danışdıqlarımı bəlkə də qeyd etməmişdilər...”.

“Nobel dərsində çox həyəcanlı idim”

Dekabrın 10-da Stokholmda mükafatın təqdim olunması mərasimində Nobel mükafatı laureatlarının ənənəvi “Nobel dərsləri” keçirilir. “Nobel dərsləri” çox məsuliyyətli an idi. Bütün elm adamları, akademiklər qarşısında öz kəşfini sübut etməlisən. Çox həyəcanlı idim. Dərsimə 2 ay hazırlıq keçmişdim. Bu mənim üçün çox önəmli anlar idi. Türkiyədə olarkən “Nobel dərsləri”nin çox ciddi olacağını düşünürdüm. Lakin dərs düşündüyümdən də ciddi və ağır keçdi. Türkiyədən, Azərbaycandan, bütün türk dünyasından təbriklər aldım. Hətta Azərbaycanın Vaşinqtondakı səfiri dərhal zəng edib mənə təbriklərini çatdırdı. Nobel çıxışımda da bütün türk dünyasını təmsil edirdim. Çıxışım uğurla keçdi və bildirdim ki, mən bütün türk dünyasına olan borcumu yerinə yetirdim. Daha sonra müxtəlif universitetlərdə çıxışlarım, görüşlərim oldu. Nəhayət, Nobel medalını vermə mərasimi gəlib çatdı. Nobeli almaq üçün kralın otağında gözləyirdik. Mən də yaşlı və yorğun olduğum üçün otaqda yatıb qalmışdım. Çünki çox çalışmışdım. Birtəhər oyandım. Yıxılmadan, ayağım büdrəmədən kralın əlini sıxdım və Nobeli aldım. Nobel mükafatlandırma mərasimi həyatımın ən xoşbəxt anları idi.

“Onlar mənə qəhrəman demədilər”

İsveçdə çox sayda türk işçilər çalışır. Onlar da Aziz Sancarı təbrik ediblər.
Onlar mənə bir plaket göndərmişdilər. Onun üzərində yazılmışdı: “Siz çox çalışdınız, Nobel aldınız, sizi təbrik edirik”. Mən də zəhmət adamıyam. Onlar mənə qəhrəman demədilər, tərifləmədilər, zəhmət adamı kimi qiymətləndirdilər. Bu mənim çox xoşuma gəldi. Çünki mən ən çox əməyə önəm verirəm.
Daha sonra alim gənclərə elm öyrənməyi məsləhət görüb. “Siyasətçiliyi buraxın, elmlə məşğul olun. Çox çalışın, mən də çox çalışdım”.
Alim rəhbərlik etdiyi laboratoriyasında türk cümhuriyyətlərindən olan tələbələrin çalışdığını, gələcəkdə Azərbaycandan tələbələrinin olacağına inamını ifadə edib.

“Elm zaman və səbr tələb edir”

Aziz Sancar Nobel mükafatı aldıqdan sonra başına gələn bir sıra maraqlı hadisələrdən danışıb. Nobelə layiq görülməsi A.Sancarı Amerikada da məşhurlaşdırıb. Nyu-Yorkda məşhur meydanlarda ailəsi ilə gəzərkən hər yerdə onun şəkli asılmış plakatlarla rastlaşıb. Bir dəfə Türkiyədən bir qadın oğlu ilə Amerikaya alimin işlədiyi universitetə gələrək onun elmi işləri ilə maraqlanıb. Qadının oğlu Aziz Sancarın işlədiyi universitetlə maraqlanaraq ora daxil olmaq niyyətində olub. “Oğlan məndən nə üzərində çalışdığımı soruşdu. Dedim bioloji saat mexanizmi üzərində çalışıram. Gənc şəkillərə baxaraq təəccüblə “Elə bu qədər?” dedi. Mən gülərək ona “bunun üzərində 40 il çalışmışam”, - dedim. Bundan sonra oğlan bizim universitetə gəlmədi, başqa yerə getdi. Elm zaman və səbr tələb edir. Elm zaman alır, nəticəni dərhal görməyə bilərsiniz, amma ruhdan düşməyin, gələcəkdə mütləq nəticəsini görəcəksiniz”.
Konfransda UNEC-də Azərbaycan dilinə tərcümə edilən “Aziz Sancarın Nobel Bioqrafiyası” adlı kitabça da təqdim edilib. Daha sonra Aziz Sancar ona ünvanlanmış sualları cavablandırıb.

yuxarı ⤴