1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Şagirdlər dərslikləri səliqəli saxlayırmı?
14.06.2017 / No22

 

 

 


İstifadə müddəti 4 il olan dərslikləri məktəblilər birinci ildə yararsız hala salırlar

Niyazi RƏHİMOV

Sosial şəbəkələrdə rastıma çıxan bir video diqqətimi çəkdi. Təxminən 7-8 yaşında bir qız uşağı məktəb tərəfindən ona verilən dərsliyi cırdığı üçün hönkürərək ağlayır, ağlaya-ağlaya da bu sözləri təkrarlayırdı: “Dövlətin əmanət etdiyi kitabı necə oldu ki, cırdım?! Dövlət kitabı mənə necə veribsə, o cür saxlamaq məcburiyyətindəyəm”. Valideynləri nə qədər çalışsa da, özünü günahkar hesab edən uşağı sakitləşdirə bilmirdi.
Düşündüm ki, görəsən, bizdə dərsliklərə münasibət necədir? Dövlətin milyonlarla manat xərclədiyi dərs vəsaitlərinə uşaqlarımız Türkiyədəki qızcığazda gördüyüm həssaslığı göstərirmi? Ən önəmlisi, məktəb və valideyn bunu onlara təlqin edə bilibmi?
Suallarıma cavab tapmaq üçün paytaxtın Xətai rayonunda yerləşən 55 və 56 nömrəli məktəblərdə oldum. Sinif-sinif gəzib şagirdlərin dərsliklərinə göz gəzdirdim və bu qənaətə gəldim ki, şagirdlər dərsliklərə qarşı heç də yaxşı münasibət göstərmir. Dərsliklərin səhifələri ya yazılıb, ya da əzilib. Çalışmaların demək olar ki, əksəriyyəti dərslik üzərində həll edilib. Bəzilərində qeydlər karandaşla aparılsa da, qələmlə həllini tapan çoxlu tapşırıq gördüm. Xüsusən, riyaziyyat, Azərbaycan dili və ingilis dili dərsliklərində rastıma çıxan qeydlər təəssüf doğurur. Dərsliklərin ilk səhifəsində öz adlarını iri hərflərlə qeyd edən şagirdlərə sanki dərsliklər birillik deyil, ömürlük verilib. Halbuki hər bir dərsliyin istifadə müddəti 4 ildir. Yəni, hər dərslikdən 4 şagird istifadə etməlidir.
Gəlin görək yararsız hala düşən kitabdan sonrakı 3 şagird səmərəli istifadə edə biləcəkmi? Əlbəttə ki, yox. Artıq çalışmaları həll olunmuş riyaziyyat, Azərbaycan dili və ingilis dili dərsliklərinin sonrakı istifadəçisinin tapşırıqlar üzərində “baş sındıracağı” şübhə doğurur. Nəticədə cavabı göstərilən tapşırığı dəftərinə köçürməklə kifayətlənən şagirdin yaradıcılıq, sərbəst düşünmə qabiliyyəti inkişaf etməyəcək. Bu da onun aldığı təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək.
Dərsliklərin yararsız hala salınması başqa bir problemə də zəmin yaradır. Belə ki, dərs ilinin əvvəlində şagirdlərin əksəriyyətinin təzə kitab götürmək həvəsi valideyn və müəllimlər arasında narazılıqlara səbəb olur. Xüsusilə qeyd etmək istəyirəm ki, bu məsələdə məktəbin və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Əgər məktəbdə və evdə şagirdlərlə bu yöndə maarifləndirici söhbətlər aparılsa, dərslikləri yararsız hala salan şagirdlər cəzalandırılsa, vəziyyət bu həddə gəlib çatmaz. Halbuki qanunvericilikdə də nəzərdə tutulub ki, dərslik yararsız vəziyyətə düşərsə və yaxud itərsə, həmin dərsliyin dəyərinin 10 misli dəyərində cərimə olunmalı və yaxud yeni dərslik alınmalıdır. Fikrimcə, məktəb kitabxanaçıları və sinif rəhbərləri tərəfindən il ərzində ən yaxşı dərslik saxlayanlar və yaxud dərsliklə ən pis rəftar edənlər aşkarlansa və məktəb kollektivinə məlumat verilsə, bu cür halların qarşısını almaq olar.
Məsələ ilə bağlı şagirdlərin və kitabxanaçıların da fikirlərini öyrəndik.
55 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Şahin Zeynalov bizimlə söhbətində bildirdi ki, ona verilən riyaziyyat dərsliyində misalların çoxu həll olunub: “Səmimi deyim ki, misalları həll edərkən mənə maraqsız gəlir. Çünki cavablar dərsliyimdə qeyd olunub”.
Şahin dərsliklərdə bəzi vərəqlərin olmamasının da çətinlik yaratdığını bildirdi.
56 nömrəli məktəbin VII sinif şagirdi Sona Eynullayeva isə dedi ki, ingilis dili dərsliyində tapşırıqlar qələmlə işlənilib: “Mövzuya uyğun verilən tapşırıqda şəkilçilər və artikllər yazılıb. Artıq mənim həmin tapşırığı həll etməyimə ehtiyac qalmır. Çünki dərslikdə hamısı qeyd edilib”.
55 nömrəli məktəbin kitabxana müdiri Zəhra Qarayeva isə bildirdi ki, vaxtaşırı siniflərə gedərək dərsliklərlə bağlı maarifləndirici söhbətlər aparır. Lakin bu söhbətlər də bir o qədər müsbət nəticə vermir: “Təəssüflər olsun ki, valideynlər evdə övladlarına dərsliklərdən istifadə qaydalarını, onları səliqəli saxlamağı öyrətmirlər. Kitabların üstündə hətta çay və yağ ləkələri olur. Ən böyük problemimiz isə kitablarda aparılan qeydlərdir. Şagirdlər dərslikləri təhvil verərkən karandaşla işarələdiyi qeydləri pozmur, cırdıqları vərəqləri yapışdırmırlar”.
Cəza tədbirlərinə gəlincə, kitabxana müdirinin sözlərinə görə, tamamilə yararsız hala salınan kitabların əvəzinə təzə kitab tələb edilir. Ancaq valideynlər cərimə ödəməkdən də, məktəbə yeni kitab almaqdan da imtina edirlər.

yuxarı ⤴