1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
Mən yaxşıyam - Siz yaxşısınız
14.06.2017 / No22

 

 

 


Vəfa YAQUBLU,
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru, əməkdar müəllim

Tomas A.Harrisin “Mən OK - Sən OK” kitabının motivləri əsasında müəllim-şagird münasibətlərinə baxış.

Xeyli vaxtdır ki, Tomas A. Harrisin “Mən OK - Sən OK” kitabı bestseller siyahılarındakı yerini saxlayır. Elmi-populyar psixoloji nəşrlər arasında da liderdir. “Müəllim bu kitabdan özü üçün hansı nəticələri çıxara bilər?” sualı ilə Harrisin tranzakt təhlil nəzəriyyəsinə ötəri nəzər salaq.
T.Harrisə görə insanların həyat mövqeləri şərti olaraq belə qruplaşdırılır:
- Mən yaxşıyam - Sən pissən (I’m OK - You’re not OK)
- Mən pisəm - Sən yaxşısan (I’m not OK - You’re OK)
- Mən pisəm - Sən pissən (I’m not OK - You’re not OK)
- Mən yaxşıyam - Sən yaxşısan (I’m OK - You’re OK)
Hər şərti qrup özünəməxsus davranış modeli təqdim edir. Gəlin bu həyat mövqelərini müəllim - şagird müstəvisində şərh edək.
“Mən yaxşıyam - Sən pissən” mövqeyini tutan müəllim hər vasitə ilə şagirdlərə qeyri-kamil olduqlarını anladır - davranışı, ünsiyyət forması, leksikası, mimika və jestləri ilə. Belə müəllim şagirdə qulaq asmağı bacarmır, yalnız özü danışır. Bütün problemli məsələlərə öz nəzər-nöqtəsini yeganə düzgün hesab edir. Açıq suala cavab verən şagird müəllimin ürəyində tutduğu cavabı tapmağa çalışmalıdır, müzakirələrdə onun kimi fikirləşməli və onun kimi reaksiya verməlidir. Bu müəllim qiymətləndirmə alətlərindən şagirdləri cəzalandırmaq üçün istifadə edir. Qiymət müəllimin gözündə damğa kimidir. Müəllim şagirdləri dəyişməyən statik obyekt kimi qəbul edir. Onun fikrinə görə, bir neçə dəfə “2” almış şagirdin heç bir inkişaf perspektivi yoxdur. O, elə “2” alan olaraq qalacaq. Belə müəllim onun gözləntilərinə əks olaraq inkişaf edən uşağın uğurlarına sevinə bilmir. Əksinə, şagirdin inkişafı müəllimi təəccübləndirir. “Səndən nə əcəb?”, “Sən də səhvsiz yaza bilərmişsən” və s. bu kimi düşünülməmiş replikaları ilə inkişafda olan şagirdi incidir.
Bəs bu mövqedə duran müəllim öz davranış modelini necə dəyişə bilər?
- Şagird şəxsiyyətinə hörmət nümayiş etdirməklə;
- Şagirdlər barədə fikirlərinə, sözlərinə, hərəkətlərinə diqqətli olmaqla;
- Hər vəziyyəti diqqətlə təhlil etməklə;
- Özündə və öz nümunəsi ilə şagirdlərində dinləmək vərdişləri formalaşdırmaqla;
- Səbirsizlik nümayiş etdirəndə üzr istəməyi öyrənməklə və s.
“Mən pisəm - Sən yaxşısan” mövqeyini seçmiş müəllim aşağı özünəinam nümayiş etdirir. O, şagirdlərindən sanki qorxur. Fənn biliyi, metodik ustalığı zəif olan, yeni işə başlayan müəllimlər adətən özləri də hiss etmədən şagirdlərə “Mən sizdən pisəm” ismarıcını yollayır. Yeni işə başlayan müəllimin ağlından keçən fikirləri əks etdirən məzəli deyim var: “Görəsən, məndən çəkinən bu uşaqlar mənim onlardan çəkindiyimi anlamırlar ki?”. Belə müəllim hər dəfə sinfə girəndə stress keçirir, dərs qurtaranda rahat nəfəs alır. Şagirdlərlə göz təmasından çəkinir; diqqəti mövzuya fokuslanmır, əksinə, bütün fikri özündə olur. Şagirdlərin gözündə necə göründüyü onu öyrətmə və öyrənmə prosesindən daha çox narahat edir. Bu səbəbdən özünü dərsdə qeyri-səmimi aparır. Olduğundan daha yaxşı görünməyə çalışır. Yaranan problemləri şagirdlərlə birlikdə həll etməkdən çəkinir, istənilən problemin münaqişə yaradacağını düşünür. Aşağı özünəinam hissi isə onu istər-istəməz münaqişəyə cəlb edir. Belə müəllim yaranmış münaqişələri konstruktiv həll etməkdə çətinlik çəkir.
“Mən pisəm - Sən yaxşısan” davranış modelində hərəkət edən müəllimlərə tövsiyələr:
- özünəinam hissini inkişaf etdirin;
- dərs zamanı bütün fikrinizi mövzuya və şagirdlərə cəmləyin, özünüz barədə düşünməyin;
- şagirdlərlə göz təmasına girməyə alışın;
- fənn bilikləriniz və metodik bacarıqlarınız üzərində işləyin.
“Mən pisəm - Sən pissən” baxdığımız variantlar arasında ən ağır situasiyadır. Belə müəllim nə özünü, nə də peşəsini sevmir. Özünü uğursuz sayır, uğursuzluğunda isə şagirdləri günahlandırır. Onun dərsində intizam məsələləri əsas mövzudur. Müəllim dayanmadan şagirdlərdən itaət, diqqət, sakitlik tələb edir. Diqqət və sakitlik bərqərar olan nadir hallarda isə nə edəcəyini bilmir. Bütün enerjisini lazımsız moizələrə sərf edir. Belə müəllimlərə tövsiyə konkretdir: “Sevdiyiniz işlə məşğul olun, alınmırsa, gördüyünüz işi SEVİN”. Siz ya peşədən getməlisiniz, ya da peşənizi sevməlisiniz. Özünüzdə peşənizə qarşı sevgi yarada bilsəniz, tutduğunuz həyat mövqeyinin neqativ təzahürləri yavaş-yavaş keçəcək və siz daha harmonik mövqeyə doğru gedəcəksiniz.
Nəhayət, “Mən yaxşıyam - Sən yaxşısan” həyat mövqeyi - ən adekvat, ən faydalı, ən rahat model. Bu model müəllim və şagirdlər arasında uğurlu münasibətlərin əsasını təşkil edir. Bu cür davranan müəllim həm özünü, həm peşəsini, həm də şagirdlərini yüksək qiymətləndirir. Bütün interaksiyalar qarşılıqlı hörmət atmosferində cərəyan edir. Müəllim dayanmadan öyrənmə prosesini istiqamətləndirir. Göz təması ilə bütün şagirdlərə diqqət ayırır. Şagirdlərin uğurunu planlaşdırır, onların uğurlarına sevinir, rəğbətləndirməyi bacarır. Onun leksikasında “səhv” sözü “təcrübə qazanmaq” ifadəsi ilə sinonimdir. Belə müəllim dərs zamanı yorulmur, yəqin ona görə ki, ətrafında güclü enerji mübadiləsi gedir - şagirdlərinə ötürdüyü 1 porsiya pozitiv enerjinin əvəzinə onlardan 20-25 porsiya enerji alır. Bu müəllimin dərsində intizam problemləri yaranmır - axı hamı pozitiv mühitdə maraqlı işlə məşğuldur (məlumdur ki, destruktiv hərəkətlər darıxan uşaqların reaksiyasıdır).
Belə müəllimlərə tövsiyə:
- Sıralarınızı genişləndirin, gənc müəllimlərə hamilik edin.
Sizi alqışlayırıq. Yaxşı ki, varsınız!
Unutmayaq ki, uşaqlar eşitdiklərini deyil, gördüklərini öyrənirlər. Hər bir müəllim öz həyat mövqeyi ilə şagirdlərinə də güclü təsir edir. Öz davranış modelini təhlil edib düzgün inkişaf yolu tapan müəllim sinfindəki uşaqları da, ətrafını da harmoniyaya doğru aparır.
 

yuxarı ⤴