1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Bir müəllif, bir əsər”
Oxuyub-yazmağı öyrətdiyi adam onu məşhur etdi
14.06.2017 / No22

 

 

 


Xalid Hüseyni və “Min möhtəşəm günəş” romanı

Gülnarə İLHAM

Müsahibələrinin birində müxbirin “Əfqanıstanın gələcəyi barədə nə düşünürsünüz?” sualına inamla cavab verir: “Ümumiyyətlə, daxilən pozitiv insanam, Əfqanıstanın gələcəyi ilə bağlı ümidlərimi də çalışıram yaxşı istiqamətə kökləyəm”.
Dünya onu əfqan əsilli Amerika yazıçısı kimi tanıyır. Yəqin çoxlarına bu təqdimat kifayət edir ki, söhbətin məhz Xalid Hüseynidən getdiyini anlasın. Bu yazımızda dünyanın ən çox oxunan müəlliflərindən biri və onun bestseller əsərlərindən olan “Min möhtəşəm günəş”dən danışacağıq.

Hüseyni ailəsinin mühacirəti

Xalid Hüseyni 1965-ci il martın 4-də Kabildə beş uşaqlı ailənin ilk övladı olaraq doğulub. Atası Nasir Xarici İşlər Nazirliyində diplomat, anası qızlar məktəbində fars dili müəllimi işləyib. Heratlı olan anası əslinin puştun Mohammadzai qəbiləsindən gəldiyini deyirdi. Xalidin uşaqlığı orta təbəqənin yaşadığı Vəzir Əkbər Xan məhəlləsində keçib. Kabil balaca Xalidin nəzərində təbiətinə, hər küçəsinə ürəkdən bağlı olduğu, günü-gündən böyüyən, inkişaf edən sevimli şəhəri idi. O, əmisi uşaqları və digər həmyaşıdları ilə bu küçələrdə doyunca oynayar, birlikdə çərpələng uçurardılar. Sonralar bu çərpələng uşaqlığından uçub geri gələcək, Xalidin ilk əsərinin ən gözəl xatirələrini bəzəyəcəkdi.
Xalidin beş yaşı olanda atasının iş yeri dəyişdirilir və Əfqanıstanın İrandakı səfirliyinə göndərilir. Ailə 1973- cü ildə geri qayıtsa da, qarşıdakı növbəti üç ildən sonra həmişəlik gedəcəklərini ağıllarına belə gətirməzdilər.
Ata Hüseyninin yeni təyinatı Fransaya idi. 1976-cı ildə artıq Xalidin 11 yaşı vardı. Böyümüşdü, hissləri daha məntiqli idi, sevdiyi şəhərdən, qohumlardan, dostlardan uzaq düşmək onu çox kədərləndirirdi. Valideynləri oğullarına təsəlli verərək tezliklə qayıdacaqlarını deyirdilər. Ancaq onlar haradan bilərdilər ki, Xalid vətəni ilə növbəti görüşünə qədər düz 27 il gözləməli olacaq.
“Kabildə çoxlu dostumuz, bizə yaxın ailələr vardı. Kommunist qoşunlarının ölkəyə girişi özü ilə bərabər qətllər, qanunsuz həbslər, edamlar gətirdi. Beləcə, hər gün bir yaxınımızı itirirdik. Bu, dəhşət idi. Hətta həmin ərəfədə gələcək yoldaşımın dayısı, Kabilin məşhur bəstəkar və müğənnisini də oğurlamışdılar. Heç kəs onun hara qeyb olduğunu, kim tərəfindən, niyə qaçırıldığını bilmədi. Kabildən gələn bu dəhşətli xəbərləri çox həyəcanla, ürək ağrısı ilə Avropadan izləyirdik. Bəli, inanmaq istəməsək də, xəbərlər gerçək idi və bizim evimiz bu gerçəkliyin ağırlığı altında əzilirdi”.
1978-ci ildən başlayaraq Əfqanıstanda daxili siyasi qüvvələr arasında münaqişələrin miqyası genişlənməyə başladı. Belə bir çaxnaşmadan istifadə edən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi ölkəyə qoşun yeritməklə Əfqanıstanın gücünü kökündən sarsıdır, qədim əfqan torpağında illərlə silinə bilinməyən ağır müharibə izləri qoyur.
1980-ci ildə ata Hüseyninin Fransadakı iş müqaviləsi bitmək üzrə idi. Ailə ölkədə yaranan qaçqın axınına qarşı getməkdənsə, onlara qoşulmaq qərarına gəlir. Çünki belə şəraitdə ölkəyə dönmək ölüm-qalım savaşının ortasına atılmaq demək idi. Ona görə də Nasir Hüseyni Amerikadan siyasi sığınacaq alaraq ailəsi ilə birlikdə Avropadan birbaşa ora yollanır.

Əcnəbi ailənin yeni həyat mücadiləsi

Hüseynilər Kaliforniya ştatında məskunlaşırlar. Bura gəldiyi ilk günlərdə ailə əməlli-başlı mədəniyyət şoku yaşayır. Qaçqın komitəsi Xalidi ingilis dilində heç bir dil kursuna göndərmədən San Xosedəki liseyə yazdırır. İngilis dilində bir kəlmə də bilməyən yeniyetmə elə ilk dərs günündən həmyaşıdlarının soyuq münasibətini həzm etməli olur.
“Məni görməzlikdən gəlirdilər, lisey mədəniyyətinə tamamilə yad idim, özümü zərərli varlıq kimi hiss edirdim”.
Valideynlərinin vəziyyəti daha ağır idi. Atasının əvvəlki nüfuzu burada qətiyyən rol oynamırdı. Əfqanıstanın tanınmış ailələrindən olan Hüseynilər kaliforniyalıların diqqətindən kənarda qalmışdılar. Vaxtilə müəllim işləyən anası indi ofisiant, diplomat atası isə sürücü təlimçisi kimi çalışırdı. Lakin illər keçdikcə Xalid bu sivil mühitdə yalnız yüksək təhsil sayəsində inkişaf edə biləcəyini anlayır. San Xosedə 1984-cü ildə liseyi yüksək nəticələrlə başa vuraraq, Santa Klara Universitetinin biologiya fakültəsinə qəbul olunur. Amma arzuladığı peşə həkimlik idi. Ona görə də yenidən təhsil almaq qərarına gəlir. Növbəti il San-Diyeqo Kaliforniya Universitetinin Tibb məktəbinin tələbəsi adını qazanır. Əsas tibb təhsilini isə 1996-cı ildə Los-Ancelesdəki Sidar-Sina Tibb mərkəzində tamamladıqdan sonra 10 il müddətində həkim kimi çalışır. Yəni, ta ilk romanı “Çərpələng uçuran”ın yazıçısı olaraq tanınana qədər.

Amerikansayağı əfqan yazıçısı

Xalid uşaqlığı, xatirələri ilə bağlı kiçik hekayələr yazırdı. Ancaq bunları kitab halına salmağı, bir gün böyük əsər yazacağını ağlına gətirməzdi. BMT QAK-ın xətti ilə 27 ildən sonra ilk dəfə ölkəsinə getməsi, gördüyü mənzərələr qarşısında xəyal qırıqlığı roman yazmağına səbəb oldu. Xüsusən həyat yoldaşı Röya və qayınatası Xalidi bu işə cəsarətləndirdilər. Beləcə, “Çərpələng uçuran” 2003-cü ildə çapdan çıxdı. Gənc yazıçının gözündə bu, adi bir mühacirin həyatının yaşadıqlarından, həyatından parçalar idi. Əlbəttə, çoxları üçün maraqlı olmazdı, deyə düşünürdü. Ancaq kitab onun düşündüyünün əksinə, sürətlə oxucu kütləsi qazandı, iki ildən çox müddətdə “Nyu-York Tayms”ın ən çox satılan kitablar siyahısının birincisi oldu.
Əslində, Xalidin həyatında yazıçı olmağına təsir edən bir çox məqam vardı. Fərqli mədəni mühitlərdə yaşaması, zəngin mütaliəsi onun dünyagörüşünün, təxəyyülünün formalaşmasında böyük rol oynamışdı. Hələ uşaqlıq illərində fars ədəbiyyatının nümayəndələri Rumi, Hafiz, Ömər Xəyyam və digərlərini oxumuşdu. İlk əsəri “Çərpələng uçuran”ı (The kite runner) yazdıran adam isə uşaqlığının yaddaşına xoş təəssüratla ilişib qalan Hüseyn Xan olub. Xalidin atası İranda işlədiyi vaxtlarda Hüseyn Xan onların qaldığı evdə işləyirdi. Yazıb oxumağı bacarmayan Hüseynə 3-cü sinifdə oxuyan Xalid kömək edir. Onların arasında dərin dostluq olmasa da, bu səmimi münasibət sonralar yazıçının Həsən və Amir obrazları arasındakı əlaqələri təsvir etmək baxımından ilham mənbəyi olur. İlk romanı özünün də gözləmədiyi böyük səs-küy doğurur və bir anda onu nəinki Amerika, digər ölkələrdə də tanımağa başlayırlar.
Bu əsərin ab-havası yazıçının gələcək əsərlərinin yazılmasına böyük stimul olur. Sonrakı iki əsəri də Xalid Hüseyninin uğurlarını ikiqat artırır. O, 2007-ci ildə “Min möhtəşəm günəş” (A Thousand Splendid Suns), 2011-ci ildə isə “Və dağlardan səda gəldi” (And the Mountains Echoed) romanları ilə oxucularını sevindirir.

Xalid Hüseyni Fondu

Qeyd etdiyimiz kimi, neçə illərdən sonra BMT QAK-ın yardım heyətinin tərkibində vətəninə gələn yazıçı ölkəsinin ağır sosial şəraitindən çox təsirlənir. O, vaxtilə bu qaranlıqdan qaçıb qurtulmaqla geridə buraxdıqları adına çox üzüldüyünü və özünü günahkar gördüyünü etiraf edir. 2007-ci ildə Əfqanıstanın şimal bölgələrinə səfər edən Xalid Hüseyni bura geri qayıdan və hazırda BMT QAK-ın layihələrinə dəstək verən qaçqınlarla söhbətləşir, onların əzminə heyranlığını bildirir. Həmvətənlərinin insani fədakarlığı ona “Xalid Hüseyni Fondu”nu yaratmağa vəsilə olur. O gündən bəri fond qadın, uşaq haqları, təhsil və sağlıq layihələrinə dəstək verir. Əfqanıstanda ali təhsil almaq istəyən qadınlara təqaüdlər ayırır, tibb təhsili almalarına xüsusi yardım göstərilir. Bu illər ərzində yorulmadan çalışması, əzmkarlığı qiymətləndirilərək 2013-cü ildə BMT QAK tərəfindən Xoşməramlı Səfir seçilir.
Xalid Hüseyni hazırda Şimali Kaliforniyada xanımı Röya, övladları Həris və Fərəhlə birgə yaşayır. Həm yazıçılıq karyerasına, həm də həkimlik peşəsinə davam edir.

“Min möhtəşəm günəş” əsərinin qısa məzmunu

Yazıçı fərqli illərdə, fərqli məkanlarda doğulan iki əfqan qadın - Məryəm və Leylanın həyatını təsvir edir. Əsərin birinci hissəsində nikahdankənar doğulan Məryəmin doğmalarından, cəmiyyətdən uzaqda, ucqar bir kənddə başlanan həyatı ilə tanış oluruq.
“Dediyinə görə, yeni bir qızı olduğunu xəbər alanda Cəlil çiyinlərini silkələyib atının boynundaki incə tükləri oxşamağa davam etmiş və taxtı-səfərdə daha iki həftə qalmışdı”.
Dövrün ictimai əxlaq qanunları, qadın hüquqsuzluğu digər qardaş və bacılarının əksinə olaraq Məryəmin sevgidən, mərhəmətdən uzaq böyüməsinə gətirib çıxarır. Bu sevgisizlik onun qisməti idi. Sevmədiyi insana könülsüz ərə gedən çarəsiz qadın elə bədbəxtliyin içində boğulacaqdı.
“Həmişəlik yadında saxla, qızım, şimal səmti göstərən kompasın əqrəbi kimi kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır”.
Əsərin ikinci hissəsində biz yeni qəhrəmanı - Leylanı tanıyırıq. Məryəmdən fərqli olaraq, Leyla çox alicənab, elmə dəstək olan, qızının təhsil alması üçün əlindən gələni əsirgəməyən bir atanın qızı kimi doğulub. Ailəsi, ətrafı daha açıq fikirli, sərbəst düşüncəli insanlardır. Ancaq Əfqanıstanı caynağına alan müharibə ölkəni fəlakətə sürüklədikcə buradakı dini təriqətlərin savaşının günahını insanlar ödəməli olur. Məhz bu hadisələr fonunda iki qadının həyat yolu kəsişir. Əvvəlcə rəqib görünsələr də, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparmaq qərarına gəlirlər. Ancaq sonda iki qadından birinin fədakarlığı digərinə xoşbəxtlik bəxş edir.
Sevinc, kədər, güc, mübarizə, sevgi hissinin sizi sona qədər izləyəcəyi bu əsər çoxunuzun xoşuna gələcək. Həm də əfqan mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacaqsınız. Odur ki, əsəri oxumayanlara bu həftəlik “Min möhtəşəm günəş” i tövsiyə edirik.

yuxarı ⤴