1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ümumtəhsil müəssisələrinin keyfiyyət təminatı sisteminin yaradılmasında yeni addımlar
14.06.2017 / No22

 
 

 

 


Fəridə HÜSEYNOVA,
Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi Akkreditasiya şöbəsinin aparıcı mütəxəssisi

Azərbaycan Respublikasında təhsilin bütün pillələri üzrə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların öyrənilməsi və tətbiqi sahəsində yeni addımlar atılmağa başlanmışdır. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində əhəmiyyətli və faydalı planlar hazırlamış, təhsil müəssisələrinin yerli və beynəlxalq rəqabət qabiliyyətliliyini artırmaq, əmək bazarının, cəmiyyətin və iqtisadi inkişafının gözləntilərinə uyğun olaraq fəaliyyətini yaxşılaşdırmağa dəstək verən qayda və standartların hazırlanmasına başlamışdır. Akkreditasiya və Nostrifikasiya İdarəsi beynəlxalq akkreditasiya agentlikləri və təşkilatları arasında əməkdaşlıq edərək ölkəyə və təhsilimizə keyfiyyətin yüksədilməsi istiqamətində uğurlu təcrübələri gətirir. Akkreditasiya və Nostrifikasiya İdarəsi 2016-cı ildən Avropa Universiteti Assosiasiyasının ENQA və Finlandiyanaın FİNEEC Təşkilatına üzv olmuşdur. Yeni akkreditasiya qaydalarının məhz Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinə, Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə standartlara (ESG) əsaslandığına böyük önəm verilir, hazırlanan qaydalar və standartların təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sistemlərinə uyğunlaşdırılması idarənin qarşısında əsas məqsəd kimi qoyulmuşdur.
Sənəddə eyni zamanda müəssisələrin öz daxili keyfiyyət təminatı üzrə siyasətlərini bütün əlaqədar strukturlar vasitəsilə həyata keçirməli olduğu, bu prosesə maraqlı tərəflərin cəlb olunması vacib faktor kimi vurğulanır.
Bu qaydalara əsasən respublikamızda ali təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin ümumtəhsil məktəblərində əks-əlaqə yaratması və davamlı olaraq ümumtəhsil müəssisələrinin də akkreditasiyasının vacibliyini sübut etdi. Bu məqsədlə Akkreditasiya və Nostrifikasiya İdarəsində Ümumtəhsil Müəssisələrinin Akkreditasiyası sektoru ümumtəhsil müəssisələrində keyfiyyət təminatı sisteminin yaradılması sahəsində məqsədyönlü işlər aparmaqdadır. Bu sektor ümumtəhsil müəssisələrnin hüquq-normativ sənədlərə, standart və meyarlarla, beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsini uyğun, sistemli obyektiv təhlilini və ekspertizasını keçirməyi nəzərdə tutaraq, onun məqsədəuyğunluğunu, düzgünlüyünü müəyyən etmək üçün konseptual bir prosesi həyata keçirməyə hazırlaşır. Məhz ümumtəhsil müəssisəsinin müasir qaydalar və standartlar əsasında qiymətləndirilməsi keyfiyyət göstəricilərinin dəyəri haqqında fikir yürütməyə imkan verir.
Qeyd etmək lazımdır ki, müasir dövrdə orta ümumtəhsil müəssisələrinin daxili keyfiyyətin təmin olunması ilkin mərhələdədir. Ümumitəhsil müssisəsinin müəyyən dövr üçün fəaliyyətini dəyərləndirmək, təhsilə qoyulan tələb və standartların icra vəziyyətini araşdırmaq, məktəbdə mövcud olan problemləri müəyyənləşdirmək, eyni zamanda məktəbin rəhbər heyətinin illik fəaliyyətini dəyərləndirməklə ümumilikdə tədrisin keyfiyyətini, sağlam psixoloji mühiti və əməkdaşlıq münasibətlərini qiymətləndirmək məqsədi daşıyır.
Ənənəvi olaraq cəmiyyətimizdə valideynlərin, icmanın “Yaxşı məktəb” - anlayışı haqqında düşüncələri daha çox güclü maddi-texniki bazası olan, savadlı müəllimlərin cəlb olunduğu, yaxşı müəllim-şagird münasibətlərinin mövcud olduğu və sonda imtahan nəticələrinə görə ön yeri tutan məktəblərdir. Öz övladı üçün məktəb seçən valideyn ilk öncə məktəbin rahat şəraiti, tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, müasir texnologiyaların tətbiqi ilə daha çox maraqlanır. Bu komponenetlərin sistemli şəkildə bir-birini tamamlaması tədrisin keyfiyyətinə birbaşa təsir edir. Tədrisin keyfiyyəti onun hansı şəraitdə, mühitdə və prosesdə inkişaf etdirilməsindən daha çox asılıdır. Beynəlxalq təcrübə sübut edir ki, qiymətləndirmə nəticələri məktəb fəaliyyətinin səmərəliliyini göstərən vasitələrdən biri olsa da, bu, ümumtəhsil müəssisəsinin tam keyfiyyət göstəricilərini özündə ehtiva etmir. Təhsildə qiymətləndirmə üzrə beynəlxalq tənqidçilər ümumtəhsil müəssisəsinin yalnız imtahanlara və ya vəsaitin istifadəsinə əsaslanmadığını qeyd edirlər. Ümumtəhsil müəssisəsinin fəaliyyətinin dəyərləndirilməsi prosesi üç məqsədə xidmət edir: tədris üzrə məlumatların toplanması və təhlil edilməsi, qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi, məktəb fəaliyyətinin qiymətləndirilməsi, dəyişikliklər istiqamətində yeniliklər üçün müvafiq təkliflərin verilməsi. Bu baxımdan, ümumtəhsil sisteminin dəyərləndirilməsi üç əsas istiqaməti özündə birləşdirir: xarici nəzarət, daxili nəzarət və ya özünüdəyərləndirmə və şagird nailiyyətlərinin qiymətləndirilməsi, nəticələr - imtahanlar.
Məlumdur ki, təhsildə qiymətləndirmənin başlıca məqsədlərindən biri şagird nailiyyətləri haqqında məlumatların toplanmasıdır. Bu fakt məktəblərin son imtahan nəticələri üzrə məlumatların toplanması kimi yox, bu nəticələrin necə və hansı yolla əldə olunmasını qiymətləndirmək kimi başa düşülməlidir. Bu məlumatlar təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, maddi resursların düzgün bölüşdürülməsi ilə bağlı müvafiq qərarların qəbul edilməsində böyük rol oynayır.
Təhsil üzrə beynəlxalq ekspertlərin fikrinə görə, ümumilikdə təhsil sisteminin keyfiyyətinin müəyyənləşdirilməsinə məhz məktəbdən başlamaq arzulanan səmərəni verə bilər. Bu bir faktdir ki, ümumtəhsil müəssisəsinin işi nə qədər sistemli qurulsa da, əsl keyfiyyət səviyyəsi sinifdaxili prosesdən asılıdır. Məktəblər idarə-edici komponentlərinin birləşdiyi, ünsiyyətin daha çox formalaşdığı və öyrədən-öyrənən prosesində keyfiyyətin qazanıldığı bir məkandır.
Bugünkü ümumtəhsil müəssisəsi təhsilalanların unikal imkanlara çıxışını təmin etməklə yanaşı, onları bir çox cari problemlərin həllinə cəlb etməyi vacib sayır. Ümumtəhsil müəssisəsinin məqsədi cəmiyyətə real həyat problemlərində, ölkənin iqtisadi və sosial, mədəni sahələrinin inkişaf etdirilməsində müəyyən kompetensiyalara və əmək bazarının tələblərinə uyğun potensial gücə malik insan yetişdirməkdir.
Təcrübə göstərir ki, ümumtəhsil müəssisələrində keyfiyyət təminatı sisteminin yaradılması müəssisənin fəaliyyət istiqamətinin və xarakterinin kökündən dəyişilməsi üçün bir çox sahələrin təkmilləşdirilməsini və inkişaf etdirilməsini əsas götürməlidir.
Məktəblərin akkreditasiyası keyfiyyəti hansı formada təmin edir?
* Fəaliyyət standartları və məktəblərdən tələb olunan keyfiyyəti müəyyənləşdirməklə gözləntiləri artırır.
* Zəif və güclü tərəfləri aydınlaşdırır.
* Məktəb üçün təxirəsalınmaz inkişaf istiqamətləri və sonrakı inkişaf mərhələlərini təklif edir.
* Məktəblərin öz inkişafını təmin edəcək qabiliyyəti artıracaq ciddi özünüqiymətləndirməni təsdiq edir.
* Zəif məktəblərin fəaliyyət və inkişafını nəzarətdə saxlayır və idarəedici heyətə dəstək olur.
Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin keyfiyyət standartları və göstəricilərinin ümumi müddəaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)”na, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə, “Təhsil müəssisələrində iaşə və tibb xidmətin təşkili Qaydası və Normaları”na və “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nə əsasən hazırlanmışdır. Təşkilati-hüquqi formasından, statusundan və mülkiyyət növündən asılı olmayaraq respublika ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin fəaliyyəti bu sənədlə tənzimlənir.
Ümumi təhsil pilləsinin keyfiyyət standartları və göstəricilərinin hazırlanmasında məqsəd ümumtəhsil müəssisələrinin fəaliyyətinə təsir edən amilləri müəyyənləşdirmək, təhsilin keyfiyyətini təmin etmək üçün pedaqoji prosesin vahid tələblər əsasında təşkilinə nail olmaqdır.
Ümumi təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi və akkreditasiyası ümumi təhsil pilləsinin keyfiyyət standartları və göstəriciləri əsasında aparılır və müvafiq qaydada qiymətləndirilir, reytinqi müəyyən edilir.
Akkreditasiya və Nostrifikasiya İdarəsi beynəlxalq təcrübə nümunələrini nəzərə alaraq ümumtəhsil müəssisəsinin akkreditasiyasını təşkilati-hüquqi formasından, statusundan və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasında ümumi təhsil müəssisələrinin keyfiyyət standartları və göstəricilərini aşağıda qeyd olunan 7 istiqamət üzrə müəyyən etmişdir:
- ümumi təhsilin idarə olunması;
- ümumi təhsilin məzmunu;
- təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi;
- ümumi təhsil müəssisələrində təlim-tərbiyə mühiti;
- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi;
- ümumi təhsilin infrastrukturu;
- ümumi təhsil müəssisələrinin maddi-texniki bazası.
İşçi qrupu tərəfindən hazırlanmış istiqamətlər və keyfiyyət standatları layihə şəklində müzakirə olunur və təsdiq olunduqdan sonra ümumtəhsil məktəblərinə təqdim olunacaq. Bu sahədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsildə Keyfiyyətin təmin olunması şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər bu layihənin hazırlanmasına cəlb edilmiş və böyük təşəbbüslə iş aparmaqdadırlar.
Akkreditasiya və Nostrifikasiya İdarəsi maraqlı tərəf kimi işlək əlaqə qurduğu təşkilatlar Azərbaycan Respublikası Təhsil İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və İngiltərənin Tony Bleyer Assosiasiyası ilə əməkdaşlıq edir.
13-15 may 2015-ci il tarixlərində BŞTİ-nin İngiltərənin Toni Bleyer Assosiasiyası ilə məktəb qiymətləndirilməsi üçün birgə OFSTED modeli üzrə məktəblərin qiymətləndirilməsini beynəlxalq təcrübə əsasında sınaqdan keçirmiş və müəyyən səmərə əldə etmişlər. Məqsəd məktəbin fəaliyyətini izləmək, ölçmək, obyektiv sübutlar əsasında dəyərləndirmək və daha sonra şəhər və ölkə miqyasında məktəbin reytinqini müəyyənləşdirməkdən ibarət idi. Belə təcrübələrin öyrənilməsi və tətbiq edilməsi ümumtəhsilin keyfiyyətinə təsir edən addımlardan biridir. Davamlı şəkildə beynəlxalq təcrübənin öyrənilməsi və ümumtəhsil müəssisələrində tətbiqi yeni addımlardandır.
Akkreditasiya şöbəsi ümumtəhsil müəssisəsinin keyfiyyət təminatı üzrə yuxarıda göstərilən sahələrin qiymətləndirilməsi üzrə tələb və meyarların hazırlanmasına və yaxın gələcəkdə məktəblərimizdə gözləntilərin əldə olunması üçün uyğun mütəşəkkil addımlar atmağa başlamışdır. Gələcək planlarımızda layihələrə qoşulmaq, təhsil islahatlarının tələblərinə uyğun məktəb rəhbərləri və pedaqoji heyət üçün göstərilən sahələr üzrə öyrədici təlimlər həyata keçirmək, istiqamətverici təlimatlar hazırlamaqdır.

yuxarı ⤴