1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 23.06.2017

// 23.06.2017




 

 
Reytinqini göstər, deyim kimsən
14.06.2017 / No22

 

 

 


Yaxud dünyanın ən nüfuzlu təhsil ocaqları necə müəyyən olunur

Rüstəm QARAXANLI

Gündəlik həyatımızda mütəmadi rastlaşdığımız məfhumlardan biri də reytinqdir. İngiliscə “rate” sözündən törəmə olan reytinq müəyyən obyekt və ya hadisənin əhəmiyyət və vacibliyini əks etdirən rəqəmsal və nizam göstəricisidir. Ən müxtəlif sahə və məhsulların uğur və populyarlıq göstəricisi olan reytinq hər hansı qiymətlər alqoritmi üzrə parametr, yaxud parametrlər qrupunun müəyyən edilməsidir. Başqa sözlə, reytinq bir qiymətləndirmə, sıralama, təsnifat, nizamdır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təhsil ocaqlarının da reytinq göstəriciləri var və biz buna alışqanıq ki, il ərzində fərqli şirkətlər universitetlərin populyarlıq göstəricilərini dərc edirlər. Bu dəfə biz bu reytinqlərdən bir neçəsinə və onların necə tərtib olunmalarına diqqət yetirəcəyik.

Times Higher Education

Dünyanın ən nüfuzlu universitetlərinin reytinqi olan “The World University Rankings” tanınmış təhsil ocaqlarının sıralamasını əks etdirən qlobal araşdırmadır. “Thomson Reuters” informasiya qrupunun dəstəyi ilə Britaniyanın “Times Higher Education” nəşrinin metodikası ilə hazırlanır. Universitetlər üzrə qlobal reytinqlər sahəsində ən nüfuzlulardan biri hesab olunur. Bu reytinq 2010-cu ildən fəaliyyətə başlayıb və bu sahədə “Global Instituonal Profiles Project” layihəsi çərçivəsində həyata keçirilir. Reytinq 2004-cu ildən “Times Higher Education”la “Quacquarelli Symonds”un birgə məhsulu hesab olunurdu. Lakin 2010-cu ildən “Times Higher Education” “World University Rankings”, “Quacquarelli Symonds” isə “QS World University Rankings” reytinqlərini ayrı-ayrılıqda təqdim edirlər.
Universitetlərin nailiyyət səviyyəsi onların fəaliyyətlərinin statistik analizinin kombinasiyalı nəticələri və beynəlxalq akademik cəmiyyətlə işəgötürənlərin ekspert sorğularının yekunları əsasında müəyyən olunur. Bu sorğular bütün dünyadan on minlərlə elm adamını əhatə edir. Ekspertlərin seçimi zamanı ən çox önəm verilən kriteriyalar bunlardır: fəaliyyətdəki məhsuldarlıq və istinad, ali təhsil ocaqlarında elmi və təhsil fəaliyyəti (ən azı 16 il), minimum 50 dərc edilmiş elmi iş və s. Sorğular zamanı ekspertlər 12 minə yaxın obyektdən ən yaxşı təhsil ocaqlarını - magistr və doktorluq səviyyəsində təhsili davam etdirmək üçün universitetləri seçirlər.
Bu reytinqə görə, ali məktəblərin fəaliyyətilərinin analizi 13 göstəricinin kompleksindən tərtib olunur. Əsas qiymətləndirici kriteriyalar aşağıdakılardır: beynəlxalq tələbə və müəllim mobilliyi, beynəlxalq təqaüd proqramlarının sayı, elmi araşdırmaların səviyyəsi, elmi məqalələrin sayı, elmi məqalələrdən sitatgətirilmə, innovasiyalara yatırım, təhsil xidmətlərinin səviyyəsi və s.

Reytinqin hesablama metodikası

1. Təhsilin səviyyəsi və elmi fəaliyyət də daxil olmaqla akademik reputasiya;
2. Müəyyən sahələrdə elmi reputasiya;
3. Elmi işlərin dərci (son 5 ildə 12 min jurnalın göstəriciləri əsasında);
4. Dərc edilmiş elmi işlərin professor-müəllim heyətinin sayına nisbəti (son 5 ildə 12 min jurnalın göstəriciləri əsasında);
5. Professor-müəllim heyətinə nisbətdə araşdırmalara yönəldilmiş maliyyənin həcmi;
6. Professor-müəllim heyətinə nisbətdə kənar şirkətlərin universitetin elmi işlərini maliyyələşdirmə həcmi;
7. Dövlətin elmi araşdırmaları maliyyələşdirməsinin universitetin ümumi araşdırma büdcəsinə münasibəti;
8. Professor-müəllim heyətinin təhsilalanların ümumi sayına nisbəti;
9. Əcnəbi professor-müəllimlərin sayının yerli həmkarlarına nisbəti;
10. Əcnəbi tələbələrin sayının yerlilərlə müqayisədə nisbəti;
11. Müdafiə olunmuş dissertasiyaların (Ph.D) müəllim heyətinə nisbəti;
12.Müdafiə olunmuş dissertasiyaların (Ph.D) magistraturaya gedən bakalavrların sayına nisbəti;
13. Müəllim heyətinin təmsilçisinə verilmiş mükafatın orta həddi (məbləğ konkret ölkənin iqtisadi durumu və alıcılıq imkanından irəli gələrək müəyyən edilir).
Bu reytinqin 2016-2017-ci illər üçün ilk “onluğ”u belədir:
1. Oksford Universiteti - Böyük Britaniya;
2. Kaliforniya Texnoloji İnstitutu - ABŞ;
3. Stenford Universiteti - ABŞ;
4. Kembric Universiteti - Böyük Britaniya;
5. Massaçusets Texnoloji İnstitutu - ABŞ;
6. Harvard Universiteti - ABŞ;
7. Prinston Universiteti - ABŞ;
8. London İmperial Kolleci - Böyük Britaniya;
9. Sürix Federal Texnoloji İnstitutu - İsveçrə;
10. Berkli Kaliforniya Universiteti - ABŞ.

Quacquarelli Symonds

Bu reytinq universitetləri aşağıdakı komponentlərə görə qiymətləndirir: elmi-araşdırma fəaliyyətinin aktivliyi və keyfiyyəti, işəgötürənlərin rəyləri və karyera potensialı, tədris və beynəlmilləşmə. Bu göstəricilər proses iştirakçıları - akademik birlik, işəgötürənlər, təhsilalanlar və onların valideynləri qarşısında universitetlərin dünya əhəmiyyətli strateji missiyalarını əks etdirir. İl ərzində 2500 universitet qiymətləndirilir, yekunda 500 ən yaxşısı seçilir. Reytinq həmçinin ayrı-ayrı sahələr üzrə universitetlərin nüfuz sıralamasını da tərtib edir.

Metodika

1. Ali məktəbin akademik reputasiyasının indeksi. Bu göstərici universitet rəhbərliyi, professor və müəllimlərdən ibarət beynəlxalq akademik birlik nümayəndələrinin ekspert sorğusunun nəticələri əsasında formalaşdırılır;
2. Ali məktəbin işəgötürənlərin arasındakı reputasiya indeksi. Bu göstərici ən azı yüz nəfər işçisi olan və istehsal və sənayenin ən müxtəlif sferalarını əhatə edən işəgötürən təşkilatların ekspert sorğusunun nəticələri əsasında formalaşdırılır;
3. Professor-müəllim heyətinin təhsilalanların sayına nisbəti;
4. Dərc edilmiş elmi işlərin müəllim heyətinin sayına münasibətdə indeksi;
5. Əcnəbi müəllimlərin ali məktəbin müəllim heyətinin ümumi sayındakı payı;
6. Əcnəbi tələbələrin ali məktəbin ümumi tələbə heyətinin sayındakı payı.
Beynəlxalq akademik birliyin nümayəndələri arasındakı sorğuda orta iş təcrübəsi 19,6 il olan professorlar və universitet rəhbərləri iştirak edirlər. Söhbət 500-dən çox universitet rəhbəri və alimlərdən gedir. Respondent 30 universitet adı çəkə bilər, bir şərtlə ki, işlədiyi, yaxud rəhbərlik etdiyi ali təhsil ocağının adı bu siyahıda olmasın. Sorğu 5 predmet sahəsində həyata keçirilir: təbiət elmləri, sosial elmlər, incəsənət və humanitar elmlər, həyat haqqında elm, mühəndislik elmləri və texnologiya. İşəgötürən şirkətlərdən sorğuda iştirak edənlərin sayı 11000-dən çox olur və 90 ölkəni təmsil edir.

Milli təhsil sistemlərinin effektivlik reytinqi

“Global Index of Skillsand Education Attainment” - “Milli təhsil sistemlərinin effektivlik indeksi” dünya dövlətlərinin təhsil sahəsindəki uğurlarını əks etdirən qlobal araşdırma və bundan irəli gələn reytinqdir. Britaniyanın təhsil və nəşr üzrə ixtisaslaşmış “Pearson” şirkəti tərəfindən tərtib olunur. Araşdırma 2012-ci ildən etibarən “The Learning Curve” layihəsi çərçivəsində həyata keçirilir. Müəlliflər qeyd edirlər ki, bu layihə müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təhsil sistemlərinin effektivliyini müqayisə edən ilk cəhddir. Reytinq “The Economist İntelligence Unit” qlobal layihəsinin metodikası əsasında reallaşdırılır və dünya ölkələrinin təhsil sistemlərini iki əsas qrup göstəricilərinə istinad edir.
1. İdrak bacarıqları;
2. Təhsil səviyyəsi.
“Milli təhsil sistemlərinin effektivlik reytinqi”ndə 2016-cı ilin ilk “onluğ”u aşağıdakı kimi formalaşıb (reytinq, ölkə, indeks):
1. ABŞ - 100;
2. İsveçrə - 87,2;
3. Danimarka - 84,8;
4. Böyük Britaniya - 84,2;
5. İsveç - 82,2;
6. Finlandiya - 82;
7. Niderland - 81,6;
8. Sinqapur - 80,6;
9. Kanada - 79,6;
10. Avstraliya - 77,6.

Təhsil nailiyyətlərinin qiymətləndirilməsi proqramı

“The Programme for İnternational Student Assessment”(PİSA) - “Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı” milli təhsil sistemlərində riyazi və təbiət elmlərinin inkişafı tendensiyalarının keyfiyyət monitorinqidir. Bu reytinq təhsil sistemlərindəki dəyişiklikləri aşkar və müqayisə edir, strateji qərarların effektivliyini qiymətləndirir. Araşdırma 2000-ci ildən etibarən 3 ildən bir həyata keçirilir, ildən-ilə iştirakçı dövlətlərin sayı artır. Proses çərçivəsində şagirdlərin ümumi orta təhsildə savadlılığı, əldə edilmiş bacarıq və savadı tətbiq etmə səviyyəsi öyrənilir. Başlıca sual budur: ümumi orta təhsil almış 15-16 yaşlı şagirdlər müasir cəmiyyətdə insan fəaliyyəti sferasında qarşıya qoyulmuş məqsədlərin öhdəsindən gəlməyə qadirdir, ya yox? Yaş həddinin belə seçilməsi onunla izah olunur ki, bir çox ölkədə məcburi orta təhsil 15-16 yaşında artıq bitmiş sayılır. Məhz bu yaşda uşaqların aldıqları bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilməlidir.
Şagirdin potensialının aşkarlanması məqsədilə araşdırmada bu göstəricilərdən istifadə olunur:
1. Şagirdlərin müxtəlif təhsil proqramları üzrə nəticələri;
2. Statusları, yerləşmələri və digər xüsusiyyətləri ilə fərqlənən təhsil ocaqlarının şagirdlərinin proqram nəticələri;
3. Şagirdlərin gender fərqlərinin uçotu;
4. Şagirdlərin ailələrinin sosial-iqtisadi şəraitinin uçotu.
Şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi 3 əsas istiqamət üzrə həyata keçirilir:
1. Riyazi savad;
2. Oxu savadı;
3. Təbiət elmlərinə dair savad.

Təhsilin səviyyəsi reytinqi

“Education İndex” - “Təhsilin səviyyəsi reytinqi” BMT-nin İnkişaf Proqramının kombinasiya olunmuş göstəricisidir. Bu reytinq sosial inkişafın əsas göstəricilərindən biridir. BMT-nin insan inkişafına dair hesabatlarında İnsan İnkişafı İndeksi çərçivəsində istifadə olunur. İndeks ölkənin təhsil nailiyyətlərini iki göstərici ilə ölçür:
- yaşlı nəslin savadı indeksi (2/3);
- ilkin, orta və ali təhsil alanların ümumi indeksi (1/3).
Bu iki indeks bir ümumi indeksdə birləşir və 0 (minimum) və 1 (maksimum) rəqəmləri arasında əks olunur. Adətən inkişaf etmiş ölkələrin minimal göstəricisi 0,8-ə bərabər olur, hərdən 0,9 da mümkündür.
Əhalinin savadlılıq səviyyəsinə dair məlumatlar rəsmi qeydiyyata alma nəticələrindən götürülür və UNESCO İnstitutunun statistikası ilə müqayisə olunur. İnkişaf etmiş ölkələrdə “əhalinin savadı”na dair statistika aparılmır və adətən onlar üçün bu göstərici standart 99% həddində götürülür. Ekspertlərə görə, bu metod kifayət qədər universal olsa da, bir sıra çatışmazlıqları var. Məsələn, təhsilin öz səviyyəsini əks etdirmir, çünki bir çox halda fərqli ölkələrdə bu göstərici çox aşağıdır. Yaxud xaricdə oxuyan tələbələrin sayı və təhsil səviyyəsi əks olunmur ki, bu da yekun nəticəni dəyişə bilər. İndeks hər 2-3 ildən bir yenilənir, üstəlik, BMT-dən daxil olan hesabatlar gecikir. Çünki ölkələrdən gələn göstəricilər iki il ləngiyir, BMT-də isə bu nəticələri beynəlxalq qurumların statistikası ilə müqayisə etmək lazımdır.
2014-cü il üzrə “Təhsilin Səviyyəsi İndeksi” reytinqi (ilk 10 ölkə) aşağıdakı kimidir:
1. Avstraliya - 0,932;
2. Danimarka - 0,924;
3. Yeni Zelandiya - 0,917;
4. İrlandiya - 0,907;
5. Norveç - 0,907;
6. Niderland - 0,894;
7. Almaniya - 0,893;
8. ABŞ - 0,889;
9. Böyük Britaniya - 0,885;
10. Kanada - 0,874.

Avropanın ən yaxşıları

“Times Higher Education”un Avropanın ali məktəblərinə dair 2016-2017-ci illər üzrə reytinqi də ciddi maraq kəsb edir. 200 universitet sıralamasında Avropanın qabaqcıl ölkələri təmsil olunurlar, ancaq ilk “onluğ”a baxmaq kifayətdir ki, Böyük Britaniyanın dominantlığının şahidi olasan. Beləliklə:
1. Oksford Universiteti -Böyük Britaniya;
2. Kembric Universiteti - Böyük Britaniya;
3. London İmperial Kolleci - Böyük Britaniya;
4. Sürix Federal Texnologiya İnstitutu - İsveçrə;
5. London Universitet Kolleci - Böyük Britaniya;
6. London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi - Böyük Britaniya;
7. Edinburq Universiteti - Böyük Britaniya;
8. Karolinska İnstitutu - İsveç;
9. LMU Münhen - Almaniya;
10. Lozanna Federal Texnik Məktəbi- İsveçrə.

Asiya irəliləyir

2016-cı ilin həmin reytinqinə görə, Asiyanın bir sıra ali məktəbləri ciddi sıçrayışa nail olublar. Məsələn, ilk “yüzlüy”ə 17 Asiya təmsilçisi daxildir ki, bu, ötən reytinqlə müqayisədə 7 göstərici çoxdur: Tokio Universiteti (12), Çinin Sinxua Universiteti (18), Pekin Universiteti (21), Sinqapur Milli Universiteti (26).
“QS World University Rankings”in 2016-cı il reytinqinin nəticələrinə əsasən, İslam dünyasının 3 ali məktəbi 23 elmi sahədən 4-də ciddi nailiyyət göstərməyə müvəffəq olub.
1. Malaya Universiteti (Malayziya). Bu ali məktəb elektrik mühəndisliyi sahəsində 50 yerdən 30-cuya layiq görülüb. İnkişaf tədqiqatı sahəsində isə 37-ci yerə. Hazırda bu universitetdə 17 min tələbə təhsil alır ki, onlardan 4 mini əcnəbidir. Ali məktəbə 12 fakültə, 2 akademiya, 6 elmi mərkəz, 6 institut daxildir.
2. Saine Universiteti (Malayziya). Kimya mühəndisliyi üzrə “əlliliy”in 46-cısıdır. Son il ərzində 5 pillə yüksəlişə nail olub. 24 min tələbəsi var, onlardan 2 mini əcnəbidir.
3. Kral Fəhd Neft və Faydalı qazıntılar Universiteti (Səudiyyə Ərəbistanı). Neft və faydalı qazıntılar sahəsi üzrə 50 universitetdən 46-cıdır. 6 min tələbəsi var, dörddə biri əcnəbilərdir.

yuxarı ⤴