1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan “Beynəlxalq ağıllı tələbə” model ölkəsinə çevrilib
14.06.2017 / No22

 

 

 


İlham Axundov,
Kanadanın Vaterloo Universitetinin professoru: “Tələbələrimizin uğurları kanadalı professorlar üçün gözlənilməz oldu”

Oruc MUSTAFAYEV

Elmin çətin yollarında maneələr aşaraq yüksək zirvələrə çatan alimlərin həyat yolu minlərlə şagird, tələbə, müəllim və gənc araşdırmaçı üçün çox maraqlıdır. Belə alimlərimizdən biri hazırda Kanadanın Vaterloo Universitetində çalışan professor İlham Axundovdur. Prezident İlham Əliyevin sərəncamı ilə İ.Axundov 2016-cı ildə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Görkəmli alimlə müsahibəyə hazırlaşarkən ali məktəb tələbələrinin həmyerlimiz barədə universitetin saytında yerləşdirdikləri şərhlərə rast gəldim: “Dəqiq, peşəkar, yüksək səviyyəli, çox mədəni”. Onunla müsahibəmizdə alimin Kanadaya uzanan elm yolundan, elmi və pedaqoji fəaliyyətindən, ali təhsildən söhbət açdıq.

“Xaricdə işləmək haqqında düşünməmişdim”

- Mən ali təhsilimi və bütün elmi dərəcələrimi Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetində almışam. Həyatda qazandığım uğurlara görə bu ali təhsil ocağına və eləcə də məni təhsil almaq üçün oraya xüsusi proqramla göndərən Azərbaycan dövlətinə minnətdaram. 1981-ci ildə adıçəkilən universitetin mexanika-riyaziyyat fakültəsini, 1987-ci ildə isə aspiranturasını bitirərək təyinatla doğma Azərbaycana qayıtdım. Hazırkı Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətimə başladım. 90-cı illərin əvvəlinə kimi heç vaxt xaricə köçmək və ya xaricdə işləmək haqqında düşünməmişdim. Amma o illərdə mən bacarığımı bir qədər xaricdə davam etdirməyə qərar verdim və ingilis dilini mükəmməl öyrənməyə başladım. Bu, mənə bir qədər sonra həm də Odlar Yurdu Universitetində xarici əlaqələr üzrə prorektor vəzifəsində çalışmağıma kömək etdi. 1999-cu ildə ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirdiyi məşhur Fulbrayt proqramında iştirak etdim və bu müsabiqənin qalibi kimi ABŞ-ın Texas A&M Universitetində birillik elmi araşdırma aparmaq imkanı qazandım. Ailəmlə birlikdə Amerikaya gəldikdən sonra burada çox şeyin başqa cür olduğunu gördüm. Amma universitetdə çalışan çoxlu sayda həmkarlarımla ünsiyyətdən sonra aramızda böyük bir fərqin olmadığını, bəzi fundamental araşdırmalarda isə bizim -Sovet məktəbinin hətta üstün olmasının şahidi oldum. Apardığım elmi araşdırmaların nəticələri elmi jurnallarda nəşr olunduqdan sonra bir neçə universitetdən dəvətlər aldım. Amma Fulbrayt proqramının şərtlərinə görə ən azı iki il ABŞ-dan kənarda fəaliyyət göstərməli idim. Ona görə də çox parametrlərinə görə ABŞ-a yaxın olan Kanadanı seçdim və ilk olaraq Kanadanın Makmaster Universitetində (Hamilton şəhəri) elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Hazırda Kanadanın dünya şöhrətli Vaterloo Universitetində çalışıram və 3500-dən çox tələbəni özündə birləşdirən riyaziyyat-biznes proqramlar bölümünün direktoru vəzifəsini daşıyıram.

“Elmi məqalələrimin impakt faktorları yüksəkdir”

- Elmi və pedaqoji fəaliyyətiniz barədə məlumat verməyinizi xahiş edirik. Hazırda hansı mövzular üzərində işləyirsiniz?
- Vaterloo Universiteti son 25 ildə Kanadanın bir nömrəli innovativ universiteti seçilib. Ali məktəbin riyaziyyat fakültəsi isə dünyanın ən çox sayda riyaziyyat istedadlarını özündə birləşdirən bir qurumdur. Universitetdə hər bir professorun işi əsasən üç hissədən, tədris, elmi araşdırmalar və universitetin administrativ xidmət sahələrində (tələbələrə akademik məsləhətlər, komitə üzvlüyü, kafedra müdiri və s.) çalışmaqdan ibarətdir. Bu sahələrin nisbəti müxtəlif professorlar üçün müxtəlifdir. Hazırda mən daha çox administrativ işlər apardığımdan hər il iki dərs verirəm və elmi araşdırmalarla məşğul oluram. Verdiyim dərslər ehtimal nəzəriyyəsi və riyazi statistika üzrədir. Əslində mən bu dərsləri Azərbaycanda da verdim, amma buradakı dərslərimin forması və məzmunu, əlbəttə, fərqlidir və daha çox praktiki sahələrlə bağlı olub statistikanın təcrübəyə tətbiqidir. Böyük auditoriyalarda (150-250 tələbə) dərs deməyi çox sevirəm və tələbələrin hər semestrin sonunda anonim şəkildə verdiyi qiymətləndirmələrə görə, bunu çox yaxşı bacarıram (yeri gəlmişkən, mənim atam da öz dövrünün çox məşhur müəllimlərindən biri olub və görünür, müəllimlik bizim qanımızdadır).
Elmi araşdırmalarım əsasən ekstremal hadisələrin modelləşdirilməsi üzrədir. Maliyyə və sığorta məsələlərində bu mövzu çox vacib sayılır. Hazırda “Big Data” (böyük statistik verilənlər) dövründə statistikanın rolu çox artmışdır və həllini gözləyən çoxlu sayda problemlər yaranmışdır. Təsəvvür edin ki, son iki ildə əldə olunan statistik verilənlər (data) bəşəriyyət tarixində mövcud olan verilənlərdən daha çox olub. Təkcə “Google” araması vasitəsilə saniyədə 40 min axtarış aparmaq olur. Buna baxmayaraq, hazırda mövcud verilənlərin yalnız 0.5%-i araşdırmalarda istifadə olunub. Elmi məqalələrimin impakt faktorları (istinadlar) kifayət qədər yüksəkdir. Hazırda daha iki həmkarımla birlikdə yeni bir monoqrafiya üzərində işləyirəm. Ola bilər, gələcəkdə Azərbaycan tələbələri üçün də statistika üzrə bir praktik vəsait hazırlayım. Bu vəsaiti tam təsəvvür etsəm də, hələlik onu yazmağa vaxtım yoxdur, amma bu çox vacib bir plan kimi hər zaman mənim fikrimdədir.

“Yaxşı və ən yaxşı universitetlər”

- Kanada beynəlxalq tələbələr üçün ən cəlbedici ölkələrdəndir, bu ölkədə ali təhsilin hansı üstünlüklərini qeyd edərdiniz?
- İlk növbədə, Kanadada təhsilin keyfiyyətinin çox yüksək səviyyədə olmasını qeyd etmək lazımdır. Burada yaxşı/pis universitetlər anlayışı yoxdur, amma bəzən universitetlər təbii ki, yaxşı və ən yaxşı kimi kateqoriyalara bölünür. Tam təhlükəsiz və dost mühiti olan ölkə ilk dəfə ailələrindən uzaq yaşayan yeni tələbələr üçün çox əlverişlidir. Universiteti bitirən məzunlar Kanadada 3 illik iş vizaları ilə təmin olunur və bu da onlara karyeralarını qurmağa çox kömək edir. Eyni zamanda Kanadada ali təhsil almaq digər Qərb ölkələrinə nisbətən daha az məsrəf tələb edir.

“Vaterlooda kəşf etdiyin hər şey sənə aiddir”

- Elmi-tədqiqatlar və onlardan gələn gəlirlər hər bir universitet üçün aktual məsələdir. Vaterloo Universiteti tədqiqatlardan pulu necə qazanır?
- Elmi-tədqiqatlara başlamaq üçün, şübhəsiz ki, böyük vəsaitlər tələb olunur. Vaterloo Universiteti Kanada Federal və Əyalət Dövlətinin dəstəyi ilə müxtəlif araşdırma fondlarını tədqiqatçılara təqdim edir. “The Canada Research Chair” adlanan dövlət proqramı ölkənin milli strategiyasının mərkəzində duraraq Kanadanı elmi araşdırmalarda dünyanın aparıcı ölkəsinə çevirməyə çalışır. Hər il universitetlərdə təbiət elmləri və mühəndislik sahələrində tədqiqatçıların fəaliyyətinin maliyyələşməsinə və yeni tədqiqatçılar nəslinin inkişafına 265 milyon dollar vəsait ayrılır. Araşdırmalar üçün digər maliyyə mənbələri banklarla, səhiyyə qurumları ilə, “Blackberry”, “Thomson Reuters” kimi böyük təşkilatlarla olan əməkdaşlıqdan yaranır. Ali məktəbi digər universitetlərdən fərqləndirən bir cəhət var. Biz deyirik ki, “sənin Vaterlooda kəşf etdiyin hər şey sənə aiddir”, yeni intellektual mülkiyyət bizim üçün çox vacibdir. “Blackberry” şirkətini quranda Michael Lazaridis Vaterloo Universitetinin 3-cu kurs tələbəsi idi. Ona hər cür şərait yaradıldı ki, o bu işini qura bilsin. Hazırda universitet kampusunda memarlıq möcüzəsi kimi tikilmiş 6 mərtəbəli Kvant-Nano Mərkəzi bütövlüklə məhz Lazaridiz ailəsi tərəfindən maliyyələşdirilmişdir. Adının açıqlanmasını belə istəməyən çoxlu sayda başqa məzunlarımızın da universitetə böyük maliyyə dəstəyi olmuşdur. Universitetdə hər bir fakültənin nəzdində “Advancement” (irəliləyiş, proqress) adlanan bir bölüm var və bu bölümün əsas işi fandreyzinqlər keçirərək fakültəyə əlavə vəsaitlər gətirməkdir. Təkcə bizim riyaziyyat fakültəsi 2012-ci ildən bu vaxta qədər 77 milyon dollar əlavə vəsaitin toplanmasına nail olmuşdur.

“Sizin iki yolunuz var...”

- Vaterloo Universitetini seçmək istəyən gənclərimizə hansı tövsiyələriniz var?
- Vaterloo çox ciddi bir universitetdir və buradakı ixtisaslara yiyələnmək o qədər də asan deyil. Təsəvvür edin ki, biz riyaziyyat fakültəsində tədris etdiyimiz dərslər üçün mövcud olan dərs kitablarından istifadə etməyə üstünlük vermirik, çünki hesab edirik ki, bütün dərs kitabları nisbətən bəsit yazılmışdır. Bizim professorlar dərs vəsaitlərini tələbələri üçün özləri yazırlar. Bizim bakalavr səviyyəsində verdiyimiz dərslərin çoxu bəzi universitetlərin dərəcə proqramları səviyyəsinə uyğun gəlir. Ona görə də mən Kanadanın orta məktəb sagirdləri ilə görüşlərimdə həmişə onlara deyirəm ki, sizin iki yolunuz var - ya asan bir universitetdə asan bir ixtisas seçib universiteti bitirərək sadə bir karyera həyatına başlayacaqsınız, ya da 4 il çox əziyyət çəkib Vaterloo kimi çətin bir universitetin diplomunu alıb sonra həyatınızın qalan hissəsini bu diplomdan və əldə etdiyiniz bacarıqlardan yararlanaraq karyeranızı quracaqsınız. Mən eyni tövsiyələrimi Azərbaycan tələbələrinə də edərdim.

“İlk dəfə 3 azərbaycanlı tələbənin Vaterlooya gəlməsinə qərar verdik”

- Hazırda ali məktəbin müxtəlif ixtisaslarında çox sayda azərbaycanlı tələbə təhsil alır. Onlardan məzun olanlar da var. Bir müəllim kimi onların potensialını necə qiymətləndirirsiniz?
- Vaterloo Universitetində 2009-cu ilə kimi azərbaycanlı tələbələr heç vaxt olmamışdı. İlk dəfə riyaziyyat fakültəsinin dekanı professor Tomas Kolemanla Bakıya olan səfərimizdən sonra 3 azərbaycanlı tələbənin Vaterlooya gəlməsinə qərar verdik. Bu tələbələrin Vaterloodakı 1-ci il uğurları bizi çox həvəsləndirdi və biz hər il Azərbaycana gedib bacarıqlı tələbələrimizi seçmək üçün müsabiqələr aparırdıq. Beləliklə, son 7-8 ildə Azərbaycandan Vaterlooya xaricdə təhsil üzrə Dövlət Proqramı xətti ilə 50-dən artıq tələbə gəldi. Vaterlooda Azərbaycan Tələbələri Assosiasiyası quruldu və ölkəmizin mədəni irsinin təbliğində böyük işlər görüldü. Təhsil uğurlarına gəldikdə, əksər azərbaycanlı tələbələrimizin nəticələri çox yüksək oldu və hətta bəzi hallarda bu nəticələr kanadalı professorlar üçün də gözlənilməz oldu. Azərbaycan Vaterlooda “Beynəlxalq ağıllı tələbə” model ölkəsinə çevrildi. Potensialı çox güclü olan bu tələbələrin böyük əksəriyyəti artıq məzun olublar və maraqlıdır ki, bütün məzun olmuş tələbələrimiz Kanadanın məşhur şirkətlərində işə başlamışlar. Hazırda bu tələbələr çalışdıqları iş yerlərində daha yüksək vəzifələrə keçirilməkdə davam edirlər. Yəni, Azərbaycandan Vaterlooya gəlmiş tələbələrin yüksək hazırlığı bizə Azərbaycan gənclərinin çox istedadlı olduğunu bir daha göstərdi.

“İnanıram ki, “ADA” Universiteti dünyanın aparıcı universitetləri sırasına daxil olacaq”

- Azərbaycan universitetləri ilə əlaqə saxlayırsınızmı? Ali məktəblərimizin rəqabətqabiliyyətinin gücləndirilməsi üçün tövsiyələrinizi eşitmək maraqlı olardı..
- Mən Azərbaycanda təhsil sahəsi ilə bağlı olan yenilikləri, universitetlərin nailiyyətlərini daim izləyirəm. Əlbəttə, çox sevindirici haldır ki, bizim “ADA” Universiteti kimi bir təhsil ocağımız vardır. Hörmətli Hafiz Paşayevi Amerikadan tanıyıram. Vaterloo Universitetinin prezidenti ilə Bakıya işgüzar səfərlərimiz zamanı “ADA” Universiteti ilə yaxından tanış olmuşuq. Mən inanıram ki, “ADA” Universiteti dünyanın aparıcı universitetləri sırasına daxil olacaq. Azərbaycan Dövlət İqtisad Universitetində son zamanlar gedən böyük prosesləri də müşahidə edirəm. Bu universitetin rektoru Ədalət Muradovla da şəxsən tanışam və Bakıya səfərim zamanı onunla görüşüb fikir mübadiləsi aparmışam. Xəzər Universitetinin yaranma ideyası və qurulma tarixi mənim yaxşı yadımdadır, çünki biz o vaxt Hamlet İsaxanlı ilə eyni yerdə işləyirdik. Vaterloo Universiteti Bakı Dövlət Universiteti ilə birgə tələbə hazırlığına dair müqavilə imzalayıb. Mən çox arzulayardım ki, Azərbaycan universitetləri də öz strateji inkişafını, ənənələrini və qəbul olunmuş universitet qaydalarını qoruyub saxlaya bilsinlər.
Dərəcə və professional dərəcə proqramlarının keyfiyyətini artırmaqla elmi araşdırmalara yol açmaq, elmi laboratoriyaların sayını artırmaq, startaplara başlamaq, dünyanın ciddi jurnallarında elmi məqalələrin nəşrinə nail olmaq, beynəlxalq tələbələrin və müəllimlərin sayını artırmaq və məzunların işlə təmin olunma faizini yüksəltmək - bütün bunlar universitetin rəqabətqabiliyyətinin gücləndirilməsi üçün zəruri şərtlərdir. Qeyd edim ki, Vaterloonu digər universitetlərdən fərqləndirən bir cəhət də onun kooperativ təhsil sistemi verməsidir, yəni tələbələrimiz oxuduqları müddətdə 8 semestr öz ixtisasları üzrə işlə təmin olunurlar və universiteti 2 illik iş təcrübəsi ilə bitirirlər. Bu iş praktikası volantyorluq (könüllülük) yox, tam iş qaydalarına uyğun olaraq yüksək maaşla tələbənin ixtisası üzrə əldə edilir. Vaterloo kooperativ tələbələrinin 2015-2016-cı illərdə qazandıqları pulun miqdarı 253 milyon dollar olmuşdur. Bu isə hər tələbənin kooperativ semestri ərzində ayda təqribən 2500-3000 dollar həcmində maaş əldə etməsi deməkdir.

“Böyük uğurlar daha keyfiyyətli bir Multiversitetin Azərbaycanda yaradılmasına əminliklə imkan verir”

- Beynəlxalq tələbə mobilliyi baxımından bu gün Azərbaycanın regionda təhsil mərkəzi kimi rolunu necə qiymətləndirirsiniz?
- Bu gün belə bir rolu qiymətləndirməkdə çətinlik çəkirəm, amma buna nail olmağın yollarından danışa bilərəm. Bir az tarixə ekskurs edək. 1970-ci illərin əvvəllərindən başlayaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində azərbaycanlı tələbələr SSRİ-nin müxtəlif nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandılar. Universitetlərin və ixtisasların seçimi Azərbaycanın o zamankı ehtiyaclarına uyğun olaraq ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə yönəlmişdir. Bu secim vaxtı ən güclü ixtisas kafedralarına malik universitetlər azərbaycanlı tələbələrin öhdəsinə verilmişdir. Bir universitetin illik qəbul planına yaxın sayda azərbaycanlı tələbələr hər il bu universitetlərə təhsil almaq üçün göndərilirdi. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması coğrafiyası daha da genişləndirilərək Prezident İlham Əliyev tərəfindən özünün yeni mərhələsinə qədəm qoymuşdur. Dünyanın ən güclü universitet proqramlarını özündə birləşdirən Xaricdə Təhsil üzrə Dövlət Proqramı azərbaycanlı tələbələrə mükəmməl imkanlar yaratmışdır. Dünyada kompüter elmlərini Vaterloo, iqtisadiyyat ixtisaslarını Toronto, təbiət elmlərini McGill, neft sahəsi üzrə proqramları Alberta universitetləri səviyyəsində verə bilən və bu ixtisasları özündə birləşdirən ikinci bir universitet düşünmək mümkün deyil. Amma belə bir universitet, daha doğrusu, mən deyərdim, Multiversitet imkanı azərbaycanlı tələbələri üçün Azərbaycan dövləti tərəfindən yaradılmışdır. Azərbaycanın başqa sahələrdəki sıçrayışlı inkişafı böyük ümid verir ki, Azərbaycan gəncləri üçün indiyə qədər mövcud olan dünyanın ən güclü Multiversiteti coğrafiyasını dəyişərək Azərbaycana gələcək və bu, bütün region üçün çox önəmli bir Konsentrator (Hub) Universitetinə çevriləcək. Bax, o vaxt beynəlxalq tələbə mobilliyi sürətlə artar və Azərbaycan da dünyanın ən yaxşı universitetləri olan ölkələr siyahısına daxil olar.
Dünyada ilk belə multiversitet Qətər Təhsil, Elm və İnkişaf Fondunun təşəbbüsü ilə paytaxt Dohanın ətrafında yerləşən və 14 kvadrat kilometri əhatə edən Qətər Təhsil Şəhərində yerləşir. Dünyanın səkkiz aparıcı universitetinin (6 Amerika, 1 Britaniya və 1 Fransa) məşhur proqramlarını özündə birləşdirən bu kampus moda dizaynından tutmuş kimya mühəndisliyinə qədər 15-ə yaxın ixtisaslarda bakalavr, magistr və fəlsəfə doktoru proqramlarını təqdim edir. Bu kampus bölgədə ən güclü təhsil mərkəzi olmaqla yanaşı, həm də kompleks siyasət problemlərindən tutmuş nanotexnoloji araşdırmalara qədər çox genişprofilli tədqiqatlar laboratoriyasına çevrilmişdir.
Son illərdə Azərbaycan dövlətinin keçirdiyi bütün beynəlxalq layihələrdə qazandığı böyük uğurlar, daha keyfiyyətli bir Multiversitetin Azərbaycanda yaradılmasına əminliklə imkan verir.
- Gənclərimizə daha çox hansı ixtisas və vərdişlərə yiyələnmələrini tövsiyə edərdiniz...
- Hər şeydən əvvəl, sevdikləri sahəni seçməyi tövsiyə edərdim. Amma qəbul edirəm ki, bu yaşda qəti qərar vermək çox vaxt asan olmur və ona görə də Azərbaycanda gənclərin adətən valideynlərinin məsləhətlərinə ehtiyacları olur. Hansı ixtisasa yiyələnməsindən asılı olmayaraq əgər tələbələrimiz riyazi məntiq təfəkkürünü inkişaf etdirə bilərlərsə, onlar uğurlara daha asan çata bilərlər. Hazırda riyazi metodların demək olar ki, bütün sahələrə tətbiqi artıq günün tələbidir və riyaziyyat ətraf mühiti daha yaxşı öyrənmək üçün çox effektiv bir vasitədir.

“Distant təhsil və virtual şəbəkə universitetləri sürətlə inkişaf edir”

- Bu gün dünya universitetlərində baş verən hansı qlobal prosesləri qeyd edərdiniz?
- Bu gün dünyada qloballaşmış cəmiyyət formalaşdırmaq ideyası mövcuddur. Bu isə, ilk növbədə, şübhəsiz ki, təhsilin və elmi-texniki tərəqqinin uğurları sayəsində mümkündür. Qlobal təhsil məkanında distant təhsil və virtual şəbəkə universitetləri sürətlə inkişaf edir. İndi Kanadaya gəlmədən Vaterloonun bir neçə, məhz rəhbərlik etdiyim proqramlarının diplomunu almaq şansı çox da uzaqda deyil. Bu gün texnoloji nailiyyətlər ön mərhələyə çıxmışdır. İndi problem ondadır ki, yaşadığımız cəmiyyət və zaman texnoloji yeniliklərlə ayaqlaşa bilmir. Bununla bağlı hazırda Vaterloo Universitetinin də üzərində işlədiyi kvant kompüterlərini qeyd etmək istərdim. Bildiyimiz kimi, müasir kompüterlərə informasiya bitlərin (0 və ya 1) köməyi ilə daxil edilir. Kvant kompüterlərində isə kvantbitlərdən istifadə olunur və bu kvantbitlər, bitlərdən fərqli olaraq, eyni zamanda həm 1 və həm də 0-dir. Yəni, artıq zaman dəqiqə və ya saniyə ilə yox, kvantsaniyələrlə ölçülür. Bu, ilk baxışda, qeyd etdiyim “Big Data” dövründə böyük bir nailiyyət kimi görünür, amma digər tərəfdən, hazırkı kriptoqrafiya elminə böyük zərbə vuraraq bank sistemi, hərbi təhlükəsizlik məsələlərini çox ciddi sual altına alır. İndi artıq biz şəxsi və ya məxfi həyatımızın da mövcud olmaması dövrünə gəlmişik. Ona görə də bayaq adını çəkdiyimVaterloo Kvant Nano Mərkəzində kvant kompüterləri üzərində işlərin getdiyi bir vaxtda universitetdə daha iki “Kiber təhlükəsizlik və məxfilik” və “Süni intellekt” institutlarının da açılması planlaşdırılır.
- Ailənizdə davamçılarınız varmı?
- Hər iki valideyni riyaziyyatçı olan ailədə şübhəsiz ki, riyaziyyat həmişə aktual sahə olur. Bizim evdə daha çox vaxt keçirdiyimiz otaqların birində bir yazı lövhəsi var və biz tez-tez onun arxasında uşaqlarla riyazi problemlərdən danışırıq. Qızım Ülkər Vaterloo Universitetinin kompüter elmləri ixtisasını bitirərək hazırda Vaterloo şəhərində işləyir. Oğlum Sənan isə Vaterloonun mühəndislik fakültəsinin 3-cü kurs tələbəsidir. Bizim hazırda 4-cü sinifdə oxuyan “Bonus uşaq” adlandırdığımız Məryəm də riyazi məsələləri çox sevir və indi biz onu bu yazı lövhəsinin arxasında daha tez-tez görürük.

yuxarı ⤴