1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Fizika və coğrafiyadan layihə-blok dərs modeli
14.06.2017 / No22

Cədvəl1

Cədvəl2

Cədvəl3

 
 

 

 


Südabə ABDULLAYEVA,
Bakı şəhəri A.Səfərov adına 114 nömrəli tam orta məktəbin fizika müəllimi,
Qızqayıt HƏSƏNOVA,
Bakı şəhəri A.Səfərov adına 114 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

VII sinif
Mövzu: “Atmosfer təzyiqi”
7-ci sinif üçün nəzərdə tutulmuş mövzunun fizika və coğrafiya müəllimlərinin birgə tədrisi məqsədilə layihə-blok dərs modeli
Standartlar:
2.1.3.Maddələri mexaniki xassələrinə görə fərqləndirir.
3.1.1.Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
3.1.2.Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
2.1.3.Atmosferdə baş verən hadisə və proseslərin materik və okeanlara təsirini şərh edir.
2.1.4.Hava elementlərinə dair sadə hesablamalar aparır.
Təlim nəticələri:
-Atmosfer təzyiqinə aid maraqlı təcrübələr icra və izah edir.
-Atmosfer təzyiqi və onun dəyişməsini izah edir.
-Təzyiqlə bağlı sadə hesablamalar aparır.
Əlavə inteqrasiya: İnf.-2.1.2,H.B.-1.1.1., Riy.-1.3.1., 4.1.1., 4.2.1., 5.1.1., Kim.-1.1.1., 1.2.1., T.-i.- 2.2.1., Tex.- 2.2.1. Fiz.-1.1.4.,1.1.2.
Təlim forması: Kollektiv, qruplarla, fərdi iş.
Təlim üsulları: Əqli hücum, müzakirə, təcrübə, videonümayiş, məsələ həlli.
Dərsin gedişi:
Motivasiya: Bu məqsədlə coğrafiya dərsliyində “Atmosfer təzyiqi” mövzusunda fəaliyyət hissəsində verilən “Su stəkandan niyə tökülmədi?” təcrübəsi coğrafiya müəllimi tərəfindən nümayiş etdirilir. Bu təcrübənin yerinə yetirilmə mexanizmi belədir: Su, stəkan və kağız vərəq götürülür, müzakirə edək: Stəkanı yarıya qədər su ilə doldururuq. Vərəqi stəkanın ağzına qoyuruq.Əlimizlə vərəqi saxlamaqla stəkanı çeviririk. Əlimizi vərəqdən çəkirik.
Sual: Su stəkandan niyə tökülmədi?
Şagirdlər artıq fizikadan təzyiq, qazların və mayelərin təzyiqi mövzusunu öyrəndikləri üçün bu hadisənin havanın təzyiqi ilə əlaqədar olduğunu şərh edəcəklər.
Tədqiqat sualı: Bəzi insanlar hündürlüyə qalxdıqca səhhətlərində müəyyən dəyişikliklər hiss edirlər. Bəzən qulaqları tutulur, nəfəs almaq çətinləşir, hətta burundan qanaxmalar baş verir.
-Sizcə, hündürlüyə qalxdıqca insan səhhətində baş verən bu dəyişiklik nə ilə bağlıdır?
Tədqiqat aparmaq üçün sinif şagirdləri qruplara bölünür. Qruplar “Atmosfer”, “Barometr”, “Təzyiq”, “Manometr” adlandırdılar.
Tədqiqatın aparılması:
Coğrafiya (səh.68) və fizika (səh.88) dərsliyindən “Atmosfer təzyiqi” mövzusunu diqqətlə oxuyub verilən tapşırıqları yerinə yetirin.
“Atmosfer” qrupu: Atmosfer təzyiqi, normal atmosfer təzyiqi, yüksək və alçaq təzyiq haqqında məlumat verin.
“Barometr” qrupu: Yüksəkliklərdə temperatur ilə təzyiq arasında əlaqə, izobarlar haqqında nə bilirsiniz?
“Təzyiq” qrupu: Atmosfer, atmosfer təzyiqi haqqında məlumat verin. Atmosfer təzyiqini ölçən cihazlar hansılardır?
“Manometr” qrupu: Atmosfer təzyiqinin mövcudluğu ilə izah olunan hansı hadisələri tanıyırsız?
İnformasiyanın mübadiləsi və müzakirəsi:
Qrup liderləri əldə etdikləri məlumatları təqdim edirlər, məlumatlar müzakirə olunur, bu istiqamətdə sual-cavab aparılır. Müəllimlər şagirdləri diqqətlə dinləyir, yeri gəldikcə suallar verməklə fikirlərini düzgün ifadə etməyə yönləndirlər.
Ümumiləşdirmə və nəticə:
www.youtube.com/watch?v=gL-jWL7fG_g> videoçarxı izlənilir, nəticələr çıxarılır.
- Havanın Yer səthinə və orada olan bütün cisimlərə etdiyi təsirə atmosfer təzyiqi deyilir. Atmosfer təzyiqi civəli barometr və ya barometr-aneroid ilə (mayesiz) ölçülür.
- Yer səthində təzyiqin paylanması haqqında məlumat almaq üçün xəritələrdə eyni təzyiqə malik nöqtələr birləşdirilir. Alınan belə əyrilər “izobarlar” adlanır.
- Yüksəkliyə qalxdıqca temperatur, təzyiq, havanın sıxlığı azalır, rütubət isə artır.
Qan təzyiqi yüksək olan insanlar və meteohəssas insanlar dağa qalxanda əvvəlcədən qoruyucu tədbirlər görməlidirlər.
Müəllimin əlavəsi (fizika):
Qaz molekulları çox böyük sürətlə nizamsız hərəkət edir. Atmosferin əsas kütləsi Yerin səthindən 10 km yüksəkliyə qədər məsafədə yerləşir. Buna görə də qaz molekulları Yerin cazibəsi nəticəsində Yerin səthini tərk edib uzaqlaşa bilmirlər. Aydın məsələdir ki, yüksəkliyə getdikcə havanın konsentrasiyası, ona uyğun olaraq isə sıxlığı azalır. Havanın ən böyük sıxlığı Yerin səthindədir. Təcrübi yolla müəyyən edilmişdir ki, t=0 C0 dəniz səviyyəsində havanın sıxlığı p=1,29 kq/m3-dur.
Müəllimin əlavəsi (coğrafiya):
Okean səviyyəsindən müxtəlif yüksəkliklərdə insan özünü necə hiss edir?
2 km hündürlük, təhlükəsiz zona.
3-4 km hündürlük, ürək-damar sistemində, hiss orqanlarında bəzi pozuntular olur, lakin insanın əhvali-ruhiyyəsi tez düzəlir.
4-5 km hündürlük, əhvali-ruhiyyə pisləşir.
6-8 km hündürlük, kritik zona sayılır, orqanizm ciddi şəkildə pozulur.
8 km-dən çox-hündürlük, öldürücü zona-insan bu hündürlükdə nəfəsverici aparat olmadan 3 dəqiqədən artıq qala bilmir.
Yaradıcı tətbiqetmə:
“Atmosfer” qrupu: 1Dağın ətəyində, okean səviyyəsində atmosfer təzyiqi 760 mm c.s. olarsa, 3000 m yüksəklikdə atmosfer təzyiqini müəyyənləşdirin:(Cədvəl1)
“Barometr” qrupu: Dağın zirvəsində atmosfer təzyiqi 250 mm c.s. olarsa, 2700 m aşağıda atmosfer təzyiqini müəyyənləşdirin.(Cədvəl2)
“Təzyiq” qrupu:
Dağın ətəyində atmosfer təzyiqi 760 mm c.s., zirvəsində atmosfer təzyiqi 320 mm c.s.-dir. Dağın hündürlüyünü müəyyənləşdirin. (Cədvəl3)
“Manometr” qrupu (təlim nəticələri zəif olan şagird qrupu üçün nəzərdə tutula bilər): “ Boş butulkada nə var?”
Təchizat: butulka, dar boğazlı qıf, bir stəkan su, plastilin.
Araşdırmanın gedişi: 1.Qıfı butulkanın boğazına yerləşdirib aralığı plastilinlə bərkidin. 2.Qıfa su tökün. Nə baş verdiyinə diqqət edin. Müşahidələrinizi iş vərəqinə yazın. 3.Qıfla butulka arasını plastilindən təmizləyib təcrübəni təkrarlayın. Suyun butulkaya boşalıb-boşalmadığını araşdırın. Müşahidələrinizi iş vərəqinə yazın.
İnternet əlaqəsi olan sinif otaqlarında qruplara küləklərin növləri, onların yaranma səbəbləri haqqında araşdırma aparmaq tapşırıla bilər. Məqsəd şagirdlərin aşağıdakı inteqrasiyalı məlumatları toplamasıdır:
1) Mövsümü küləklər və ya mussonlar- il ərzində istiqamətini 2 dəfə dəyişən küləklərdir. Sözün mənası ərəbcədən “mövsüm” deməkdir. Bu küləklərin əmələgəlmə səbəbi quru ilə suyun müxtəlif qızmasıdır. Yayda quru səthi çox qızır, isti hava yuxarı qalxır və alçaq təyziq yaranır. Okean üzərində hələ su quruya nisbətən soyuqdur. Ona görə də yüksək təzyiq yaranır və hava su üzərindən quruya doğru hərəkət edir və bol yağıntılı yay mussonları yaranır. Şərqi, Cənub Şərqi, Cənubi Asiyada yay mussonları bol yağıntı verir və ərazi çayları yayda bol sulu olur. Qışda isə əksinə olur. Quru səthi sürətlə soyuyur, yüksək təzyiq yaranır. Su isə hələ öz istiliyini saxlayır, onun üzərində alçaq təzyiq yaradır və hava qurudan suya doğru hərəkət edir. Bunlara qış mussonları deyilir.
2) Sutkalıq küləklər yəni brizlər- bu küləklər istiqamətini sutkada 2 dəfə dəyişən küləklərdir. Yaranma səbəbi quru ilə su arasında təzyiq fərqidir. Sutka ərzində quru ilə su arasında təzyiq fərqi böyük ola bilməz. Ona görə də bu küləklər zəif olur. Gündüz quru səthi çox qızır, isti hava yuxarı qalxır, quru üzərində alçaq təzyiq yaranır. Bu səbəbdən günortadan sonra quruya doğru küləklər əsir. Bu küləklərə gündüz brizi və ya axşam mehi deyilir. Gecə quru sürətlə soyuyur, təzyiq yüksəlir. Su isə hələ istidir və onun üzərində alçaq təzyiq yaranır. Ona görə də gecə yarısından səhərə yaxın quruda suya doğru küləklər əsir. Bu küləklərə gecə brizləri deyilir və onlar yağış gətirmir.
Biologiya fənni ilə inteqrasiya məqsədilə şagirdlərə “dağda yaşayan insanların yanaqları nə üçün xüsusi qırmızı olur” sualını araşdırmaq tapşırıla bilər.
Şagirdlər bunu belə izah edirlər ki, dağa qalxdıqca hər 1 km-də temperatur 5 azalır. Bunun səbəbi havanın seyrəlməsidir. Belə mühitdə yaşayan insanların qanında eritrositlərin (qırmızı qan hüceyrələri) sayının çox olması da bu səbəbdəndir. Bu oksigenin az olduğu dağ havasında insan daha çox oksigen tutmağa uyğunlaşmalıdır. Qanda eritrositin, o cümlədən ona qırmızı rəng verən hemoqlobinin çoxluğu burada yaşayan insanların çöhrələrinin “gözəlliyində” özünü göstərir.
Qiymətləndirmə: Nümayişetmə, tətbiqetmə, əsaslandırma meyarları üzrə 4 səviyyədə aparılır. Şagirdlərin bilik və bacarıqları qrup və fərdi olaraq qiymətləndirilir.
Ev tapşırığı: layihə:
-avtomat su qabı düzəltmək və onun iş prinsipi haqqında esse yazmaq
(fizika-7, səh:90).
-Azərbaycan ərazisinin iqlim xəritəsində izobarların göstərilməsi (internetdən və Azərbaycanın atlasından istifadə etməli).

yuxarı ⤴