1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Tədrisin təşkilində müəllim-şagird münasibətləri
14.06.2017 / No22

 

 

 


Nigar MƏMMƏDOVA,
“Zəngi” liseyinin direktor müavini

Tədrisin təşkilində keyfiyyət amilinin əsas tutulması və bu prosesin gözlənilən nəticəsinin məqsədəuyğun səviyyədə təmin edilməsi üçün təlim müasir parametrlərə cavab verməlidir. Tədris prosesinin müasir standartlara uyğun olaraq həyata keçirilməsi yeni dövrdə təhsilin üzərinə qoyulan əsas vəzifə kimi dövlətin və ictimaiyyətin sosial sifarişinə çevrilmişdir. Bunun üçün müəllim-şagird münasibətlərinin qarşılıqlı anlama üzərində formalaşması vacib şərt kimi çıxış edir. Təcrübə göstərir ki, bu məsələdə əsas məsuliyyət müəllimin üzərinə düşür. Eyni zamanda, hər bir pedaqoq dərs prosesində şagirdlərə öz xarakterik xüsusiyyətlərini göstərmiş olur. Onun bir insan kimi hansı cəhətlərə malik olması müəllimlik vəzifəsinin icrasında da öz təzahürünü tapır. Müəllimin tədris zamanı ağır xarakter nümayiş etdirməsi, özünü qaraqabaq göstərməsi şagirdlərdə çəkingənlik və qorxu yaratmış olur.
Təcrübəyə əsaslansaq, görərik ki, təlim-tədris prosesi zamanı auditoriyada bir sıra neqativ hallar baş verir ki, bunlar da dərsin keyfiyyətinin aşağı düşməsinə, şagirdlərdə müəllimə qarşı laqeydliyin, inamsızlığın baş qaldırmasına, həm də təlimin maraqsız bir fakt kimi yadda qalmasına gətirib çıxarır. Təlim-tədris prosesinin keyfiyyətliliyinə aşağıda qeyd olunan halların mənfi təsirinin qaçılmaz olduğunu nəzərə çatdırmaq istərdim:
1.Auditoriyada mübahisəyə meyillilik;
2.Konfliktli situasiyalara zəmin yaradılması;
3.Təşəkkür bildirmənin sərhədini bilməmək;
4.Dərsə vaxtında başlamama.
Bəzən elə hallara rast gəlmək olur ki, müəllim təlim prosesində yaranan hər hansı anlaşılmazlıqdan qaynaqlanaraq hətta auditoriyada şagirdlə mübahisə etməkdən çəkinmir. Bu cür vəziyyətlərin ortaya çıxmasında, təbii ki, şagirdlərin də rolu danılmazdır. Şagirdin müəllimə qarşı hər hansı səbəbdən incik olmasını, uşaq xarakterinin ziddiyyətliliyini və s. amilləri səbəblər kimi göstərmək olar. Lakin praktika onu deməyə əsas verir ki, müəllim sinif qarşısında daşıdığı məsuliyyəti əsas tutaraq təmkinini itirməməli, şagirdlə münasibətində mübahisəli məqamlar hiss olunsa belə, soyuqqanlılıq nümayiş etdirməklə bu halın qarşısını almağı bacarmalıdır. Əks halda, müəllim öz şagirdi qarşısında nüfuzunu itirmiş olur. Digər tərəfdən, bu cür hallar təlim prosesində gözlənilən nəticəni əldə etməyə maneçilik törədir.
Təlim zamanı pedaqoji prosesin iştirakçıları arasında mübahisəli məqamların yaranmasının səbəblərinə nəzər salaq. Təhlil etdikdə aydın olur ki, xarakterik xüsusiyyətlərin rolunun böyüklüyü danılmazdır. Uşaqlarda yaş xüsusiyyətlərindən irəli gələn çılğınlıqlar onların ətrafdakılara qarşı münasibətlərində bir çox hallarda emosionallıq ifadə etmələrinə səbəb olur. Təbii ki, bu cür reaksiyanın şagird tərəfindən nümayiş etdirilməsi üçün real zəmin yaranmalıdır. Müəllimin təlim prosesini idarə etməsi zamanı ortaya çıxan bəzi məqamlar tərəflər arasında mübahisəni formalaşdıra bilər. Məsələn, şagird tərəfindən yönləndirilən müəyyən bir sual müəllim tərəfindən cavablandırıla bilmirsə, bu son anda mübahisənin yaranmasına təkan verə bilər. Təcrübə göstərir ki, belə vəziyyətlərdə biz emosional sferada olmamalı, dərs-təlim prosesinin nizamının pozulmaması üçün öz təmkinimizi davamlı nümayiş etdirməliyik. Dərs prosesində rast gəlinə bilən bu cür emosional situasiyalara müdrikcəsinə yanaşmaq və effektiv həll yollarına üz tutmaq üçün, ilk növbədə, biz pedaqoqların psixoloji durumu sabit olmalıdır.
Tədris prosesində rast gəlinən həssas məqamlardan biri də müəllimlə şagird arasında yaranan konflikt situasiyaların daha geniş və təhlükəli nəticələrə yol açmasıdır. Təcrübə göstərir ki, tərəflər arasında ziddiyyətin yaranmasının müxtəlif səbəbləri ola bilər. Məsələn, müəllimin valideynlə münasibətlərinin pis olması, şagirdin təlim prosesində nadinclik etməsi və s. səbəblər müəllimlə şagird arasında ziddiyyətli mühiti formalaşdıra bilir. Lakin hər bir müəllim anlamalıdır ki, şagirdlə öz arasında formalaşan hər hansı ziddiyyət pedaqoqun zəifliyinin, təhsilalanlara qarşı yetərincə açıq olmamasının göstəricisi kimi dəyərləndirilir.
Müasir təlim texnologiyalarından təlim prosesində istifadə zamanı auditoriyada şagirdlərin rəğbətləndirilməsi məsələsi xüsusi yer tutur. Yeniyetməlik yaş dövrünün xüsusiyyətlərindən irəli gələrək şagirdlərin psixoloji durumunu tənzimləmək üçün bu yanaşmanın əhəmiyyəti danılmazdır. Çağdaş dövrün pedaqoqları təlim prosesində uşaqların rəğbətləndirilməsinə ciddi yanaşırlar. Lakin bəzən şagirdə qarşı təşəkkür bildirmə öz “sərhəd”ini keçdiyindən, nəticədə süni bir görüntü alınır. Uşağa dərs prosesində həddindən artıq təşəkkür və minnətdarlıq bildirən müəllimin əsas məqsədi şagirddə özünə qarşı hörmət formalaşdırmaq, onun sevgisini qazanmaq - bir sözlə, yaxşı müəllim kimi cəmiyyətdə tanınmaq istəyidir. Təcrübə göstərir ki, bunun neqativ təsiri də qaçılmaz olur. Məlumdur ki, uşaqların hamısı eyni xüsusiyyətlərə malik olmur və bu mümkün də deyildir. Bu mənada, sinif mühitində müəllim tərəfindən nümayiş etdirilən təşəkkür bildirmələr şagirddə bəzən gülüş və ikrah doğurur. Çünki o, bu münasibətin həqiqiliyinə inanmır. Nəticədə, ortada süni davranış modeli təzahür edir ki, bu da tərəflər arasında (müəllim-şagird) arzuolunan səmimi münasibətlərin və qarşılıqlı ünsiyyətin inkişafına ziddir. Sevilən müəllimə çevrilmək, bu statusu qazanmaq üçün isə müəllim istər dərs prosesində, istərsə də həyatda şagirdlərinə qarşı münasibətdə, ilk növbədə, “özü” olmalıdır.
Uşaqlara aid olan hüquqların həyata keçirilməsində nəzərdə tutulan məsuliyyətin müəyyən hissəsi müəllimlərin üzərinə düşür. Bu məsuliyyətlə yüklənmə vəzifələrin icrası zamanı müəllimlərdə müxtəlif neqativ hisslərin yaranmasına və onların konfliktə getmələrinə səbəb olur. Qeyd etmək lazımdır ki, hər bir müəllim də vaxtilə şagird statusunu daşımış, həmin yaş dövrlərindəki xüsusiyyətlərə sahib olmuşdur. Müəllimlərin həmin zamanları xatırlaması məhz təlim mühitində şagirdlərlə yaranmış konfliktlərin xoş münasibətlərə keçməsinə yardım göstərə bilər.
Pedaqoji prosesin iştirakçıları arasında məktəb həyatında yaranan münaqişələrin səbəblərini araşdırmaq məqsədəuyğundur. Həmin səbəblərin tapılması və aradan qaldırılması müəllimlə şagird arasında münasibətlərin ümumi məcmusunun qaydaya salınmasına öz müsbət təsirini göstərəcəkdir.
Təlim mühitində şagirdlərin yaş xüsusiyyətlərindən irəli gələn çılğınlıq, ərköyünlülük əks tərəfdən aqressiya ilə qarşılana bilir. Ortaq məxrəcə gəlmək mümkün olmadıqda bu cür hallar konfliktə qədər gedə bilir. Nəticədə isə, bu, şagirdin həm təhsil nailiyyətlərinə, həm də öz müəlliminə qarşı münasibətinə mənfi təsirini qaçılmaz edir.
Təcrübə bunu deməyə əsas verir ki, müəllimin pedaqoji fəaliyyətində onun fərdi xüsusiyyətlərinin önə çəkilməsi ümumi məqsədə xidmət edən yanaşmadır. Pedaqoqların peşə fəaliyyətlərində elmi və metodiki inkişafa geniş yer verildiyi kimi, onların xarakterik xüsusiyyətlərinin də təhlilinin aparılması və real çatışmazlıqların aradan qaldırılması peşəkar pedaqoji fəaliyyətin tərkib hissəsidir. Bununla yanaşı, müəllim-şagird münasibətlərində konfliktlərin, mübahisəli məqamların baş verməməsi və ya inkişaf etməməsi üçün pedaqoqların şəxsi keyfiyyətləri də müzakirəyə çıxarılmalı və təhlil edilməlidir. Alınan nəticəyə uyğun olaraq müvafiq strateji addımlar atılmalıdır.
L.N.Tolstoy yazır: “Əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər müəllim sənətinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir”.

yuxarı ⤴