1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
YUNESKO-nun “Qlobal məqsədlər” dərsləri
14.06.2017 / No22

 

 

 


III mövzu: Niyə bu qədər uşaq hələ də məktəbə getmir?

Fənlər:
Coğrafiya, sosial araşdırmalar, inkişaf, vətəndaşlıq.
Təlim nəticələri:
• Məktəbə gedə bilməyən uşaqların həyatları haqqında problemləri araşdırmaq.
• Digər uşaqların hisslərini anlamaq (empatiya qurmaq).
• Bəzi uşaqların təhsil almasına mane olan problemlər haqqında öyrənmək.
Bu dərs planı “Dünya məktəbdə” tərəfindən hazırlanmışdır. Bu dərs müstəqil və ya başqa bir dərsin tərkib hissəsi kimi istifadə edilə bilər.
Hazırlıq:
Əlavə 1 və 2-dəki hekayələri şagirdlərin oxuması üçün monitorda əks etdirin və ya çap edin. Müəllim üçün qeyd:
Diqqətli olun: sizin sinifdə bu real hekayələrdəki problemlərlə üzləşmiş şagird olub-olmadığını müəyyən edin. Belə şagirdlərə dəstək olmağı təklif edin.
Ümumi vaxt- 60 dəq.
Dərsin başlanğıcı. Problemin araşdırılması -15 dəq.
Əlavə 1-də Nik Şarratın təsvirinə baxın.
Fəaliyyətə başlamazdan əvvəl şagirdlərə izah edin ki, bir problemi araşdıracaqlar və jurnalist kimi düşünmək lazım gələcək. Onlar dərs ərzində kim, nə, niyə, hara, nə zaman və necə suallarından istifadə etməli olacaqlar. Aydındır ki, cavabların hamısı bu dərsdə verilməli deyil, onlar daha sonra araşdırmaya ehtiyac duya bilərlər.
Mətni nəzərdən keçirin: Dünyanın bütün guşələrindən gəlmiş bir qrup uşaq yay düşərgəsində birlikdə oturub məktəb hekayələrini müzakirə edirlər. Aydın olur ki, onların hamısı məktəbə getmir və məktəblilərin bəziləri onlara həsəd aparır.
Amerikalı şagird: Mən inana bilmirəm ki, sən bütün günü oynayırsan və heç bir ev tapşırığı etmirsən. Bəxtəvər!
Hindli oğlan: Bəli, mən məktəbə getmirəm, çünki ailəmi yeməklə təmin etmək üçün axşama kimi işləməliyəm. Elə istəyirəm, dostlarımla görüşüm, yeni şeylər öyrənim.
Nigeriyalı qız: Mən qız olduğum üçün məktəbə gedə bilmirəm. İnsanlar düşünür ki, ərdə olmalıyam və mənim körpələrim olmalıdır, məktəbdə oxumalı deyiləm. Onlar bunun vaxt itkisi olduğunu düşünür. Həkim olmaq istəyirəm, ancaq mənim heç bir şansım yoxdur.
Amerikalı şagird: Cəmi 8 yaşın var və sən işləməlisən? Ərə getməlisən....?
Fərqləndirmə və seçimlər.
Şagirdlərə mətni oxumazdan öncə şəkildəki uşaqların nə deyəcəyini təxmin etməyi onlardan xahiş edin. Bu, həqiqətən uşaqların dedikləri ilə uyğun gəlirmi?
Müzakirə zamanı uşaqların üzləşdikləri maneələri əsas ifadələr şəklində lövhədə qeyd edin. Məsələn, “Mən işləməliyəm, əgər işləməsəm, biz yemək yeyə bilmərik”.
Təlim fəaliyyəti - 25 dəq.
Əlavə 2-də real hekayə slaydlarından istifadə edin və hər biri haqqında ətraflı danışın.
Kim, nə, niyə, harda, nə zaman və necə suallarından istifadə edin.
Cütlükdə müzakirə: Bu uşağın yerində olmaq nə deməkdir? Onların həyatı sizin həyatınızdan necə fərqlənir? Bu uşaqlardan onların həyatları haqqında soruşmaq istədiyiniz 3 sualı yazın. Suallarınızı elə qurun ki, müxtəlif şeylər soruşa biləsiniz. Sizə çox məlumat verən cavabları təmin etmək üçün açıq sual üsullarından istifadə edin.
İcmal: Dərsdə gedən öyrənmə prosesini şərh edin. Şagirdlər cavablarında daha çox məlumat izah edə bilirlərmi? Onlar problemləri daha dərindən anlayıblarmı?
Təlim fəaliyyəti - 10 dəq.
Şəxsi refleksiya və nəticə: Bu gün haqqında eşitdiyiniz uşaqlardan birinə nə arzu edərdiniz? Şagirdlərinizdən arzularını ifadə edən bir abzas cümlə yazmalarını xahiş edin.
Fərqləndirmə və seçimlər
Tədqiqat: Bu gün haqqında danışdığımız maneələrdən sizi daha çox maraqlandıran biri haqqında fikirləşin. Hansı ölkələrin bu maneədən əziyyət çəkdiyini araşdırın. Sinfə maraqlı ola bilən vebsaytların siyahısını yaradın və növbəti dərsə gətirin.
Məktəb üçün
Bu dərs planından təklikdə və ya 5 dərs planının tərkib hissəsi kimi istifadə edə bilərsiniz. Məktəbdən yayınma hallarına qarşı kampaniyada da faydalı ola bilər. Dərs planlarının tam ardıcıllığına baxmaq üçün zəhmət olmasa, linkə daxil olun: http://www.aworldatschool.org/resources/teachers-pack  “Dünya məktəbdə” layihəsində iştirak etmək və məktəbdən uzaq düşmüş milyonlarla uşağa dəstək vermək üçün linkə daxil olun: www.globalgoals.org/worldslargestlesson “58 milyon uşaq məktəbə getmir - Biz necə kömək edə bilərik?” başlıqlı dərs planını gözdən keçirin.
Real hekayələr
Uşaq əməyi
Adı: Qudiya
Yaş: 9
Ölkə: Hindistan
Qudiyanın 9 yaşı var. O, məktəbi çox sevirdi. O, çox yaxşı şagird idi, səylə çalışırdı və böyüyəndə həkim olmaq istəyirdi. Qudiyanın atası vəfat edən zaman onun məktəbdən çıxmaq və süfrəyə ərzaq qoymaqda ailəsinə kömək etmək üçün pul qazanmaqdan başqa seçimi olmadı. O, indi varlı adamın evində qulluqçu işləyir: qabları yuyub, təsərrüfat işləri görür ki, kasıb ailəsinə kömək edə bilsin. Bu ev tapşırığı onun qeyd dəftərində yazıldıqdan iki gün sonra Qudiya məktəbdən getmək məcburiyyətində qaldı.
Bu günün ev işi:
1. Mərkəzi yol kəsişməsində 20 rupi dilənmək.
2. Missis Şarmanın evini təmizləmək və qabları yumaq.
3. Axşam yeməyi üçün xəmir yoğurmaq.
Uşaq evliliyi
Adı: Mines
Yaş: 15
Ölkə: Malavi
Mines hətta yuyunmaq üçün sabun ala bilmədiyi ifrat yoxsulluqda nənəsi ilə birgə yaşayırdı. Mines 13 yaşında olanda dostu onun qayğısına qalacaq, özündən xeyli yaşlı adama ərə getməyə razı saldı. Mines nənəsinə zəhmət verməmək üçün tək seçimin bu yol olduğuna inandı və məktəbi atıb ərə getdi. Ancaq o ərə gedəndən sonra həyat daha da pis oldu, onun əri pulu özünə xərcləyir və onu yeməksiz qoyurdu. Xoşbəxtlikdən nənəsi ona kömək etdi və Mines ərindən ayrıldı, indi özünə daha yaxşı gələcək qurmağı öyrənmək üçün məktəbə gedir.
Ayrı-seçkilik
Adı: Malala
Yaş: 17
Ölkə: Pakistan
Malala Yusufzay adlı pakistanlı məktəbli qız 2009-cu ildə Taliban tərəfindən məcburi şəkildə məktəbdən qovulandan sonra BBC üçün gündəlik yazmağa başladı.
Taliban ifrat düşüncə tərzli adamlardan ibarət bir qrupdur və onlar güman edir ki, qadınlar səkkiz yaşından sonra təhsil almalı deyillər. Malala 11 yaşında olanda Taliban Pakistanda onun doğma şəhəri olan Minqoranı nəzarətə aldı, o və dostları məktəbdən çıxmağa məcbur edildilər.
O, gündəlik vasitəsilə hisslərini və gördüyü ədalətsizliyi paylaşmağı qərara aldı.
Onun gündəliyindən: “Mən qorxuram”. 3 yanvar 2009-cu il.
“Mən dünən hərbi helikopterlər və Talibanın olduğu dəhşətli yuxu gördüm. Mən Svatda hərbi əməliyyatın başlamasından bəri belə yuxular görürəm. Mən məktəbə getməyə qorxurdum, çünki Taliban bütün qızların məktəblərdə iştirakını qadağan edən fərmanı imzalamışdı. 27 şagirddən sinifdə yalnız 11-i qalmışdı. Talibanın fərmanı sayı azaltmışdı.
Malala Talibanın arzularının əleyhinə olaraq məktəbə getməyə bir yol tapdı, lakin onlar xəbər tutdular. Onun cəmi 15 yaşı var idi, taliblər məktəb avtobusuna mindilər və onun başına atəş açdılar. O, ağır yaralandı, ancaq sağ qaldı.
Malala indi təhlükədən uzaq bir məktəbdədir. Məktəbdən kənarda o, qadın təhsili üçün fəaliyyət göstərir və ən gənc Nobel mükafatı laureatıdır.
Münaqişə
Adı: Məhəmməd
Yaş: 15
Ölkə: İraq
Məhəmmədin 15 yaşı olanda dörd qardaşı və iki bacısı ilə doğma şəhərlərində dəhşətli münaqişənin ortasına düşdü.
Bombalar və raketlər xəbərdarlıqsız atılaraq, şəhərlərini dağıdırdı. Partlayış onların evlərinin yanında olanda ataları yaralandı, evin pəncərələri, ailə avtomobilləri sıradan çıxdı.
Vacib imtahanların olmasına baxmayaraq Məhəmmədin məktəbi bağlandı. Ailə həftələrlə evdə qalmalı oldu, evdən çıxmaq və dostlarını görmək imkansız idi.
Zorakılıq bitəndə, məktəblər təkrar açıldı, ancaq Məhəmmədin məktəbinə çox ziyan dəymişdi. Pəncərələr sındırılmış, partalar və stullar qırılmış, tualetlər dağıdılmışdı. Şagirdlər təşvişli və narahat idi. Hətta sülh elan edilən zaman da valideynlər uşaqlarını təhlükəli şəraitin qorxusundan məktəbə göndərməkdən çəkinirdilər.
O, gələcək üçün arzularını ifadə edir:
Mən mühəndis-mexanik olmaq istəyirəm və mənim yaxşı müəllimlərə ehtiyacım var.
Mən istəyirəm ki, müharibə qurtaranda biz də başqa uşaqlar kimi sərbəst məktəbə gedək, oyun oynaya bilək.

www.tipii.edu.az/az  saytının materialları əsasında

yuxarı ⤴