1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Müəllimliyi ən uca vəzifə bilmişəm”
14.06.2017 / No22

 

 

 


Baba Babanlı: “50-ci illər üçün bizim gördüyümüz işlər əsl inqilab idi”

Jalə MÜTƏLLİMOVA

Dünyada elə peşələr var ki, onları heç peşə adlandırmaq düzgün deyil. Bu, daha çox ilahi istedad və həyatını həsr etdiyin işdir. Müəllim peşəsi də məhz bu qəbildəndir. Müəllim adının belə ali mərtəbəyə yüksəlməsi özünü bu işə təkcə vaxt deyil, qəlbi ilə həsr etmiş insanların böyük zəhmətinin nəticəsidir. Həmsöhbətimiz bu il 90 yaşı tamam olan - müəllim adını gənc yaşlarından şərəflə daşımış və həyat yolunda üzləşdiyi çətinliklərə baxmayaraq, bu adı yüksəkliyə qaldırmış Baba Babanlıdır. Onunla söhbətimiz zamanı tarixin son 70 ili göz önündən keçib gedir və özündən asılı olmayaraq, bu qədər işin bir ömrə necə sığdığı barədə düşüncələrə dalıb, heyran olmaya bilmirsən. Amma Baba müəllimin bütün fəaliyyətinin mərkəzində fədakarlığın qırmızı cizgi ilə keçdiyini düşündükdə, hər şey yerinə oturur. İlahi istedad, zəhmət və özünü fədakarcasına gənc nəslin savadlı yetişməsinə həsr etmiş - Baba Babanlı taleyinə MÜƏLLİM adını həkk edib.

- Baba müəllim, siz zəngin həyat yolu keçmisiniz. Bu həyat yolunda uşaqlıq və gənclik illərini necə xatırlayırsınız?
- Mən 1927-ci ildə Qazax rayonunun Muğanlı kəndində dünyaya gəlmişəm. Atam mühasib, anam evdar qadın idi. Ailədə 4 bacı və 1 qardaş olmuşuq. Adım nəslimizin adı - Babanlı idi, Babanlıyev Babanlı. Onuncu sinfi bitirib pasport alan zaman məsləhət gördülər ki, ad və soyadım Baba Babanlı olsun. Elə də etdik.
Sonra Qazax Müəllimlər İnstitutuna daxil oldum. O zamanın məşhur ziyalılarından bir çoxu məhz bu təhsil ocağının məzunları olmuşdular. İnstitutu bitirib, dərhal əmək fəaliyyətinə başladım. Dövr çox çətin idi, ailəmiz isə böyük.
Həyat yoldaşım Dünya xanım da həmin institutun ədəbiyyat fakültəsini bitirdikdən sonra könüllü olaraq təyinatımızı Saatlı rayonuna aldıq və düz 1987-ci ilin sonuna qədər, yəni 40 il taleyimiz bu rayonda müəllimlik fəaliyyəti ilə bağlı oldu.
1955-ci ildə tam ali təhsil almaq arzusu məni Azərbaycan Dövlət Pedaqoji İnstitutuna gətirdi. Üçüncü kursa qəbul olundum, riyaziyyat müəllimi kimi bir qədər də savadımı artırdım. Fikirləşdim ki, bununla xalqıma, vətənimə daha çox faydam olar, gənc nəslin kamil yetişməsində, “savadsızlığın ləğvi” dövlət proqramının həyata keçirilməsində vətənə daha səmərəli xidmət göstərə bilərəm.
- Gəncliyiniz çox ağır dövrlərə təsadüf edir. Tələbəlik illərinizi necə xatırlayırsınız?
- Ağır müharibə illəri təzəcə başa çatmışdı. Yaşamaq da, təhsil almaq da çətin idi. Amma elmə olan həvəsim tam ali təhsil almağıma, yaxşı qiymətlərlə oxumağıma kömək etdi. Bəlkə də təhsillə bağlı bütün arzularıma çata bilmədiyim üçün sonralar yeddi övladımın da mükəmməl təhsil almasına çalışdım. İndi böyük oğlum Məhəmməd - Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, ortancıl oğlum - Nizaməddin - kimya üzrə fəlsəfə doktoru, kiçik oğlum Mustafa isə texnika elmləri doktoru, professordur. Qızlarım ali təhsilli həkim və müəllim kimi fəaliyyət göstərirlər. Onların xoşbəxt tələbəlik həyatı elə mənim özümün xoşbəxt həyatım, tələbəliyim oldu.
- Əmək fəaliyyətinə başladığınız Saatlı rayonunda, yəqin ki, vəziyyət daha çətin idi. Aran zonası, təcrübəsiz gənc bir müəllim, yeni kollektiv - bütün bunlar sizə çətinlik yaradırdımı?
- Mən Saatlıya təyinat alarkən, bütün bu çətinlikləri götür-qoy etmişdim. Təyinatla gəldiyim Kirov kəndinin sakinlərinin əksəriyyəti savadsız idi, hətta övladlarının maariflənməsinə belə maraq göstərmirdilər, qızlar isə təhsildən tamamilə kənarda qalmışdılar. Məktəbdəki müəllimlərin qeyri-peşəkarlığı da tədrisin mükəmməlliyinə imkan vermirdi. Valideynlər övladlarının pambıq tarlalarında, kolxoz işlərində çalışıb pul qazanmalarında daha çox maraqlı idilər. Əhali kasıb, savadsız, bir parça çörək üçün gecəsini gündüzünə qatan kolxozçular, ziyalılar isə əksəriyyəti kənardan gələn mütəxəssislər idi.
Saatlıda cəmi 2 il müəllim işlədim. Sonra Rayon Xalq Maarifi Şöbəsinin müdiri Qoca Quliyev məni işlədiyim məktəbə direktor təyin etdi. Məsuliyyətim bir az da artdı. Şagirdlərin məktəbə cəlb edilməsi, hətta böyük yaşlı qızların birbaşa 5-ci sinfə qəbul olunması, əlifba, yazıb-oxuma öyrənməsi üçün əlimdən gələni etməyə çalışırdım. Bu işdə mənə həyat yoldaşım böyük dəstək olurdu - xüsusilə, qızların və qadınların məktəbə cəlb edilməsində. Nəticə gözlədiyimizdən də yaxşı alındı; kənd camaatının təhsilə, elmə marağı artmağa başladı. Kəndin özündən oxuyub ali təhsil alan, gəlib xalqına-vətəninə bizimlə çiyin-çiyinə xidmət edən nə qədər müəllim, həkim, aqronom, mühəndis yetişdi. Alimlər, tanınmış insanlar yetişdirdik biz bu kənd məktəbində.
Yadımdadır, məktəbin həyətində öz əlimizlə yarımkürələr xəritəsinin böyük bir modelini yaratmışdıq. Oraya su buraxılanda əmələ gələn mənzərə hamını heyran edirdi. Əyani vəsait kimi uşaqlar ondan yararlanır və elmə daha da həvəs göstərirdilər. Bu model - 8 aylıq bir kollektiv əməyin bəhrəsi idi.
Bəlkə də bu gün mənim söylədiklərim sizə çox adi görünür. Amma 50-ci illər üçün bizim gördüyümüz işlər əsl inqilab idi.
- Qazandığınız qələbələr üçün öncə nədən başladınız?
- Qəribədir ki, uğurlar qazandıqca, nailiyyətlərimiz bir-birinin ardınca düzüldükcə, ilhamlanır, daha ciddi işlərlə məşğul olmağa can atırdım. Məktəbə savadlı, ixtisaslı müəllimlər cəlb etmək, davamiyyətə 100% nail olmaq, dərslərin keyfiyyətini yüksəltmək, hər fənnə uyğun kabinetlər yaratmaq, məktəbyanı sahədən gəlir götürərək, məktəbin maddi-texniki bazasını yüksəltmək, şagirdləri pulsuz dərsliklərlə tam təmin etmək, bilik yarışmalarında respublika səviyyəsində qələbələr qazanmaq - bütün bunlar tezliklə məktəbimizi nəinki rayonun, hətta respublikanın qabaqcıl təhsil ocaqlarından birinə çevirdi.
- Rəhbərlik etdiyiniz məktəb, şagirdləri haqqında yadınızda nə qalıb?
- İlk vaxtlar işlədiyim məktəbdə 200-ə yaxın şagird təhsil alırdı. Yeddiillik təhsil bazamız var idi. Məktəbdə cəmi 11 müəllim fəaliyyət göstərirdi. Sonradan tam orta məktəb sisteminə keçdik. Şagird heyətimiz 500-600 nəfərə çatdı. Onlara 100-ə yaxın pedaqoji işçi hərtərəfli bilik verməyə və qayğı göstərməyə başladı. Günüuzadılmış məktəb sisteminə keçməyimiz uğurlarımızı bir az da artırdı. Məktəbdə pulsuz verilən yeməkdən sonra uşaqlar axşama qədər elmlə məşğul olur, dərslərinə tam hazır olduqdan sonra evə yola salınırdılar.
O dövrdə hətta biz Yevlaxın məşhur Xaldan kənd orta məktəbi ilə yarışırdıq və bu yarışmalarda həmişə birincilik qazanırdıq.
Hər il ali məktəbə daxil olan məzunlarımızın sayı artır, bizə gözəl stimul verirdi. Məktəbimizin binası isə təhsil üçün o qədər də yararlı deyildi. Nəhayət, çox böyük çətinliklərlə də olsa, nazirlikdən yeni layihə ilə tikiləcək məktəb binasının bizim kəndə verilməsinə nail olduq. Gözəl, müasir məktəb binası, lazımi avadanlıqlar, hərtərəfli maddi-texniki baza yaradıldıqdan sonra işə həvəsimiz artır, daha böyük uğurlar əldə edirdik. Müəllimlərin yaxşı yaşaması üçün də dövlət xüsusi qayğı göstərir, əməyimizi müxtəlif cür qiymətləndirirdi.
Mən də müəllimlik fəaliyyətim dövründə fəxri fərmanlar, medallar, döş nişanları, fəxri adlarla dönə-dönə təltif edilmiş, dövlətin qayğısını daim hiss etmişəm. Amma mənim ən böyük mükafatım - təmiz ad-sanım, xalqın mənə olan məhəbbəti və rayonda olan nüfuzum idi.
Mən xoşbəxtəm ki, bu gün də həmin məktəb Mircəlal kənd məktəbi adı ilə fəaliyyət göstərir.
- 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təhsildə, mədəniyyətdə bir sıçrayış əmələ gəldi. Bunları necə xatırlayırsınız?
- Heydər Əliyev, sözün əsl mənasında lider, milli təəssübkeşliyi qoruyan, çox uzaqgörən bir siyasətçi idi. Onunla bağlı bir xatirəni ömrüm boyu unutmuram və yeri gəldikcə, gənclərə nəsihət olaraq söyləyirəm: “1975-ci ilin avqustunda ulu öndər Heydər Əliyev rayonumuza gəlmişdi. Bu münasibətlə bayram tədbirləri hazırlanmış, rayonda böyük mədəniyyət evi tikilmişdi. Xalqın sevimli lideri hamını salamlayandan sonra mədəniyyət evinin açılışını etdi və içəri daxil oldu. Az sonra onun nümayəndə heyəti ilə hirsli şəkildə oranı tərk etdiyini gördük - İmişliyə gedirdi. Sonradan məlum oldu ki, mədəniyyət evinin çilçırağının haradan gətirildiyini soruşan ümummilli lider Ermənistanda hazırlandığını bildikdə bərk əsəbiləşmiş, “diqqətlə tavana baxın və oradakı xaçı mən gələnə qədər yığışdırın” deyərək, acıqlı surətdə mədəniyyət evini tərk etmişdi”.
Bəli, heç kimin görmədiyini görən, duymadığını duyan, həssas qəlbli əsl azərbaycanlı idi Heydər Əliyev! Biz ona hər şey üçün borcluyuq.
1970-80-ci illərdə həyatın bütün sahələrində olduğu kimi təhsildə də böyük irəliləyişlər oldu. Yeni ali məktəblər açıldı. Ali məktəblərə qəbul qaydaya salındı, artırıldı. Xarici ölkələrə oxumaq üçün tələbələr göndərildi. Təhsilə xüsusi diqqət yetirildi.
- 40 il yaşadığınız bir yerdən, camaatdan ayrılmaq sizin üçün çətin olmadı ki?
- Azərbaycanın hər guşəsi mənə eyni dərəcədə əzizdir, doğmadır, vətəndir. Amma Qazax mənim atamın, anamın, ulularımın uyuduğu torpaqdır. İstədim ki, yaşlı vaxtlarımda onlara daha yaxın olum. Qoyub-gəldiyim yaxınlarımın dərdinə, qayğısına şərik olum. Axı elə gələndə mən 60 yaşından sonra elimə, obama dönəcəyimə söz vermişdim. İş, vəzifə borcu bəzi hissləri üstələmiş, evimə, ailəmə, yaxınlarıma ürəyimdən keçənləri edə bilməmişdim.
Hətta o zamankı təhsil naziri Mehdi Mehdizadə belə mənim işdən çıxmağıma razı deyildi. Yerli camaat isə ümumiyyətlə, bizi Saatlıdan buraxmaq istəmirdi. 21 yaşında Saatlıya gələrkən, özümə verdiyim sözü - “60-dan sonra doğma torpağa dönəcəyəm” fikrini, “ömrümün qalan hissəsini doğulduğum yerdə keçirəcəyəm” ideyasını beləcə həyata keçirdim.
- 90 ilin müdrikliyindən, keçdiyiniz şərəfli ömür yolunun prizmasından baxanda müəllim peşəsini necə qiymətləndirirsiniz?
- Müəllimlik mənimçün çox şərəfli və çətin peşədir. Həmişə bu peşənin ucalığına uyğun hərəkət etmiş, bu ada ləkə salmamağa çalışmış, sadə müəllim adımla fəxr etmiş, cürbəcür vəzifələr təklif edilsə də, müəllimliyi ən uca ad, vəzifə bilmişəm. Təqaüdə çıxdıqdan sonra müxtəlif sahələrdə işləsəm də, Baba müəllim adına daim sadiq qalmış, onun paklığını qorumuşam. Ulu öndərimiz demişkən: “Mən müəllim adından uca ad tanımıram”.
 

yuxarı ⤴