1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Müasir dərsin harmoniyası
(Pedaqoji etüd)
Ənvər ABBASOV
14.06.2017 / No22

 

 

 


Dərs haqqında düşüncələrimizi bölüşəndə həmişə daha çox ənənələrə qapılmalı oluruq. Bəzən də müəllimlərimizin dediklərini, ruhumuza uyğun olan yanaşmalarını xatırlayırıq. İstəyimizi də bu xatirələrin işığında oyadırıq. Bəzən xatirələrimizin dadı, duzu bizi daha çox ovsunlayır, özünün sehrində saxlayır.
Çünki onlar tarixi yaddaşımızın elə əvəzsiz anlarıdır ki, biz həyatımızın irəliləyişlərinə doğru o anların, məqamların üzərində addımlamışıq. Əldə etdiyimiz uğurlara da həmin anlarda, məqamlarda sevinmişik. Amma bu gün uşaqlıq və yeniyetməliyin ən müqəddəs anları olan təhsil illəri bizim üçün nə qədər əziz olsa da, onlar ömür tariximizin vərəqlənmiş səhifəsi kimi çox arxada qalıb. Möhtəşəm qalalar kimi tarixləşib, yaddaşımıza həkk olub. Müasir təhsilin bünövrə daşları kimi özülə çevrilib. Bu gün həmin özülün üzərində daha çevik, texnologiyalarla zəngin olan və yaradıçı təfəkkürün inkişafına yol açan müasir dərs anlamının meydana gəlməsinə ehtiyac yaranıb.
Əslində ənənəvi dərs müasirliyin güzgüsündə özünün funksiyası ilə sxematik, həm də darıxdırıcı bir forma təsiri bağışlayır. Uşaqlar belə dərslərin passivliyindən yorulurlar. Onlar daha fəal, cazibədar, maraq effekti yaradan formalara üz tuturlar. Beləliklə də, uşaqların məktəbə getmək istəyi tükənir. Müasir informasiya və kommunikasiya texnologiyaları şəraitində bu hal daha da güclənir.
Bu böyük həqiqətin məntiqi qaçılmazdır. Lakin o da həqiqətdir ki, möhtəşəm təhsil sütunlarımız olan və həmişə bizi gələcəyə səsləyən təlim ənənələrimizdəki öyrənmək, inkişaf etmək, formalaşmaq, yarada bilmək, bütün yaxşılıqları və gözəllikləri duya bilmək, kamilliyə doğru addımlamaq kimi keyfiyyətləri əxz etməliyik. Onları təşkil etdiyimiz dərslərimizin əsasına gətirməliyik.
Hər şey adiləşəndə effektini itirir. Dərs də belədir. Biz həmişə dərsə bir texnologiya kimi baxırıq. Adiliyində dərs, doğrudan da, formadır. Lakin o həm də bir yaradıcılıq nümunəsi, təsir vasitəsi və emosional bir məkandır. Orada müəllim-şagird münasibətlərinin bənzərsiz bir harmoniyası vardır. İstək, məhəbbət, qarşılıqlı hörmət bu harmoniyanın mayasını təşkil edir. Müasir zamanın informasiya qasırğasında dərs öyrənmə məkanı olmaqla yanaşı, daha çox mükalimə etmək, əlaqələnmək, istiqamət almaq, məsləhətləşmək, müzakirələr aparmaq məkanına çevrilir. Burada hər şey mövcudluq müstəvisində araşdırılır, ümumiləşdirilir, qərara gəlinir, kəşf olunur... Bütün bu proseslərdə şagirdlərin aparıcı, həlledici, dəyərləndirici rolu onların bilavasitə stimuluna çevrilir.
Dərsin planlılığı nə qədər zəruri bir element olsa da, onun şagirdlər tərəfindən təbii qəbul olunması bir o qədər vacibdir. Belə olduğu təqdirdə dərs özünün inzibati qiyafəsində qeyri-inzibati təsir bağışlayır, uşaqların daha çox xoşlandığı, maraq göstərdiyi və həzz aldığı bir məkana çevrilir. Uşaqlar bu məkanda bir-birləri ilə daha sıx birləşərək hər hansı problemin həllinə yönələ bilirlər.
Dərsin harmoniyasında bir məqam da var. O da söz məqamıdır. Güclü, inandırıcı, təsiredici söz məqamı. Bu sözü kimin deməsi şərt deyil. Onun tapılması, deyilməsi, icra edilməsi vacibdir. Dərs, məqamında deyilən sözlərin məntiqi bağlılığında, ahəngində yaranır. Həm də söz bir dərsin çərçivəsində xüsusi məna kəsb edir, ictimai yük daşıyan ünsiyyət vasitəsinə çevrilir.
Dərsdəki məntiqi bağlılığa tabe olan sözlərin fonunda onun aydın, anlaşıqlı dili yaranır. Bu günün dərslərinin dilində ruhlandırıcı, istiqamətverici, dəyərləndirici və təşviqedicilik təhkiyəni, məlumatlılığı üstələyir. Pedaqoji prosesin iştirakçılarının axtarışlar aparmaq, yaratmaqla müşayiət olunan fəallığını təmzimləyir. Əslində bunlarla özünün müasirliyini ifadə edir.
Hər bir dərs həm də zamanında təkrarolunmazdır. Biz bəzən onu planlarımızda, topladığımız materiallarımızda, ümumiyyətlə, yanaşmalarımızda təkrarlamağa çalışırıq. Lakin nə qədər çalışsaq da, buna nail ola bilmirik. Çünki hər bir dərslə bağlı maraqlı olan tərəflərin səviyyələrindən tutmuş, bütün iştirakçıların əhvali-ruhiyyələrinə qədərki parametrlərdə eyniyyət yaşamır. Dərsdəki fəaliyyətləri tamamilə yeni tələblər stimullaşdırır.
Niyə biz ənənəvi dərsin standartlaşmış mərhələləri arasında darıxırıq? Şagirdlər dərsin sxematik struktur çərçivəsində sadəcə göstərişləri icra etməkdən usanırlar. Müasir zaman çərçivəsində verilmiş tətbiqi çalışmaların icrasına həvəssiz yanaşırlar. Nəyinsə olacağına, hansı bir qeyri-adiliyinsə baş verəcəyinə, dərsin maraqlı bir məzmun, struktur görüntüsünün baş verməsinə ümid bəsləyirlər.
Məhz ona görə ki, dərs, sinif mühiti ilə cəmiyyətdəki vəziyyət arasındakı uyğunluq pozulur. Televizor, internet vasitələrinin yaratdığı maraq effekti qarşısında sinif şəraiti sönük görünür. Bol və sürətli informasiyaların fonunda sinif informasiyaları dəyərini itirir. Artıq müasir cəmiyyətdə formalaşan insana tamam başqa aspektdən yanaşmaq missiyası meydana gəlir. Bu, ilk növbədə, şagirdlərə öyrənməyi öyrətməkdən ibarət olan missiyadır. Müasir dərs yalnız bu koordinatda özünü bərpa edə və yaşada bilir. Eyni zamanda özünün təhsil alan uşaqlara lazımlılığını ortaya qoya bilir. Bunun üçün isə dərs həm də bütün parametrləri ilə maraq doğurmalı, şagirdlərin diqqətini çəkə bilməlidir.
Müasir zamanın dərsi nə vaxt maraq doğura bilər? O zaman ki, dərs şagirdlər üçün çox yaxın bir məkana çevrilir. Orada şagirdlər axtardıqları həyati bacarıqları, düşüncə tərzini tapa bilirlər. Dərsin təşkili fikir birliyinə, problemlərin həllinə xidmət edir. Hər dərs öz zamanında həll etdiyi problemlərin adı ilə tanınır. Tədris, təlim yanaşmalarının daha effektiv və maraqlı qurulmasını qeyri-standart dərslər stimullaşdırır. Dərsin yeganə informasiya, öyrətmə funksiyası tədricən dəyişir, istiqamətverici bir xarakter alır.
Belə olduğu təqdirdə dərsin bitkin bir harmoniyası yaranır. Bu harmoniyanın emosional təsiri şagirdlərin duyğularına təsir edir, onları şövqlə, ruh yüksəkliyi ilə oxumağa, öyrənməyə, yaradıcı fəaliyyət göstərməyə səsləyir.
 

yuxarı ⤴