1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
“Burada müəllimlərimizi öyrədici və inkişafetdirici mühit gözləyir”
18.06.2016/№23

 

 


Müsahibimiz Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi, əməkdar müəllim Vəfa Yaqubludur

- Vəfa xanım, 2 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun adı dəyişdirilərək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırıldı. Yəqin ki, institutun adının dəyişdirilməsi onun fəaliyyət istiqamətlərində, strukturunda dəyişiklik tələb edib. Bu baxımdan institut sələfindən nələrlə fərqlənəcək?
- Əlbəttə, fərqimiz yalnız adımızda olmayacaq. Biz Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun ( BPKİYİ) hüquqi varisiyik, onun çiyinləri üstündə durmuşuq. BPKİYİ 1939-cu ildən fəaliyyət göstərən, bu illər ərzində adı və eləcə də funksiyası zamanın tələblərinə müvafiq olaraq bir neçə dəfə dəyişdirilən əlavə təhsil müəssisəsi olmuşdur. Bugünkü dəyişikliyin məqsədi təhsil işçiləri üçün daha çevik, səmərəli və ehtiyaclara uyğun ixtisasartırma, təkmilləşdirmə və stajkeçmə proqramları təklif etməkdir. Yeni strukturda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) birbaşa ixtisasartırma təlimlərinin keçirilməsi ilə məşğul olmayacaq. İndi institutun fəaliyyət istiqamətləri ixtisasartırma təlimlərinin məzmun standartlarını hazırlamaq, müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarını qiymətləndirmək, keçiriləcək təlimlərin keyfiyyətinə nəzarət etmək, müdavimlərin yekun qiymətləndirilməsini aparmaq, ixtisasartırma sahəsində innovativ yanaşmaları təhlil etmək və pilot layihələr hazırlamağı əhatə edir. Pilot layihələrimiz üçün hədəf qrupu ibtidai sinif müəllimləridir. Onların səriştəsinin artırılması bizim üçün prioritet sahədir. İnstitutda ibtidai sinif müəllimləri üçün “Təməl” resurs mərkəzi yaradılıb. Bu günlərdə türkiyəli təhsil eksperti doktor Erdem Söylemez resurs mərkəzində ilk müəllim qrupumuz üçün “Sinfin idarəedilməsi” mövzusunda ikigünlük seminar keçirdi.
- Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda, adından da göründüyü kimi, müəllimlərin peşəkar inkişafı, təkmilləşdirilməsi əsas yer tutur. Bu məsələdə nə kimi yeniliklər gözlənilir?
- Əmək bazarında rəqabətə davamlı olmaq istəyən hər bir peşə sahibi üçün peşəkarlığın inkişafı həyati zərurətdir. Peşəkar insan daha səmərəli işləməyi bacarır. Səmərə isə az enerji, güc sərf etməklə daha yaxşı nəticə göstərmək deməkdir.
Müəllimlərin iş xüsusiyyətini, rejimini nəzərə alan, onların işinə müsbət təsir edəcək təlim proqramlarının hazırlanması və müəllim üçün rahat rejimdə həyata keçirilməsi vacibdir. Bu gün beynəlxalq tədqiqatlar göstərir ki, məktəbəsaslı ixtisasartırma təlimləri daha səmərəlidir. Məktəbdə işləyən bütün müəllimlər eyni zamanda təlimlərə cəlb ediləndə və təlim məktəb daxilində həyata keçirildikdə nəticələr daha yüksək olur. Yaxşı nəticə göstərən müəllim isə şagirdlərin təlim nəticələrinə birbaşa təsir edir. Biz hazırda bu modelin sınaqdan keçirilməsi üzərində işləyirik.
Başqa bir yenilik Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun saytının funksionallığı ilə bağlıdır. Biz çalışırıq ki, saytımız müəllimlər üçün faydalı olsun. Müəllimlər onları maraqlandıran suallarla bizə müraciət edə biləcəklər. Sualların yüksək səviyyədə və operativ cavablandırılmasını təmin edəcəyik. Orada kifayət qədər resurslar yükləmək, müəllimin işinin keyfiyyətini yüksəltməyə kömək edəcək tövsiyələr vermək, bir sözlə, müəllimin “ümumi tonusunu” saxlamaq işimizin bir hissəsi olacaqdır. İnstitutun yeni loqosu “çərçivələri yararaq” fikrini əks etdirir, devizimiz isə belədir: “Öyrətmək iddiasında olanın öyrənmək əzmi gərək”.
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini reallaşdıran müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. İnstitutda strategiyanın müddəalarının həyata keçirilməsi üçün hansı işlər görülür, tədbirlərin reallaşdırılması nəzərdə tutulur?
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında pedaqoji heyət üçün modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması da nəzərdə tutulur. Bu məsələ barədə təkliflər paketi hazırlanmış və müzakirəyə verilmişdir. Rəqabətəsaslı təlimlər sistemi ixtisasartırma təhsilinin keyfiyyətinə müsbət təsir edəcəkdir. Müəllimlərin ixtisasartırma təhsilinin dövlət sifarişi əsasında adambaşına maliyyələşdirilməsi mexanizmi hazırlanır. Qeyd etdiyim kimi, institut bütün təhsil işçiləri üçün ixtisasartırma təlimlərinin məzmun standartlarını hazırlamaq ilə məşğul olur. Həmin standartlar əsasında əlavə təhsil və ali təhsil müəssisələri öz proqramlarını hazırlayıb qiymətləndirməyə təqdim edəcəklər. Qiymətləndirmə daha təkmil proqramı və daha səriştəli əlavə təhsil müəssisəsini seçməyə imkan verəcəkdir. Rəqabətəsaslı təlimlər sistemi həm də mülkiyyət formasından asılı olmayaraq ali təhsil və əlavə təhsil müəssisələrinin potensialının gücləndirilməsinə xidmət edəcəkdir. Digər bir yenilik ixtisasartırma təlimlərinin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlıdır. Qiymətləndirmə üsul və vasitələrinin optimallaşdırılması üzərində iş aparılır. Obyektivliyin artırılması məqsədilə qiymətləndirmə mərkəzləşdirilmiş şəkildə institutun müvafiq şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
- Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu xarici ölkələrin əlavə təhsil müəssisələri ilə əlaqələri, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində işləri necə qurmağı planlaşdırır?
- İnstitutumuzda Beynəlxalq layihələr şöbəsi fəaliyyət göstərir. Məqsədimiz təhsil sistemi inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə sıx əlaqələr yaratmaq, qarşılıqlı faydalanmaqdır. İnstitut UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvüdür. Biz Avropa Şurasının təhsil layihələrini, Pestalotsi Proqramını izləyirik.
Bu yaxınlarda Britaniya Təhsil Şurası (British Council) ilə əməkdaşlıq çərçivəsində institutumuzda ingilis dili müəllimləri üçün resurs mərkəzi açılacaqdır. “British Council” resurs mərkəzinə 175 adda dərs vəsaiti, öyrədici material ianə etmiş, elektron resurslara çıxış imkanı yaratmışdır. Tezliklə ingilis dili müəllimlərimiz bu unikal mərkəzdən faydalanacaqlar.
Yeni dərs ilindən müəllimlərimizi institutumuza dəvət edirik. Burada müəllimlərimizi öyrədici və inkişafetdirici mühit gözləyir. Biz təhsil işçilərimizə problemlər haqqında deyil, həll yolları barədə düşünməyi, “qurban” mövqeyindən “məsuliyyətli insan” mövqeyinə keçməyi, arxaya yox, irəli baxmağı öyrətmək əzmindəyik.

Müsahibəni apardı:
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”,
s.kerimova@ muallim.edu.az
 

yuxarı ⤴