1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Şagirdlərin fizikadan diaqnostik qiymətləndirilməsi
18.06.2016/№23

 

 

 


Əlişah GƏRAYEV,
ARTPİ-nin Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Ümumtəhsil məktəblərində fizika fənni üzrə məzmun standartları şagird şəxsiyyətini sosial, psixoloji, bioloji və təcrübi istiqamətlər üzrə inkişafını izləməyə və qiymətləndirməyə imkan verir. Şəxsiyyətin sosial inkişafı onun mənəvi (dünyagörüşü, əqidəsi, marağı, meyli, kommunikativliyi, xeyirxahlığı, əməkdaşlığı, bir-birinə hörmət etmək, dinləmək, başqasının müəyyən məsələ ilə bağlı fikrini qəbul etmək və s.) və estetik (təbiət və incəsənət nümunələrinə qayğı) xüsusiyyətləri üzrə təyin olunur. Bu xüsusiyyətlərin yaradılması və formalaşdırılması dərsin tərbiyəedici vəzifəsinin funksiyasına aiddir. Ayrı-ayrı psixi proseslər (diqqət, qavrama, təfəkkür, yaddaş, hiss, psixomotor fəaliyyətlər) üzrə xüsusiyyətlər suallar, tapşırıqlar, çalışmalar vasitəsilə, ali sinir fəaliyyətinin bioloji xüsusiyyətləri (temperament, xarakter) və şəxsiyyətin fiziki inkişafı tapşırıqlar vasitəsilə təyin edilir, fəaliyyət prosesində təkmilləşir və formalaşır. Təcrübə isə məzmunun strukturu, elmiliyi və mənimsənilmiş biliklərin həcmi, bacarıq və vərdişlərin universallığı, mənimsəmənin keyfiyyəti ilə təyin edilir.
Pedaqoji prosesin icbari vacib hissələrindən biri məktəbdaxili qiymətləndirmədir. Qiymətləndirmənin mahiyyəti onun çoxfunksiyalılığı ilə xarakterizə olunur. Fiziki hadisənin mahiyyəti ondan ayrı olmadığı kimi qiymətləndirmənin də mahiyyətini tədris prosesindən kənarda axtarmaq lazım deyil. Məktəbdaxili qiymətləndirmənin mahiyyəti şagirdlərin təlim nailiyyətlərinin, məzmun xətləri üzrə ümumi təlim nəticələri əsasında müəyyənləşdirilmiş təhsil standartlarının qiymətləndirmə vasitələrinin köməyi ilə qazanılmış təlim nailiyyətlərinin dəyərləndirilməsidir. Qiymətləndirmə vasitələrinin köməyi ilə müəyyənləşdirilmiş təlim nailiyyətləri təlim prosesini diqqətdə saxlamaqda, şagirdlərin inkişaf dinamikasını izləməkdə böyük əhəmiyyətə malikdir. Şagird nailiyyətlərinin qiymətləndirilməsində fizika fənn kurikulumunun tələbləri və fənnin məqsədi gözlənilməlidir. Fənn üzrə məktəbdaxili qiymətləndirmənin məqsədi fənnin məqsədindən doğmalıdır. Məktəbdaxili qiymətləndirmənin üç növü - diaqnostik, formativ, summativ mövcuddur. Şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı istifadə olunan üsul və vasitələr fizika fənn kurikulumunun tələblərinə cavab verməlidir. Qiymətləndirmə vasitələrinin məzmunu şagirdin yaş səviyyəsinə, təlim fəaliyyəti isə sinif səviyyəsinə uyğun olmalıdır. Müəllim nəyi, necə, nə üçün qiymətləndirməsi üzərində ciddi düşünməlidir. Ona görə də şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı üsul və vasitələrin müəyyənləşdirilməsində aşağıdakı didaktik tələblərin gözlənilməsi məsləhətlidir:
* qiymətləndirmə vasitələri reallaşması nəzərdə tutulan məzmunu standartların ölçülməsinə imkan verməli;
* məzmunun şərhinin aydınlığı və yaşa uyğunluğu, riyazi aparaturanın çətinlik səviyyəsi, vahidlər sisteminin düzgünlüyü nəzərə alınmalı;
* qiymətləndirmə vasitələrinin hazırlanmasında sistemlilik, ardıcıllıq gözlənilməli;
* tapşırıqların tərtibində cəlbedicilik, rəsm və şəkillərin aydınlığı gözlənilməli;
* anlayışların, terminlərin elmi cəhətdən düzgün ifadə olunması nəzarətdə saxlanılmalı;
* sual, çalışma və tapşırıqların məzmununun fizika elminin cəmiyyətin həyatındakı rolu ilə əlaqələndirilməli;
* qiymətləndirmə vasitələrinin tərtibində fizikanın praktik tətbiqlərinə aid nümunələrin verilməsi və s.
Bizim məqsədimiz sadəcə məktəbdaxili qiymətləndirmənin növlərini sadalamaq deyil, standartların tələbinə uyğun qiymətləndirmə vasitələrinin məzmununun tərtibində elmi-metodiki səviyyənin gözlənilməsidir. Diaqnostik qiymətləndirmədə məqsəd məzmun standartlarının reallaşdırılmasına kömək göstərəcək mövcud bilik, bacarıqları müəyyənləşdirməkdir. Diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində şagirdlərin fənnə uyğun bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır. VI sinfin əvvəlində diaqnostik qiymətləndirmədə fənlərarası şaquli inteqrasiya, yuxarı siniflərdə isə fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınmalıdır.
Fizika fənn kurikulumuna görə VI sinifdə “Fiziki hadisələr qanunauyğunluqlar, qanunlar” məzmun xətti üzrə:
1.1. Fiziki hadisələrə dair bilik, bacarıqlar nümayiş etdirir.
1.1.1.Mexaniki, istilik, elektromaqnit hadisələrini fərqləndirir.
1.1.2.Müxtəlif xarakterli fiziki hadisələrə dair sadə məsələlər həll edir.
1.1.3. Hərəkəti növlərinə görə qruplaşdırır.
1.1.4.Müxtəlif xarakterli təbiət hadisələrinə dair müşahidələrini təqdim edir.
“Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər” məzmun xətti üzrə :
2.1. Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1.Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir.
2.1.2. Materiyanın formalarını fərqləndirir.
2.1.3. Materiyanın formalarına dair müşahidələrini sadə şəkildə təqdim edir.
2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına) dair sadə məsələlər həll edir.
2.2.Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.
2.2.2. Təbiətdəki qarşılıqlı təsirə dair müşahidələrini təqdim edir.
“Eksperimental fizika və müasir həyat” məzmun xətti üzrə isə:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2.Sadə təcrübələr aparır, nəticələrini təqdim edir.
3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir.
3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir kimi standartlar müəyyənləşdirilmişdir.
Bu standartların reallaşdırılmasında diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanması məqsədilə sinif səviyyəsində və siniflərarası inteqrasiyanı nəzərə almaqla nümunə üçün göstərə bilərik ki, V sinif həyat bilgisi fənn kurikulumunun “Təbiət və biz” məzmun xəttinin 1.1.1. Cisim, maddə və təbiət hadisələrinin sadə təsnifatını verir; V sinif riyaziyyat fənni kurikulumunun “Ölçmə” məzmun xəttinin 4.1.1. Uzunluğun, sahənin, həcmin və bucağın ölçü vahidlərini bilir və ölçmə alətlərindən istifadə edir, yaxud 4.2.1. Xətkeşin və transportirin köməyi ilə ölçmələr aparır; VI sinif coğrafiya fənn kurikulumunun “Təbiət” məzmun xətti üzrə 2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir; VI sinif texnologiya fənn kurikulumunun “Texnika elementləri” məzmun xətti üzrə 2.1.1. Mexanikləşdirilmiş əl alətlərinin iş prinsiplərini şərh edir; 2.2.1. Mexanikləşdirilmiş əl alətlərindən istifadə edir; VI sinif informatika fənn kurikulumunun “Formallaşdırma, modelləşdirilmə, alqoritmləşdirmə və proqramlaşdırma” məzmun xətti üzrə 2.1.1. Obyektin informasiya modelinin təsvir formalarını sadalayır; standartları ilə əlaqəni nəzərə almaq lazımdır. Yuxarıda göstərilən fənlər üzrə şagirdlərin qazandıqları bilik və bacarıqların (riyaziyyatda ölçmə bacarığının, coğrafiyada müşahidə etmək, informatikada İKT-dən istifadə, texnologiyada praktik bacarığın) səviyyəsinin müəyyənləşdirilməsi fizika fənninin tədrisi üçün çox önəmlidir. Nümunə üçün VI sinifdə digər fənlər üzrə yuxarıda sadaladığımız standartlara əsasən belə bir məzmunda diaqnostik qiymətləndirmə üçün sorğu vərəqi hazırlamaq olar:
* Hansı müşahidə cihazlarını tanıyırsınız?
* Müşahidə etdiyiniz təbiət hadisələrini sayın və təqdimat hazırlayın.
* Məişətdə istifadə olunan ölçü cihaz və avadanlıqlarını sadalayın və uyğun ölçü vahidlərini göstərin.
* Mexanikləşdirilmiş məişət qurğularını sadalayın və iş prinsiplərini izah edin.
Diaqnostik qiymətləndirmə aparıldıqda məqsəddən asılı olaraq fənlərarası (siniflər arasında, sinif səviyyəsində) və fəndaxili (həm şaquli, həm də üfiqi) inteqrasiya nəzərə alınmalıdır. Diaqnostik qiymətləndirmənin üsul və vasitələrinin seçimi fərdin, cəmiyyətin və dövlətin tələblərinə uyğun fənnin xüsusiyyətindən, fizika kabinetinin təchizindən asılı olaraq müəllim tərəfindən müəyyənləşdirilir. Diaqnostik qiymətləndirmədə şagirdlərin yaradıcılıq qabiliyyətləri, fənn üzrə keçirilən tədbirlərdə iştirak, kiçik və böyük summativ qiymətləndirmələrin nəticələri, əlaqəli fənləri tədris edən digər fənn müəllimlərinin onlar və sinif haqqında rəylərinin öyrənilməsi məqbul hesab edilə bilər.
* Diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanmasında şagirdlərin məqsədyönlü praktik bacarıqlarının müəyyənləşdirilməsinə diqqət yetirilməlidir.
* Diaqnostik qiymətləndirmə vasitələrinin köməyi ilə təhsilalanların fərd və sinif səviyyəsində qazanılmış bilik, bacarıqlarının mümkün sərhədi görünməlidir.
* Diaqnostik qiymətləndirmə prosesində fəndaxili və fənlərarası inteqrasiya hesabına məzmun standartlarının reallaşmasında istifadəsi zəruri olan digər fənlərdən və mövzudan kənar bilik və bacarıqların səviyyəsi müəyyənləşdirilməlidir.
* Diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanmasında ümumi təlim nəticələrinin reallaşmasının minimum səviyyəsi gözlənilməlidir.
İlkin araşdırmalar onu göstərir ki, fizika müəllimləri hər hansı bir tədris mərhələsində fəaliyyətə başlayarkən müvafiq istiqamətdə inkişafın təmin olunmasına dəstək olmaq məqsədi ilə diaqnostik qiymətləndirmə aparmalı olurlar. Müşahidələrimizdən gəldiyimiz qənaət ondan ibarətdir ki, bu sahədə uğurları ilə fərqlənən müəllimlərimiz olsa da, qiymətləndirmə fəaliyyətinin təşkilində bir sıra çətinliklər də vardır. Heç şübhəsiz, bu çətinliklərin aradan qaldırılmasında fizikadan qiymətləndirmə texnologiyalarının yaradılması ilə bağlı araşdırmaların, eləcə də əldə olunmuş nailiyyətlərlə bağlı təcrübə mübadilələrinin aparılmasına ehtiyac vardır.
 

yuxarı ⤴