1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Hava şarları. Havada uçmanın inkişaf tarixi. Tətbiqləri
18.06.2016/№23

 

 

 


Almas DADAŞOVA,
Salyan rayonu Aşağı Kürkənd kənd A.Əliyev adına tam orta məktəbinin fizika müəllimi

VII sinif fizika dərsliyində 48-ci dərsdə “Cisimlərin üzmə şərtləri, gəmilərin üzməsi, havada uçma” mövzusu ilə bağlı ev tapşırığında hər şagirdə gəmilərin və hava şarlarınin üzməsi haqqında müxtəlif mənbələrdən məlumat toplayaraq esse yazmaq nəzərdə tutulur. Şagird və müəllimlərə kömək məqsədi ilə hava şarları və onların inkişaf tarixi haqqında məlumat verməyi özümüzə borc bildik. Güman edirik ki, şagird və müəllimlər bu tarixi məlumatlardan bəhrələnib öz işlərində istifadə edəcəklər.
Qədim zamanlardan bəri insanlar buludların üstündə uçmaq, dənizdə üzdükləri kimi, hava okeanında da üzmək arzusunda idilər. İnsanlar bu arzusuna hava şarları vasitəsi ilə nail oldular. Hava şarlarını əvvəllər isti hava ilə doldururdular, indi isə hidrogen və ya helium qazı ilə doldururlar. Hidrogenin qaldırıcı qüvvəsinin heliumun qaldırıcı qüvvəsindən böyük olmasına baxmayaraq, hava şarına doldurmaq üçün helium daha əlverişlidir, axı helium yanmır.
Şar yuxarı qalxdıqca, ona təsir edən Arximed qüvvəsi azalır, çünki havanın sıxlığı atmosferin yuxarı qatlarında Yerin səthinə nisbətən azdır. Yuxarı qalxmaq üçün bu məqsədlə götürülmüş xüsusi yükləri şardan tullayır (kisələrə doldurulmuş qumu boşaldır) və bununla da şarı yüngülləşdirirdilər. Nəhayət, hava şarı qalxa bildiyi yüksəkliyə çatır. Şarın enməsi üçün onun qabığında xüsusi klapanın vasitəsi ilə qazın bir hissəsini buraxırlar.
Hava şarında ilk uçuş 1783-cü il 4 iyunda Lion şəhəri yaxınlığında Jozef və Eten Monqolfe qardaşları tərəfindən həyata keçirilmişdir. İlk şarın diametri 11 m, kütləsi 227 kq idi. Kağızla yapışdırılmış kətanla örtülmüş sferik tor şəklində olan hava şarı ilk dəfə kifayət qədər hündürlüyə qalxaraq 10 dəqiqə sonra böyük sürətlə aşağıya doğru hərəkət etdi. Bu uçuşda hava şarı ilk dəfə 3 km məsafə qət etdi. Böyük tamaşaçı kütləsi qazanan ilk uçuş təcrübəsi haqqında xəbər- ixtira tezliklə bütün Avropaya yayıldı. İki ay sonra görkəmli fizik Jak Şarlın rəhbərliyi altında Parisdə içərisi hidrogenlə doldurulmuş başqa bir hava şarı qaldırıldı. Hidrogen dəmir qırıntıları ilə sulfat turşusunun qarşılıqlı təsirindən alınmışdı. Şarın örtüyünü latekslə hopdurulmuş ipək parça ilə əvəz etdilər. Şarı diametri 4 m olana qədər şişirtmək üçün bir neçə gün lazım oldu. Hidrogeni almaq üçün 227 kq turşu, 454 kq dəmir işləndi. Şar start götürdüyü yerdən 28 km məsafədə eniş etdi. Yerli əhali qorxaraq şarı kəsik-kəsik edib hissələrə böldülər.
Üç həftə sonra Monqolfe qardaşları öz təcrübələrini Versalda təkrar etdilər. Bu dəfə artıq XVI Lüdovik və saray adamları da iştirak edirdilər. Fransa hökuməti şarların sonrakı uçuşlarında kifayət qədər böyük uğurlar əldə etmək üçün sərf olunacaq xərcləri öz üzərinə götürdü. İngilislər bu işlərdə çox təmkinli hərəkət edirdilər. Belə ki, London Kral Cəmiyyətinin prezidenti Cozef Benks, ingilis kralı Georgi III-ə müraciətində “bu eksperimentlərdən nə isə faydalı bir nəticə gözləməyin” deyirdi.
Havada uçmanın sürətli inkişafı təbiətin fiziki, kimyəvi xassələrinin dərindən öyrənilməsinə yol açırdı. Hava şarlarında ilk uçuşlar dörd görkəmli alimin - Cozef Blek, Henri Kevendiş, Cozef Pristli və Antuan Lavuazyenin adları ilə bağlıdır. Bu alimlərin səyi nəticəsində 1774-cü ildə fizika, kimya elminə yeni nailiyyətlər daxil oldu, hidrogen və oksigen qazları kəşf olundu. Hava şarlarının uçuşunun kimya elmində yaratdığı inqilabi çevrilişin nəticəsi idi ki, hidrogen dolu, helium dolu balonlar yarandı. Bu balonların uçuşu Monqolfe qardaşlarının səmərəli fikrinin nəticəsi idi.
Hava şarlarının ixtirası, inkişafı, getdikcə təkmilləşməsi elmin inkişafına böyük təkan verdi. Atmosferin yuxarı qatlarını tədqiq etmək üçün ölkələrin müxtəlif məntəqələrindən hər gün diametri 1-2 m olan kiçik şar-zondları buraxırlar. Bunlar 35-40 km yüksəkliyə qalxırlar. Bu şarlar çox yüngül cihazlarla təchiz olunurlar. Bu cihazlar uçuşun yüksəkliyi, havanın təzyiqi, temperaturu, rütubəti haqqında radio ilə siqnallar göndərir. Şarın uçuş istiqaməti və uçuş sürətinə görə müxtəlif yüksəklikdə küləyin istiqaməti və gücü haqqında mühakimə yürütmək olar. Belə şar -zondlar vasitəsi ilə alınan məlumat havanın necə olacağını qabaqcadan xəbər vermək üçün çox vacibdir.
Atmosferin yuxarı qatlarını - stratosferi öyrənmək üçün hələ bu yaxınlara kimi, stratostat adlanan 20000-30000 kub.metr həcmli nəhəng hava şarlarından istifadə edilirdi. Stratostatda yüksəkliyə qalxmaq rekorduna ilk dəfə 1934-cü ildə rus stratonavtları Fedosiyenko,Vasenko və Usagin nail olmuşdular. Onlar “Osoaviaxim-1” stratostatında 22 km. yüksəkliyə qalxmışdılar. Lakin stratostat enərkən qəzaya uğradı və qəhrəmanlar həlak oldular.
28 dekabr 2015-ci ildə NASA kosmik tədqiqatlar stansiyası öz tarixində ən sanballı, yüksək təkmilləşdirilmiş hava şarının Antarktidada Mak-Merdo stansiyasından buraxılmasını təşkil etdi. Şarın həcmi 532000 kub metr idi. Uçuş çox maraqlı idi. NASA “yüksəktəzyiq” layihəsinə əsaslanaraq əvvəlki elmi zondlardan fərqli olaraq bu şarın havada daha çox müddətə qalmaq məsələsini öyrənirdi. Əgər hər şey ekspertlərin nəzərdə tutduqları kimi olarsa, onda uçuş 100 gün, hətta daha çox vaxt davam edə bilər. Bu da öyrənilməsi uzun müddət tələb edilən bir çox fiziki hadisələr üçün açar ola bilər. Belə hadisələr sırasına qamma şüaların polyarizasiyası, qara deşik, şüalanmanın pulslarla yayılması və digər kosmik hadisələr daxildir.
1999-cu ilin yanvarında tarixdə ilk dəfə olaraq uçan hava balonunun heyəti Yer kürəsinin ətrafında təhlükəsiz olaraq bir tam dövr edərək sağ-salamat yerə enmişdir. Onlar isveçrəli Bertran Pikkar və britaniyalı Brayan Cons idilər. 19 gün1saat 49 dəqiqə müddətində 45 min kilometr qət edərək İsveçrədən start götürən hava balonu heyəti Mavritaniyada Yerə enmişdilər.
 

yuxarı ⤴