1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Nə soruşulur və necə cavablandırılır?
23.06.2017 / No23

 

 


Təhsil Nazirliyi vətəndaş müraciətlərinə xüsusi diqqət yetirir

Ruhiyyə DAŞSALAHLI

Vətəndaşların ərizə və şikayətlərinə ciddi diqqət yetirilməsi bütün dövlət qurumlarının qarşısında bir vəzifə kimi qoyulub. Təhsil Nazirliyində də vətəndaş müraciətləri xüsusi əhəmiyyət kəsb edir. Ötən ildən başlayaraq Nazirlikdə və onun tabeliyində olan qurumlarda vətəndaşların qəbulu və onlara nəzarət üzrə onlayn sistem yaradılıb. Bu portalın fəaliyyəti vətəndaşların qəbula yazılması, yönləndirilməsi, qəbul prosesinin müşahidəsi, SMS göstəriş sistemi vasitəsi ilə qəbulun keçirilmə vaxtı barədə məlumat verilməsi, qəbulun nəticələrindən nə dərəcədə razı qalmasının öyrənilməsinə imkan yaradır.
Portalın yaradılması vətəndaşlarla işə nə dərəcədə önəm verildiyinin göstəricisidir. Bu münasibət təhsil naziri Mikayıl Cabbarovun çıxışlarından da aydın görünür: “Nazirliyin illik iş planında qarşıya qoyulan məqsəd və vəzifələr müəyyənləşdirilərkən əsas mənbələrdən biri məhz müraciətlərdir. Həyata keçirdiyimiz islahatlarda onları mütləq nəzərə alırıq”.
Təhsil Nazirliyinin məqsəd və vəzifələrini müəyyənləşdirərkən əsas mənbə rolu oynayan həmin müraciətlər İnformasiya şöbəsinin Telefon Məlumat Mərkəzi və Vətəndaşların Qəbulu Mərkəzi vasitəsi ilə daxil olur. Sorğu və şikayətlər, rəy və təkliflərin əksini tapdığı müraciətlər müxtəlif şöbələrdə araşdırılır və müvafiq tədbirlər görülür.
Maraqlıdır, görəsən, nazirliyə ünvanlanan hansı xarakterli müraciətlər çoxluq təşkil edir? Müraciətçilər əsasən kimlərdir, daha çox nədən yazır, qurumdan nə tələb edirlər? Sualına cavab alana qədər müraciət etməyə davam edən varmı?
İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, daxil olan müraciətlər əsasən sorğu xarakterli olur. Mövsümi müraciətlər üstünlük təşkil edir. Odur ki, hazırda təhsil sahəsində yeniliklər artdığından müraciətlərin sayında da artım müşahidə olunur.

Qayda dəyişiklikləri saya birbaşa təsir edir

Ümumiyyətlə, bu amil hər zaman müraciətlərin statistikasına təsir edib. Ümumi təhsil məsələləri ilə bağlı 2017-ci ildə müraciətlərin statistikasına baxsaq görərik ki, ilin ilk iki ayında - yanvar və fevralda müraciətlərdə ciddi azalma var. Mart ayında isə birdən-birə 3 dəfə artım müşahidə olunub. Bunu Bakı şəhərinin ümumtəhsil məktəblərində 1-ci sinfə qəbulda yeni qaydaların tətbiqi ilə əlaqələndirən Təhsil Nazirliyi yetkilisi daxil olan müraciətləri belə xarakterizə edib: “Əvvəllər kim hansı məktəbə istəsə, müraciət edir, yer olurdusa, övladını həmin məktəbdə oxutdururdu. Artıq ərazi üzrə məktəblər müəyyənləşdirilib. Hər kəs istədiyi məktəbdə yox, ərazi üzrə ona təklif edilən məktəbdə təhsil almalı olacaq. Bu tətbiq böyük ajiotaj yaratdı və gözlənilmədən müraciətlərin artmasına səbəb oldu. Həmin müraciətlərdə sorğu, məlumat almaq məqsədi olanlara rast gəlinsə də, etiraz edənlər çox idi. Əksəriyyət dəyişikliyi qəbul etmək istəmirdi”.
Y.Zeynalov iyun və iyul aylarında da müraciət edənlərin çox olacağını proqnozlaşdırır: “İyun ayında müəllimlərin yerdəyişməsi həyata keçirilib. İyul ayında isə işə qəbulla bağlı müraciətlərin artacağı proqnozlaşdırılır. Rayon və şəhər daxili yerdəyişmələr əvvəllər aprel və may aylarında yerli təhsili idarəetmə orqanları tərəfindən aparılırdısa, bu ildən mərkəzləşmiş qaydada may ayının sonunda - iyun ayında Təhsil Nazirliyi tərəfindən həyata keçirilib. Beləliklə, əvvəlki illərdən fərqli olaraq hər iki yerdəyişmə və işə qəbul təxminən eyni vaxtda olduğundan gözləntilər də dəyişdi”.
Y.Zeynalov kadr məsələləri ilə bağlı bu il ərzində müraciət edənlərin sayının artmasını əksər rayonlarda keçirilən Diaqnostik Qiymətləndirmə ilə əlaqələndirib.

İsrar edir, təzyiq göstərirlər...

Ali təhsil məsələləri ilə bağlı 2017-ci ildə müraciətlərin sayında xeyli azalma müşahidə olunsa da, təhsilin bu pilləsində Təhsil Nazirliyini uzun zamandır məşğul edən və sonu yaxın müddətdə görünməyən ciddi bir problem var. Təhsilin bu pilləsində qeydə alınan və davamlı olaraq müşahidə edilən problem, demək olar ki, nostrifikasiya ilə bağlıdır. Ali təhsil sənədlərinin qarşılıqlı tanınması, xüsusən, xarici ali təhsil müəssisələrinin diplomlarının ölkəmizdə tanınması ilə bağlı müraciətlər bütün ilboyu daxil olur. Bu sahədə müraciətlərin mütəmadi daxil olmasını problemin miqyasının böyüklüyü ilə izah edən Y.Zeynalovun fikrincə, Təhsil Nazirliyi çıxış yolları axtarır: “Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında keçid balını yığa bilməyənlər xaricə üz tutur, əsasən də Ukrayna, Rusiya və Gürcüstan ali təhsil müəssisələrinə daxil olurlar. Qeyd edim ki, həmin təhsil müəssisələrinə qəbul üçün sadəcə attestat kifayət edir. Sonra isə Azərbaycan Respublikasının Təhsil Nazirliyi əlində həmin ölkələrin diplomu, tədris dilini bilməyən yüzlərlə gəncin müraciətləri ilə qarşı-qarşıya qalır. Aydındır ki, həmin gənclər aldıqları təhsil sənədlərinin Azərbaycanda tanınmasını tələb edir. Burada isə həmin sənədlərin saxta olub-olmaması aydınlaşdırılmalıdır.
Y.Zeynalov həmin müraciətlərin araşdırılması prosesində Təhsil Nazirliyinin üzləşməli olduğu yanlış iddialar, təzyiq, hətta hədə-qorxulardan da danışıb: “Bu cür müraciətlər araşdırılarkən adıçəkilən təhsil müəssisələrinə də sorğu göndərilir. Sorğuya onların müvafiq cavabı gələnədək müəyyən müddət keçir və hətta onlar tərəfindən sorğularımızın cavablandırılması yubadılır. Yubanmaya görə bizi qınayanlar da olur. Hətta hədələyir, qorxudurlar da. Diplomlarının təsdiqlənməsi üçün müxtəlif vasitələrə əl atır, təzyiq göstərməyə çalışırlar. Onları da başa düşürük. Biri iş üçün istəyir, başqası hərbi xidmətə getməlidir və s. Ancaq onlar unudurlar ki, həmin təhsil müəssisələrindən cavab gəlmədən diplomların tanınması qeyri-mümkündür. Prosedurdan kənar heç nə etmək olmaz”.
Y.Zeynalov bu məsələdə son illərdə bəzi dəyişikliklər olduğunu da vurğulayıb. Xüsusən, ötən ilin oktyabrından başlayaraq, Akkreditasiya və Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsində bu sahədə həyata keçirilən fəaliyyət öz bəhrəsini verməyə başlayıb. Artıq orada sənədlərin baxılma prosedurlarının müddəti azaldılıb, vətəndaşların müraciətlərinin vaxtında və düzgün cavablandırılması təmin edilib. Nəticə isə 2016 və 2017-ci illər üzrə statistik məlumatlarda əksini tapıb. Belə ki, təhsil sənədlərinin tanınması (nostrifikasiya) ilə bağlı 2017-ci ildə sorğuların və şikayətlərin sayı əvvəlki il ilə müqayisədə 2 dəfə azalıb.
Y.Zeynalov onu da vurğulayıb ki, təmsil etdiyi qurum üçün müraciətlərin dinlənilməsi və araşdırılması həm də operativlik baxımından önəmlidir: “Vaxtında araşdırılan müraciət ictimaiyyətin doğru məlumatlandırılması deməkdir”.

yuxarı ⤴