1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ali təhsilin əlçatanlığı istiqamətində vacib addım
23.06.2017 / No23

 

 

 


Tələbələr tədris qrafikini özləri tərtib edə biləcəklər

Ruhiyyə DAŞSALAHLI

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edib. Ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası, tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilən bu yenilikdən sonra bir sıra tələblər dəyişib. Tutaq ki, indiyə qədər yay semestrində tələbə 9-dan artıq fəndən kredit götürə bilməzdisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.

Yeni qaydalar kredit sistemi ilə tədrisə nə gətirəcək?

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yeni qaydalar kredit sistemi ilə tədrisə çox yenilik gətirəcək: “Elə götürək, əyani təhsilalma forması olan tədrisə qismən cəlb olunmada. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir. O, fənnə qoyulan bütün tələbləri ödəməlidir”.
Bundan başqa, tədrisə qismən cəlb olunanla (parttime) və tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində müəyyənləşdirilən kredit sayı fərqlənir. Belə ki, “parttime” tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit götürə bilər. Bir semestrə, tədrisə tam cəlb olunan tələbəyə müəyyənləşdirilən kredit sayı isə 30-a qədərdir. Üstəlik, həmin tələbələrə əlavə fənn seçməyə də icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.

Ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcəklər

Yeni qayda tələbənin ali təhsil müəssisəsini tez qurtarmasına da imkan yaradacaq. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcək. İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən hər fəndən bir dəfə olmaqla, ümumilikdə iki fənn üzrə imtahanda iştirak edə bilər.
Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə faydalanacaq. İmtahanda iştirak etməyən tələbənin həmin fənn üzrə təkrar imtahanı ödənişlidir. Ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Tələbənin imtahana qatıla bilməməsi üzrlü səbəbdən olarsa, ondan ödəniş tələb olunmur. İstənilən halda, akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.

Ali təhsil müəssisələrinə sərbəstlik verildi

Qayda dəyişikliyi tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə bəzi sərbəstlik verib. Məsələn, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə şamil olunmur. Şamil olunan tələbələrlə bağlı da hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.
Bu dəyişikliklər bu ildən, 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunacaq. Belə ki, təhsil naziri Mikayıl Cabbarov “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə qərarın indiki yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etmək tapşırılıb.
 

yuxarı ⤴