1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Ən yaxşı yazı” müsabiqəsi başa çatdı
23.06.2017 / No23

 

 


28 müəllim və təhsil işçisi qalib oldu

Yusif ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyasının birgə keçirdikləri ikinci “Ən yaxşı yazı” müsabiqəsinə yekun vurulub. İyunun 21-də Bilik Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimi açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fond ilə “Azərbaycan müəllimi” qəzeti redaksiyası arasında əməkdaşlıq çərçivəsində artıq ikinci ildir ki, keçirilən müsabiqənin yaradıcı müəllimləri aşkara çıxarmaq, onları təhsilin aktual problemləri ilə bağlı axtarışlara həvəsləndirmək və təcrübə mübadiləsinə cəlb etmək məqsədi daşıdığını deyib. O.Səmədov xoş bir təsadüf üzündən bu müsabiqədə də əvvəlki qədər qalibin olduğunu bildirib: “Tamamilə təsadüfi, eyni zamanda maraqlı haldır ki, hər iki müsabiqədə 28 qalib olub”. Fondun icraçı direktoru müsabiqənin yekunları haqqında məlumat verərək qeyd edib ki, yaradıcılıq yarışmasına 2017-ci il martın 1-dən start verilib. Yazıların qəbulu üçün ayrılmış bir ay ərzində təşkilat komitəsinə 80-dən çox metodiki iş daxil olub. Müsabiqəyə ölkənin 21 şəhər və rayonundan yazı təqdim edildiyini söyləyən O.Səmədov Bakı, Sumqayıt, İsmayıllı, Şamaxı, Ağsu, Salyan, Astara, Sabirabad, Qubadlıdan olan müəllim və təhsil işçilərinin “Ən yaxşı yazı” müsabiqəsində xüsusilə fəal iştirak etdiklərini diqqətə çatdırıb.
Daxil olan yazıların dəyərləndirilməsi iki mərhələdə təşkil olunub. Birinci mərhələdə yazılara ayrı-ayrı fənlər üzrə təcrübəli müəllimlər, pedaqoq-metodistlər və alimlər tərəfindən baxılaraq müvafiq qiymətləndirmə aparılıb. Seçilmiş 28 yazı ikinci mərhələdə Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Azərbaycan müəllimi” qəzeti və Bilik Fondunun təcrübəli, peşəkar əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə 1 yazı I yerə, 3 yazı II yerə, 5 yazı III yerə layiq görülüb, qalan 19 yazının müəlliflərinə isə həvəsləndirici mükafatın verilməsi qərara alınıb.
Qalibləri təbrik edən Fondun icraçı direktoru müsabiqə ilə bağlı bəzi təkliflərini də səsləndirib. Bildirib ki, bu yazıların elə yazı olaraq qalmaması üçün müəlliflərin onlardan öz təcrübələrində istifadə etməsi, eləcə də müsabiqənin praktik nəticəliliyini təmin etmək məqsədi ilə gələcəkdə müəllimlərin öz yazılarında təqdim etdikləri mövzular üzrə dərslərinin təşkil edilməsi və onların videoformatının hazırlanması yaxşı olardı.
Müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirən və onun hərəkətverici qüvvəsinin müəllimlər olduğunu deyən “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov təhsildə yeni yanaşmalar, müasir dərsin təşkili kimi mövzularda müəllimlərin yazılarının qəzetdə mütəmadi dərc olunduğunu, müsabiqə qaliblərinin materiallarının da qəzet səhifələrinə çıxarılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, müsabiqə müəllimlər üçün bir stimul, həm də təcrübənin bölüşdürülməsi vasitəsidir. Qalib müəllimlərin yazılarının qəzetdə dərc olunması bu təcrübələrin yayılmasına, digər müəllimlərin də onlardan bəhrələnməsinə kömək edər.
N.Heydərov “Azərbaycan müəllimi” qəzeti redaksiyasının Bilik Fondu ilə əməkdaşlığının davamlı olacağını, yeni müsabiqələrin keçiriləcəyini vurğulayıb.
Mükafatlandırma mərasimində çıxış edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, Təhsil İnstitutunun direktor müavini Faiq Şahbazov, professor İntiqam Cəbrayılov da qalibləri təbrik edib, müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Sonra qaliblərə layiq görüldükləri mükafatlar-I-II-III yerin sahiblərinə müvafiq dərəcəli diplomlar və qiymətli hədiyyələr, həvəcləndirici yeri tutanlara isə tərifnamələr təqdim olunub.
Qeyd edək ki, ikinci “Ən yaxşı yazı” müsabiqəsində Astara Pedaqoji Kollecinin pedaqogika müəllimi Səbinə Cəfərli I yerə, Salyan rayon Ə.Kürçaylı adına Aşağı Kürkənd tam orta məktəbinin fizika müəllimi Almas Dadaşova, Abşeron Rayon Təhsil Şöbəsinin metodisti Səkinə Abbasova və Astara Pedaqoji Kollecinin metodisti Azad Abdullayev II yerə, İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ruhiyyə Mahmudova, Sumqayıt səhər Təbiət elmləri təmayüllü gimnaziyanın ingilis dili müəllimi Vüsalə Həbibova, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimləri Sara Bayramova və Günel Hüseynova, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin kimya və biologiya müəllimi Rəvan Məmmədov III yerə layiq görülüblər.
Birinci yerin sahibi Səbinə Cəfərli qəzetimizə müsahibəsində bildirib ki, ilk dəfədir belə müsabiqədə iştirak edir. “Azərbaycan müəllimi” qəzetində müsabiqə barədə elanı oxuduqdan sonra ona qatılmaq qərarına gəldiyini deyən S.Cəfərlinin sözlərinə görə, birinci yerə çıxacağını gözləmirmiş: “Gənclərdə sülhə məhəbbət, müharibəyə nifrət hissinin tərbiyə olunması mövzusunda yazımın münsiflər tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirdi. Belə müsabiqələrin təşkil edilməsi biz müəllimlər üçün stimul yaradır”.
Müsabiqədə üçüncü yeri tutmuş Vüsalə Həbibova da bir gənc müəllim olaraq yarışmanın təşkilindən və obyektiv qiymətləndirmə aparılmasından razılığını bildirir, müsabiqənin onda böyük bir motivasiya yaratdığını deyir: “Müsabiqə mənə bir daha xatırlatdı ki, biz müəllim olaraq rəqabət mühitində işləyirik. Rəqabət isə təbii ki, bizi inkişafa doğru aparır. Mən çalışacağam ki, öz işlərimdə daha çox araşdırmalar aparım və həmkarlarımdan seçilim”.
Almas Dadaşova bu müsabiqədə ikinci yeri tutub. Birinci müsabiqədə də iştirak etdiyini deyən Almas müəllim hər iki müsabiqədən razı qaldığını, məhz müəllim olduğuna görə bu gün qürur duyduğunu söyləyir.
“Mən bu müsabiqədə ikinci dəfə iştirak edirəm. Keçən il də, indi də həvəsləndirici yerə layiq görülmüşəm. Tutduğum yerdən asılı olmayaraq bu müsabiqələrdə iştirak etdiyim üçün qürur duyuram”. Bu sözləri deyən Sədaqət Rəhimova Bakı şəhəri 240 nömrəli körpələr evi-uşaq bağçasının müdiridir. Pedaqogika üzrə fəlsəfə doktoru olan S.Rəhimovanın sözlərinə görə, o, bu müsabiqəni indiyədək iştirak etdiyi ən mötəbər müsabiqə hesab edir.
 

yuxarı ⤴