1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Hədəfləri ölkə ilə məhdudlaşmayan məzunlar
23.06.2017 / No23

 

 


Və yaxud standartlardan kənar Məzun günü

Ruhiyyə DAŞSALAHLI

Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibi olan bir qrup məzun ötən həftə təhsil naziri Mikayıl Cabbarovla görüşdü. Dünən parta arxasından qalxan məzunlar “dəyirmi masa” ətrafına əyləşdi. Həyəcanları gözlərindən, çaşqınlıqları simalarından oxunurdu. Qəbul etməliyik ki, bu da təbii idi. Onlar müstəqil həyata nazirlə qarşı-qarşıya oturub planlarından, xəyallarından, arzularından söz açaraq qədəm qoyurdular.
Həyəcan sadəcə, nazir onlara qoşulana qədər davam etdi. Elə ki, M.Cabbarov görüşün məqsədini açıqladı, həyəcan da unuduldu. Müzakirənin qızışdığı dəqiqələrdə özünü tamamilə unudan dünənin şagirdi, bu günün abituriyenti, sabahın tələbəsi olan məzunlar nazirə onu da etiraf etdilər ki, əvvəlcə bu görüş, nə danışacaqları, niyə burda olduqları barədə heç bir təsəvvürləri olmadığından həyəcanlanırdılar. Lakin nazirin yaratdığı səmimi ortam qısa zamanda onlara hər şeyi unutdurdu.
Beləliklə, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə bildiyimiz, alışdığımız standartlardan kənar, təşəkkürlə başlayıb, minnətdarlıqla bitən ənənəvi görüşlərdən fərqli bir müzakirə gerçəkləşdi.
“Bilik və savad indiki qədər əhəmiyyətli olmayıb. Belə bir dövrdə məhz bilik sahəsində ən böyük nailiyyət qazanmısınız”, - deyən nazir məzunları uğurlarına görə təbrik etdi. Təhsil ilinin yüksək nəticələr göstərən məzunları ilə görüşünü özü üçün fürsət kimi dəyərləndirən M.Cabbarov bu görüşün təşkil edilməsinin daha çox onların düşüncələrini öyrənmək istəyindən irəli gəldiyini söylədi. Bundan sonra müzakirəni tamamilə məzunların ixtiyarına buraxdı.
Yəqin sizə də maraqlıdır, yeniyetmələri nə düşündürür? Nazirdən nə soruşdular, ona nə danışdılar?
Beləliklə, keçək yaşı az, xəyalı böyük vətəndaşlarımızın tələb və təkliflərinə.
Məlum oldu ki, kifayət qədər yüksək nəticə göstərsələr də, həmin göstərici onların heç birini qane etmir və qəbul imtahanlarında yenidən iştirak etmək niyyətindədirlər. Özünü UFAZ -Fransa-Azərbaycan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi kimi görən məzunların xəyallarında xaricdə təhsil almaq da var. Bakalavr pilləsində olmasa belə, təhsilin sonrakı mərhələlərində mütləq dünyanın tanınmış universitetlərində təhsil almaq niyyətindədirlər. Bəlkə də onların bu istəyini sadəcə, dünyanın tanınmış universitetləri ilə də məhdudlaşdırmaq doğru olmaz. Çünki onlar dünyanı əhatə edəcək qədər böyük xəyallara sahibdirlər. Bu xəyallar xaricdə oxumaqla məhdudlaşmır, layiqli kadr olub Azərbaycanı dünyada tanıtmaqla əhatələnir. Xəyallarında Kanadada istehsal etdiyi məhsulu Amerika bazarına çıxaran, hazırladığı robotlarla səhiyyənin inkişafına öz töhfəsini verən, hərbi tibb-İT-nin imkanlarını birləşdirən azərbaycanlı məzunlar gələcək planlarından danışarkən tədbir iştirakçılarını gah güldürüb, gah da heyrətləndirdilər.
Müasir tədris proqramı ilə bağlı müzakirələr də qızğın keçdi. Məzunlar həmin proqramın üstün və çatışmayan cəhətlərini qeyd etdilər. Məsələn, özündən kiçik bacı-qardaşlarına kömək edərkən çətinliklə qarşılaşdıqlarını, kurikulumun çətin olduğunu iddia edənlər, “İngilis sisteminə oxşatmağa çalışıblar, ancaq bacarmayıblar” deyənlər də oldu, əksinə, yeni metodikanın üstünlüyünü vurğulayanlar, kiçik bacısının ondan daha çox bildiyini görüb sevindiyini söyləyənlər də.
Görüşün daha bir maraqlı məqamı. Nazir məzunlardan onların təhsilində rolu olduğunu düşündükləri iki insandan danışmalarını istədi. Məzunların əksəriyyəti iki şəxsin yox, iki qrupun rolunu qeyd etdilər. Həm ailədə, həm məktəbdə onlara stimul verənləri fərqləndirdilər. Ancaq fikrinə “nə qədər qəribə də olsa...”, - sözləri ilə başlayıb, ədəbiyyatdan, həyatdan, tarixdən tanıdıqları insanların, məşhur şəxslərin öz üzərində təsirini qeyd edənlər də oldu. Azərbaycan məktəblilərinin nəinki karyera planlamasında, hətta insan kimi formalaşmasında, təhsilində, uğurlarında Nikola Tesla, Stiv Cobs kimi şəxslərin də yeri var.
Məzunlara düşüncələrini paylaşmağı, öz yanaşmalarını deməkdən çəkinməməyi, hər zaman kreativ olmağı və buna görə qorxmamağı məsləhət görən M.Cabbarov görüşdən böyük ümidlərlə ayrıldı: “Ölkəmizin bir qrup istedadlı məzunu ilə fərqli mövzuları müzakirə etdik. Təhsildəki yeniliklər, onların ixtisas seçimi, həyatdan gözləntiləri, iddiaları, gerçəkləşdirmək istədikləri xəyallarından danışdıq. Düşünürəm ki, hər kəs üçün aktual olan bir sıra mövzulara da toxunduq. Məzunlar çox qlobal mövzularla bağlı müzakirə açdılar. Xüsusən, tibb və İT sahəsində ixtiraların insanların, bütövlükdə bəşəriyyətin sağlamlığına təsirindən tutmuş məktəblərimizdə tədris olunan proqramlara qədər maraqlı mövzulara toxundular. Gördüm ki, gələcək biznes ambisiyalarını ortaya qoyan şagirdlərimiz var. Bugünkü müzakirədən çox böyük ümidlərlə ayrılıram. Çünki şahidi olduqlarım Azərbaycan məzununun siması və bilik səviyyəsidir. Onların layiqli vətəndaş, gələcəkdə mütəxəssis kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəyinə əminəm”.
Beləliklə, Məzun günündə standartlardan kənar bir görüşlə yaxşı bir nümunə göstərildi. Son zəng tədbirlərinin formatını bu şəkildə dəyişməklə onu məzunlar üçün daha yaddaqalan etmək olar. Şərt deyil ki, tədbirlərdə nazir və yaxud digər səlahiyyət sahibləri iştirak etsinlər. Bu cür müzakirə mühitini ictimai nüfuzlu şəxslərin iştirakı ilə təşkil edib, gənclərin müstəqil həyata daha inamla addımlamasına dəstək olmaq mümkündür. Yaxşı nümunələri ənənəyə çevirmək lazımdır.

yuxarı ⤴