1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Aziz Sancar dərsləri
23.06.2017 / No23

 

 


Etibar ƏLİYEV,
təhsil eksperti

1965-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Riçard Feynmanın atasının xatirəsinə həsr etdiyi “Elm nədir?” adlı maraqlı mühazirəsi var. Feynman yazır: “Mən elmin nə olduğunu uşaq vaxtı öyrənmişəm. Elm uşaqlıq illərimdən bəri qanımda bulaq kimi qaynayır. Bunun necə baş verdiyini sizə danışaram. Elmin nəyə bənzədiyini və onu necə dərk etdiyimi sizə nəql etmək istəyirəm. Bu haqda mənə atam danışıb. Anam mənə hamilə olanda və hələ söhbətlərin mənasını başa düşməyəndə atam belə demişdi: “Oğlan olsa, o, alim olacaq”. O bunu necə anlamışdı? O, heç vaxt mənə alim olmalı olduğumu deməmişdi. Özü də alim deyildi; bizneslə məşğul olurdu, lakin elm haqqında oxuyurdu və onu çox sevirdi”.
Riçard Feynmandan 50 il sonra kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar İqtisad Universitetinin təşkil etdiyi konfransda son dərəcə maraqlı məruzə ilə çıxış etdi. Onun Bakıdakı təqdimatında əsas yer tutan hissələrdən biri anasının ona hamilə qaldığı vaxt çəkdirdiyi şəkil idi. Professor Sancar qələmə aldığı “Nobel Bioqrafiyası”nda yazır: “Təxminən 10 yaşından başlayaraq elm adamı olmağı hədəflədim və sonra da buna nail oldum. Anam Savur, yaxınlıqdakı kiçik bir kəndin imamının oxuyub-yaza bilməyən qızı idi. Oxuyub-yaza bilməsə də, anam tanıdığım ən ağıllı qadın idi. Anam mütərəqqi dünyagörüşünə sahib idi və uşaqlarının hamısı onun israrı sayəsində uğurlu təhsil aldı”.
Feynman kimi Sancarın da elmə marağı uşaq yaşlarından oyanıb. Birincidə atanın, ikincidə isə ananın rolu xüsusi olub. Bununla yanaşı, Aziz Sancar məruzəsində bu səviyyəyə yüksəlməyində böyük Atatürkün rolunu xüsusilə qeyd etdi. Və Nobel medalını Atatürkün mavzoleyinə bağışladığını xatırlatdı. Onun bu addımı da yüksək məna daşıyır və arzularından xəbər verir.
Maraqlı bir məqam var. Aziz Sancar kimya üzrə Nobel mükafatına 2015-ci ildə “DNT-nin bərpası metodlarının öyrənilməsi sahəsində tədqiqatlara görə” britaniyalı Tomas Lindal və amerikalı Pol Modriçlə birlikdə layiq görülüb. DNT molekulunun strukturu 1962-ci ildə kəşf olunub. Bu işə görə C.Uotson, F.Krik və X.Uilkinson fiziologiya və tibb sahəsində Nobelə layiq görülüblər. Maraqlıdır, bu alimlərdən hazırda yaşayanı Uotson Nobel medalını 2013-cü ildə 2,2 milyon dollara satdı. Aziz Sancar isə medalı Atatürkün mavzoleyinə bağışladı. Çağdaşlığın böyük liderinə sayğı olaraq, çağdaşlığa, elmə çağırış kimi. Bu, həm də mənəviyyatçı bir türkün maddiyyatçı bir amerikalıdan fərqini göstərən müdhiş faktdır.
Bəs Aziz Sancarın Bakıya gəlişi necə baş tutub?
Böyük türk alimi təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə ölkəmizə gəlib. Biz bu böyük alimi iyunun 12-də UNEC-də “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfransda və iki gün sonra keçirilən beynəlxalq elmi-praktik konfransda etdiyi möhtəşəm təqdimatla, demək olar ki, yenidən kəşf etdik.
Böyük türk aliminin İqtisad Universitetinin qonağı olması heç kimi təəccübləndirməməlidir. Universitetlərin missiyası təkcə təhsil vermək, tələbələri elmi tədqiqatlara cəlb etmək və bilikləri əxz etdirməkdən ibarət olmamalıdır. Universitetlər hər gün, hər saat axtarışda olmalıdırlar. Bu baxımdan, UNEC hazırda flaqman rolunu oynayır. Bundan öncə bu ali məktəbdə Banqladeş xeyriyyəçisi, Sülh üzrə Nobel mükafatına layiq görülmüş Məhəmməd Yunusun da mühazirəsini dinləmişdik. Bu cür dünya çapında tanınmış şəxsiyyətlərin universitetə dəvət olunması yeni mühit yaradır. Professor-müəllim heyəti və tələbələr internet və televiziyada adlarını eşitdikləri böyük şəxsiyyətlərlə ünsiyyət qurmaq imkanı qazanırlar. Tələbələr üçün bundan möhtəşəm nə ola bilər?!
Aziz Sancar elmi fəaliyyətin hansı hallarda nəticə verməsinin yolunu bizə göstərdi, nümunəvi Alim Etikasını nümayiş etdirdi. Böyük alimlərdən hansınınsa fikridir: “Tədqiqat aparmaq həqiqəti aşkara çıxarmağa xidmət etməlidir”. Həqiqət aşkara çıxmaya da bilər. Ancaq türk dünyasının böyük alimi DNT-nin kəşfindən 63 il sonra onun təmirinin həqiqiliyini ortaya qoydu. Əlbəttə ki, 40 illik elmi zəhmətdən sonra.
Amma molekulyar biologiya sahəsində böyük alim, iki dəfə Nobelə namizədliyi verilmiş türk əsilli Oqtay Sinanoğlu bu mükafata layiq görülmədi. Böyük gözləntilərimiz vardı. XX əsrdə ABŞ-ın məşhur Yell Universitetinin ən gənc professoru elmi adını qazanmış bu nəhəng alim daha nə qədər çalışmalı idi ki, mükafata layiq görülsün?! O, böyük həmyerlisi Aziz Sancarın Nobel mükafatına layiq görüldüyü ildə, 80 yaşında dünyasını dəyişdi.
Biz isə tez-tez suallar veririk ki, bizə Nobel niyə verilmir?
Professor Aziz Sancar bizə dedi ki, elm konfliktləri sevmir. Sadəcə, ona ömür həsr etmək lazımdır. Sancarın isə elmə həsr etdiyi həyatının bəhrəsini həm Türkiyə, hətta Azərbaycan gördü. Bu böyük alim Nobeldən aldığı böyük pul vəsaitini ABŞ da “Türk evi”nə xərclədi. O “Türk evi”nə ki, bizim tədqiqatçıların da üzünə açıqdır. Belə fürsəti əldən vermək olmaz...
 

yuxarı ⤴