1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məqsəd ali təhsilin Avropa standartlarına yaxınlaşdırılmasıdır
23.06.2017 / No23

 

 


Avropa İttifaqının Tvinninq layihəsinin müzakirəsi keçirilib

Oruc MUSTAFAYEV

İyunun 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi və Avropa İttifaqının “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində konfrans keçirilib. Konfransın məqsədi son iki ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tvinninq layihəsi çərçivəsində ölkəmizin ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılması istiqamətində əldə olunan nəticələrin Azərbaycanın ali təhsil ictimaiyyətinin diqqətinə çatdırılması olub.

Ali təhsildə keyfiyyətə nəzarət strateji hədəf kimi

Konfransda çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, təhsilin ayrı-ayrı pillələrində keyfiyyətin yaxşılaşdırılması, yeni keyfiyyət göstəricilərinin, standartların işlənməsi, keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi strateji hədəflərdən hesab olunur. Ümumilikdə ali təhsil sistemində aparılan işlərdən danışanda təhsil strategiyasına uyğun olaraq ali təhsil sahəsində proseslərin beynəlxalq ali təhsil üzrə mövcud sənədlərə uyğunluğuna önəm verilir. Bu sahədə artıq bir sıra addımlar atılıb. Bu mənada bir sıra ölkələrin aparıcı universitetlərinin Bakıda filiallarının açılmasını, Azərbaycan-Fransız Universitetinin təsis edilməsini, universitetlərimizin dünyanın aparıcı ali məktəbləri ilə əməkdaşlığının gücləndirilməsini, birgə proqramlar, ikili diplomların təyin edilməsi, startap layihələrinin ali təhsil sistemimizdə inkişaf etdirilməsini göstərmək olar. Bu sahədə beynəlxalq təsisatlarla əməkdaşlığımız çox vacibdir. Bu mənada Təhsil Nazirliyi və Avropa İttifaqı arasında aparılan layihələrə xüsusi diqqət yetirmək lazım gəlir.

Tvinninq - ən uğurlu layihələrdən biri

Azərbaycanla Avropa İttifaqı arasında Qonşuluq siyasətinə dair sənədin imzalanmasından sonra elm və təhsil sahəsində bir sıra böyük layihələrin icrasına başlanılıb. Təhsil Nazirliyinin koordinatorluğu ilə ADNSU, AzTU, SDU-da 6 mühəndislik ixtisası üzrə ilk dəfə olaraq beynəlxalq standartlara əsasən akkreditasiya həyata keçirilib. Eyni zamanda, hazırda ADNSU-da ingilis dilində tədris olunan 10 ixtisas üzrə beynəlxalq akkreditasiya həyata keçirilir. Digər uğurlu bir layihə kimi Erasmus+ proqramı çərçivəsində Təhsil Nazirliyi və AMEA-nın dəstəyi ilə bir sıra Avropa universitetlərinin iştirakı ilə “Nizami” layihəsinin həyata keçirilməsini göstərmək olar. Bu layihələrin əsas məqsədi Azərbaycanda doktorantura təhsil pilləsinin Avropa doktorantura təhsilinə uyğun müəyyən edilməsi, ixtisas təsnifatlarına nəzər yetirilməsi, ümumilikdə doktorantura təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu mənada Aİ ilə həyata keçirilən Tvinninq layihəsi Azərbaycanda ali təhsil sisteminin potensialının yüksəldilməsi istiqamətində ən uğurlu layihələrdən biri hesab oluna bilər. Bu layihə bir neçə komponentdən ibarətdir. Layihə milli kvalifikasiya sahəsində işlərin reallaşdırılması, bu sahədə mövcud qanunvericiliyin nəzərdən keçirilməsi, Avropa standartları ilə müqayisə edilməsi və bunun nəticəsi olaraq qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdə tutur. Keyfiyyətə nəzarət komponenti üzrə pilot layihə 3 ali məktəbdə - UNEC, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.

Layihənin mərkəzində ali təhsilin keyfiyyəti durur

Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard çıxışında qeyd edib ki, Təhsil Nazirliyi, Finlandiya və Estoniyanın müvafiq qurumlarının iştirakı ilə aparılan layihə ali təhsil standartlarının yüksək səviyyədə inkişafını nəzərdə tutur. Əsas məqsəd Azərbaycan ali təhsil sistemində keyfiyyətin artırılması, akkreditasiya sisteminin keyfiyyətinin yaxşılaşdırılması, tələbə mübadiləsinin genişləndirilməsidir.
Tvinninq layihəsinin ali təhsil və peşə təhsili sahələrinin dəstəklənməsinə həsr olunduğunu deyən M.Mard qeyd edib ki, məqsəd Azərbaycanda ali təhsilin sürətlə modernləşdirilməsi üçün ali təhsilin Avropa standartlarına yaxınlaşdırılmasıdır. Bu layihələrin mərkəzində ali təhsilin keyfiyyəti durur. Azərbaycan və Avropa İttifaqı arasında tələbə mübadilə proqramlarını inkişaf etdirmək istəyi onların gələcəyinə qoyulan investisiyanın tərkib hissəsidir.
Daha sonra Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzinin (FİNEC) nümayəndəsi Helka Kekalainen, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyin əməkdaşı Heli Mattisen layihənin əsas nəticələri və komponentləri barədə təqdimat ediblər.

Siz o vaxt müstəqil olursunuz ki...

Ekspertlər layihə çərçivəsində həyata keçirilən 4 komponent barədə məlumat verərək onların ali təhsilin keyfiyyətini müəyyən etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda təhsilin 1997-ci ildən sonrakı qiymətləndirilməsi aparılıb, real və tətbiq edilə biləcək tövsiyələr hazırlanıb. Bu məsələlər Təhsil Nazirliyi və ölkənin digər ali təhsil müəssisələri ilə müzakirə olunub. Vurğulanıb ki, ali təhsil sahəsində uğur qazanmaq üçün universitetlərə qlobal dünyada əməkdaşlıq lazımdır. Bu əməkdaşlıq ölkə daxilində ən yüksək səviyyədə olmalıdır.
Ali təhsil sahəsində dəyişikliklərin dəstəklənməsi və universitetlərin müstəqilliyi də önəmli məsələdir. “Siz o vaxt müstəqil olursunuz ki, təhsilin keyfiyyətinə görə məsuliyyətinizi dərk edirsiniz”. H.Mattisen azərbaycanlı məzunların Aİ-nin layihələrində uğurla iştirak edə biləcəyini bildirib.
Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyi, Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək, ali təhsil icması ilə fikir mübadiləsi aparılıb.

yuxarı ⤴