1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ali təhsildən sonra peşə təhsili aldı
23.06.2017 / No23

 

 

 


Turizm xidmət sahəsi üzrə hazırlanmış kadrlara sertifikatlar təqdim olunub

Niyazi RƏHİMOV

“Peşə Təhsili üzrə Dövlət Agentliyi və “British Council”in əməkdaşlığı davamlı olarsa, peşə təhsili sektoruna yeni peşələr, yeni təlim metodları və təcrübəyə əsaslanan modellər gətiriləcək”. Bu fikirləri iyunun 19-da “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə pilot proqramı” layihəsi çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatların təqdim olunması mərasimində mərkəzin direktoru Fikrət Nəbiyev səsləndirib. Onun sözlərinə görə, pilot layihə 2016-2017-ci tədris ilindən başlayıb. Layihə Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və paytaxtda fəaliyyət göstərən otellərlə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində kadr hazırlığı 3 ixtisas - oteldə konsiyerj, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi və aşpaz üzrə aparılıb.
Tədbirdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və “British Council” təşkilatının ölkə üzrə direktoru Elizabet Vayt çıxış edərək məzunları təbrik edib, birgə əməkdaşlıq çərçivəsində icra olunan layihənin uğurla başa çatdığını qeyd ediblər. Bildirilib ki, pilot layihə yeni bacarıqlara malik gənclərin, uğurlu kadrların işlə təminatına xidmət edir.
F.Mustafayev qeyd edib ki, peşə təhsili üzrə inkişaf etmiş ölkələrdə iş yerində təcrübə qazanmağa, bilik və bacarığı orada təkmilləşdirməyə daha çox üstünlük verilir: “Azərbaycanda da peşə təhsilinin bütün sahələrində iş yerində çalışma, öyrənmə əsas götürüləcək. Bu baxımdan peşə təhsilində irəliyə doğru addım atmaq üçün işəgötürənlərlə əməkdaşlığın qurulması çox vacib bir məsələdir”. Proqramın 50 faizədək məzunu Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin olunub.
Sonda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Liseyinin 41 şagirdinə sertifikatlar təqdim edilib.
 



Fürsətdən istifadə edib məzunlarla da söhbətləşdik. Pilot layihə çərçivəsində oteldə konsiyerj ixtisası üzrə sertifikat alan Vüsalə Ağayeva bizimlə söhbətində bildirdi ki, ali təhsilli olmağına baxmayaraq, daha bir peşəyə yiyələnmək məqsədilə peşə liseyinə gəlib: “Mən ADPU-nu bitirmişəm. Dil biliyim də olduğu üçün turizm, otelçilik sahəsində işləmək istəyirdim. Bu sahədə çalışmaq, karyera qurmaq çoxdankı arzum idi. Düşünürəm ki, əldə etdiyim bilik və bacarıqlar mənə gələcək karyeramın inkişafında çox kömək edəcək. Oteldə olduğumuz 4 ay müddətində çoxlu təcrübə qazandım. Öyrəndiyimiz nəzəri bilikləri təcrübədə tətbiq etdik”.




Layihənin iştirakçısı, məzun Urfan Əmircanov da bir il müddətinə xeyli bilik əldə etdiyini deyir: “Fikrimcə, ən yaxşı öyrənmək elə prosesin içində olaraq, təcrübə qazanaraq öyrənməkdir. Lakin təbii ki, nəzəri biliklər olmaq şərti ilə. Nəzərə çatdırım ki, mən “Fairmont” otelində 4 ay təcrübədə olmuşam. Oteldə mənə vəzifəmi, müştərilərlə davranış qaydalarını və digər məsələləri bütün incəliklərinə qədər öyrətdilər. Artıq seçdiyim peşəm üzrə özümü müəyyən qədər peşəkar hesab edirəm”.




Digər məzun Nicat Əlili isə qeyd etdi ki, iki ildən artıqdır oteldə təsərrüfat işləri üzrə nəzarətçi vəzifəsində çalışır. Peşə liseyində təhsil almaqda məqsədi nəzəri biliklərini artırmaqla daha da peşəkar olmaqdır. “Təhsilimi artırmaq üçün peşə liseyinə gəldim və bu layihədə iştirak etdim. Oteldə çalışmağıma baxmayaraq, nəzəri biliklərim bir o qədər də yüksək deyildi. Belə deyək ki, əvvəllər öz işimi 60 faiz bilirdimsə, əminliklə deyə bilərəm ki, indi 95-100 faiz bilirəm”.

yuxarı ⤴