1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Azərbaycanın bəxti gətirib ki, onun uzaqgörən lideri var”
25.06.2016/№24

 

 

 


Dünya şöhrətli azərbaycanlı professor Lütfi Zadə ilə söhbət

- Hörmətli professor, ilk olaraq səhhətiniz və yeni elmi tədqiqatlarınız barədə soruşmaq istərdik.
- İlk olaraq demək istərdim ki, mənim Azərbaycan xalqı ilə təmas yaratmağınızı çox qiymətləndirirəm. Mən Bakıda anadan olmuşam, Azərbaycan və azərbaycanlılar mənim qəlbimdə çox böyük bir yer tutur. Bu imkanı verdiyiniz üçün sizə minnətdaram. Siz mənim səhhətimlə maraqlandınız. Demək istərdim ki, bir il öncə mən təkrar infarkt keçirdim və o vaxtdan mənim görmə və eşitmə qabiliyyətimdə zəiflik yaranıb. Hazırda mən eşitmə qulaqcığından və oxumaq üçün xüsusi şüşədən istifadə etməyə məcburam. Fiziki olaraq mən özümü yaxşı hiss edirəm, bu gün üçün, sabahı isə bilmirəm. Lakin məni sevindirən budur ki, mənim düşünmə, analiz etmə, ideyanın yaradılması və inkişafı kimi qabiliyyətlərim çox dəyişilməyib. Universitetdə aktiv olmaqda davam edirəm, həftəlik görüşlərim, “dəyirmi masa”larım davam edir. Lakin mən hazırda dərs demirəm, ona görə yox ki, daha dərs deyə bilmirəm, ona görə ki, mənim üçün dərs demək bir az çətindir, həmçinin çox vaxt tələb edir. Mən məqalə yazmaqda davam edirəm və bir neçə məqaləmi yenicə yekunlaşdırmışam. Həmçinin qeyd etmək istərdim ki, bunlar bir az qeyri-adidir. 50 il əvvəl Parisdə keçirilən bir konfransda mən sistemlərin optimal kontrolu adlı mühazirəni təqdim etdim. Lakin mənim mühazirəm çap olunmadı. Bu yaxınlarda mən həmin məqaləni çap olunma üçün “İnformasiya elmləri” jurnalına təqdim etdim və qəbul olundu. Əlli il keçəndən sonra mənim məqaləm çap olundu. Mən çox sevinirəm, çünki bu həmişə olan hadisə deyil. Mən Allaha çox minnətdaram ki, bu gün özümü müəyyən dərəcədə yaxşı hiss edirəm. Mən qaça bilmirəm, mən dağa qalxa bilmirəm, çox şeylər var ki, mən edə bilmirəm, lakin mən şikayətlənmirəm. Bunu deməkdə məqsədim budur ki, öz dostlarıma baxanda görürəm ki, onlar mənim yaşımda daha zəif sağlamlığa malikdirlər və daha ciddi problem yaşayırlar. Öz sağlamlığım barədə bu gün üçün bu qədər demək istərdim.
- Azərbaycanın iqtisadiyyatını digər ölkələrlə müqayisədə necə qiymətləndirirsiniz? Sizin fikirlərinizi bilmək istərdik.
- Mən Azərbaycanı 10 yaşında tərk etmişəm. Lakin Azərbaycan hər zaman qəlbimdə ən isti yeri tutub, mən həmişə Azərbaycan barədə maraqlanmışam. Azərbaycanı ilk olaraq 1965-ci ildə 1 günlük və sonra, 2008-ci ildə bir neçə günlüyə ziyarət etdim. Mən imkan tapdıqca Azərbaycanda baş verən hadisələrdən məlumatlı olmağa çalışıram və əlbəttə ki, mənim Azərbaycanda yaşayan çoxlu dostlarım var və hər zaman buraya gələn azərbaycanlılarla görüşürəm. Azərbaycanın gələcəyi barədə çox optimistəm, başqa ölkələrin gələcəyindən fərqli olaraq, Azərbaycanın bəxti gətirib ki, onun uzaqgörən lideri var. Mən Bakıda olan zaman çox qürurverici hadisələrdən biri o oldu ki, Prezident İlham Əliyevlə görüşdüm, onun biliyi, dünya hadisələrindən dərindən məlumatlı olması, Azərbaycanın gələcəyi barədə fikirləri məndə çox xoş təəssüratlar yaratdı. Ölkə başçısı İlham Əliyev Azərbaycanın işıqlı gələcəyi üçün çox işlər görür. Mən Azərbaycanın gələcəyi barədə əsasən iki səbəbə görə çox optimistəm: birincisi, idarəçiliyin səviyyəsi, ikincisi resursların olması. Əgər təkcə resurs varsa, idarəçilik yoxdursa, orada uğur yoxdur, əgər idarəçilik varsa, resurs yoxdursa, orada da uğur yoxdur, ikisi olan halda şanslar yaxşıdır.
- Azərbaycanın təhsil sistemində böyük inkişaf vardır. Elmi nəticələr bir çox sahələrə tətbiq olunur və iqtisadi nəticələrə gətirib çıxarır. Hansı sahələrdə elmi nəticələrinizin tətbiqini istərdiniz?
- Demək istərdim ki, Azərbaycanda bir çox alimlər qeyri-səlis nəzəriyyənin tətbiqi üzərində işləyirlər. Universitetlərdə elmi tədqiqat qrupları vardır ki, dünya səviyyəsində böyük töhfələr verir. Digər tərəfdən isə, Azərbaycanda xüsusən iqtisadiyyatın inkişafı yollarının aşkarlanması və planlaşdırılması sahəsində olan elmi nəticələrin tətbiqidir. Mən deyərdim ki, Azərbaycanda çox güclü riyaziyyatçılar var, onlar qeyri-səlis nəzəriyyənin tətbiqində maraqlıdırlar. Mən görürəm ki, Azərbaycanda insanlar dünya səviyyəli işlər görməkdə maraqlıdırlar. Bu işlərə görə onlar dünyada tanına bilərlər və bu da Azərbaycanın dünyada tanınması deməkdir. Qürur duyuram ki, mənim bəzi işlərimi Azərbaycanda davam etdirənlər var, onların bəziləri ilə çox böyük məmnuniyyətlə əməkdaşlıq edərdim. Elmi işlərim Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir və bu dəstəyin davamlı olmasına görə çox xoşbəxtəm. Bu nazirlik mənim işlərimi böyük həvəslə dəstəkləyir, müxtəlif beynəlxalq konfranslarda əsas təşkilatçı kimi iştirak edir. Mən həmçinin sizə bu konfransların keçirilməsində mühüm rol oynadığınıza görə minnətdaram. Bu işlər təkcə Azərbaycan çərçivəsində yox, beynəlxalq miqyaslı işlərdir.
- Biz sizin Azərbaycan elmi cəmiyyətinə arzularınızı eşitmək istərdik...
- Mən Azərbaycan alimlərinə hörmətimi çatdırıram və onların böyük işlərə sahib olmalarını, dünya səviyyəli əlaqələrin yaradılmasını, Bakıda konfransların keçirilməsini çox qiymətləndirirəm və bununla da Bakının dünya elm şəhərinə çevrilməsinə və orada savadlı insanların olmasına sevinirəm. Azərbaycanın adətlərindən biri də elmə olan böyük hörmətidir. Mən buna Bakıda olarkən şahid oldum, sizin kitabxanalarınız, muzeyləriniz və təhsiliniz dövlət tərəfindən çox böyük dəstəklənmişdir. Siz bunları digər ölkələrdə görə bilməzsiniz. Bu da onunla bağlıdır ki, sizin uzaqgörən dövlət başçınız vardır. Mənim ordenim var, “Dostluq” ordeni, Azərbaycanda olarkən Prezident İlham Əliyev tərəfindən verilmişdir. Amerikada hər kəs bu orden barədə məndən soruşur. Onlara Azərbaycan haqqında məlumat verirəm və onlarda ölkəmiz barədə təsəvvür yaranır. Avroviziya müsabiqəsi, I Avropa oyunlarının və s. beynəlxalq forumların Azərbaycanda keçirilməsi Azərbaycanın dünyada tanınmasında böyük rolu olmuşdur. Azərbaycanın tanınması çox vacibdir. Bu gün Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bu da ölkənin tanınması yolunda bir uğurdur. Mən fikirləşirəm ki, Azərbaycan doğru yoldadır, orta bir mövqeyi tutur, bununla da bütün ölkələrlə yaxşı münasibətlər saxlayır. Bu da ki, Azərbaycan Prezidentinin müdrik siyasətidir. Yenə də deyirəm, Azərbaycan və Azərbaycan xalqı mənim qəlbimin ən gözəl yerindədirlər, ümid edirəm və inanıram ki, Azərbaycan bundan sonra da bütün dünyada tanınacaqdır.

Şahnaz ŞAHBAZOVA,
AzTU-nun dosenti, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti
 

yuxarı ⤴