1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Metodika
Tarixin tədrisində yeniliklər
25.06.2016/№24

 

 

 


Gülyanaq ƏLİYEVA,
İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbinin tarix müəllimi

Azərbaycan tarixi qədim və zəngindir. Bir-birini izləyən və tamamlayan fakt və hadisələr Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir, müasir zamanda sosial, iqtisadi və mədəni inkişaf baxımından müqayisə və təhlillər aparmağa imkan yaradır.
Yeni kurikulum tariximiz üzrə biliklərin ilk növbədə tarixi xronoloji ardıcıllıqla müəyyən olunmasını və məzmun standartlarının da nəzərə alınmasını tələb edir. Bu biliklər ümumiləşdirilərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət və mədəniyyət məzmun xətləri üzrə qruplaşdırılmışdır. Məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklər və fənn üzrə konkret təlim fəaliyyətləri ( idrak, hissi, psixomotor) diqqət mərkəzində saxlanılmışdır.
Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri hazırlanarkən şagird şəxsiyyətinin inkişaf etdirilməsi, onların meyil və maraqları, əqli və fiziki imkanları əsas götürülür.
Azərbaycan tarixi şagirdlərin yüksək intellektə, geniş dünyagörüşünə malik olmasında, şəxsiyyət kimi formalaşmasında, soykökünü, adət-ənənələrini, milli- mənəvi dəyərlərini, ailəsini, vətənini, millətini sevməsində böyük rol oynayır.
Bu gün “Azərbaycan tarixi” fənni kurikuluma əsasən tədris olunur və vətən tarixinin qədim zamanlardan bu günədək ən mühüm tarixi hadisə, proses və təzahürləri baradə ətraflı məlumatlar əldə edilir. Şagird tarixi zaman anlayışını, yazılı və maddi mənbələri fərqləndirir, dövlətlər haqqında biliklər nümayiş etdirir, Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir, maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir, insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir. Azərbaycan tarixi fənn kurikulumunun əsas cəhətləri şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, tələbyönümlülük və inteqrativlikdir.
Fənn kurikulumunun tədbiqi şagirdlərlə yanaşı müəllimlərin də tədris fəaliyyətində köklü dəyişikliklərə səbəb olub. İndi müəllimlər yeni kurikulum üzrə tədrisdə fəal təlimə daha çox üstünlük verirlər.
Dərs əsasən aşağıdakı plan üzrə təşkil edilir:
1. dərsin gözlənilən nəticəsinin müəyyən edilməsi;
2. dərsin motivasiyasının hazırlanması;
3. tədqiqat zamani yeni biliyi toplamaq üçün istifadə olunan bilik mənbələrini və metodlarını müəyyənləşdirmək;
4. materiallar və iş vərəqləri hazırlamaq;
5. yönəldici suallardan istifadə etmək;
6. dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək;
7. tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq;
8. qiymətləndirmə formasını seçmək və meyarları müəyyənləşdirmək;
9. refleksiyanın gedişini müəyyənləşdirmək;
10. dərsdə istifadə olunacaq texniki vasitələri və dəftərxana ləvazimatlarını hazırlamaqdır.
Şagirdlərin bilik və bacarıqlarının formalaşması, müstəqil, sərbəst və yaradıcı düşünməsində, biliklərin praktik bacarıqlarla əvəz edilməsində yeni təlim standartlarının, strategiyalarının və qiymətləndirmə mexanizmlərinin mühüm əhəmiyyəti vardır.
Tədris prosesində yeni təlim metodlarından, texnologiyalardan və İKT-dən istifadə edilməsi şagirdlərdə təhsilə maraq yaradılmasına, çevik təfəkkür xüsusiyyətlərinin formalaşmasına, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Təlimdə daha yüksək və keyfiyyətli nəticələr əldə etmək üçün elektron lövhədən istifadə də faydalıdır.
“Ağıllı lövhə” adi lövhə, proyektor qoşulmuş kompüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu lövhə müəllimə bir çox illüstrativ vasitələrdən (şəkil, xəritə, video) geniş istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəməsinə kömək edir.
Elektron lövhədən istifadə etməklə tarix fənni şagirdlər tərəfindən yüksək səviyyədə mənimsənilir. Elektron lövhədə hazırlanmış hər hansı bir mövzunun motivasiyası üçün videoçarxlardan asanlıqla istifadə etmək mümkündür.
Tədqiqat sualı şagirdlərə keçilən mövzu ilə bu günü əlaqələndirməyə kömək etməlidir. Tarixin bütün zamanlarını və baş verən hadisələri yaşadıqları zamanla müqayisə etmək şagirdin məntiqi təfəkkürünü artırır.
Tədqiqatın aparılması zamanı sinif qruplara bölünür və tədqiqat aparmaq üçün tapşırıqlar verilir. Müəllim qrupun üzvlərini elə seçməlidir ki, qrupda hər səviyyədə oxuyan şagird olsun. Bunun üçün müxtəlif üsullardan istifadə etmək olar.
İnformasiya mübadiləsi zamanı qrupun lideri tədqiqatın nəticələrini təqdim edir. Bu zaman qrupun digər üzvləri passiv qala bilərlər. Bu passivliyi aradan qaldırmaq üçün elektron lövhədə qrupun iş vərəqində digər bir tapşırıq yerləşdirilir və bu tapşırığı yerinə yetirmək üçün qrupun digər üzvü lövhəyə gəlir. Yerdə qalan digər qrup üzvləri ona kömək edə bilərlər.
Məlumatın müzakirəsində şagirdlərin hər bir təqdimata dair fikirlərini söyləməsinə şərait yaradılmalıdır. Onların müzakirədə aktivliyini artırmaq üçün müəllim sualları düzgün seçməlidir. Müzakirədən sonra qruplar üçün qiymətləndirmə səhifəsi hazırlana bilər və onlar bir-birinin təqdimatını qiymətləndirirlər.
Yaradıcı tətbiqetmədə elektron lövhənin İşarə (metka), Sehrli mürəkkəb aləti (sehrli güzgü), sehrli qələm, kontenerlər, Krossvord, pazl, sehrli qutu, fırlanan çarx, pərdə və sair funksiyalarından istifadə etməklə tapşırıqlar hazırlanır və şagirdlər kollektiv şəkildə tapşırıqları yerinə yetirirlər. Tapşırıqlar sadədən mürəkkəbə və xronoloji ardıcıllığa əsaslanaraq hazırlanır. Veb 2.0 - 3.0 alətlərindən istifadə edilərək hazırlanan bütün materialları əsasən oyunları çox asanlıqla elekton lövhəyə yerləşdirmək və şagirdlərə təqdim etmək mümkündür.
Bu oyunlarda keçilən mövzu və əvvəlki mövzular təkrarlanmaq məqsədi ilə öz əksini tapır.
Şagirdlər lövhədən adi lövhə kimi də istifadə edə bilir. Burada yeni eşitdiyi sözləri, xronologiyanı yazır. Xronoloji məsələləri həll edir. Lövhədə birbaşa internetdən istifadə etməklə müxtəlif videoçarxlar nümayiş etdirmək mümkündür.
Lövhədə “Mikrosoft Office” proqramlarının hər birində sərbəst işləmək mümkündür.
Evə tapşırıq verildikdə müəllim şagirdlərin bəzi şəraitlərini nəzərə almalıdır. Ola bilər ki, şagirdin ev tapşırığını yerinə yetirmək üçün texniki vəsaiti olmasın. Yəni, tapşırığı yerinə yetirdikdə internetin olub-olmaması şagirdə problem yaratmasın.
Qiymətləndirmə mərhələsində müəllim özü şagirdləri səviyyələrə görə qiymətləndirməlidir.
Bütün yenilikləri bilmək və onu öz dərslərində tətbiq etmək hər bir müəllimin borcudur. Lakin ulu öndər Heydər Əliyevin sözü ilə desək “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”.

 

yuxarı ⤴