1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Metodika
Gənc nəslin yetişməsində vətənpərvərlik tərbiyəsinin rolu
25.06.2016/№24

 

 

 


Müasir dövrün ən mühüm tələblərindən biri rəqabətədavamlı şəxsiyyət yetişdirməkdir. Rəqabətədavamlı şəxsiyyət ilk növbədə siyasi təfəkkürü, sosial iqtisadi düşüncə tərzi, mənəvi dəyərləri qiymətləndirmə bacarığı ilə fərqlənməli, cəmiyyətin həyatında fəal iştirak etməli, vətəndaşlıq mövqeyini nümayiş etdirməli, dövlətçilik ənənələrinə hörmətlə yanaşmalı və milli ideologiyamızı düzgün təbliğ etməyi bacarmalıdır.
Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində yadelli işğalçılara qarşı daim müqavimət göstərmiş, olmazın müsibətlər görmüşdür. Heç şübhəsiz, bütün bu münasibətlər hər bir azərbaycanlı ailəsində böyüyən mərd oğul və qızları mübariz ruhda birləşməyə, cəsur və qorxmaz döyüşçü kimi yertişdirməyə zəmin yaratmışdır. Azərbaycan xalqının mənəvi zənginlik abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanına diqqətlə nəzər salmaq kifayətdir.
Hələ VI-VII əsrlərdə yaranan bu möhtəşəm sənət abidəsində milli zəminə əsaslanan döyüşgənlik, qoçaqlıq tərbiyəsi çox heyrətamiz lövhələrlə tərənnüm olunmuşdur. Əsərin əsas qəhrəmanı olan Qazan xan və onun ətrafinda birləşən igid bahadırlar nümunəsində indiyədək neçə-neçə qəhrəmanlar, mübarizlər nəsli yetişmişdir.
Vətənə məhəbbət, hədsiz sevgi və sədaqət xalqın mənəviyyatının ayrılmaz tərkib hissəsidir. Xalqımızın gələcəyi olan gənc nəslin tərbiyəsi, onların ideya-siyasi cəhətdən mətin, mənəvi və fiziki cəhətdən kamil, yuksək estetik hisslərə malik alovlu vətənpərvər, kollektivçilik amalı ilə yaşayıb-yaradan, insanları yalnız xeyirxah, faydalı əməyinə görə qiymətləndirməyi bacaran, vətənini və xalqını dərindən sevən insan yetişdirmək vəzifəsi qarşımızda bir vəzifə olaraq durur.
“Ordun varsa, yurdun var” deyimi isə birliyin, elin qeyrətli oğul və qızlarının bir ordu şəklində formalaşdırılmasının, bunsuz öz elində-obasında dinc, rahat, xoşbəxt yaşamağın mümkün olmaması həqiqətinin zəruriliyini parlaq şəkildə nəzərə çatdırır. İnsan üçün ən ali hiss və keyfiyyət olan vətənpərvərlik ən çox Vətənin dar günündə, Vətən təhlükədə qalan zaman nəzərə çarpır və vətəndaşın qeyrət-hünər əzmini göstərir. Məktəb gələcək döyüşçüləri hazırlamaq, gənc nəsli Vətənin gələcəyi üçün lazım olan mənəvi keyfiyyət və elmi biliklə silahlandırmaq işində öz məsuliyyətini başa düşməlidir.
Məktəblilərin vətənpərvərlik tərbiyəsi 3 psixoloji komponentlər toplusunun məcmusunu ifadə edir.
1. İntellektual keyfiyyətlər komponenti (istedad, zirəklik, səfərbərlik). Bunlar daha çox intuisiya ilə bağlıdır. Vətənpərvərlik şücaəti zamanı isə intuisiya aparıcı rol oynayır.
2. Psixoloji komponentdə iradi keyfiyyətlər (iradə, məqsədyönlülük, müstəqillik). Bunlar vətənpərvərliyin əməli meyarlarıdır. Belə ki, insan iradəli olmazsa, mərd ola bilməz, mərd olmazsa, fədakar olmaz, fədakarlıq göstərməzsə, qəhrəmanlıq zirvəsinə qalxa bilməz. Bu mənada onlar bir -birini şərtləndirir, tamamlayır.
3. Sosial-psixoloji komponentdir (kollektivçilik, qarşılıqlı kömək, dostluq, yoldaşlıq). Bunlar elə keyfiyyətlərdir ki, onlarsız Vətəni müdafiə etmək, qələbə qazanmaq mümkün deyildir. Yalnız birlik, bir-birinin işinə kömək göstərmək, yoldaşlıq və dostluq münasibətlərini genişləndirməklə hər bir çətinliyə qalib gəlmək və qələbə qazanmaq olar.
Doğrudan da, məktəbli gənclərin vətənpərvərlik tərbiyəsindəki hazırlığının təminatını verən bu üç komponentin məktəbdə aparılan təlim-tərbiyə işində formalaşdırılması çox mühüm və zəruridir. Bu istiqamətdə valideynlərlə məktəbin əlbir işi olmadan qarşıya qoyulan məqsədə nail olmaq mümkün deyil. Məşhur psixoloq V.İ.Selivanov insanda psixoloji və ən dəyərli iradi keyfiyyətləri formalaşdırmaq üçün aşağıdakı proqram əhəmiyyətli tədbirləri vacib sayır.
“Peyvənd və iynəyə, tikanın çıxarılmasına soyuqqanlıqla dözmək, çöldə, yaşayış yerindən uzaqda, qaranlıqda qorxmadan tək qalmaq; çıxıqdan, qandan qorxmamaq, xəstəlik, yanıq, yaralanma zamanı ağrıya mərdliklə tab gətirmək; yorğunluğa, yuxusuzluğa, susuzluğa, aclığa uzun müddət dözmək; soyuğa, istiyə dözmək; hündürlükdən, uçurumdan qorxmamaq; güclü tufan zamanı qayıqda fırtınaya tərəf getmək; öz həyatından qorxmadan suda batanı, yanan evdə qalan uşağı xilas etmək”.
Buna görə də ümumtəhsil məktəblərində ailələrlə aparılan əlbir iş zamanı yeniyetmələrdə həmin psixoloji- iradi keyfiyyətlərin formalaşmasına da xüsusi diqqət yetirilməlidir.
Xüsusilə, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı dərslərində bu keyfiyyətlərin gənc nəslə aşılanması çox böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan məktəblərində VMH proqramı çərçivəsində “Poliatlon” çoxnövçülüyü yarışları, eləcə də “Şahin” hərbi idman oyunları yarışları keçirilir ki, bu da həm vətənpərvərlik, həm də hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasına xidmət edir. Yuxarıda sadalananlar iradi, psixoloji, fiziki hazırlıqla bağlı keyfiyyətləri tərbiyə edir. Bu işdə xüsusilə, fiziki tərbiyə müəllimlərinin və gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin üzərinə ciddi məsuliyyət düşür.
Məktəblilərimizə eyni zamanda milli və xalq qəhrəmanlarımız haqqında da məlumat veririk. Dərsliklərimizdə bu haqda xeyli məlumat və tarixi faktlar var. Koroğlu dastanı, Babək, Cavad xan, Qaçaq Nəbi, Qarabağı düşmənlərdən qoruyan Xosrov Sultan haqqında geniş məlumat verilir.
II Dünya müharibəsində neçə-neçə qəhrəman oğul və qızlarımız Hitler faşizminə qarşı mərdliklə döyüşərək həlak olublar. Həzi Aslanov, Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, İsrafil Məmmədov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.
Müasir dövrdə Qarabağın və digər ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda vuruşlarda xeyli sayda vətən övladı canını fəda etmişdir. Mübariz İbrahimovun igidliyi dillərdə əzbər olmuşdur. Şagirdlərimizin demək olar ki, hamısı qəhrəman və igid oğul-qızlarımızı tanıyır, onları yad edirlər.
Qəhrəmanlar ailədə və xüsusilə də məktəbdə hazırlanıb yetişir. Bu iş daim diqqət mərkəzində olmalıdır.

Əli BƏŞİRLİ,
Şirvan şəhəri 4 nömrəli tam orta məktəbin müəllimi
 

yuxarı ⤴