1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
8000-dən çox vakant yer
30.06.2017 / No24

 

 


Müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisaslarına tələbat daha çoxdur

Ruhiyyə DAŞSALAHLI

İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başlayır. Proses iyulun 14-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə həyata keçiriləcək. Elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi başa çatdıqdan sonra test imtahanının vaxtı elan ediləcək. Test imtahanından sonra vakant yerlərin seçilməsi və müsahibə olacaq.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, əvvəlcədən gözlənildiyi kimi, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı artıb.

Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılacaq: “Hazırda vakant yerlərin böyük hissəsi ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisası üzrədir. Amma Azərbaycan dili və ədəbiyyat, ingilis dili ixtisasları üzrə müəllim ixtisaslarında şəhər məktəblərində sıxlıq olduğu üçün bu ixtisaslardan vakant yerlər daha az olacaq. Buna baxmayaraq, əvvəlki illərlə müqayisədə həmin yerlərin sayı yenə də çoxdur. Məsələn, 2015-ci ildə Bakıda ingilis dili ixtisası üzrə müəllimlərə 1 vakant yer verilmişdisə, bu il bu rəqəm 20-yə yaxın olacaq. İbtidai siniflər üzrə isə Bakı şəhərində 500-ə qədər vakant yerin olması gözlənilir”.

Qeyd edək ki, vakansiyaların sayının əvvəlki illərlə müqayisədə rekord həddə çatması həmin yerlərin toplanmasının yeni mexanizmə əsasən həyata keçirilməsiylə əlaqələndirilir. Belə ki, bu il ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi nazirlik tərəfindən həyata keçirildi. Beləliklə, əvvəllər vakant yerlərin sayı barədə məlumat yerlərdən nazirliyə daxil olurdusa, bu ildən həmin yerlər nazirlikdəki komissiyada müəyyən edildi.

Xatırladaq ki, 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi yeni qaydalarla həyata keçirilir. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapan həmin dəyişikliklərə əsasən, müsabiqəyə qatılan müəllimlərin işə qəbul üçün iştirak etdiyi test imtahanının nəticələri bir il sonra da qüvvədə olacaq. Həmin nəticələrə görə keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti il müsabiqəyə imtahansız qatılacaq. O cümlədən, ötən il test imtahanlarında iştirak edənlər də həmin nəticələrlə builki müsabiqəyə qatıla biləcəklər.

Bu ildən peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu da mərkəzləşdirilmiş imtahanlarla həyata keçirilir. Həmin imtahanlarda iştirak edərək müvafiq keçid balı toplayanlar Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibəyə dəvət olunacaq və müsahibədən keçənlər peşə təhsili müəssisələrində işə götürüləcək.
 

yuxarı ⤴