1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Qiymət mübahisəsindən uzaqlaşmalıyıq
30.06.2017 / No24

 

 

 


Məktəbdaxili qiymətləndirmə mövzusunun davamlı müzakirəsinə ehtiyac var

Şakir CƏFƏROV

İyunun 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində “Formativ və Summativ Qiymətləndirmə" mövzusunda ikigünlük seminar işə başlayıb. Təhsil Nazirliyinin şöbə müdiri, Azərbaycan Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, xarici təhsil ekspertləri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və müəllimlərinin qatıldığı ikigünlük seminarın keçirilməsində əsas məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdir.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən danışıb.

İdarə müdiri onu da bildirib ki, şagird-valideyn-məktəb müstəvisində münasibətlərin səviyyəsi ümumi fəaliyyətin keyfiyyətinə müsbət təsir edən vacib amillərdəndir. Müəllimlərlə məktəbdaxili qiymətləndirmə ilə bağlı aparılan anket sorğuların nəticəsində müəyyənləşdirilib ki, formativ və summativ qiymətləndirmə istiqamətində müəyyən işlər həyata keçirilsə də, mövzunun davamlı müzakirəsinə ehtiyac var.

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev formativ, summativ və yekun qiymətləndirmənin tətbiqi, eləcə də bu istiqamətdəki yeni yanaşmalarla bağlı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda qiymətləndirmə konsepsiyasına görə summativ, formativ və yekun qiymətləndirmə həyata keçirilir. Bunun hansı səviyyədə tətbiqi isə bütün təhsil işçilərinin birgə işləməli olduğu məsələdir.

Formativ qiymətləndirmə ilə əlaqədar dörd il əvvəl həyata keçirilən dəyişikliklərə toxunan şöbə müdiri məktəb mühitinin reallıqlarından danışıb: “Bir neçə il öncə formativ qiymətləndirmə jurnallarının ləğvi və sərbəst formada müəllim tərəfindən tətbiqi məktəb mühitini tənzimləmək məqsədini daşıyırdı”.

O, məktəblərdə summativ qiymətləndirmə sahəsində müşahidə edilən problemlərə də toxunub: “Biz həmişə valideynlərin və cəmiyyətin sifarişini nəzərə almalıyıq. Onlar həmişə qiymət istəyirlər və bu, onlar üçün vacib göstəricidir. Bir çox halda qiymətləndirmənin mahiyyətindən uzaqlaşıb onun zahiri tərəflərinə fikir veririk. Məktəblərdəki qiymətləndirmədə “5” ballıq sistemdən istifadə edirik. Burada ikinci böyük problem var, orta qiymət çıxarmaq, “2”dən “3” qiymətinə gəlmək kimi metodoloji məsələlər olur. Həqiqət bundan ibarətdir ki, uşaq kiçik summativ qiymətləndirmələrdə “4” qiyməti alırsa, onun yarımillik qiymətinə “4” yazılır. Uşaqların sona doğru qiyməti əsas götürülməlidir, yoxsa əvvəldəki qiymət? Bu məsələlər hər zaman sual doğurur”.

E.Əmrullayev bu yay ərzində qiymətləndirmə haqqında təlimata müəyyən dəyişikliklər gözlənildiyini də qeyd edib. Bu zaman mövcud olan bir sıra problemlər nəzərə alınacaq: “Fikrimizcə, qiymətləndirmə muxtariyyəti müəllimdə qalmalıdır. Eyni zamanda, qiymət mübahisəsindən yavaş-yavaş uzaqlaşmalıyıq. Nazirlik tərəfindən hansısa tənzimləyici alətlər hazırlanmalıdırsa, bunu eşitməyə, dinləməyə və tətbiq etməyə hazırıq. Məsələn, bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir? İstiqamətlərdən biri bu ola bilər ki, aşağı siniflərdə imtahan yükünü azaldaq, I sinifdə summativ qiymətləndirmə, illik qiymət olmasın. Bu istiqamətdə birgə müzakirələr apararaq yekun qərarlar verməliyik”.

Seminar zamanı qonaqlar BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, “ltem Pesponse Theory və “Rassch” modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirələr aparıblar.
Həmçinin müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı da qazanıblar.
 

yuxarı ⤴