1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Peşə təhsilinə yeni dəyər yaradan ixtisasları əlavə edirik”
30.06.2017 / No24

 

 


Famil Mustafayev: “Cənubi Koreya və İsveçrənin təcrübəsi bizim üçün daha maraqlı sayıla bilər”

Yusif ƏLİYEV

Xəbər verdiyimiz kimi, “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin icrasına başlanılıb. Sözügedən layihədə nələr nəzərdə tutulur? O, ölkəmizdə peşə təhsili və təliminin inkişafına nə kimi töhfələr verə biləcək? Bu barədə suallarımızı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, professor Famil Mustafayev cavablandırır.

- Famil müəllim, istərdik öncə sözügedən layihə barədə məlumat verəsiniz.

- “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi 30 ayı əhatə edir. Layihənin ümumi məqsədi peşə təhsili və təliminin bütün səviyyələri üzrə əmək bazarına marağın artırılması və uyğunluğun təmin olunmasından ibarətdir. Layihə çərçivəsində 5 xarici ekspert 30 ay ərzində bizim agentliyin inzibati binasında bu işə cəlb olunmuş 12 yerli ekspertlə 4 komponent üzrə iş aparacaq. Bunlar peşə təhsili və təlimi sahəsində siyasət və qanunvericilik, peşə təhsilinin idarə olunması üzrə dəstək, tədris planlarının hazırlanması, peşə təhsili və təlimi layihələrinə nəzarət və koordinasiya komponentləridir. Layihə üzrə beynəlxalq ekspertlər müxtəlif ölkələrdə çalışmış kifayət qədər təcrübəli mütəxəssislərdir. Hesab edirik ki, Azərbaycanın bugünkü iqtisadiyyatının səviyyəsinə uyğun peşə təhsili sisteminin formalaşması üçün bu kömək əhəmiyyətli rol oynayacaq.

- Deyilənlərə görə, real iqtisadiyyata təhsildə ən yaxın peşə təhsilidir. Ölkədə peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi təsdiq olunub. Bu sənəddə strateji hədəflər, prioritetlər və tədbirlər öz əksini tapıb, bir növ, bu sahədə inkişafın strateji olaraq trayektoriyası müəyyənləşib. Yaxın gələcəkdə peşə təhsilində hansı addımlar atılacaq, hədəflər nədir?

- Qabaqcıl beynəlxalq təcrübədən faydalanmaqla davamlı inkişafı təmin etmək üçün yeni texnologiyalar, müasir idarəetmə üsulları və elmi nailiyyətlərdən istifadə olduqca əhəmiyyətlidir. Agentliyimizin fəaliyyət göstərdiyi bir il ərzində mütəxəssislərimiz bir neçə ölkədə, o cümlədən Cənubi Koreya, İsveçrə, Almaniya, İspaniya, Belarus, Rusiya, Sinqapurda olub, bu ölkələrin peşə təhsili sistemi ilə maraqlanıblar. Onlardan Cənubi Koreya və İsveçrənin təcrübəsi bizim üçün daha maraqlı sayıla bilər. Çünki bu iki ölkə, demək olar ki, bizim indiki iqtisadi situasiyaya uyğun peşə təhsili sistemi qurub və o ölkələrin inkişafında peşə təhsilinin rolu böyükdür. Məsələn, bu ölkələrdə orta təhsili bitirənlərin 70 faizi peşə təhsilinə yönəlir. Bizdə isə bu rəqəm 10-11 faiz təşkil edir. Bunun ən böyük sirri ondan ibarətdir ki, hər iki ölkədə peşə təhsilinin ali təhsilə xüsusi bir xətti, yolu var. Bu yol bir qayda olaraq texniki ali təhsilə olan yoldur. Bu yol həm peşə təhsilindən, həm də iş təcrübəsindən keçən bir yoldur. Güman ki, bizim strateji xəttimiz də bu olmalıdır. Amma bununla belə, biz indiki dövr üçün, yəni Azərbaycanda iqtisadiyyatın diversifikasiyasını nəzərə alaraq peşə təhsilində öyrədilən ixtisasların sayını artırmışıq. Son iki il ərzində onların sayı 123-dən 183-ə çatdırılıb. 60 yeni ixtisas yaradılıb. Bunların bəzisi keçmiş təsnifatda olsa da, bəziləri tam yenidir.

- Yeni ixtisaslardan hansıları sadalaya bilərsiniz?

- Bilirsiniz ki, bu gün ölkəmizdə strateji cəhətdən vacib, prioritet sahələr müəyyənləşdirilib. Bunlar əsasən kənd təsərrüfatı, turizm və sənaye sahələridir. Biz ixtisaslar siyahısına kənd təsərrüfatı sahəsində, deyək ki, yaddan çıxmış və ya əvvəllər mövcud olmuş, lakin sonralar proqramdan çıxarılmış ixtisasları, məsələn, üzümçülük, pambıqçılıq ixtisaslarını əlavə etmişik. Kənd təsərrüfatı sahəsi üzrə müasir Avropa və digər inkişaf etmiş ölkələrin təcrübəsindən irəli gələn modullar əsasında yeni bir məktəbin açılışı olacaq.

- Tutaq ki, Qəbələdə yerləşən Peşə Təhsili Mərkəzində bitkiçilik üzrə mütəxəssis hazırlanacaq. Söylədiyiniz kimi, tədris proqramları tamamilə yeni keyfiyyətdə hazırlanıb və yeni keyfiyyətdə tədris aparılır. Onların təcrübə sahəsi də olacaqmı? Bu təcrübə sahəsində məşğul olmaq üçün ixtisaslı mütəxəssislər cəlb ediləcəkmi?

- Sovetlər Birliyi dönəmində peşə müəssisələrinin ərazisi olub. Onlar tədris-təcrübə sahəsi adlanırdı. O cümlədən Qəbələ şəhərində də məktəbdən bir qədər aralıda, haradasa, 60 hektara yaxın ərazisi var. Belə ərazilər digər rayonlarda da var. Lakin təəssüf ki, bəzi rayonlarda bu yerlər zəbt edilib. Amma Qəbələdə bu yer var və biz hesab edirik ki, orada nümunə, pilot olaraq bu işi həyata keçirəndən sonra digər rayonlarda da həmin proqramlar üzrə eyni ixtisaslarda təlimi təşkil etmək olar.

Qeyd etdiyim ixtisaslar üzrə müəllimlərin hazırlığını da nəzərdə tutmuşuq. Onu da deyim ki, əlavə olunan ixtisasların çoxu yeni texnologiyalarla, yüksək elmtutumlu avadanlıqlarla bağlıdır.

Məzmun baxımından peşə təhsilinə daha çox yeni dəyər yaradan ixtisasları əlavə edirik. Artıq bütün dünyada elə bir vəziyyət yaranıb ki, cəmiyyətin inkişafı ümumi daxili məhsulun göstəriciləri ilə deyil, nə qədər insanın həyat fəaliyyətində uğur qazandığı ilə ölçülür. Yəni bu baxımdan ümumi daxili məhsulu yaradan da elə insan kapitalıdır. Amma bu insan kapitalının özünün həyatdakı uğuru vacib şərtdir. Hesab edirik ki, peşə təhsili bütün təhsil sistemində iqtisadiyyata daha çox yaxın və qısa zamanda effekt verə bilən bir sahə kimi öz yerini tutacaq.

- Ötən il Peşə Təhsili üzrə Dövlət Agentliyinin “ASAN Peşə” layihəsi çərçivəsində maraqlı bir təcrübəsi oldu. İlk peşə-ixtisas müəssisələrinə “ASAN Xidmət” mərkəzləri tərəfindən aparılan şagird qəbulu nəticəsində Bakı və Gəncədə 4 mindən artıq gənc yeni qaydada peşə təhsili müəssisələrinə qəbul olundu. Bu il də həmin proses davam etdiriləcəkmi?

- Bəli. Bu, özünü doğruldan bir addım oldu. Bildiyiniz kimi, peşə təhsili sahəsində qəbul imtahanı yoxdur. Bu, qəbulda müəyyən subyektiv hallara yol açırdı. Xüsusən də təhsili dövlət hesabına olan ixtisaslara qəbul zamanı. Bunun qarşısını almaq üçün Bakı və Gəncədə qəbul yeni qaydada aparılır.

Bildiyiniz kimi, Bakı və Gəncədə peşə təhsili müəssisələrini rasionallaşdırmışıq. Nəticədə əvvəlki 32 ilk peşə təhsili müəssisəsinin əvəzinə indi 13 Dövlət Peşə Təhsili Mərkəzi fəaliyyət göstərir. Onlar həm də müxtəlif sahələr üzrə tam ixtisaslaşıblar.

“ASAN Xidmət”lə işimizin bir müsbət nəticəsi də ondan ibarət oldu ki, biz peşə təhsilinə orta təhsildən gələnlərin sayında keyfiyyət baxımından dəyişikliyin şahidi olduq. Demək olar ki, bura sənəd verənlərin 20 faizə qədərinin orta bal qiyməti 4-5 arasında oldu. Bu, çox yaxşı bir göstəricidir və hesab edirik ki, artım davam edəcək.

Biz yeniliyin şəbəkəsini genişləndirmək, bu işi regionlarda da həyata keçirmək fikrindəyik.

- Bu gün işəgötürən peşə təhsili sahəsində təhsil verəndən nə istəyir?

- İşəgötürən təhsil verəndən keyfiyyətli kadr istəyir. Və bizim də əsas məqsədimiz, qarşımıza qoyduğumuz real hədəf əmək bazarının tələblərinə cavab verən kadr hazırlığıdır. Bundan ötrü biz artıq müəyyən addımlar atırıq. Demək olar ki, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində bir neçə təşkilatla görüşlərimiz olub. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə bizim agentlik arasında razılaşma var. Bizim tikinti və quraşdırma işləri üzrə peşə təhsili mərkəzinin şagirdləri artıq bir neçə aydır ki, MİDA-nın tikinti ilə bağlı işlərində təcrübə keçirlər. Onlar hətta öz təqaüdlərindən əlavə, oradan o qədər də böyük olmayan əməkhaqqı da alırlar.

Kənd təsərrüfatı sahəsində böyük işəgötürən hesab olunan “Gilan holdinq”lə danışıqlarımız davam edir və bu yaxınlarda memorandum imzalanmasını gözləyirik.

Qeyd edim ki, bizim “ASAN Xidmət”in “ABAD” deyilən bir layihəsi ilə də son aylarda çalışmalarımız var. Biz məktəblərimizin bəzilərində istehsal olunan məhsulların “ASAN Xidmət” vasitəsi ilə reallaşdırılmasını fikirləşmişik. Bura əsasən xalçaçılıq, taxta üzərində oyma işi və s. aiddir. Ümumiyyətlə, “ASAN Xidmət”lə gələcəkdə yeni işlərimiz olacaq. “ASAN həyat” layihəsi çərçivəsində peşə təhsili mərkəzlərinin fəaliyyəti nəzərdə tutulub. Yaxın gələcəkdə Mingəçevirdə və ya Qubada belə mərkəzlərin açılışı gözlənilir. Burada regionun xarakterinə uyğun olan ixtisaslar üzrə peşə təhsili reallaşdırılacaq.
 

yuxarı ⤴